Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-57/2024 18.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat:15:35 xx.xx.1962-ci ildə Lənkəran rayonu, Səpnəkəran kəndində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Lənkəran rayonu, Səpnəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayının əvvəlində istintaqla müəyyən edilməyən mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını Lənkəran rayonu, Səpnəkəran kəndində yerləşən yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq əkib, onlardan bitən 7 (yeddi) ədəd olub xeyli miqdar təşkil edən əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinə həmin vaxtdan etibarən aqrotexniki qaydada qulluq göstərərək mütəmadi suvarıb və diblərini yumşaldıb yetişdirməklə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan həmin bitkiləri xeyli miqdarda kultivasiya etmiş, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən 24 avqust 2023-cü il tarixdə saat 18:50 dəqiqədən etibarən iştirakı və icazəsi ilə yaşadığı Lənkəran rayonu, Səpnəkəran kəndində yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən oradan əkilib-becərilməsi qadağan olunmuş, boyu 80 sm-120 sm olan, xeyli miqdarda, həmin 7 (yeddi) ədəd tərkibində narkotik maddələr olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri ümumi təmiz çəkisi 910,0 qram olmaqla, əkildiyi yerdə kök üstə yaş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ara-sıra narkotik vasitə marixuanadan istifadə etmişdir. Buna görə də Lənkəran rayonu Səpnəkəran kəndində yerləşən həyətində narkotik tərkibli bitki olan çətənə bitkilərini əkmək, becərmək və həmin narkotik tərkibli bitkidən gələcəkdə qurudulmuş marixuana əldə edib istifadə etmək üçün özündə olan həmin toxumları əkmişdir. Xəstəliyi ilə bağlı ağrıları olduğundan qurudulmuş marixuanadan istifadə edir. Həmin gündən etibarən o, həyətində olan həmin çətənə bitkilərinə arabir su vermişdir. 24 avqust 2023-ci il tarixdə, saat 18 radələrində Lənkəran rayonu Səpnəkəran kəndində yerləşən fərdi yaşayış evinin qarşısında olduğu zaman polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etmiş, onlarda qanunsuz olaraq narkotik tərkibli bitkilər əkməyi barədə məlumatların olduğunu bildirib, özünün iştirakı ilə həyətinə baxacaqlarını bildirmişlər. Həyətinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və baxış zamanı həyətində qanunsuz olaraq əkdiyi tərkibində narkotik maddələr olan çətənə bitkilərini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları dəvət olunmuş aqronomun iştirakı ilə həyətinə baxış keçirmişlər. Baxış zamanı həyətində əkdiyi, aqrotexniki qaydada qulluq etdiyi 07 ədəd çətənə bitkiləri aşkar edilmiş və polis işçiləri 07 ədəd çətənə kollarını çıxardıb yerə qoymuşlar. Həmin çətənə bitkiləri qablaşdırılaraq elektron tərəzidə çəkilmiş və və qablaşdırılmışdır. Polis əməkdaşları içərisində 07 ədəd çətənə kolu olan kisəni gəldikləri avtomobilin yük yerinə qoymuşlar. O da həmin avtomobilə əyləşmiş və polis işçiləri ilə birlikdə Lənkəran ŞRPŞ-yə gəlmişdir. Polis işçisi Lənkəran rayonu, Səpnəkəran kəndində yerləşən həyətinə baxış keçirilməsi ilə bağlı protokol tərtib etmiş və o, baxışda iştirak etmiş şəxslərlə birlikdə həmin protokola imza etmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində axtarış aparılmış, axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah olunmuş və üzərində narkotik vasitə və qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, o da üzərində narkotik vasitə və hər hansı bir qanunsuz əşya və maddənin olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və hər hansı bir qanunsuz əşya və maddə aşkar olunmamışdır. O, çətənə kollarına aqrotexniki qaydada qulluq etmiş, həmin kolların diblərini yumşaltmış və arabir su vermişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşını və ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin NMQ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, 24 avqust 2023-cü il tarixdə Lənkəran rayonu, Səpnəkəran kəndində həmin kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik xassəli çətənə bitkilərinin qanunsuz əkib-becərməsi ilə bağlı əməliyyat məlumatı əldə etmişdir. Şöbə rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirləri keçirilməsindən ötrü tərəfindən qərar qəbul olunmuşdur. Qərar qəbul edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Qrupun tərkibində onunla yanaşı Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Lənkəran ŞRPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 iştirak etmişlər. 24 avqust 2023-cü il tarixdə, saat 18 radələrində əməliyyat qrupunun tərkibində, dəvət olunmuş mütəxəssisin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu, Səpnəkəran kəndində yerləşən həyətinə getmişlər. Təqsirləndirilən şəxs bu barədə bildirib, həyətə baxış keçirmək istədiklərini bildirdikdə Təqsirləndirilən şəxs etiraz etməmişdir. Saat 18 radələrində Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçirilmiş, baxış günəşli hava şəraitində videoçəkiliş vasitəsi ilə keçirilmişdir. Həyətyanı torpaq sahəsi çəpərlə hasarlanmışdır. Baxış zamanı torpaqda becərilmiş 07 ədəd çətənəyə bənzər bitkilərin hündürlükləri 80 sm-dən 1,2 metrədək olmasını aşkar etmişlər. Aşkar edilmiş həmin bitkilər kökündən çıxarılaraq götürülmüş və ümumi yaş çəkisinin 1870 qram olması müəyyən edilmişdir Həmin bitkilər ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılaraq 01 (bir) ədəd sellofan paketə qoyulmuş və Lənkəran ŞRPŞ-nin 135 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən digər cinayət xarakterli predmet və ya əşya aşkar olunmamışdır. Baxış zamanı dəvət olunmuş mütəxəssis aqronom X2 bildirmişdir ki, aşkar olunmuş 07 ədəd narkotik xassəli kollar çətənə kollarıdır, həmin çətənə kollarına aqrotexniki qaydada qulluq olunmuş, suvarılmış, gübrələnmiş və alaq otlardan təmizlənmişdir. Təqsirləndirilən şəxslə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, 07 ədəd çətənə bitkisini aşkarlanmış yerə özü əkmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə qəbul edəndir. Belə ki, həmin narkotik vasitə olan qurudulmuş marixuananı çəkmək yolu ilə qəbul edir. Yaşadığı evin həyətində aşkarlanmış həmin çətənə kollarını da istifadəsi üçün əldə etdiyi qurudulmuş marixuananın daxilindən toplamışdır. Daha sonra topladığı həmin toxumları 2023-cü ilin avqust ayında aşkar olunmuş yerdə əkmiş və aqrotexniki qulluq etmişdir. Aşkar edilmiş çətənə kolları Təqsirləndirilən şəxs tərəfindən tək başına əkilib-becərilmiş, bu barədə nə ailə üzvlərinin, nə də digər şəxslərin məlumatı olmamışdır. Çünki Təqsirləndirilən şəxs də dediyinə görə həmin çətənə kolları bağ sahəsinin sonunda feyxoa ağaclarının arasında görsənməyən yerdə əkilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması səbəbindən öz istifadəsi üçün narkotik tərkibli çətənə bitkilərini əkmiş, bunu etməkdə səbəb kimi aparılmış şifahi sorğu zamanı maddi imkanının aşağı olması və buna görə də narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmək üçün həmin aşkarlanmış çətənə bitkilərini əkibbecərməsini göstərmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə Lənkəran ŞRPŞ-yə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: 24 avqust 2023-cü il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 18:50-də Lənkəran rayonu Səpnəkəran kəndində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə polis əməkdaşları və mütəxəssisin iştirakları ilə baxış keçirilmişdir. Baxış keçirilən əraziyə daxil olduqdan sonra fərdi yaşayış evinin qarşısında yerləşən, meyvə ağacları olan torpaq sahəsində yerləşən ətrafı feyxoa ağacları ilə əhatə olunmuş 07 ədəd kök üstdə olan çətənə bitkisinə oxşar kollar aşkar edilmişdir. Aşkar edilmiş çətənə kolları həmin yerlərdə əkilmiş və onlara aqrotexniki xidmətlər olunmuş, yəni suvarılmış, gübrələnmiş, alaq otlardan təmizlənmiş və dibi yumşaldılmışdır. Həmin çətənə kolları regetasiya dövrünə uyğun inkişaf etmiş, hündürlükləri 80 sm-dən 1,2 metrədək olmuş, yerindən çıxarıldıqdan sonra çəkilərək yaş halda çəkisi 1870 qram olmuşdur. Aşkar olunmuş çətənə kolları baxışda iştirak edən polis əməkdaşları tərəfindən dibindən dartılaraq kökündən çıxarılmış, ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılaraq 1 ədəd torbaya qoyulmuş və torba möhür ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilən zaman çətənə kollarından başqa digər cinayət xarakterli əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, 07 ədəd çətənə bitkilərini aşkar olunmuş yerə özü əkmişdir. 24 avqust 2023-cü il tarixli şəxsi axtarış və götürülmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Lənkəran rayonu Səpnəkəran kəndində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində 07 ədəd çətənə kolları aşkar edildiyindən o, şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Tutulduqdan sonra onun üzərinə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və üzərində hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis şöbəsinə gətirilərkən və gətirildikdən sonra ona qarşı heç bir fiziki zor tətbiq olunmamışdır. 24 avqust 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Lənkəran rayonu, Səpnəkəran kəndində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı münbit olmayan torpaqda hər birinin boyu 80-120 sm-dək hündürlüyündə olan 07 ədəd çətənəyə bənzər bitkilər aşkar edildi. Aşkar edilmiş çətənəyə bənzər bitkilərin toxumu 02 ay öncə torpağa səpilmiş, həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, dibi yumşaldılmış, gübrələnmiş, mütəmadi olaraq suvarma işləri aparılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən 07 (yeddi) ədəd narkotik xassəli olan çətənə kolları aşkar edilmişdir. Həmin bitkilərin hündürlükləri 80-120 sm olan 07 ədəd çətənə bitkiləridir, ümumi yaş çəkisi 1870 qramdır. Narkotik vasitələrin məhkəmə bioloji ekspertizasının 25 avqust 2023-cü il tarixli, 19/820 nömrəli rəyindən görünür ki, - tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus 7 ədəd çətənə kolu....” sözlər və imzalar olan bir ədəd kisədəki ümumi sayı 7 ədəd olmaqla, yaş vəziyyətdə ümumi təmiz çəkisi -910,0 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 845 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, Nazirlər Kabinetinin müvafiq əmrinə əsasən yaş məhdudiyyəti ilə əlaqədar olaraq məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2023-cü il tarixdə saat 19:40-da şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Lənkəran rayonlararası MTE və PA Zona Mərkəzinin xx.xx.2023-cü il tarixli, 911 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. 21 oktyabr 2023-cü il tarixli, 10779 nömrəli arayışdan görünür ki, Babayev X4 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və şəxsin tutmadan azad edilməsi haqqında” 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2023-cü il tarixdə, saat 13:00-da saxlanıldığı Lənkəran ŞRPŞ-nin MSY–dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 16 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş 07 ədəd, ümumi təmiz çəkisi 910,0 qram çətənə bitkiləri, baxış keçirilən zaman və şəxsi axtarış zamanı çəkilmiş videoçəkilişlərin yazıldığı 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və ekspertizadan qaytarılmış 07 ədəd, 910,0 qram çəkidə çətənə kolunun qalıq qalmış -909,3 qram qalığı saxlanması üçün Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disklər iş materiallarına əlavə edilmişdir. Lənkəran ŞİHB-nin Səpnəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvanda, arvadı X5 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 237.1-ci maddəsinin dispozisiyasına görə Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs etdiyi əməli etiraf etməsini, 61 yaşında olmaqla əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs etdiyi əməlindən peşmançılıq keçirməsini və 61 yaşında olmasını nəzərə alınaraq cəzasını cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında çəkməsi daha məqsədəuyğundur. Məhkəmə qeyd edir ki, CM-nin 237.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzası ilə bərabər digər alternativ cəzalar da nəzərdə tutulmuşdur. Məhkəmə məhz bunu, eləcə də törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər: CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 24 avqust 2023-cü il tarixdə saat 19:40-dan 26 avqust 2023-cü il tarixə saat 13:00-dək həbsdə olduğu 2 gün müddət - bir günə iki gün hesablanmaqla, 4 gün müddət ona təyin olunacaq cəzadan çıxarılaraq qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi -909,3 qram olan 07 ədəd çətənə bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsn 60 manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 avqust 2023-cü il tarixdən 26 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 2 gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 4(dörd) gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı ünvanı təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi -909,3 qram olan 07 ədəd çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-57/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-57/2024
18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver