Məhkəmə qərarları › İş №1(049)-57/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-57/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-57/2025 29.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1990-cı ildə Lənkəran rayon Şıxəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, 3-cü qrup əlil, ailəli, bir azyaşlı uşağı olan, hal-hazırda Lənkəran rayon Şıxəkəran kəndində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan minik avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməklə, yol hərəkəti qaydalarını pozub, ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, 25 oktyabr 2024-cü ildə saat 11:20 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan, idarə etdiyi “Vaz 21150” minik markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomaşınla köhnə Ələt-Astara- İran sərhədi avtomobil yolunun Lənkəran rayon Bürcəli kəndi ərazisindən keçən 213-cü km\də, Astara rayon istiqamətdə saatda 90 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni 3.24 ’’Maksimum sürətin məhdudlaşdırılması” yol nişanın tələblərinə əməl etməli, nəqliyyat vasitəsini 60 km\saat sürətdən artıq sürətlə idarə etməməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, əks istiqamətdən hərəkətdə olan avtomobilin ötmədə olmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmaqla, avtomobilin dayanıqlı hərəkətini təmin etməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, əks istiqamətdən hərəkətdə olan naməlum “Ford” markalı avtomaşının ötmədə olduğunu gördükdə, avtomobilin sükanını sağa doğru istiqamətləndirmiş, həmin anda idarəetməni itirdiyindən idarə etdiyi avtomobil yolun sol hissəsinə doğru istiqamətlənməklə əks hərəkət zolağa çıxmış, bu zaman Ələt qəsəbəsi istiqamətdə sağ zolaqla hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Qaz 31100” minik markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobillə qarşı-qarşıya toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan sonuncu avtomaşında olan sərnişin Zərərçəkmiş şəxs2 sağ İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların yerini dəyişmiş sınıqları, sol süd vəzisində hematoma, hər iki baldır nahiyyələrində qançırlar kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, həmçinin sürücü Zərərçəkmiş şəxs1 kəllə əsası sümüyünün böyük və kiçik qanadlarının, sağ gicgah sümüyü, əng sümüyü, hər iki masilyar sümüklərinin, hər iki paraorbital sümüklərinin, burun sümüklərinin, sağ göz yuvasının lateral divarı sümüyünün, sağ almacıq sümüyünün yerini dəyişən qəlpəli sınıqları, sağ mil sümüyünün, sağ İİ daraq sümüyünün qəlpəli sınıqlar, burun nahiyyəsində əzilmiş yara kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Özünə məxsus “Vaz 21150” minik markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomaşını olmaqla, həmin avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. 25 oktyabr 2024-cü ildə saat 11:20 radələrində idarə etdiyi “Vaz 21150” minik markalı avtomaşınla köhnə Ələt-Astara yolu ilə üzü Astara rayon istiqamətdə saatda 90 km sürətlə hərəkətdə olmuşdur. Lənkəran rayon Bürcəli kəndi ərazisindən keçdikdə, əks istiqamətdən tanımadığı Ford markalı avtomaşının ötmədə olduğunu görmüş, bu zamanı hər hansı hadisənin baş verməməsi üçün sükanı sağa doğru istiqamətləndirməklə yolun sağ ehtiyyat hissəsinə çıxmışdır. Həmin vaxtda avtomaşının sağ təkəri çökəkliyə düşdüyündən, ani anda avtomaşının idarəetməsini itirmiş, nəticədə idarə etdiyi avtomaşın yolun əks hərəkət zolağına çıxmaqla, Ələt istiqamətdə hərəkətdə olan Qaz 31100 minik markalı avtomaşınla qarşı-qarşıya toqquşmuşdur. Hadisə zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədən xəsarətləri almışlar. Hadisədən sonra hadisəyerini tərk etməmişdir. Zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tam şəkildə ödəmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 25 oktyabr 2024-cü ildə saat 11:20 radələrində idarə etdiyi “Qaz 31100” minik markalı avtomaşınla köhnə Ələt-Astara yolu ilə üzü Ələt qəsəbə istiqamətdə saatda 40 km sürətlə sağ zolaqla hərəkətdə olmuşdur. Lənkəran rayon Bürcəli kəndi ərazisindən keçdikdə ani olaraq əks tərəfdən gələn sonradan adını bildiyi Asif adlı oğlanın idarə etdiyi Vaz 21150 minik markalı avtomaşının əks yola çıxmaqla üzərinə gəldiyini görmüşdür. Həmin vaxtda avtomaşının əyləcini basmaqla sükanı sağa doğru istiqamətləndirmiş, lakin hərəkət zolağında avtomaşınlar qarşı-qarşıya toqquşmuşdur. Hadisə zamanı avtomaşında olan Şölə ilə birgə xəsarət almışdır. Hadisə ilə əlaqədar sürücü Təqsirləndirilən şəxs onlara dəymiş ziyanı tam şəkildə ödəmişdir. Asifdən hər hansı şikayət və tələbləri yoxdur. Bununla bağlı məhkəməyə ərizə ilə müraciət etmişlər. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 25 oktyabr 2024-cü ildə saat 11:20 də Fətəlinin idarə etdiyi “Qaz 31100” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə üzü Ələt istiqamətdə sağ zolaqla hərəkətdə olmuşlar. Lənkəran rayon Bürcəli kəndi ərazisindən keçdikdə ani olaraq əks tərəfdən gələn sonradan adını bildiyi Asif adlı oğlanın idarə etdiyi Vaz 21150 minik markalı avtomaşının əks yola çıxmaqla üzərinə gəldiyini görmüşdür. Həmin vaxtda Fətəli idarə etdiyi Qaz 31100 minik markalı avtomaşının əyləcini basmaqla sükanı sağa doğru istiqamətləndirmiş, lakin avtomaşınlar qarşı-qarşıya toqquşmuşdur. Hadisə zamanı avtomaşında olan Zərərçəkmiş şəxs1la birgə xəsarət almışdır. Təqsirləndirilən şəxsla barışmışlar, sürücü ziyanı tam şəkildə ödəmişdir. Bununla bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasına dəvət edilmiş Şahid məhkəməyə teleqram ünvanlayaraq xidmətdə olması ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid ifadəsindən görünür ki, halhazırda BDYPİ-nin YPXA-nin 11-ci taqımında inspektor vəzifəsində işləyir. 25 oktyabr 2024-cü ildə saat təxminən 11:20 radələrində xidmətdə olduğu zaman köhnə Ələt- Astara yolunun 213-cü km\də yol nəqliyyat hadisəsinin baş verməsi bardə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə getdikdə Asif adlı şəxsin idarə etdiyi “Vaz 21150” minik markalı avtomaşınla, Zərərçəkmiş şəxs1 adlı şəxsin idarə etdiyi “Qaz 31100” minik markalı avtomaşının toqquşduğunu bilmişdir. Hadisə zamanı hər iki sürücü və bir sərnişin müxtəlif bədən xəsarətləri almışlar. Sonra baş təhqiqatçı H.Şahbazov tərəfindən hadisə yerinin müayinəsi aparılmış, protokola və sxemə imza etmişdir. Cinayət işinin 5-14-ci vərəqlərində olan və məhkəmə baxışında tədqiq edilmiş 25 oktyabr 2024-cü il tarixli “yol nəqliyyat hadisısi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Ələt-Alstara yolunun 213-cü km-dir. Hadisə yeri Lənkəran rayonunun ərazisindədir. Cinayət işinin 41-43-cü vərəqlərində olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 11 noyabr 2024-cü il tarixli, 1046 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində - sağ İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların yerini dəyişmiş sınıqları, sol süd vəzisində hematoma, hər iki baldır nahiyyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarət küt travma nəticəsində törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 25 oktyabr 2024-cü il tarixdə olduğu minik avtomaşının digər avtomaşınla toqquşması zamanı avtomaşının salonun qabarıq hissəsinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin 44-47-ci vərəqlərində olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 11 noyabr 2024-cü il tarixli, 1045 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində - kəllə əsası sümüyünün böyük və kiçik qanadlarının, sağ gicgah sümüyü, əng sümüyü, hər iki masilyar sümüklərinin, hər iki paraorbital sümüklərinin, burun sümüklərinin, sağ göz yuvasının lateral divarı sümüyünün, sağ almacıq sümüyünün yerini dəyişən qəlpəli sınıqları, sağ mil sümüyünün, sağ İİ daraq sümüyünün qəlpəli sınıqlar, burun nahiyyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət küt travma nəticəsində törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 25 oktyabr 2024-cü il tarixdə idarə etdiyi minik avtomaşının, digər avtomaşınla toqquşması zamanı avtomaşının salonun qabarıq hissəsinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Cinayət işinin 62-463-ci vərəqlərində olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 25 dekabr 2024-cü il tarixli 8/3057 saylı rəyindən görünür ki, “Vaz 21150 ” minik markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Eyni rəyə əsasən sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km\saata qədər məhdudlaşdırılmış yolda 90 km\saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanın) tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 16-cı vərəqində olan və məhkəmə baxışında tədqiq edilmiş Lənkəran rayonlararası narkoloji xəstəxananın 25 oktyabr 2024-cü il tarixli 000895 nömrəli tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin 17-ci vərəqində olan və məhkəmə baxışında tədqiq edilmiş DİN-nin BDYPİ QİS-in 06 noyabr 2024-cü il tarixli 3-13-16\2-186924\24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Cinayət işinin 64-cü vərəqində olan və məhkəmə baxışında tədqiq edilmiş 09 yanvar 2025-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, “Vaz 21150 ” minik markalı ** DG *** dövlət qeydiyyat nişanlı və “Qaz 31100” minik markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobillər cinayət işi üzrə sübut əhəmiyyətli olduğlarından maddi sübut kimi tanınmışdır. Cinayət işinin 65-ci vərəqində olan və məhkəmə baxışında tədqiq edilmiş 09 yanvar 2025-ci il tarixli qəbzlərdən görünür ki, “Vaz 21150 ” minik markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs, “Qaz 31100” minik markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Cinayət işinin 18, 56, 57-ci vərəqində olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1990-cı ildə Lənkəran rayon Şıxəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, 3-cü qrup əlil, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı vardır. Cinayət işinin 37-ci vərəqində olan və məhkəmə baxışında tədqiq edilmiş DİN BƏSİİnin xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263-1.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyətinə səbəb olur. CM-nin 263-1.2 maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. 3-cü bəndinə əsasən yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. 4-cü bəndinə əsasən yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir. Qanunun 64-cü maddəsinin 1-ci hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. (3.24 “maksimum sürətin məhdudlaşdırılması”) İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cinayət işinin 112-ci vərəqində olan və məhkəmə baxışında tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi barədə 15 yanvat 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. Məhkəmə CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə zərərçəkmiş şəxslərə ödəməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və yaşına tam uyğun olmalıdır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azalıqdan məhrum etmə, eyni zamanda məhkəmə qeyd edir ki, maddənin sanksiyasının imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı, CM-in 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut- “Vaz” 21150 minik markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi-Təqsirləndirilən şəxs, “Qaz 31100” minik markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs1 qaytarıldığından icra edilmiş hesab edilməlidir. Məhkəmə məsrəfi - iş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat ekspertizası üzrə 128 manat aparılmış tədqiqatların dəyəri olaraq Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və CPM-nin 44.1; 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – “Qaz 31100” minik markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi-Zərərçəkmiş şəxs1 və “Vaz” 21150 minik markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılmaqla icra edilmiş hesab edilsin. Məhkəmə məsrəfi - iş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat ekspertizası üzrə 128 manat aparılmış tədqiqatların dəyəri olaraq Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar