Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-59/2024 25.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat:16:45 xx.xx.1980-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Lənkəran Rayon Məhkəməsinin 1(049)- 153/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 7(057)-420/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 01 il 04 ay 07 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayının əvvəlində, Lənkəran şəhərində, istintaqa dəqiq məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə, təmiz çəkisi 0,677 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 03 oktyabr 2023-cü il tarixdə saat 17:20-də Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri T.İsmayılov küçəsində saxlanılaraq Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan şalvarın sağ yan cibində 1 ədəd sellofan bükümün içərisində həmin narkotoik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittihamla təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitə heroindən zərdə yandırıb tüstüsünü udmaq yolu ilə qəbul etmişdir. Bədənində olan ağrılarla əlaqədar 2 il mütəmadi olaraq narkotik vasitələrdən istifadə etmişdir. Lənkəran Rayon Məhkəməsinin 1(049)- 153/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 7(057)-420/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 01 il 04 ay 07 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 03 oktyabr 2023-cü il tarixdə, saat təqribən 16 radələrində məktəbli övladına dəftərxana ləvazimatları almaq üçün getdiyi “Tik-Tak” adlanan mağazanın qarşısında polis əməkdaşları ona yaxınlaşaraq, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini qeyd edərək onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində polis işçiləri ona verilən bükümdə olan narkotik vasitəni öz üzərinə götürməyəcəyi təqdirdə, ailəsi ilə hədələyərək onun üzərinə 100 qram miqdarında narkotik vasitə qoyacaqlarını, ona qarşı ağır ittiham irəli sürüləcəyini bildirdikləri üçün psixoloji təzyiqlər qarşısında məcbur qalaraq, ona verilən 1 bükümdə narkotik vasitə heroini öz üzərinə götürmüş, şəxsi axtarış zamanı, eləcə də müdafiəçi tərəfindən ona verilən suallar zamanı özünü təqsirli bildiyini göstərmiş, o cümlədən ibtidai istintaq zamanı etirafedici ifadələr vermişdir. Polis əməkdaşları tərəfindən Lənkəran ŞRPŞ-yə aparılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs son sözündə ona qarşı elan edilmiş ittihamla özünü təqsirli bilməyərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilir. Əvvəllər 2021-ci ildə CM-nin 234.1-ci maddəsi ilə 03 müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2023-cü ilin avqust ayında həbsdən azad edilmişdir. O uzun illərdir ki, narktotik vasitə heroin qızdırıb tüstüsünü çəkməklə qəbul edir. Həbsdən azad edildikdən bir müddət sonra narkotik vasitə qəbul etməsə də, lakin sonradan yenidən narkotik vasitə qəbul etməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə gündüz saatlarında Lənkəran şəhəri “böyük bazar” adlanan ərazidə üzdən tanıdığı adını və ünvanını bimədiyi şəxsdən 5 manata 1 ədəd bükümdə şəxsi istifadəsi üçün heroin almışdır. Həmin heroini qəbul etmək üçün üzərində saxlamışdır. Həmin gün saat 17 radələrinə Lənkəran şəhəri T.İsmayılov küçəsi ilə piyada gedərkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmışlar. Həmin şəxslər ona özlərini təqdim etdikdən sonra onların polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşları tərəfindən ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu deyilərək Lənkəran ŞRPŞ-yə gətirilmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin hüquq və vəzifələri ona izah edilmiş və vəkil ilə təmin edilmişdir. Təhqiqatçı tərəfindən polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı ona bildirmişdir ki, üzərində əgər hər hansı bir qanunla qadağan edilmiş əşya və maddə vardırsa təqdim etsin. O da həmin vaxt əynində olan şalvarının sağ yan cibində saxladığı 1 ədəd bükümdə heroini çxıardıb təqdim etmişdir. Təhqiqatçısı həmin bükümə baxış keçirmiş və sonra büküm elektron tərəzidə çəkildikdə bükümün çəkisi 0,70 qram olmuşdur. Onunla bu barədə sorğu-sual edildikdə polis əməkdaşlarına üzərində aşkar olumuş kütlənin heroin olduğunu və özünə məxsus olduğunu, heroinin bir neçə saat bundan öncə Lənkəran şəhər “böyük bazar” adlanan ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 5 manata alaraq qəbul etmək üçün üzərində saxladığını bilmişdir. Üzərində aşkar olunmuş həmin heroin bükümü zərfə qoyularaq qablaşdırılmışdır. Zərf möhürlənərək o və iştirakçılarla birlikdə zərfin üzərinə imzalarını qeyd etmişdir. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilərək ona və iştirakçılara oxunmuşdur. Protokolun məzmunu doğru olduğu üçün protokolu iştirakçılarla birlikdə imza etmişlər. Etdiyi əməldən çox peşman olmuşdur. O, heroini tutulduğu gün “böyük bazar” adlanan ərazinin yaxınlığında üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 5 manata almışdır. İstifadəsində heç bir mobil nömrəsi yoxdur, həmin şəxsin istifadə etdiyi mobil nömrənidə bilmir. Onun harada yaşaması barədə heç bir məlumatı yoxdur. Həmin heroini özü istifadə etmək üçün üzərində saxlamışdır. Əldə etdiyi heroindən heç kəsə satmamış və həmçinin heç kəsə də istifadə etmək üçün verməmişdir. O narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən ona qaraşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, çox vaxt üzərində narkotik vasitələri saxlaması, gəzdirməsi barədə qərəzsiz mənbədən məlumat əldə etmişdir. Həmin məlumatın daxil olması barədə şöbənin rəisinə məruzə edilmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü 03 oktyabr 2023-cü il tarixdə şöbə rəisindən müvafiq razılıq alındıqdan sonra tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna şöbənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 də cəlb edilmişdir. Polis şöbəsinin rəisi tərəfindən müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. Təxminən 10-15 dəqiqə sonra, saat 17 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, T.İsmayılov küçəsi ilə piyada getdiyini görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün birlikdə polis şöbəsinə getməyi bildirmişlər. Təqsirləndirilən şəxs də onlarla razılaşıb birlikdə polis bölməsində gəlmişdir. Bu barədə tərəfindən raportla şöbə rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ŞRPŞ-nin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və yaxud qanunsuz bir maddə olduğu halda təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də həmin vaxt əynində olan şalvarının sağ yan cibindən 1 ədəd sellofan büküm çıxardıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükümə baxış keçirildikdə, bükümün içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdən sonra müvafiq qaydada qablaşdırılmışdır. Təqsirləndirilən şəxslə bu barədə sorğu-sual edildikdə, o üzərində aşkar olumuş maddənin heroin olduğunu və həmin heroinin tutulduğu gün səhər saatlarında Lənkəran şəhəri, “böyük bazar” adlanan ərazisinin yaxınlığında üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 10 manata alaraq qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş həmin kütlə ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmışdır. Zərf DİN-nin 135 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar qoyulmuşdur. Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli digər əşya aşkar edilməmişdir. Buna görə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, iştirakçılar tərəfindən protokol imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz hərəkətə yol verməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Baləddin oğlu və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarışın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və həmçinin şəxsi axtarışın keçirilərkən aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 1 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddəni çıxardıb təqdim edərək götürlmüş, Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroinin özünə məxsus olduğunu etiraf emişdir. Məhkəmə-kimyəvi ekspertizasının 03 oktybar 2023-cü il tarixli 19/907 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vətəndaş Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 1 (bir) ədəd şəffaf selofana bükülmüş kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -0,677 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Ekspertiza tədqiqatının dəyəri 60 manat müəyyən edilmişdir. Ambulator məhkəmə-narkoloji ekspertizasının 05 oktyabr 2023-cü il tarixli, 940 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1025 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, bir bükümdə çəkisi 0.677 qram narkotik vasitə olan heroin və şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,627 qram narkotik vasitə heroin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış zamanı videoçəkilişə dair 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmışdır. Lənkəran şəhər psixatriya xəstəxanasına edilmiş sorğu nəticəsində Tağıyev X1 şəhər psixatriya xəstəxanasında qeydiyyta olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən görünür ki, Tağıyev X1 Rayon Məhkəməsinin 1(049)-153/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 01 il 04 ay 07 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(049)-153/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(057)-420/2023 saylı qərarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.2ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 04 ay 07 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 4(049)-274/2023 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 05 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Lənkəran ŞİH başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 noyabr 2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Tağıyev X1 şəhəri, M.Əbülfətov küçəsi 16 saylı evdə ailə üzvləri - 1982-ci il təvəllüdlü arvadı X6 və uşaqları 2009-cu il təvəllüdlü X2 və 2013-cü il təvəllüdlü X3 ilə birgə yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Lənkəran Rayon Prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X4 tərəfindən 242C-2023 saylı yoxlama materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 noyabr 2023-cü il tarixli qərar qəbul edilmişdir. Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 126 №-li məlumatdan görünür ki, Tağıyev X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(049)-153/2022 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(057)-420/2023 saylı qərarı ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 04 ay 07 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cəzasının əvvəli xx.xx.2021-ci il, cəzasının sonu xx.xx.2024-cü il tarixə hesablanmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma inayət məsuliyyətinə səbəb olur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında ifadəsinin və müdafiə tərəfinin çıxışlarının “təqsirləndirilən şəxsin üzərində hər hansı narkotik vasitə olmaması, ona polis əməkdaşları tərəfindən psixoloji təzyiq göstərilərək işgəncəyə məruz qalması və üzərinə narkotik vasitə qoyulması, polis əməkdaşları tərəfindən işgəncəyə məruz qaldığı üçün ibtidai istintaq zamanı etirafedici ifadə verməyə məcbur edilməsi, habelə təqsirləndirildiyi maddə üzrə ona bəraət verilməsi” barədə ifadə və çıxışlarına qiymət verərək hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və Təqsirləndirilən şəxs şəxsi istifadə məqsədi ilə narkotik vasitə heroin əldə etməsi və üzərində saxlamaqla daşıması cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış protokolları və videogörüntüləri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi təsdiqedici ifadələrlə yanaşı, şahidlərin ifadələri, habelə məhkəmə-kimyəvi, məhkəmə-narkoloji və məhkəmətibbi ekspertizasının rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması, ona psixoloji təzyiq göstərilməsi ilə bağlı ifadəsinə, həmçinin bu barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər də iş materiallarında olan sənədlərlə təkzib olunur. Belə ki, təqsirləndirilən şəxsin ona polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi, işgəncəyə məruz qalması ilə bağlı verdiyi bəyanat üzrə həmin xüsusatların araşdırılmasından ötrü məhkəmə tərəfindən müvafiq məlumat ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş, Lənkəran Rayon Prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X4 tərəfindən 242C-2023 saylı yoxlama materialı üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 noyabr 2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ Lənkəran Rayonlararası MTE və PA Zona Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1025 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar aparılmış araşdırma nəticəsində öz təsdiqini tapmamışdır. Digər tərəfdən Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı, eyni zamanda ibtidai istintaq zamanı ona verilən suallara cavab olaraq, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini, aşkar edilmiş narkotik vasitə heroinin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, ibtidai istintaq zaman daha inandırıcı ifadələr vermiş, məhkəmə istintaqı zamanı isə cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməllərin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə ona bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 26 aprel 2022ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Qeyd olunan dəyişiklik 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. CM-nin 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan 2 nəfər uşağının olmasını CM-nin 59.1.4-cü, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, işdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(049)- 153/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(057)-420/2023 saylı qərarı əsasında müəyyən edilir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 04 ay 07 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cəzasının əvvəli xx.xx.2021-ci il tarixdə başlamış, cəzasının sonu xx.xx.2024-cü il tarixdə bitir. Beləliklə, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini xx.xx.2023-cü il tarixdə, yəni cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi müddətdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 07 il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin əməli az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(049)-153/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təyin olunmuş 03 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 04 ay 07 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməlidir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnа hazırki məhkəmə hökmü ilə təyin ediləcək cəzasına Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(049)-153/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 il 04 ay 07 gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməlidir. Belə ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan qalıq çəkisi 0.627 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan DVD disk isə iş materiallarına saxlanılmalıdir. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərci - 60 manat tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci (köhnə redaksiyada) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Lənkəran Rayon Məhkəməsinin 1(049)-153/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzasının Salyan Rayon Məhkəməsinin 7(057)-420/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən çəkilməmiş 01 il 04 ay 07 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilən 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Lənkəran Rayon Məhkəməsinin 1(049)-153/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 il 04 ay 07 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 03 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ saxlanılan qalıq çəkisi 0.627 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk isə iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-59/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-59/2024
25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver