Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-60/2023 12.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 11:15 Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 1 il 7 ay 27 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 2 ay 25 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında yaşamış, Lənkəran Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qərarına əsasən barəsində 3 ay müddətdə «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayında 50 manat pulun qarşılığında satış məqsədi olmadan qanunsuz olaraq, altı bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,174 qram; -0,275 qram; -0,306 qram; -0,277 qram; -0,168 qram və -0,263 qram; ümumi təmiz çəkisi - 1,463 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, həmin narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq üzərində saxlayaraq daşımış, bu barədə məlumat almış Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının 05 sentyabr 2022-ci il tarixdə, saat 19:50-də Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən qeyd olunan çəkidə və bükümlərdə narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 9-10 ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitəni zərdə çəkmə üsulu ilə qəbul edir. 5 sentyabr 2022-ci il tarixdə Lənkəran rayonunda olan zaman Lənkəran şəhəri “Böyük Bazar” ərazisində “Heydərli” adlı İran vətəndaşından 50 manat pul verərək 6 bükümdə heroin almışdır. Aldığı bükümü əynində olan şalvarın sağ cibinə qoyaraq gələcəkdə qəbul etməyi üçün üzərində saxlamışdır. 05 sentyabr 2022-ci il Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində piyada hərəkətdə olan zaman Lənkəran ŞRPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər, gəlişlərinin səbəbini izah edərək ona üzərində narkotik vasitə gəzdirməyində şübhəli olduğunu bildirib onu Lənkəran ŞRPŞ-nə dəvət etdikdə polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona hüquq və vəzifələri izah edilmiş və vəkillə təmin olunmuşdur. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməmişdən qabaq ona üzərində narkotik vasitə və qanunla saxlanması qadağan olunmuş əşya yaxud predmet varsa təqdim etməsi təklif olunduqda əynində olan şalvarın sağ yan cibindən 6 ədəd narkotik vasitə heroin olan büküm və 01 ədəd «Ketel» markalı özünə məxsus mobil telefon təqdim etmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Telefonu araşdırma üçün əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüşdür. Videoçəkiliş vaxtı təqdim etdiyi içərisində narkotik vasitə olan 6 ədəd heroin bükümün ona məxsus olduğunu, lakin həmin narkotik vasitələrin satış məqsədilə əldə etmədiyini, yalnız özü istifadə etməsi üçün əldə etdiyini bildirmişdir. Saxlanılarkən, polis şöbəsinə gətirilərkən, həmçinin gətirildikdən sonra ona qarşı hər hansı zor tətbiq olunmamış, hədə-qorxu gəlinməmişdir. Ümumiyyətlə heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs son sözündə özünü qismən, yəni CM-nin 234.1-ci maddasində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildiyini, barəsində ədalətli hökm çıxarılmasını bildirərək, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Lənkəran şəhər rayon polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis mayoru rütbəsindədir. İcraatına Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi, ev 115-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən adı qeyd olunan şəxsin cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmiş, Lənkəran ŞRPŞ-nin PPXB-nün polis nəfərləri, polis serjantları Şahid2 və Şahid3 isə qrupun üzvləri olmuşlar. 05 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində olmasını müşahidə etdikdən sonra yaxınlaşaraq özlərini təqdim etmişlər. Üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra ilk olaraq xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izaha etdikdən sonra, özünün istəyi əsasında təqdim edilmiş müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduqda Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 06 ədəd şəffaf sellofana bükülmüş bükümü və 01 ədəd “Ketel” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümlərin içərisində heroin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd “Ketel” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən aşkar edilmiş 06 ədəd bükümlərdə olan kütlələr elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı keçirilmiş şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələri 05 sentyabr 2022-ci il tarixdə, Lənkəran şəhəri, “Böyük Bazar” adlanan ərazidə “Heydərli” adlı İran vətəndaşından 50 manata əldə etdiyini bildirmişdir. “Heydərli” adlı İran vətəndaşının tapılaraq müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsə də müsbət nəticə əldə olunmamışdır. İcraatına daxil olmuş əməliyyat məlumatlarına görə Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələtin bir hissəsini istifadə etmək məqsədilə, digər bir hissəsini isə satıb əvəzində pul əldə etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri satdığı şəxs və ya şəxslərin dairəsini müəyyən etmək istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsə də, lakin müsbət nəticə əldə etmək mümkün olmamış, narkotik vasitələrin satdığı şəxslərin dairəsi müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2022-ci il tarixdə saat 20:10-da şübhəli şəxs qismində tutulmuşdur. 05 sentyabr 2022-ci il tarixli, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə olunmuş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 6 ədəd bükümlərdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin 6 ədəd narkotik vasitə olan heroinin çəkisi 1,70 qram olmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə heroindir, həmin kütlə ona məxsusdur. Həmin kütləni Lənkəran şəhəri, Böyük Bazar adlanan ərazidə “Heydərli” adlı İran vətəndaşından 06 bükümdə 50 manat qarşılığında almışdır. Məhkəmə-kimyəvi ekspertizasının 06 sentyabr 2022-ci il tarixli 19/940 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər....» sözlər və imzalar olan bir ədəd zərfdəki 6 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,174 qram, -0,275 qram, -0,306 qram, -0,277 qram, -0,168 qram və -0,263 qram; ümumi təmiz çəkisi -1,463 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi kompanent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata heroindən 0,18 qram istifadə edilmiş, 1,283 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 65 manat müəyyən edilmişdir. Məhkəmə-narkoloji ekspertizanın 08 sentyabr 2022-ci il tarixli, 938 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və şəxsi axtarış aparılarkən qeydə alınmış videoçəkilişin DVD disk maddi sübut kimi tanınmış, heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan hissəsinin Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlama kamerasına verilməsi, DVD diskin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Sadıxov X5 Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən CM-nin 234.2 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə, CM-nin 76-cı maddəsinə əsasən xx.xx.2011-ci il tarixdə 1 il 26 gün müddət vaxtından əvvəl şərti azad olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sonuncu dəfə Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 7 ay 27 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 2 ay 26 gün vaxtından əvvəl azad edilmiş və xx.xx.2021-ci il tarixdə sınaq müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Lənkəran Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 4(049)-275/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Lənkəran şəhər ŞRPŞ-dən verilmiş Arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materillarına əlavə olunmuş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd “Ketel” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etmədiyindən ------------ qaytarılmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilmişdir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində qeyd olunmuşdur ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İbtidai istintaq orqanının qənaətinə görə Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə ona görə ittiham irəli sürülmüşdür ki, o, 2022-ci ilin sentyabr ayında 50 manat pulun qarşılığında satış məqsədilə qanunsuz olaraq, altı bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,174 qram; -0,275 qram; -0,306 qram; -0,277 qram; -0,168 qram və -0,263 qram; ümumi təmiz çəkisi -1,463 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, həmin narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq üzərində saxlayaraq daşımışdır. Lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə edib, üzərində saxlayaraq, daşıması müəyyən olunsa da, onun həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi nəinki təsdiqini tapmamış, hətta məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təkzib olunmuşdur. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də ki məhkəmə istintaq zamanı qanunla qadağan olunmuş həmin narkotik vasitə və psixotrop maddələri özünün istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Lakin araşdırma zamanı onun bu ifadəsini təkzib edən heç bir hal, o cümlədən istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması və satış niyyətini təsdiq edə biləcək hər hansı sair hal müəyyən edilməmişdir. Həmçinin, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ekspert rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisidir. O cümlədən, iş materillarında olan təqsirləndirilən şəxs və şahid ifadələri, şəxsi axtarış və götürmənin aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd “Ketel” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüş, lakin ibtidai istintaq zamanı da götürülmüş mobil telefonda Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı hər hansı sübut əldə olunmamışdır. Eyni zamanda məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək qeyd edir ki, müvafiq əməliyyatı həyata keçirmiş və ibtidai istintaqda, həçminin məhkəmə iclasında şahid qismində dindirilmiş əməliyyat-axtarış orqanının əməkdaşlarında da Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir mötəbər əməliyyat məlumatı olmamış, Təqsirləndirilən şəxs tərəfindən satışı gerçəkləşdirən şəxslərin dairəsi müəyyən edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin satış məqsədi ilə əldə etməsi və üstündə saxlaması məhkəmə iclasında sübuta yetirilməmişdir. Halbuki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinin mənasına görə, narkotik vasitənin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o, deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Göründüyü kimi ibtidai istintaq orqanı təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitəni əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.2-ci maddəsinə tövsif edilməli olması qənaətinə gələrkən iş materiallarında olan Lənkəran ŞRPŞ-nin CAB-nə verilmiş əməliyyat tapşırığına alınmış cavabı əsas götürmüşdür. Belə ki, Lənkəran ŞRPŞ-nin CAB-nə verilmiş əməliyyat tapşırığı üzrə alınmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs son dövrlərdə narkotik vasitələri satış məqsədilə əldə edərək həm istifadə etməyə başlamış, həm də narkotik vasitələrin satışı ilə məğul olmuşdur. Lakin narkotik vasitələrin satdığı şəxs və ya şəxslərin kimliyini müəyyən etmək üçün bir sıra əməliyyat axtarış tədbirləri keçirilsə də heç bir müsbət məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə əməliyyat-axtarış orqanının qeyd olunan məlumatı ilə əlaqədar «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya 12 fevral 2015-ci il tarixli qərarında sərgilənən hüquqi mövqeyinə diqqət yetirməyi zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında imperativ olaraq göstərilmişdir ki, «əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.» Cinayət işinin materiallarında olan Lənkəran ŞRPŞ-nin X2 əməliyyat müvəkkili, polis mayoru X4 05 sentyabr 2022-ci il tarixli qərarından da görünür ki, həmin qərarda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə, habelə onların prekursorlarını əldə etmə, saxlama və daşıması barədə etimad doğuran, məlum və qərəzəssiz mənbədən məlumat əsasında onun ətrafıda təxirə salınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsindən ötrü əməliyyat qrupu yaradılmışdır, həmin qərarda Təqsirləndirilən şəxs satış məqsədilə ilə narkotik vasitə əldə edib saxlaması barədə hər hansı məlumatın daxil olduğu qeyd olunmamışdır. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 5(049)-329/2022 №-li qərarından da göründüyü kimi məhkəmə yalnız Təqsirləndirilən şəxs ətrafında keçirilməsinə dair Lənkəran ŞRPŞ-nin X2 əməliyyat müvəkkili, polis mayoru X4 05 sentyabr 2022-ci il tarixli qərarını qanuni və əsaslı hesab etmiş, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan heroinin satış məqsədilə və ya başqa məqsədlə əldə edib saxlaması məsələsinə hər hansı hüquqi qiymət verməmişdir. Digər tərəfdən «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 16 və 17-ci bəndlərində qeyd edilmişdir ki, CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyataxtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedur daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, «Kobiaşvili Gürcüstana qarşı» (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), «İbrahimov və Məmmədov Azərbaycana qarşı» (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; «Meqrelişvili Gürcüstana qarşı» [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); «X7rşı» (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; «Tlaşadze və Kakaşvili Gürcüstana qarşı» [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayət-prosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyat-axtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi də «Şöler Almaniyaya qarşı» işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, «Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir». Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə görə məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Məhkəmə cinayət işi üzrə toplanmış sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Barbera, Messaga və Habordo İspaniyaya qarşı» məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifələrini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübut etmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, həmin məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan heroini satış məqsədilə əldə edib saxlaması sübuta yetirilmədiyindən onun əməli CM-nin 234.2-ci maddəsindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, bunu tamamlayan şahid ifadəsi, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. CM-nin 15.3, 18.1, 83.3.3-cü maddələrinə əsasən əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və xx.xx.2021-ci il tarixdə azad edilməsinə baxmayaraq məhkumluğun ödənilməsi müddəti olan 2 illik müddət keçməmiş xx.xx.2022-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətməsi cinayətin residivini yaradır ki, CM-nin 61.1.1-ci maddəsinə əsasən məhkəmə həmin halı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Məhkəmə həmçinin onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halları, cəzasını yüngülləşdirən halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 65.2-ci maddəsinin (CM-nin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.) tələbi baxımından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından aşağı olmayan cəzanın təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 05 sentyabr 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 1,283 qram narkotik vasitə olan heroin məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan DVD disk isə iş materiallarına saxlanılmalıdır. Məhkəmə məhkəmə məsfərləri ilə əlaqədar qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 1(bir) il 8(səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və cəzaçəkmə müddətinin başlanğıcı 05 sentyabr 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 1,283 qram narkotik vasitə olan heroin məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 65(altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-60/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-60/2023
12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver