Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-60/2024 21.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1991-ci ildə Lənkəran rayonu Sütəmurdov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, 20 avqust 2021-ci ildə Lənkəran rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya elan edilməsi haqqında qərarın 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə 01 ay 18 gün vaxtından əvvəl cəzadan şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla, orada yaşamış, 28 sentyabr 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 26 sentyabr 2023-cü il tarixdə Lənkəran şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd bükümdə, ümumi təmiz çəkisi 1,026 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 17:40 radələrində Lənkəran ŞRPŞ-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Vidadi küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş və şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibindən qeyd edilən çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitədən istifadə etmişdir və buna görə məhkəmə tərəfindən məhkum edilmişdir. Hazırki cinayət işi üzrə isə işdən evə gedərkən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları onu tutaraq polis şöbəsinə apardıqdan sonra “Faiq” adlı polis əməkdaşı onun üzərinə narkotik vasitəni qoyaraq, şəxsi axtarış zamanı həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirməsini ondan tələb etmişdir. Həmçinin polis şöbəsində olarkən üzərində şəxsi axtarış aparılmamışdan əvvəl polis əməkdaşları tərəfindən döyülərək, fiziki zorakılığa məruz qalmışdır. Şəxsi axtarış zamanı üzərində olan narkotik vasitə ona məxsus olmamışdır və polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur. Məcburiyyət qarşısında həmin narkotik vasitənin özünə məxsus olduğunu boynuna almışdır. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə iclasında elan edilərək araşdırılan ifadəsində göstərmişdir ki, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ailəlidir. Lakin həyat yoldaşından ayrılmışdır. Bir azyaşlı uşağı vardır. O fəhləliklə məşğul olub dolanır. Həmdə ev ustalığı ilə də məşğul olur. 4 ilə yaxındır ki, narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitə heroini zər kağızında yandırmaqla tüstüsünü qəbul edir. O əvvəllər bir dəfə məhkum olunmuşdur. 22 iyun 2021-ci ildə Lənkəran rayon məhkəməsinin hökmü ilə CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 04 may 2023-cü ildə 1 ay 18 gün vaxtından əvvəl həbsdən azad olunmuşdur. Daha sonra məhkum olunmamışdır. Həbsdən azad olunandan sonra fəhləlik edib dolanırmış. Arabir narkotik vasitə olan heroindən istifadə edirmiş. Belə ki, 26 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində Lənkəran şəhəri 3 saylı orta məktəbin yaxınlığına gəlib orada üzdən tanıdığı adını bilmədiyi şəxsdən bir bükümdə 1 qrama yaxın narkotik vasitə heroin almışdır. Həmin şəxsə 20 manat pul vermişdir. Əvvəllər də həmin şəxsdən bir neçə dəfə narkotik vasitə almışdır. Aldığı narkotik vasitəni əynində olan qara rəngli şalvarının sol yan cibində qoymuşdur ki, istifadə edər. Həmin gün saat 17:30 radələrində evə qayıdırmış. Lənkəran rayonu Sütəmurdov kəndinə doğru gedirmiş. Lənkəran şəhəri Vidadi küçəsi ilə hərəkətdə olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu demişlər və onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. O heç bir etiraz etməyib avtomobillə polis əməkdaşları ilə birlikdə şöbəyə gəlmişdir. Orada ona şübhəli şəxs kimi tutulduğunu elan edib, vəkillə təmin olunmuşdur. O təhqiqatçısı polis baş leytenantı Emil Nurizadə tərəfindən tutulmuşdur. Üzərinə videoçəkilişlə şəxsi axtarış keçirtməyə başlamışdır. Polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya digər qanunla qadağan edilmiş əşya varsa təqdim etsin. O qorxduğu üçün demişdir ki, üzərində heçnə yoxdur. Polis əməkdaşı üzərinə şəxsi axtarış keçirtmişdir. Polis əməkdaşı əynində olan qara rəngli şalvarının sol yan cibində saxladığı bir bükümdə narkotik vasitə heroini aşkar edib götürmüşdür. Həmçinin şalvarının sağ yan cibindən 7 manat pulu aşkar etmişdir. Pul ona qaytarılmışdır. Üzərindən aşkar olunaraq götürülmüş bir büküm heroini elektron tərəzidə çəkmişlər və çəkisi 1,05 qram olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş bir büküm heroini bir zərfə qoyub bağlamışlar və möhürləmişlər. Həmin zərfin üstünü o və vəkili imzalamışlar. Bundan sonra protokol tərtib edilmiş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Tutduğu əməldən son dərəcə peşmandır. Narkotik vasitəni və psixotrop maddəni qəbul etməklə cinayət törətdiyini başa düşür, narkotik vasitələrdən istifadə etməyi bədənində olan ağrılarla bağlıdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis mayorudur. 26 sentyabr 2023-cü il tarixdə Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini müəyyən edib, ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün raportla Lənkəran ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə şöbənin rəisi tərəfindən əməliyyat qrupu yaradılmış, təsdiq edilmiş 26 sentyabr 2023-cü il tarixli qərarə əsasən o, Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri polis mayoru Şahid2 və polis leytenantı Şahid3 birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. 26 sentyabr 2023-cü il tarixdə saat 17 radələrindən Təqsirləndirilən şəxs ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Vidadi küçəsində piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu, narkotik vasitələrin üzərində gəzdirməsində və istifadə etməsində şübhəli olduğunu demişlər. Bu səbəbdən Təqsirləndirilən şəxs şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və bu səbəbdən də, onu avtomobillə Lənkəran ŞRPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs şöbəyə gətirildikdən sonra müdafiəçi ilə təmin olunmuş və şöbənin təhqiqatçısı polis baş leytenantı Emil Nurizadə tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt CAB-ın əməliyyat müvəkkili Şahid3 tərəfindən çəkiliş aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, predmet və narkotik vasitə varsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və narkotik vasitə olmamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli şalvarının sol yan cibindən içərisində qəhvəyi rəngli maddə olan büküm aşkarlanmışdır. Həmin bükümə baxdıqda içərisində narkotik vasitə heroinə bənzər vasitə maddə var imiş. Həmçinin Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən 7 manat pul aşkarlanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin heroinə bənzər kütlə bir zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, zərfin üstü imzalarla təsdiq edilmişdir. 7 manat pul özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə el arasında “kakos” adlanan narkotik vasitə heroindir, özünə məxsusdur və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin narkotik vasitəni həmin gün Lənkəran şəhəri 3 nömrəli məktəbin yaxınlığında tanımadığı şəxsdən 20 manata özü qəbul etmək üçün almışdır. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edib götürülmüş narkotik vasitə heroini kimdən alması barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs deməsinə görə həmin narkotik vasitəni tanımadığı şəxsdən almışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadə etməsi, üzərində saxlaması barədə məlumatlar daxil olmuşdur. Onun narkotik vasitələrin və psixotrop maddələrin satması barədə məlumatlar daxil olmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 də Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, həmçinin təqsirləndirilən şəxsin ifadəsi və s. sübutlarla təsdiq olunur. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 26 sentyabr 2023-cü il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmiş DVD diskdə olan videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş qəhvəyi rənfli bükümdə narkotik vasitə - heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin 01 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər kütlənin çəkisi 1,05 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə heroindir, həmin kütlə özünə məxsusdur. Həmin kütləni Lənkəran şəhəri 3 nömrəli məktəbin ətrafında tanımadığı şəxsdən 20 manat qarşılığında almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Lənkəran regional bölməsi tərəfindən təqdim edilmiş 27 sentyabr 2023-cü il tarixli, 19/896 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd şəffaf selofan bükümdə narkotik vasitə heroinə bənzər.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi: 1,026 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 29 sentyabr 2023-cü il tarixli, 928 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından verilmiş tələbnamədən, Lənkəran Rayon Məhkəməsinin hökmünün və Salyan Rayon Məhkəməsinin qərarların surətindən görünür ki, Dadaşov X1 rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra o, Lənkəran rayon məhkəməsinin 20 avqust 2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya elan edilməsi haqqında qərarın 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə 01 ay 18 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti bitmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2023-cü il tarixdə saat 17:40-də saxlanılmış və həmin gün saat 20:40-da şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin qərarından görünür ki, 4(049)-266/2023 nömrəli 28 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Lənkəran ŞİHB-nın Sütəmurdov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnaməyə əsasən, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Sübutların qiymətləndirilməsi haqqında 26 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə, ümumi təmiz çəkisi -1,026 qram narkotik vasitə heroin və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 01 ədəd bükümdə, ümumi təmiz çəkisi - 0,976 qram narkotik vasitə heroin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 2-2-438/2-006946/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan və qərarın surətindən görünür ki, Lənkəran rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən psixi-fiziki təzyiqlərə məruz qalması barədə məlumat əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılmış və araşdırma zamanı göstərilən xüsusat təsdiqini tapmadığından material üzrə cinayət hadisəsi olmaması əsası ilə Lənkəran rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X2 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları onu tutaraq polis şöbəsinə apardıqdan sonra “Faiq” adlı polis əməkdaşının onun üzərinə narkotik vasitəni qoyaraq, şəxsi axtarış zamanı həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirməsini ondan tələb etməsi, polis şöbəsində olarkən üzərində şəxsi axtarış aparılmamışdan əvvəl polis əməkdaşları tərəfindən döyülərək, fiziki zorakılığa məruz qalması, şəxsi axtarış zamanı ürərində olan narkotik vasitə ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması və məcburiyyət qarşısında həmin narkotik vasitənin özünə məxsus olduğunu boynuna alması barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə protokolu və əlavə edilmiş DVD disk, tədqiq edilmiş digər sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran rayon prokurorluğunun qərarından görünür ki, Təqsirləndirilən şəxs fiziki zora məruz qalması ilə bağlı cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Göstərilənlərə əsasən, zəruri sənədlər və qeyd olunan fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsini subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın bütün gedişi zamanı üzərindən cinayətini törətməsini etiraf etməsini, məhkəmə araşdırması zamanı isə ziddiyyətli ifadələrini müqayisəli şəkildə araşdıraraq həmin ifadələri onun qeyrisəmimiliyinin göstəricisi kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 26 aprel 2022-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Qeyd olunan dəyişiklik 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. CM-nin 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin sadə residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtardıqdan az müddət keçməmiş yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 26 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi naroloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq 01 ədəd bükümdə, ümumi təmiz çəkisi - 0,976 qram olan narkotik vasitə heroin məhv edilməli, İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci (köhnə redaksiyada) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 sentyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi naroloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 01 bükümdə 0,976 qram təşkil edən narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-60/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-60/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver