Məhkəmə qərarları › İş №1(049)-62/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-62/2024

29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-62/2024 29.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat 16:30 xx xxxxxx 2003-cü ildə Lənkəran rayonu, Şıxakəran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmamış, subay, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Şıxakəran kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 09 oktyabr 2023-cü ildə saat 13:10 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə aid ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz C 200” minik markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobillə, köhnə Ələt-Astara–İran sərhədi yolunun Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisindən keçən 206-cı km/də Astara rayonu istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, yəni svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücü nəqliyyat vasitəsini piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında və ya svetofor qarşısında dayanmalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin etdikdən sonra keçib getməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, svetoforun qadağanedici siqnalında dayanmadan hərəkətini davam etdirmiş, bu zaman yolun hərəkət hissəsinin sol hissəsindən sağa doğru qaçaraq keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomaşının qabaq sağ hissəsi ilə vurmuş, nəticədə ehtiyyatsızlıqdan piyada Zərərçəkmiş şəxs baş beynin ağır dərəcəli əzilməsi, kəllə sümüklərinin sınıqları (sağ gicgah, alın, təpə) sağ alın-təpə-gicgah nahiyələrindəki yumşaq toxumalar altına yayılmış qansızma, sol tərəfli qabırğaların sınıqları (sol İ-Vİİ), sol ağciyərin zədələnməsi, döş boşluğunda qansızma (550 ml), döş qəfəsinin sol ön səthində yumşaq toxumalar altına yayılmış qansızma, sağ bud sümüyünün qapalı sınığı, sağ gicgah-təpə nahiyəsində əzilmiş-cırılmış yara, hər iki diz oynağı, gövdənin sol ön səthi nahiyələrində sıyrıqlar, sağ bud nahiyəsində qançır kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almaqla, sonuncunun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, qardaşı Mirtalıb Məmmədliyə məxsus “Mercedes Benz C 200” minik markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 09 oktyabr 2023-cü ildə saat 13 radələrində idarə etdiyi “Mercedes Benz C 200” minik markalı nəqliyyat vasitəsi ilə köhnə Ələt-Astara–İran sərhədi yolunun Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisindən keçən 206-cı km/də Astara rayonu istiqamətində saatda 80 km sürətlə hərəkətdə olmuşdur. Gərmətük qəsəbəsi ərazisində olan svetofora çatdıqda qırmızı işığın sönməsinə təxminən 3 saniyə qaldığını görmüş, bu səbəbdən dayanmadan hərəkətini davam etdirmişdir. Svetofordan təxminən 20 metr keçdikdən sonra yolun sol hissəsində dayanmış vəziyyətdə olan tanımadığı ağ rəngli mikroavtobusun qarşısından bir uşağın yolun sağına doğru qaçdığını görmüşdür. Həmin vaxtda dərhal avtomaşının əyləcini basmaqla sükanı sola doğru istiqamətləndirmiş, lakin idarə etdiyi avtomaşının qabaq sağ hissəsi piyadaya çırpılmışdır. Avtomaşını yolun sağ kənarında saxlamaqla piyadaya yardım etmişdir. Ətrafda olan şəxslərin köməkliyi ilə zərərçəkmiş şəxsi xəstəxayana çatdırmışdır. Hadisə zamanı avtomaşında tək olmaqla heç bir xəsarət almamışdır. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, məhkəmədən ona aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxs oğludur. 09 oktyabr 2023-cü ildə saat təxminən 14 radələrində işdə olduğu zaman azyaşlı oğlu Süleymanın avtomaşınla vurulduğunu eşitmişdir. Dərhal Lənkəran RMX-ya getdikdə oğlu Süleymanın ağır vəziyyətdə olduğunu bilmişdir. Həmin gün yaşadığı evə qayıtdıqdan sonra oğlu Süleymanın vəfat etdiyini bilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin YPXA-nın 11-ci taqımında inspektor vəzifəsində xidmət edir. 09 oktyabr 2023-cü ildə saat təxminən 13 radələrində xidmətdə olduğu zaman Ələt-Astara yolunun Lənkəran rayonu Gərmətük qəsəbəsi ərazisində yol nəqliyyat hadisəsinin baş verməsi bardə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə getdikdə Təqsirləndirilən şəxs adlı şəxsin idarə etdiyi “Mercedes Benz C 200” minik markalı nəqliyyat vasitəsinin qabaq sağ hissəsinin yolu soldan sağa doğru piyada keçmək istəyən Zərərçəkmiş şəxs avtomaşının qabaq sağ hissəsi ilə vurduğunu bilmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşınla svetoforun qırmızı işığında gözləmədiyindən hadisə baş vermişdir. Sonra hadisə yerinin müayinəsi aparılmış və protokola imza etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, 09 oktyabr 2023-cü ildə saat təxminən 13 radələrində köhnə Ələt-Astara yolunun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində yolun sağ ehtiyat hissəsi ilə piyada hərəkətdə olduğu zaman birdən arxadan tappıltı səsi eşitmiş, arxaya baxan zaman uşağın ona dəyməsi nəticəsində yerə yıxılmışdır. Həmin vaxt əvvəlcə nə baş verdiyini bilməmiş, daha sonra həmin piyadanın avtomaşınla vurulması nəticəsində xəsarət aldığını bilmişdir. Hadisədən sonra “Mersedes Benz C 200” minik markalı avtomaşının sürücüsü avtomaşından düşməklə xəsarət almış piyadaya yardım etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq edilmiş: Məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 14 noyabr 2023-cü il tarixli 3-16-16\2- 8\3185 nömrəli rəyindən görünür ki, “Mercedes Benz C 200” minik markalı 10- TM-103 dövlət qeydiyyat nişanlı avtomabilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 28 oktyabr 2023-cü il tarixli 27 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər – baş beynin ağır dərəcəli əzilməsi, kəllə sümüklərinin sınıqları (sağ gicgah, alın, təpə) sağ alın-təpə-gicgah nahiyələrindəki yumşaq toxumalar altına yayılmış qansızma, sol tərəfli qabırğaların sınıqları (sol İ-Vİİ), sol ağciyərin zədələnməsi, döş boşluğunda qansızma (550 ml), döş qəfəsinin sol ön səthində yumşaq toxumalar altına yayılmış qansızma, sağ bud sümüyünün qapalı sınığı, sağ gicgah-təpə nahiyəsində əzilmiş-cırılmış yara, hər iki diz oynağı, gövdənin sol ön səthi nahiyələrində sıyrıqlar, sağ bud nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər ağır bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2023-cü ildə hərəkətdə olan minik avtomaşının xarici qabarıq hissələrinin güclü zərbəsi nəticəsində piyadanın vurulması zamanı əmələ gələ bilər və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə, başın küt travması ilə əlaqədar baş beyinin ağır dərəcəli əzilməsi, kəllə sümüklərinin (alın, sağ gicgah, təpə) sınığı səbəb olmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 09 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Ələt-Astara–İran sərhədi yolunun Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisindən keçən 206-cı km/də Astara rayonu istiqamətində baş vermişdir. Lənkəran rayonlararası narkoloji dispanserin 09 oktyabr 2023-cü il tarixli 001768 nömrəli aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. xx.xx.2023-cü il videogörüntüyə baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C 200” minik markalı, **-TM- *** dövlət qeydiyyat nişanlı avtomobillə, Astara rayonu istiqamətində sağ zolaqla hərəkətdə olmuş, Gərmətük qəsəbəsində olan svetofora yaxınlaşdıqda svetoforun qırmızı işığında hərəkətini davam etdirmiş, həmin anda yolun sol hissəsindən sağa doğru adi qaçışla keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomaşının qabaq sağ hissəsi ilə vurmuşdur. Zərbədən sonra Zərərçəkmiş şəxs yolun sağ ehtiyat hissəsi ilə piyada hərəkətdə olan digər piyadaya toxunmaqla dayanmışdır. Hadisənin videogörüntüləri iş üçün əhəmiyyət kəsb etdiyindən bir ədəd DVD diskə köçürülmüklə götürülmüşdür. Azərbaycan Respublikası DİN BDYPİ-in Qİİ-nin xx.xx.2023-cü il tarixli 3-13-16/2- 141072/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə BD 415639 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Maddi sübutun tanınması və təhvil verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hadisə yerinin yaxınlığında olan ticarət obyektindən hadisənin görüntüsü köçürülmüş 1 ədəd DVD disk maddi sübut qismində cinayət işinə əlavə edilmiş, “Mercedes Benz C 200” minik markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi maddi sübut qismində tanınaraq sahibi X1 qaytarılmışdır. xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X2 notarial qayada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin İİ hissəsinə görə, svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını CM-nin 59.1.11-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən, təqsirini etiraf etməsi və tutduğu əməldən səmimi peşmanlıq hissi keçirməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 263.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında göstərilmiş əməlin törədilməsinə görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hadisənin baş vermə şəraitini, habelə cəzanın fərdiləşdirməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 60.1-ci maddəsi tətbiq edilməklə ona CMnin 263.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur.. Təqsirləndirilən şəxs CM-nin 56.1.1-ci maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddəti Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz C 200” minik markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - “Mercedes Benz C 200” minik markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1 qaytarılması nəzərə alınsın. Maddi sübut – yol-nəqliyyat hadisəsinin əks olunduğu görüntülərin olduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri 85 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar