Məhkəmə qərarları › İş №1(049)-63/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-63/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-63/2025 09.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 1978-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Binəqədi rayon Məhkəməsinin qərarı ilə 02 ay 14 gün vaxtından əvvəl cəzadan şərti azad edilmiş və xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Lənkəran Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2024-cü ilin noyabr ayının ortalarında Lənkəran rayonu ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq 2 (iki) ədəd kibrit qutusunda, xeyli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri -2,980 qram, -2,825 qram olmaqla ümumi təmiz çəkisi -5,805 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış, narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatı əldə etmiş Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının 14 noyabr 2024-cü il tarixdə keçirdikləri əməliyyat tədbiri nəticəsində həmin gün saat 18:00-da Lənkəran şəhəri, Əli Mehdizadə küçəsi ilə piyada hərəkətdə olarkən saxlanılaraq, orada üstü yoxlanılarkən qeyd olunan miqdarda narkotik vasitə qurudulmuş marixuana əynində olmuş gödəkçənin sol yan cibindən 2 ədəd kibrit qutusunda aşkar edilib qablaşdırılaraq götürülmüşdür. İş üzrə dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, o, əvvəllər narkotik vasitə ilə əlaqədar ittiham edilmişdir. Həmçinin əvvəllər narkotik vasitədən istifadə etmişdir. Lakin sonuncu məhkumluğundan sonra heç bir narkotik vasitə qəbul etməmişdir. Onu polis əməkdaşları ittiham aktında qeyd edilən kimi 14 noyabr 2024-cü il tarixdə saat 18:00 radələrində deyil, həmin gün saat Lənkəran şəhəri MTS deyilən ərzidə olan kafedə saxlamışlar. Belə ki, o, həmin vaxt kafedə yemək yeyərkən polis əməkdaşları kafeyə daxil olaraq Rahim adlı şəxsin kim olduğunu soruşmuşlar və o, özünü təqdim etmişdir. Polis əməkdaşları ona onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Şpbədə polis əməkdaşları ona təzyiq göstərərək narkotik vasitəni üzərinə qoymuşlar və video çəkiliş zamanı özünə məxsus olduğunu bildirməsini ondan tələb etmişlər. Sonradan onu yenidən həmin saxlandığı kafenin yaxınlığına gətirmişlər və video çəkilişlə üzərində keçirilən axtarış zamanı məcburiyyət qarşısın cibində olan narkotik vasitəni çıxarıb, polis əməkdaşlarına təqdim etmiş və özünə məxsus olduğunu bildirmişdir. Lakin narkotik vasitə ona məxsus olmamış və polislər tərəfindən onun üzərinə qoyularaq, bunu boynuna almayacağı təqdirdə daha böyük həcmdə narkotikin üzərinə qoyulacağı ona bildirilmişdir. Odur ki, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə iclasında elan edilərək araşdırılan ifadəsində özünü ona qarşı irəli sürülən ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, bədəninin ağrısından əziyyət çəkir. Narkoman kimi Lənkəran rayonlararası narkoloji dispanserdə qeydiyyatda durur. 2019-cu ildən hal-hazıra kimi heç bir narkotik vasitə istifadə etmir. Əvvllər istifadə etdiyi narkotik vasitəni Lənkəran şəhər ərazisində təsadüfən rastlaşdığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxslərdən almışdır. 09 noyabr 2024-cü il tarixdə axşam üstü təxminən saat 17 radələrində Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində “Lənkəran çay” kənarı ərazisində piyada gəzərkən yerdən iki ədəd kibrit qutusu tapmışdır. Həmin qutuların içərisinə baxmış, qurudulmuş marixuana görmüş və həmin qutuları əynindəki gödəkcəsinin sol yan cibinə qoymuşdur. Mütəmadi olaraq spirtli içkilər qəbul etdiyi üçün tapdığı narkotik vasitə olan qurudulmuş marixuana fikrindən çıxmış cibindədə qalmışdır. O həmin qurudulmuş marixuananı atacaqmış, istifadə etmək və satmaq fikri olmamışdır. 14 noyabr 2024-cü il tarixdə saat təxminən 18:00 radələrində Lənkəran şəhəri X15 küçəsində piyada gedən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmış, özlərini ona təqdim etdikdən sonra onu üzərində narkotik vasitə gəzdirməyində şübhəli olduğunu bildirib üzərində qanunla qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməyi təklif etmişlər. Onun da həmin vaxt yadına düşmüş ki, gödəkcəsinin sol yan cibində iki ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana vardır. Həmin vaxt iki ədəd kibrit qutularını polis əməkdaşlarına vermişdir. Bundan sonra Lənkəran ŞRPŞ-nə dəvət olunmuşdur. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində o şübhəli şəxs qismində tutulmuş və vəkil ilə təmin olunmuşdur. O, saxlanılarkən üzərindən aşkar olunmuş iki ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana tərəzidə çəkilmiş, çəkisi 10,77 qram olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş iki ədəd kibrit qutusunda qurudulmuş marixuananı bir zərfə qoyub bağlamışlar və möhürləmişlər. Bu barədə protokol tərtib edilmiş, protokolu və zərfi o və başqa iştirakçılar imzalamışlar. Tutduğu əməlindən son dərəcə peşmandır. Narkotik vasitə olan qurudulmuş marixuananı heç vaxt satmamışdır. Məhkəmə baxışında dindirilmiş Şahid1 Baladadaş oğlu ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis polkovnik-leytenantıdır. Lənkəran şəhəri 20 Yanvar küçəsi ev 7-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən əldə etdiyi məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 14 noyabr 2024-cü il tarixdə raportla Lənkəran ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Şöbə rəisi tərəfindən təsdiq edilmiş 14 noyabr 2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərara əsasən ondan, ŞRPŞ-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2 və polis baş leytenantı Şahid3 Ağaəli oğlundan ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin günü əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar. Təxminən saat 18:00 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri “X15” küçəsində yolla piyada hərəkət etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini ona təqdim etmişlər. Təqsirləndirilən şəxs təklif etmişlər ki, üzərində qanunla qadağan edilmiş hər haqnsı bir əşya və predmet varsa təqdim etsin. Həmin vaxt polis baş leytenantı Şahid3 Ağaəli oğlu videoçəkilş etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirtməyə başlamışlar. Həmin zaman Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sol yan cibindən iki ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iki ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə elektron tərəzidə çəkilmiş və çəkisi 10,77 qram müəyyən olunmuşdur. Təqsirləndirilən şəxsla şifahi sorğu keçirilərkən bildirmiş ki, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı 09 noyabr 2024-cü il tarixdə Lənkəran rayonu Sütəmurdov kəndində çay kənarında piyada gəzən zaman yerdən tapdığını bildirmişdir. Məhkəmə baxışında dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Əli oğlu ibtidai istintaqda verdikləri ifadələrini təsdiq edib Şahid1 Baladadaş oğlunun ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: İş üzrə 14 noyabr 2024-cü il tarixli, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan və protokola əlavə edilmiş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən, gödəkcəsinin sol yan cibindən narkotik vasitə olan qurudulmuş marixuana Lənkəran şəhəri Ə.Mehdizadə küçəsində aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin qurudulmuş arixuananın özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 15 noyabr 2024-cü il tarixli, 19/732 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri -2,980 qram, -2,825 qram olmaqla ümumi təmiz çəkisi -5,805 qram olan maddə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə birbiri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2024-cü il tarixli, 795 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında 2021-ci ildən “Opium nakomanlığı” diaqnozu ilə qeydiyyatda durur. DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin xx.xx.2002ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib 06 il azadlıqdan məhrum edilmiş, Lənkəran rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün azadlıqdan məhrum edilmiş, Lənkəran rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay azadlıqdan məhrum edilmiş, xx.xx.2024-cü il tarixdə Binəqədi rayon Məhkəməsinin qərarı ilə 02 ay 14 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitmiş və qeydiyyatdan çıxarılmışdır. CM-nin 18 və 83-cü maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Məhkəmə tibbi ekspertizasının 14 noyabr 2024-cü il tarixli 1061 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. 09 yanvar 2025-ci il tarixli, 14 saylı arayışdan görünür ki, Qənbərov X7 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. 14 noyabr 2024-cü il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 noyabr 2024-cü il tarixdə saat 18:55-də şübhəli şəxs qismində tutulmuşdur. O, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı 14 noyabr 2024-cü il tarixdə saat 18:00-da saxlanılmışdır. 16 noyabr 2024-cü il tarixli, 0141/03 nömrəli “tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 noyabr 2024-cü il tarixdə saat 17:00-da barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və tutulmadan azad edilmişdir. Lənkəran Rayon Məhkəməsin 1(049)-63/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyi üçün barəsində axtarış elan edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 Lənkəran rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 26 iyun 2025-ci il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən tutularaq, X2 təhvil verilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 02 fevral 2025-ci il tarixli, qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, , 2 ədəd bükümdə, ümumi xalis çəkisi 5,805 qram narkotik vasitə olan qurudulmuş marixuana və şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü özündə əks etdirən 1 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2 ədəd bükümdə, ümumi xalis çəkisi 5,705 qram narkotik vasitə olan qurudulmuş marixuana Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarışın 01 ədəd DVD diski isə iş materiallarında saxlanılması qərara alınmışdır. Lənkəran şəhər İHB-nın Lənkəran Şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 12-16/225 nömrəli, 21 yanvar 2025-ci il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Qənbərov X7 rayonu, Lənkəran şəhəri, 20 yanvar küçəsi ev 7 ünvanında anası həyat yoldaşı X3, xx.xx.2010-cu il təvəllüdlü övladı X9, anası X6 və bacısı X5 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Eyni zamanda məhkəmənin qərardadı əsasında "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC mobil operatorlarından təqdim edilmiş anten məlumatlardan müəyyən edilir ki, iş üzrə şahidlər olan polis əməkdaşları Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 istifadələrində olan mobil nömrələr 14 noyabr 2024-cü il tarixdə saat 18 radələrində Lənkəran şəhərində yerləşən antenlərin əhatə dairəsində aktiv olmuşdur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək üzərində aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığı, həmin narkotik vasitənin polis əməkdaşlarının təzyiqi nəticəsində üzərinə qoyulduğu və şəxsi axtarış zamanı özünə məxsus olduğunu boynuna almasının ondan tələb edildiyi, onun polis əməkdaşları tərəfindən xx.xx.2024-cü i tarixdə saat 18:00-da deyil, həmin gün saat 11:00-da saxlanıldığı barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə protokolu və əlavə edilmiş DVD disk, tədqiq edilmiş digər sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona bəraət verilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzas nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olubolmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmamasını, həmçinin, üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin miqdarını, əvvəllər də CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsini, əvvəllər ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının onun islah edilməsinə effektiv olmadığını və cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 14 noyabr 2024-cü il tarixdən 16 noyabr 2024-cü il tarixədək 2 gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxarılaraq ona qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 02 (iki) ədəd bükümdə 5,705 qram narkotik vasitə olan qurudulmuş mrixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 60 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 noyabr 2024-cü il tarixdən 16 noyabr 2024-cü il tarixədək 2 gün şübhəli şəxs qismində tutulduğu müddət 01 (bir) günə 01 (bir) gün hesabı ilə hesablanıb ona təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 02 (iki) ədəd bükümdə 5,705 qram narkotik vasitə olan qurudulmuş mrixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar