Məhkəmə qərarları › İş №1(049)-64/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-64/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-64/2024 06.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil bürosunun vəkili X1 iştirakları ilə, saat 10:00 xx.xx.1981-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs, 2023-cü ilin oktyabr ayının əvvəlində istintaqla müəyyən edilməmiş dəqiq vaxtda və mənbədən 300 manat pul müqabilində satış məqsədi ilə qanunsuz olaraq 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,012 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,469 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib, satışını realizə etmək üçün elektron tərəzidə çəkməklə həmin narkotik vasitə heroini 0,453 qr və 0,559 qr və psixotrop maddə metamfetamini 1,274 qr, 0,166 qr və 0,029 qr hissələrə ayıraraq, ümumilikdə 5 ədəd sellofan kəsiklərinə büküb, elektron tərəzi ilə birlikdə üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının 09 oktyabr 2023-cü il tarixdə keçirdikləri əməliyyat tədbirləri zamanı həmin gün, saat 17:20 radələrində Lənkəran şəhəri, Z.Əliyeva küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq, ünvan 2 ünvanında yerləşən rayon şəhər-polis şöbəsinin inzibati binasına gətirilərkən onu saxlamış polis əməkdaşlarından gizlin şəraitdə üzərində eyni sellofan kəsiyində saxladığı narkotik vasitə heroinin 0,559 qr və psixotrop maddə metamfetaminin 0,029 qr hissəsini ağız nahiyəsində gizlətmiş, həmin gün, saat 18:00-dan etibarən rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən satış məqsədi ilə qanunsuz olaraq üzərində saxladığı narkotik vasitə heroinin 1 ədəd bükümdə 0,453 qr və psixotrop maddə metamfetaminin 2 ədəd bükümdə 1,274 qr və 0,166 qr çəkidə olmaqla, cəmi 1,440 qramı siqaret qutusunun içərisində, sellofan kəsiklərinə bükülmüş halda əynində olmuş gödəkçənin sol yan cibindən, onların satışında vasitə kimi istifadə etdiyi, üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi isə əynində olmuş gödəkcənin sağ yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüş, barəsində sənədləşmə işləri yekunlaşıb Lənkəran ŞRPŞ-nin müvəqqəti saxlama yerinə keçirilərkən istintaqa məlum olmayan şəraitdə ağız nahiyəsində gizlədərək saxladığı 0,559 qr çəkidə narkotik vasitə heroini və 0,029 qr çəkidə psixotrop maddə metamfetamini əynində olmuş gödəkçənin sağ yan cibində gizlədərək saxlamağa nail olsa da, özünü şübhəli apardığı üçün üzərinə baxış keçirilərkən müvəqqəti saxlama yerinin polis əməkdaşları tərəfindən qeyd olunan bükümlər əynindəki gödəkçənin sağ yan cibindən aşkar edildiyinə görə saat 20:10-dan etibarən barəsində yenidən şəxsi axtarış aparılarkən həmin çəkidə və bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin özünün iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, tutulana qədər ünvan 3 ünvanında atası Ədalət Rzayev, anası Rəisə Rzayeva, arvadı İnara Rzayeva, övladları Arzu və Kamillə birlikdə yaşamışdır. Evlərdə usta kimi təmir işləri aparmaqla özünə məxsus emalatxanada rəssamlıq və heykəltəraşlıqla məşğul olmuşdur. 20 ilə yaxındır ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən yandırıb tüstüsünü udmaqla istifadə etmişdir. Əldə etdiyi narkotik vasitələri Lənkəran şəhərində tanımadığı şəxslərdən almışdır. Bir neçə ay əvvəl Bakı şəhərində evlərin birində təmir işləri gördüyü zaman orada çalışan adını “Ramin” kimi bildiyi usta ona İran İslam Respublikası vətəndaşı “Azər” adlı şəxsin mobil nömrəsini vermişdir. “Ramin” özü də narkotik vasitələrin istifadəçisi olmuşdur. “Ramin” ona “Azər” adlı İİR vətəndaşının narkotik vasitələrin satışı ilə məşğul olduğunu demişdir. O, “Azər” adlı İİR vətəndaşı ilə bir neçə dəfə “Whatsapp” mobil tətbiqi üzərindən danışıb ondan narkotik vasitə və psixotrop maddə əldə etmişdir. “Azər” adlı İİR vətəndaşı ona özünün İran İslam Respublikasında olduğunu, narkotik vasitəni Bakı şəhərində müxtəlif ünvanlarda qoyduracağını, daha sonra narkotik vasitəni qoydurduğu yeri ona bildirdikdən sonra o, həmin yerdən gedib götürmüşdür. Narkotik vasitə üçün “Azər” adlı İİR vətəndaşının ona dediyi “M10” hesabına pul göndərmişdir. Sonuncu dəfə tutulmamışdan qabaq “Azər” adlı İİR vətəndaşının “M10” hesabına 300 manat pul göndərmişdir. “Azər” adlı İİR vətəndaşı ona Bakı şəhəri, Binə qəsəbəsində bir “konum” göndərmişdir. O, həmin ünvana gedib adını xatırlamadığı mağazanın kənarında, yerdə qoyulmuş heroin və metamfetamini götürmüşdür. Heroin və metamfetamini götürdükdən sonra Lənkəran şəhərinə qayıtmışdır. Narkotik vasitə və psixotrop maddələri tərəzidə çəkib bükümlərə bölmüşdür. Bir qismini istifadə etmişdir. 09 oktyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən Lənkərən ŞRPŞ-yə gətirilmişdir. Polis şöbəsinin inzibati binasında pilləkənləri qalxarkən polis əməkdaşlarının görməyəcəyi şəkildə üzərində olan ümumilikdə 2 bükümdə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini ağız boşluğunda gizlətmiş, polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində yaşadığı evin yaxınlığında olan emalataxanada saxladığı narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin yerini deməyə məcbur olmuşdur. Polis əməkdaşları ilə birlikdə emalatxanaya getmişdir. Emalatxanada saxladığı narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzinin yerini göstərmiş, qeyd olunanlar polis işçiləri tərəfindən götürülürək yenidən Lənkəran ŞRPŞ-yə gətirilmişdir. Bundan sonra şəxsi axtarış keçirilmiş, emlataxanadan gətirilmiş narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzini təqdim etmiş, ağız boşluğunda gizlətdiyi narkotik vasitə heroin, psixotrop maddə metamfetamin isə MSY-də olarkən aşkar edilmişdir. Aşkar olunmuş heroin, psixotrop maddə metamfetamin və elektron tərəzi ona məxsudur. Elektron tərəzidən narkotik vasitə heroin, psixotrop maddə metamfetaminin çəkisini müəyyən etməkdə, eyni zamanda istifadə etdiyi rəssamlıq məmulatlarının miqdarının müəyyən edilməsində istifadə etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda Lənkəran ŞRPŞ-də polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı müraciətindən imtina etdiyini, polis əməkdaşları tərəfindən ona hər hansı xəsarət yetirilmədiyini bildirib göstərdiyi xüsusatların araşdırılmamasını xahiş etmişdir. Təqsirləndirilən şəxs oğlu son sözündə özünü Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, CM-nin 234.2-ci maddəsi ilə ona edilmiş ittiham üzrə əməlin CM-nin 234.1-ci maddəsinə tövsif edilərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özü etiraf etməsə də, onun təqsiri şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışında Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CABnin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis baş leytenantı rütbəsindədir. xx.xx.2023-cü il tarixdə ünvan 1-də qeydiyyatda olmaqla yaşayan 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etmə, üzərində saxlama, daşıma və satışı ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəfindən raportla Lənkəran ŞRPŞ-nin rəisinə məruzə olunmuş, məlumatın yoxlanılması şöbənin rəhbərliyi tərəfindən ona həvalə edilmişdir. Məlumatın yoxlanılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün tərəfindən qərar qəbul olunmuş və qərar təsdiq olunduqdan sonra rəhbərliyin göstərişinə əsasən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid2 və X8 iştirak etmişdir. Həmin tarixdə, saat 17 radələrində Rzazadə X3 şəhəri Z.Əliyeva küçəsində müşahidəyə götürülərək saxlanılmış, saxlama səbəbi izah olunduqdan sonra Lənkəran şəhər-rayon polis şöbəsinə gətirilmişdir. Lənkəran ŞRPŞ-də xidməti otaqların birində videoçəkiliş vasitəsilə, dəvət olunmuş müdafiəçinin iştirakı ilə ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra təhqiqatçı tərəfindən üzərində axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol yan cibindən bir ədəd mobil telefon, siqaret qutusunun içərisində narkotik vasitə heroinə bənzər bir büküm və psixotrop maddə metamfetaminə bənzər iki büküm kütlə, gödəkçəsinin sağ yan cibindən bir ədəd elektron tərəzi, alışqan və siqaret dənəsi çıxarıb təqdim edərək siqaret qutusunun içərisindəki 1 bükümdə narkotik vasitə heroin, 2 bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış 1 bükümdə narkotik vasitə heroinə bənzər kütlənin bükümlə birlikdə çəkisi elektron tərəzidə çəkildikdə təxmini 0,66 qram, 2 bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisi elektron tərəzidə çəkildikdə təxmini 1,85 qram olması müəyyən edilmiş, kütlələr və elektron tərəzi götürülərək ekspertizaya təqdim olunması üçün ayrı-ayrı zərflərdə qablaşdırılmışdır. Həmçinin iş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış bir ədəd mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. İçərisində 1 ədəd siqaret olan siqaret qutusu və alışqan Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Zərflərin üzəri Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş bir büküm kütlə heroin, iki büküm kütlə metamfetamindir, həmin kütlələr özünə məxsusdur, həmin kütlələri bir həftə qabaq Bakı şəhəri Binə qəsəbəsində tanımadığı İran vətəndaşından ümumilikdə 300 manata almış, bir qismini istifadə etmiş, qalan hissəsini üzərində saxlamışdır. Müdafiəçinin verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılarkən, polis şöbəsinə gətirilərkən və ya sonrakı mərhələlərdə polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki, psixi zor tətbiq olunmamış, polis işçilərindən şikayəti yoxdur. Daha sonra protokol tərtib olunmuş, ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs heç bir təzyiq altında olmadan tərtib olunmuş sənədlərlə tanış olub imzası ilə təsdiq etmişdir. Sonradan isə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətirildikdən sonra üzərində şəxsi axtarış aparılmamışdan öncə üzərindəki narkotik vasitə və psixotrop maddələrdən bir büküm heroin və bir büküm metamfetaminin olduğu bir ədəd sellofan bükümü ağız boşluğunda gizlətmiş, şübhəli şəxs qismində tutulub şöbənin müvəqqəti saxlama yerinə təhvil verilərkən həmin bükümləri çıxarıb əynindəki gödəkcəsinin sağ yan cibində saxlamış, MSY-də növbətçi tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman gödəkcəsinin sağ yan cibindən həmin bükümlər aşkar edilərək götürülmüş, buna görə də, təhqiqatçı tərəfindən yenidən Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmış, aşkarlanmış bir büküm heroin və bir büküm metamfetamin qablaşdırılaraq götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin psixotrop maddələrin istifadəçisi olmaqla, satış məqsədilə əldə etdiyi narkotik vasitə və psixotrop maddələri tanışlarına satmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini yaxşı bildiyindən, məsuliyyətini yüngülləşdirmək üçün, yalan olaraq üzərindən aşkar edilmiş ümumilikdə 5 bükümdə narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulu və satışı ilə məşğul olması barədə onda əməliyyat məlumatı olmuşdur. Aşkarlanmış psixotrop maddənin və narkotik vasitənin bükümlərinin çoxluğundan və elektron tərəzidən də görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə daxil olmuş məlumat öz təsdiqini tapmışdır. Lakin keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə etdiyi və satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitə və psixotrop maddəni əldə etdiyi şəxsin kimliyini müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir fiziki və psixoloji təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişlər. Məhkəmə baxışında Şahid4 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin MSY-nin növbətçisi vəzifəsində xidmət edir, polis baş serjantı rütbəsindədir. xx.xx.2023-cü il tarixdə Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və satması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Lənkəran şəhəri ərazisində saxlanılmış, polis şöbəsinə gətirildikdən sonra üzərində aparılan şəxsi axtarış zamanı üzərindən iki büküm psixotrop maddə metamfetamin, bir büküm narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldıqdan sonra saxlanılması üçün MSY-ə təhvil verilərkən tərəfindən MSY-nin istintaq otağında əməkdaşların iştirakı ilə qəbul edilmişdir. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından Təqsirləndirilən şəxs üzərinə qanunla qadağan edilmiş hər hansı əşya, predmet və digər maddələrin olub-olmaması soruşulmuşdur. Verilmiş suallara yayındırıcı cavab verdiyindən və fikir yönəldici ifadələr işlətdiyindən Təqsirləndirilən şəxs üzərinə MSY-nin əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümün içərisində bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Buna görə də bu barədə aidiyyəti üzrə tərəfindən raportla şöbə rəhbərliyinə məruzə olunmuşdur. Sonra Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçı Təqsirləndirilən şəxs üzərində yenidən axtarış aparması üçün MSY-yə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərində təkrar keçirilən axtarış zamanı üzərində hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sonradan isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətirildikdən sonra üzərində şəxsi axtarış aparılmamışdan öncə üzərindəki narkotik vasitə və psixotrop maddələrdən bir büküm heroin və bir büküm metamfetaminin olduğu bir ədəd sellofan bükümü ağız boşluğunda gizlətmiş, şübhəli şəxs qismində tutulub şöbənin müvəqqəti saxlama yerinə təhvil verilərkən həmin bükümləri çıxarıb əynindəki gödəkcəsinin sağ yan cibində saxlamış, MSY-də üzərinə baxış keçirilən zaman gödəkcəsinin sağ yan cibindən həmin bükümlər aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 Şahid4 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2023-cü il tarixdə saat 17:20-də şübhəli şəxs qismində tutulmuşdur. 09 oktyabr 2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs həmin tarixdə, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Z.Əliyeva küçəsində saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi üçün Lənkəran ŞRPŞ-nə gətirilmiş, xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan gödəkcənin sol yan cibindən bir ədəd üzərində “Winston” sözləri yazılmış siqaret qutusunun içərisində saxladığı 2 ədəd bükümdə 1,85qram çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlə, 1 ədəd bükümdə 0,66 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə və gödəkcəsinin sağ yan cibindən bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 02 bükümdə kütlənin psixotrop maddə metamfetamin, 01 bükümdə kütlənin narkotik vasitə heroin olduğunu, həmin kütlələrin ona məxsus olduğunu, həmin kütlələri bir həftə qabaq Bakı şəhəri, Binə qəsəbəsində tanımadığı İran vətəndaşından ümumilikdə 300 manata aldığını bildirmişdir. 09 oktyabr 2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, MSY-nin növbətçisi Şahid4 bir büküm şəffaf sellofana bükülmüş kütləni təqdim edərək Təqsirləndirilən şəxs üzərindən aşkarlandığını bildirmişdir. Həmin bükümün içərisində bir ədəd bükümdə metamfetaminə bənzər kütləninin 0,17qram, bir ədəd bükümdə heroinə bənzər kütlənin 0,75qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 01 bükümdə kütlənin psixotrop maddə metamfetamin, 01 bükümdə kütlənin narkotik vasitə heroin olduğunu, həmin kütlələrin öncəki şəxsi axtarış zamanı aşkarlanmış kütlələrlə birgə Bakı şəhəri, Binə qəsəbəsində tanımadığı İran vətəndaşından ümumilikdə 300 manata şəxsi istifadəsi üçün aldığını, şəxsi axtarışdan qabaq kütlələri ağız boşluğunda gizlətdiyini və şəxsi axtarış zamanı təqdim etmədiyini bildirmişdir. “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi” ekspertizasının 10 oktyabr 2023-cü il tarixli, 19/919 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,453 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 2(iki) büküm.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi: 1,274 qr, 0,166qram, təmiz çəkisi -1,440 qram olan ağ rəngli kristallardan ibarət olan maddələr metamfetamindir, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş elektron tərəzi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi” ekspertizasının 10 oktyabr 2023-cü il tarixli, 19/918 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər büküm.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,559 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm(psixotrop maddə olan metamfetaminə bənzər maddə).....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,029 qram ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi” ekspertizasının 03 noyabr 2023-cü il tarixli, 19/952 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərilərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 büküm heroin və 1 büküm metamfetamin, Rəy №19/918....” və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 büküm heroin və 2 büküm metamfetamin və 1 ədəd elektron tərəzi Rəy №19/919....” sözlər və imzalar olan 2 ədəd zərfdəki, ümumilikdə 2 büküm olan heroinlər kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər, ümumilikdə 3 büküm olan metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə bir-biriləri eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 12 oktyabr 2023-cü il tarixli, 947 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. xx.xx.2023-cü il tarixli, 10601 nömrəli məktubdan görünür ki, Rzazadə X3 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 1,012 qram narkotik vasitə heroin, 1,469 qram psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi, həmçinin şəxsi axtarışlar aparılarkən qeydə alınmış videoçəkilişlərin köçürüldüyü 02 ədəd CD disk maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,812 qram heroin, təmiz çəkisi 1,299 qram metamfetamin və 01 ədəd elektron tərəzi saxlanmasından ötrü Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş və 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmışdır. Lənkəran rayonlararası MTE və PA Zona Mərkəzinin xx.xx.2023-cü il tarixli, 1047 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 4(049)-280/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 09 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Lənkəran ŞİHB-nin Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, xx-xx/3490 №-li arayışdan görünür ki, Rzazadə X3 şəhəri, Z.Əliyeva küçəsi ev 22 ünvanında qeydiyyatda olmaqla valideynləri, arvadı və uşaqları – 2012-ci il təvəllüdlü X5 və 2017-ci il təvəllüdlü X6 ilə birlikdə yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilməsə də, onun törətdiyi cinayət əməli yəni, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayətini törətməsini məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMin 234.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək narkotik vasitələrin satışı ilə məşğul olmadığını və üzərindən aşkar olunaraq götürülmüş, ümumilikdə 5 ədəd sellofan kəsiklərinə 0,453 qr və 0,559 qr narkotik vasitə heroini və 1,274 qr, 0,166 qr və 0,029 qr psixotrop maddə metamfetamini satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə etdiyi barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, tədqiq edilmiş sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı döyülməsi ilə bağlı qeyd edir ki, məhkəmədə proses iştirakçılarının iştirakı ilə tədqiq edilmiş şəxsi axtarış zamanı lentə alınmış videogörüntüdən də görünür ki, istintaq hərəkəti zamanı müdafiəçi ona eyni məzmunlu sual vermiş və Təqsirləndirilən şəxs ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Həmçinin məhkəmə istintaqının sonunda döyülməsi ilə bağlı xüsusatın araşdılmamasını məhkəmədən xahiş etmişdir. Bunlardan başqa, məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1047 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs oğunun bədəni üzərində hər hansı bir xəsarətin aşkar olunmamışdır. Göstərilənlərə əsasən, habelə təqsirləndirilən şəxsin 09 oktyabr 2023-cü il tarixdə tutulmasını, 12 oktyabr 2023-cü il tarixdə tibbi ekspertizadan keçirilməsini və həmin ekspertiza rəyinə əsasən bədəni üzərində xəsarət aşkar edilməməsini, eləcə də həmin xüsusatla bağlı şahid ifadələrini və sonda təqsirləndirilən şəxsin döyülməsi ilə bağlı göstərdikləri xüsusatların araşdırılmaması barədə özünün ifadəsini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsi subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın bütün gedişi zamanı üzərindən narkotik vasitə və psixotrop maddənin aşkar edilməsini və məhkəmə araşdırması zamanı isə ziddiyyətli ifadələrini müqayisəli şəkildə araşdıraraq həmin ifadələri onun qeyrisəmimiliyinin göstəricisi kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarın 8-ci və 9cu maddələrində məhkəmələrə izah edilir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotik istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası Cinayət Məcəlləsi 59 və 61ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı 09 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə ekspertiza tədqiqatlarının ümumi dəyəri 180 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut Lənkəran ŞRPŞ-də saxlanılan ekspert tədqiqatından sonra qalmış təmiz çəkisi 0,812 qram narkotik vasitə heroin və 1,299 qram psixotrop maddə metamfetamin, həmçinin 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə şəxsi axtarış istintaq hərəkətlərini özündə əks etdirən 02 ədəd CD diskdə olan videogörüntülər iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş “Redmi 12C” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə maddi ziyan, mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 354, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 09 oktyabr 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,812 qram narkotik vasitə heroin və 1,299 qram psixotrop maddə metamfetamin, həmçinin 01 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 2 ədəd CD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri 180 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş “Redmi 12C” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar