Məhkəmə qərarları › İş №1(049)-66/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-66/2025

28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-66/2025 28.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs Mübariz oğlu və onun müdafiəçisi Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat: 11:20 xx.xx.1980-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, evli, orta-ixtisas təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonu, Gəgiran kənd orta məktəbində ibtidai sinif müəllimi işləyən, məhkum olunmamış, Lənkəran rayonu, Şiləvar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Mübariz oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Mübariz oğlu 2023-cü ilin aprel ayının sonlarında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə tanışı Zərərçəkmiş şəxs1 Lənkəran rayonu, Şilavar kəndində aldığı 0,12 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmasında köməklik edəcəyinə dair Zərərçəkmiş şəxs1 yalan vədlər verib, sonuncunu aldadaraq özünə inandırıb, etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs1 ona olan inam və etibarından sui-istifadə edərək, maddi qazanc əldə etmək məqsədi ilə 2023-cü ilin aprel ayının sonlarında Lənkəran rayonu Gəgiran kəndində, özünün müəllim işlədiyi Gəgiran kənd tam orta məktəbinin qarşısında Zərərçəkmiş şəxs1 məxsus 600 (altı yüz) manat məbləğində pul vəsaitini - özgənin əmlakını ondan qəbul edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2023-cü ilin sentyabr ayının ortalarında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə Lənkəran rayonu, Diryan kənd sakini Zərərçəkmiş şəxs2 Lənkəran rayonu, Şilavar kəndində fərdi yaşayış evi tikmək üçün özünə torpaq sahəsi almaq istəməsi barədə sonuncunun dostu Zərərçəkmiş şəxs1 məlumat aldıqdan sonra guya Zərərçəkmiş şəxs2 Lənkəran rayonu, Şilavar kəndində 4500 manat pul civarında 0,04 ha həyətyanı torpaq sahəsi almaqda köməklik edəcəyinə dair yalan vədlər verib, hətta özünə inandırmaq üçün ona Zərərçəkmiş şəxs1 vasitəsi ilə həmin kəndə boş torpaq sahəsi göstərməklə, Zərərçəkmiş şəxs2 aldadaraq özünə inandırıb, etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, maddi qazanc əldə etmək məqsədi ilə vahid niyyətlə 2023-cü ilin sentyabr ayının ortalarında Lənkəran rayonu Gəgiran kəndində, özünün müəllim işlədiyi Gəgiran kənd tam orta məktəbinin qarşısında 500 manat və 2024-cü ilin yanvar ayının ortalarında Lənkəran şəhəri, Nizami küçəsində yerləşən “Mərkəzi bazar” ərazisində 3600 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 qəbul edib, Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 4100 (dörd min yüz) manat məbləğində pul vəsaitini – özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Mübariz oğlu özünü qarşı elan olunmuş ittihamla təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək məhkəmə istintaqında ifadəsində göstərdi ki, Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbuində ibtidai sinif müəllimi işləyir. Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanıyır. Zərərçəkmiş şəxs1 onun doğulduğu Gəgiran kəndi ilə qonşu kənd olan Diryan kənd sakinidir. 2000-ci ildən o, ailəsi ilə birlikdə Lənkəran rayonu Şilavar kəndinə köçmüşdür. Zərərçəkmiş şəxs1 Lənkəran rayonu Şilavar kəndində 12 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin sənədləşmə işlərində o da iştirak etmiş və 2023-cü ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxs1 600 manat pulunu torpağın sənədləşməsi üçün Lənkəran rayon Gəgiran kəndində işlədiyi orta məktəbin qarşısında almışdır. Zərərçəkmiş şəxs1 aldığı 600 manat pulu torpağın sənədləşməsinə sərf etsə də, müvafiq sənədləri əldə edə bilməmişdir. Bundan sonra 2023-cü ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 yenidən onunla görüşmüş və ondan dostu X6 üçün torpaq almaqda onlara köməklik etməsini istəmişdir. O da Zərərçəkmiş şəxs1 ilə razılaşmışdır. Daha sonra Qeyrət ona öz torpaq sahəsində 4 ha torpaq sahəsi ayırıb Afiqə Quliyevə satmasını bildirmişdir. O da bu işin öhdəsindən gələ biləcəyini Qeyrətə demişdir. Bu məqsədlə 2023-cü ilin sentyabr ayının ortalarında Qeyrət ilə Lənkəran rayonu Gəgiran kəndində orta məktəbin qarşısında görüşüb 500 manatı ondan almışdır. Daha sonra Afiqin qohumunun şəxsiyyət vəsiqəsini həmin şəxsin adına rəsmiləşdirmə aparılması üçün Qeyrət ona göndərmişdir. Bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs1 torpağını bölməyin mümkün olmadığını sonuncuya bildirərək Şilavar kəndində 4 ha ayrı torpaq sahəsi olduğunu, həmin torpaq sahəsinin də satıldığını demişdir. Əgər Zərərçəkmiş şəxs2 istəsə həmin torpağın satıla biləcəyini bildirmişdir. Qeyrət də bu barədə Afiqə demiş, Afiq də həmin torpaq sahəsinə Qeyrətin mobil telefonu vasitəsi ilə görüntülü danışaraq baxmış, xoşuna gəlmiş və almağa razılaşmışdır. Onlar torpağın qiymətini soruşduqda, o torpağın 4500 manata satıldığını onlara demişdir. Beh kimi ona verilən 500 manatı torpağın sahibinə verəcəyini bildirmişdir. Daha sonra 2024-cü ilin yanvar ayının ortalarında Zərərçəkmiş şəxs1 3600 manat pulu torpağın tam alınması üçün Lənkəran rayon Mərkəzi bazar ərazisində görüşüb ondan almışdır. O, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 torpaq satılması adı ilə aldığı 4100 pulu öz şəxsi ehtiyaclarına xərəcləmişdir. Təqsirləndirilən şəxs Mübariz oğlu son sözündə əməlindən peşman olduğunu, ümumilikdə 4700 manat pulu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 aldığını, digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 heç bir məbləğdə pul almadığını, lakin buna baxmayaraq hər iki zərər çəkmiş şəxsə ümumilikdə hər ay 500 manat məbləğində hissə-hissə pul ödəməklə 4700 manat ziyanı ödəməsi ilə bağlı irəli sürdüyü təklifin zərər çəkmiş şəxslər tərəfindən qəbul edilmədiyini bildirərək məhkəmədən barəsində ədalətli hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək məhkəmə istintaqında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Mübariz oğlunu uzun müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs onun doğulduğu Diryan kəndi ilə qonşu kənd olan Gəgiran kəndində ibtidai sinif müəllimi işləyir. O və kənd sakinləri Təqsirləndirilən şəxs etibarlı, alicənab, iş bilən bir şəxs kimi tanımışlar. Təqsirləndirilən şəxs insanlara sənədləşmə işlərində kömək edən şəxs kimi tanınmışdır. Onun Lənkəran rayonu Şilavar kəndində 0.12 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin sənədləşmə işlərində o, Təqsirləndirilən şəxs ona köməklik etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs də ona köməklik edə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs torpağın adına sənədləşməsi üçün nə lazım olduğunu soruşduqda Təqsirləndirilən şəxs ona sənədləşmə üçün 600 manat pul lazım olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxs inandığı üçün 2023-cü ilin aprel ayının sonlarında Lənkəran rayonu Gəgiran kənd orta məktəbinin qarşısında görüşüb 600 manat pulu ona vermişdir. Təqsirləndirilən şəxs torpaq sahəsini onun adına sənədləşdirəcəyinə söz vermişdir. Daha sonra torpaq sənədləşməsində çətinliklərin olduğunu ona bildirmişdir. O da Təqsirləndirilən şəxs inanmışdır. Hər dəfə ona müxtəlif bəhanələr gətirmiş, lakin o bunu başa düşməmiş və Zakirə inanmaqda davam etmişdir. Rusiya Federasiyasına işləməyə gedən həmkəndlisi, həm də sinif yoldaşı Zərərçəkmiş şəxs2 ilə mütəmadi olaraq mobil telefonda “whatsapp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxlayıb hal-əhval tutmuşlar. Zərərçəkmiş şəxs2 də onun Lənkəran rayonu Şilavar kəndində torpağı olduğunu bilmişdir. Zərərçəkmiş şəxs2 ondan ona da Şilavar kəndində yaxşı bir yerdən torpaq sahəsi tapmasını xahiş etmişdir. O da Zərərçəkmiş şəxs2 həmin işlə Təqsirləndirilən şəxs məşğul olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 ondan Zakirlə maraqlanmağı xahiş etmiş və onunla qonşu olmaq istədiyini bildirmişdir. O da Zərərçəkmiş şəxs2 öz torpağının sənədlərinin hələ hazır olmadığını, Təqsirləndirilən şəxs torpağın sənədlərini düzəldəcəyini, ona öz torpağından satmaq istədiyini Afiqə bildirmişdir. Afiq də onunla razılaşmışdır. Bundan sonra o, Zakirə bu barədə demişdir. Öz torpağından Afiqə satmağının mümkün olub-olmadığını soruşmuşdur. Zakir də ona “mən sənin torpağından böldürüb Afiqə sataram” demişdir. Amma Zakir məsləhət bilməmiş, torpağının genişliyinin azalacağını ona bildirmişdir. Daha sonra ona dostu Afiq üçün elə Şilavar kəndində başqa yer tapıb xəbər edəcəyini bildirmişdir. O da Zakir ilə razılaşmış və öz torpağından satmaq fikrindən daşınmışdır. Bundan sonra Afiq ilə bu barədə danışmış və Afiq də onunla razılaşmışdır. Daha sonra Zakir ona 0.04 ha torpaq sahəsinin 4500 manata satıldığı, lakin beh olaraq 500 manat pul lazım olduğunu bildirmişdir. Afiq də ona “səndə 500 manat pulum var, sən həmin pulu Zakirə ver, qalan pulları da göndərəcəm” bildirmişdir. O da 2023-cü ilin sentyabr ayının ortalarında Zakir ilə Lənkəran rayonu Gəgiran kənd orta məktəbinin qarşısında görüşmüş və 500 manat pulu ona vermişdir. Afiq ondan həmin torpağı ona videogörüntü ilə göstərməsini xahiş etmişdir. O da Afiqin istədiyi kimi etmiş və Afiqə görüntülü zəng edib torpaq sahəsini ona göstərmişdir. Afiq həmin vaxt Zakir ilə görüntülü danışmışdır. Zakir həmin torpağın yerinin yaxşı olduğunu Afiqə demiş və həmin torpağı tərifləmişdir. Afiq də 500 manat Zakirə beh verdiyini ona xatırlatmışdır. Bundan sonra həmin torpağa Afiqin atası Şahid də gəlib baxmış və torpağı bəyənmişdir. O da Zakirə Afiqin onda 500 manat pulunun olduğunu xatırlatmış Zakir də ona həmin 500 manatı beh kimi torpağın sahibinə verdiyini bildirmişdir. Torpağın Afiqin qohumu olan X4 adına sənədləşəcəyini Zakirə bildirmiş və həmin şəxsin şəxsiyyət vəsiqəsini Zakirə “whatsapp” vasitəsi ilə göndərmişdir. Daha sonra torpağın Afiqin arvadı Sevincin adına sənədləşdirmək lazım olduğunu Zakirə bildirmişdir. Zakir də onlarla razılaşmış və pulun qalan hissəsinin də vermək lazım olduğunu bildirmişdir. O da bu barədə Afiqə demişdir. Afiq də 3600 manat pul evinə göndərmiş və o da həmin pulu Afiqin atasından evində alıb Zakirə zəng etmişdir. Zakirlə “whatsapp” vasitəsi ilə danışmışdır. Zakirə pulun onda olduğunu bildirmiş, Zakir də ona Lənkəran şəhərində olduğunu və onunla görüşə biləcəyini bildirmişdir. O da Zakirə 3600 manat pulu Lənkəran şəhərində “bu gün pullu, sabah pulsuz” çayxanasında qoymasını təklif etmiş, lakin Zakir onun təklifini qəbul etməmişdir. Daha sonra o, 2024-cü ilin yanvar ayının ortalarında xatırlamadığı gündə Lənkəran şəhərinə gəlmiş, Zakirə zəng etmiş, həmin gün Zakir ilə Lənkəran şəhəri Mərkəzi bazarda görüşmüş, 3600 manat pulu orada Zakirə vermişdir. Zakir də ona “Afiqə de narahat olmasın, tezliklə torpağın işi həll olunacaq” demişdir. Bundan sonra Zakir hər dəfə müxtəlif bəhanələr gətirmiş, vaxt uzatmışdır. Daha sonra Afiqin arvadı Sevincin adına etibarnamə vermiş, həmin etibarnamə ilə yanaşı bir iki sənəd də vermişdir. Həmin torpaq Lənkəran rayon Şilavar kənd sakini X3 olduğunu onlara demiş və etibarnamə əsasında gedib sənədləri “ASAN xidmətdə” Afiqin arvadı Sevincin adına keçirdə biləcəyini bildirmişdir. Afiqin ailəsi də sənədləri götürüb “ASAN xidmət”ə getmiş, orada onlara sənədlərin düzgün olmadığı bildirilmişdir. O bu barədə yenidən Zakirlə əlaqə saxlamış, Zakir ona səhvən evin sənədlərini verdiklərini, torpağın sahibinin Türkiyədə olduğunu, 2024-cü ilin mart ayında gəlib torpağın sənədlərini ona verəcəklərini bildirmişdir. Onlar Zakirin dediyi müddəti də gözləmişlər və yalan olduğunu görüb ondan pullarını geri istəsələr də Zakir nə onun 600 manat pulunu, nə də Afiqin 4100 manat pulunu qaytarmamışdır. Zakir hər dəfə müxtəlif bəhanələr gətirdiyi üçün əsəbliləşib onun barəsində şikayət etmişdir. Təqsirləndirilən şəxs ondan aldığı 600 manat pulu torpağın sənədləşməsinə sərf etməsi, lakin müvafiq sənədləri əldə edə bilməməsi ilə bağlı məhkəmə istintaqında dedikləri yalandır. Belə ki, o özü bu barədə müvafiq qurumlardan maraqlanmış, Təqsirləndirilən şəxs hər hansı sənədləşmə ilə bağlı heç bir addım atmadığı ona məlum olmuşdur. Təqsirləndirilən şəxs ondan aldığı 600 manat pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinin sonunda Təqsirləndirilən şəxs cəzalandırılmasının istəmədiyini, lakin ona dəymiş ziyan ödənilmədiyi halda məhkəmədən təqsirləndirilən şəxs barəsində qanunamüvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək məhkəmə istintaqında ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun uşaqlıq dostudur, onlar həm də sinif yoldaşı olmuşlar. Münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs Mübariz oğlunu da uzun müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs onun doğulduğu Diryan kəndi ilə qonşu kənd olan Gəgiran kəndində ibtidai sinif müəllimi də işləyir. 2023-cü ilin mart ayında o, Rusiya Federasiyasına işləməyə getmişdir. Dostu Zərərçəkmiş şəxs1 ilə Rusiyada olan dövr ərzində mütəmadi əlaqə saxlamışdır. Söhbət zamanı o, Zərərçəkmiş şəxs1 ona Lənkəran rayonu Şilavar kəndində torpaq sahəsi tapmasını və pulunu göndərib həmin torpağı almasını xahiş etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs ilə danışdığını, Lənkəran rayonu Şilavar kəndində 4 ha torpaq sahəsi olduğunu və həmin torpaq sahəsinin 4500 manata satıldığını bildirmişdir. O da dostu Qeyrətdən həmin torpaq sahəsini onun üçün almağa köməklik etməsini xahiş etmişdir. Onun 500 manat pulu Qeyrətdə olmuşdur. Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs həmin torpaq sahəsini satılacağını və həmin torpağın behini vermək lazım olduğunu bildirdiyini demişdir. O da Zərərçəkmiş şəxs1 torpağı videozənglə görməsini köməklik etməsini xahiş etmiş, Zərərçəkmiş şəxs1 ona görüntülü zəng etmiş və torpağı ona göstərmişdir. Həmin torpaq sahəsindən xoşu gəlmiş və torpağı almağa razılaşmışdır. Həmin vaxt Zakirlə də Qeyrətin mobil telefonu ilə görüntülü danışmış, Zakir də torpağı ona tərifləyərək yerinin yaxşı olduğunu bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 “mənim səndə olan 500 manat pulumu Təqsirləndirilən şəxs beh ver” demişdir. Zərərçəkmiş şəxs1 də onda olan 500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bu barədə atası Abuzərədə demişdir. Atası Abuzər də həmin torpağa baxmışdır. Atasının da həmin torpaqdan xoşu gəlmişdir. Sonradan yəni 2024-cü ilin yanvar ayının ortalarında Zərərçəkmiş şəxs1 3600 manat da pul göndərmişdir. Həmin pulu Qeyrət onun xahişi ilə arvadı X1 adına torpaq almaq məqsədi ilə Təqsirləndirilən şəxs vermişdir. Qalan 400 pulu isə topağın sənədləri düzələndən sonra verəcəkmiş. Daha sonra atası Şahid torpağı bəyənsə də, lakin Təqsirləndirilən şəxs torpağın sənədlərini verə bilmədiyi üçün atası həmin torpaqdan imtina etmiş və onun üçün başqa yerdən torpaq almağı məsləhət görmüşdür. Qeyrətə verdikləri pulu da geri ala bilməmişlər. Zakir aldığı pulun hesabına heç bir sənədləşmə işləri görməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsinin sonunda Təqsirləndirilən şəxs pul vermədiyini, pulu Zərərçəkmiş şəxs1 verdiyini, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldadaraq onun da pulunu ələ keçirdiyini, Təqsirləndirilən şəxs cəzalandırılmasının istəmədiyini, lakin ona dəymiş ziyan ödənilmədiyi halda məhkəmədən təqsirləndirilən şəxs barəsində qanunamüvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək məhkəmə istintaqında ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 oğludur. Zərərçəkmiş şəxs1 isə oğlunun uşaqlıq dostudur, onlar həm də sinif yoldaşı olmuşlar. Münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs Mübariz oğlunu da uzun müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs onun doğulduğu Diryan kəndi ilə qonşu kənd olan Gəgiran kəndində ibtidai sinif müəllimi də işləyir. Oğlu Afiq 2023-cü ilin mart ayında Rusiya Federasiyasına işləməyə getmişdir. Afiq Rusiyada olarkən dostu Zərərçəkmiş şəxs1 ona Lənkəran rayonu Şilavar kəndində torpaq sahəsi tapmasını və pulunu göndərib həmin torpağı almasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 oğlu Afiqə Təqsirləndirilən şəxs ilə danışdığını, Lənkəran rayonu Şilavar kəndində 4 ha torpaq sahəsi olduğunu və həmin torpaq sahəsinin 4500 manata satıldığını bildirmişdir. Afiq də Qeyrətdən həmin torpaq sahəsini onun üçün almağa köməklik etməsini xahiş etmişdir. Afiqin 500 manat pulu Qeyrətdə olmuşdur. Zərərçəkmiş şəxs1 Afiqə Təqsirləndirilən şəxs həmin torpaq sahəsini satılacağını və həmin torpağın behini vermək lazım olduğunu bildirdiyini demişdir. Qeyrət Afiqin onda olan 500 manat pulunu Zakirə vermişdir. Daha sonra videogörüntü ilə Afiq torpağı görüb bəyənmişdir. Bu barədə ona da demişdir. O da həmin torpağa baxmış və həmin torpaqdan xoşu gəlmişdir. Sonradan yəni 2024-cü ilin yanvar ayının ortalarında Zərərçəkmiş şəxs1 3600 manat da pul göndərmişdir. Həmin pulu Qeyrət Afiq xahişi ilə arvadı X1 adına torpaq almaq məqsədi ilə Təqsirləndirilən şəxs vermişdir. Qalan 400 pulu isə topağın sənədləri düzələndən sonra verəcəkmiş. Təqsirləndirilən şəxs torpağın sənədlərini verə bilmədiyi üçün o, həmin torpaqdan imtina etmiş və Afiq üçün başqa yerdən torpaq almağı məsləhət görmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında tutulması haqqında 05 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Mübariz oğlu həmin tarixdə saat 17:15-də şübhəli şəxs qismində tutulmuşdur. Tutmadan azad olunma və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Mübariz oğlu xx.xx.2024-cü il tarixdə saat 17:00-da tutmadan azad edilmiş barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs Mübariz oğlu arasında keçirilmiş xx.xx.2024-cü il tarixli üzləşmə istintaq hərəkətinin protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzünə ondan 600 manat öz sənədi üçün, 500 və 3600 manat pulu isə dostu Zərərçəkmiş şəxs2 sənədi üçün dələduzluq yolu ilə aldığını deyərək sonuncunu ifşa etmiş, Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs1 bildirdiklərini təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli diskdə olan səslərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, mesajlaşma sistemindən götürülmüş səs və sms yazışmalarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Mübariz oğlu, Zərərçəkmiş şəxs1 ilə torpaq alqı-satqısı üçün sənəd düzəldilməsi barədə pulun alınması danışıqları aparılmış, həmçinin səs və sms yazılarından aydın görünür ki, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək Zərərçəkmiş şəxs1 özünə inandırmaqla aldatmışdır. 08 noyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 iştirakı ilə sonuncuya məxsus olan Lənkəran rayon Şilavar kəndində yerləşən 12 ha torpaq sahəsinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 torpaq sahəsini təqdim edərək bildirmişdir ki, ona məxsus olan 12 ha toraq sahəsindən 04 ha torpaq sahəsini satmaq məqsədi ilə Təqsirləndirilən şəxs Mübariz oğlu 500 manat pul müqabilində ayırmaqda köməklik edib yalan vəd verməklə Zərərçəkmiş şəxs1 aldatmışdır. 08 noyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 iştirakı ilə Lənkəran rayonu Şilavar kəndində yerləşən sonuncunun təqdim etdiyi bir torpaq sahəsinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 torpaq sahəsini təqdim edərək bildirmiş ki, Təqsirləndirilən şəxs Mübariz oğlu həmin torpaq sahəsini Zərərçəkmiş şəxs1 göstərib 04 ha olduğunu, sonuncunun 12 ha toraq sahəsindən 04 ha torpaq sahəsini ayıra bilmədiyini, təqdim etdiyi torpağı onun əvəzinə 4500 manata satıldığını bildirməklə, Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 satacağına inandırmaqla Zərərçəkmiş şəxs2 4100 manat pulunu Zərərçəkmiş şəxs1 vasitəsi ilə yalan vəd verməklə ələ keçirmişdir. 13 yanvar 2025-ci il tarixli, 12 saylı arayışdan görünür ki, Xankişiyev X2 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyat Stastistik İnformasiya İdarəsinin tələbnaməsindən göstərilən məlumatlara əsasən Təqsirləndirilən şəxs Mübariz oğlu əvvəllər məhkum olunmamışdır. Lənkəran ŞİHB-nin Şiləvar KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Mübariz oğlu rayonun Şiləvar kəndində arvadı və 2008-ci il təvəllüdlü oğlu X5 ilə birlikdə Şiləvar kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 mobil telefonundan götürülərək CD-R diskinə köçürülən səs yazıları və işə əlavə edilmiş həmin mobil telefondan götürülərək fotoşəkilləri çəkilmiş sms yazıları maddi sübut qismində tanınmışdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Xankişiyev X2-Astara Regional Təhsil İdarəsi üzrə ümumi təhsil məktəbində müəllim işləməklə əmək haqqı 1244.38 manat təşkil edir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Mübariz oğlu oğlunun əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəs ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Mübariz oğlu oğlunun həmin maddələrdə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan zərər çəkmiş şəxslərin və şahidin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan suiistifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Mübariz oğlunun yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Mübariz oğlunun cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Mübariz oğlunun şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alıb ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs Mübariz oğlunun 05 oktyabr 2024-cü il tarixdə saat 17:15-dən xx.xx.2024-cü il tarixdə saat 17:00-dək 2 gün həbsdə olduğu müddət - bir günə iki gün hesablanmaqla, dörd gün müddət ona təyin olunacaq cəzadan çıxarılaraq qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs Mübariz oğlunun üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs Mübariz oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 mobil telefonundan götürülərək CD-R diskinə köçürülən səs yazıları və işə əlavə edilmiş həmin mobil telefondan götürülərək fotoşəkilləri çəkilmiş sms yazıları iş materiallarında saxlanılmalıdır. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Mübariz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Mübariz oğlunun 05 oktyabr 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdədək iki gün həbsdə olduğu müddət bir günə iki gün hesabı ilə hesablanmaqla, dörd gün cəza müddətindən çıxılmaqla onun üzərində 02 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs Mübariz oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Mübariz oğlunun üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Lənkəran rayonu Şiləvar kəndində yaşadığı evi təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Təqsirləndirilən şəxs Mübariz oğlunun barəsində seçilmiş “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs Mübariz oğlunun yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut qismində tanınmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 mobil telefonundan götürülərək CD-R diskinə köçürülən səs yazıları və işə əlavə edilmiş həmin mobil telefondan götürülərək fotoşəkilləri çəkilmiş sms yazıları iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar