Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-67/2024 14.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1994-cü il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə barəsində 04 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 04 ay 28 gün müddətində cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Tərcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayında Lənkəran şəhəri, Böyük bazar adlanan ərazidə istintaqla müəyyən edilməyən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 07 (yeddi) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri-0,222 qr -0,227 qr, - 0,212 qr, -0,255 qr, -0,282 qr, -0,289 qr və -0,267 qram, ümumi təmiz çəkisi-1,754 qram olub xeyli miqdar təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, bu barədə məlumat alan Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşları tərəfindən 18 oktyabr 2023-cü il tarixdə, saat 17:00-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu, Göyşaban kəndində saxlanılaraq polis bölməsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən həmin bükümlərdə və çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə heroin və metamfetamindən istifadə etmişdir. Belə ki, onu ittiham aktında qeyd edildiyi kimi Göyşaban kəndində küçədə deyil, evinə 8 nəfər polis əməkdaşı gələrək, həbs etmişlər və polis şöbəsinə gətirmişlər. Həmin vaxt evlərində heç kəs onun həbs edildiyini görməmişdir. İlkin olaraq oğurluq cinayətində ittiham edilmişdir, bu cinayəti sübuta yetmədikdə isə polis əməkdaşları onu döyərək, narkotik vasitəni üstünə qoymuşlar və şəxsi axtarış zamanı təqdim edərək, özünə məxsus olmasını bildirməsini ondan tələb ediblər. Şəxsi axtarış zamanı ürərində olan narkotik vasitə ona məxsus olmamışdır və polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə iclasında elan edilərək araşdırılan ifadəsində göstərmişdir ki, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. Lənkəran rayonu Göyşaban kəndində yaşayır. Heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmuşdur. Psixotrop maddə olan metamfetamindən istifadə edir. Həmin maddələri qəbul etməyəndə bədənində kəskin ağrılar olur. 18 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhərində, Böyük bazar adlanan ərazidə üzdən tanıdığı, lakin ad, soyadını bilmədiyi şəxsdən 120 manat pul qarşılığında 07 ədəd bükümdə psixotrop maddə olan metamfetamini öz istifadəsi üçün almışdır. Həmin gün, yəni 18 oktyabr 2023-cü il tarixdə o, Lənkəran rayonu Göyşaban kəndində hərəkətdə olarkən bir neçə nəfər şəxs ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu demiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis bölməsinə dəvət etmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Bölmənin inzibati binasında, xidməti otaqlardan birində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün öz istəyi əsasında dövlət hesabına vəkil Bəhrəm Muxtarov təyin edilmiş, daha sonra vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməyi ona bildirilmişdir. O da əynindəki şalvarın sağ yan cibində ağ rəngli plastik qutunun içərisinə qoyduğu 07 ədəd ağ rəngli kağıza bükülmüş psixotrop maddə olan metamfetamin bükümlərini çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi bükümlərin içərisinə baxış keçirilmiş və həmin bükümlərin içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşlarının onunla keçirdiyi şifahi sorğu-sual zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr metamfetamindir və ona məxsusdur. Həmin kütləni 18 oktyabr 2023-cü il tarixdə Lənkəran şəhəri Böyük bazar adlanan ərazidə tanımadığı şəxsdən 120 manat qarşılığında almışdır. Təqdim etdiyi kütlələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. O, psixotrop maddə qəbul edir, həmin yeddi bükümdə psixotrop maddəni üzərində saxlamaqda məqsədi sonradan istifadə etmək olmuşdur. O, həmin psixotrop maddələrin satışı ilə indiyə kimi məşğul olmamış, özü psixotrop maddə olan metamfetaminin istifadəçisidir və ondan çəkmə üsulu ilə istifadə edir. Şəxsi axtarış zamanı və ilkin izahatında psixotrop maddələrin satışı ilə məşğul olmağı ilə bağlı verilən suala cavab verərkən həmin maddələrin satışı ilə məşğul olduğunu bildirsə də psixotrop maddələrin satışı ilə məşğul olmamış və o, həmin maddələri şəxsi istifadəm üçün əldə etmişdir. O, polis bölməsinə gətirilərkən və ya gətirildikdən sonra ona qarşı heç bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində bildirdi ki, Lənkəran rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəlin əldə etməsi, üzərində daşıması və saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatı polis əməliyyat müvəkkili Şahid1 icraatına daxil olmuşdur. Əməliyyat məlumatının doğruluğu tərəfindən yoxlanıldıqdan sonra raportla bölmə rəisinə məruzə edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərliyi Şahid1 etmiş, o, vəpolis nəfəri Şahid3 da qrupun üzvləri olmuşlar. 18 oktyabr 2023-cü il tarixdə, saat 17 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Verdiyev X1 rayonu, Göyşaban kəndində küçədə saxlanılaraq polis bölməsinə gətirilmişdir. Polis bölməsində videoçəkiliş vasitəsi ilə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən ağ rəngli plastik qutunun içərisində 07 ədəd bükümdə ağ kağıza bükülmüş bükümü təqdim etmişdir. Həmin bükümlərə baxış keçirildikdə içərisində 07 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə aparılmış şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş həmin kütlə ona məxsusdur, psixotrop maddə olan metamfetamini çəkmə yolu ilə qəbul edir. Üzərindən aşkar edilmiş həmin kütləni 18 oktyabr 2023-cü il tarixdə, tutulmazdan əvvəl Lənkəran şəhəri, Böyük bazar deyilən ərazidə tanımadığı şəxsdən 120 manat pulun qarşılığında əldə etdiyini bildirmişdir. Həmin psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin polis nəfəri Ağayev X2 Vaqif Rafail oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı ifadəsi elan olunmaqla tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis kapitanı rütbəsindədir. Lənkəran rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəlin əldə etməsi, üzərində daşıması və saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatı icraatına daxil olmuşdur. Əməliyyat məlumatının doğruluğu tərəfindən yoxlanıldıqdan sonra raportla bölmə rəisinə məruzə edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərliyi özü etmiş, Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis nəfərləri, polis serjantları Şahid2 və Şahid3 da qrupun üzvləri olmuşlar. 18 oktyabr 2023-cü il tarixdə, saat 17:00-da keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Verdiyev X1 rayonu, Göyşaban kəndində küçədə saxlanılaraq polis bölməsinə gətirilmiş, bölmədə, xidməti otaqlarının birində təhqiqatçı Eynulla Məmmədov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş və özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi Bəhrəm Muxtarov dəvət edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə və müdafiəçi Bəhrəm Muxtarovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən ağ rəngli plastik qutunun içərisində 07 ədəd bükümdə ağ kağıza bükülmüş bükümü təqdim etmişdir. Həmin bükümlərə baxış keçirildikdə içərisində 07 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 07 ədəd büküm olan psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş, həmin bükümlərin təqribi çəkisi 2,46 (iki tam yüzdə qırx altı) qram olması müəyyən edilmiş və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə aparılmış şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş həmin kütlə ona məxsusdur, psixotrop maddə olan metamfetamini çəkmə yolu ilə qəbul edir. Üzərindən aşkar edilmiş həmin kütləni 18 oktyabr 2023-cü il tarixdə, tutulmazdan əvvəl Lənkəran şəhəri, Böyük bazar deyilən ərazidə tanımadığı şəxsdən 120 manat pulun qarşılığında əldə etdiyini bildirmişdir. Həmin psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs da heç bir təzyiq altında olmadan protokola imza etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni nə vaxt, harada, kimdən almasını müəyyən etmək məqsədilə şöbənin cinayət axtarış bölməsində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, həmçinin təqsirləndirilən şəxsin ifadəsi və s. sübutlarla təsdiq olunur. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 18 oktyabr 2023-cü il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmiş DVD diskdə olan videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 07 ədəd bükümlərdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin 07 ədəd bükümlərdə psixotrop maddə olan metamfetaminin çəkisi 2,46 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə metamfetamindir, həmin kütlə özünə məxsusdur. Həmin kütləni Lənkəran şəhəri, Böyük bazar deyilən ərazidə tanımadığı şəxsdən 07 ədəd bükümdə, 120 manat qarşılığında almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Lənkəran regional bölməsi tərəfindən təqdim edilmiş 19 oktyabr 2023-cü il tarixli 19/941 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən 7 (yeddi) ədəd metamfetaminə bənzər kütlə aşkar edilib.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,222 qram, -0,227 qram, -0,212 qram, -0,255 qram, -0,282 qram, -0,289 qram və -0,267 qram, ümumi təmiz çəkisi -1,754 qram olan ağ rəngli kristallardan ibarət maddələr metamfetamindir, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 19 oktyabr 2023-cü il tarixli, 971 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Lənkəran rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib barəsində 04 il 10 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi 04 ay 28 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. CM-nin 18 və 83-cü maddəsinin tələblərinə əsasən məhkumluğu ödənilməmişdir. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü il tarixdə saat 17:45-də şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin qərarından görünür ki, 20 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Lənkəran ŞİHB-nın Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnaməyə əsasən, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Sübutların qiymətləndirilməsi haqqında 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 07 ədəd bükümdə, ümumi təmiz çəkisi -1,754 qram psixotrop maddə metamfetamin və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 07 ədəd bükümdə, ümumi təmiz çəkisi -1,544 qram psixotrop maddə metamfetamin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusu əsasında Ədliyyə Nazirliyi Penitensiat Xidmətin Bakı İstintaq Təcridxanasından təqdim edilmiş Təqsirləndirilən şəxs tibbi kartoçkasından görünür ki, o, xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibbi-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərkən bədəni üzərində xəsarət izləri aşkar edilməmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 2-2/1-004639/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Lənkəran rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşları tərəfindən döyülməsi barədə məlumat əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı göstərilən xüsusat təsdiqini tapmadığından material üzrə cinayət hadisəsi olmaması əsası ilə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ilkin olaraq oğurluq cinayətində ittiham edildiyi, bu cinayəti sübuta yetmədikdə isə polis əməkdaşlarının onu döyərək, narkotik vasitəni üstünə qoymaları, şəxsi axtarış zamanı təqdim edərək, özünə məxsus olmasını bildirməsini ondan tələb etmələri, şəxsi axtarış zamanı üzərində olan narkotik vasitənin ona məxsus olmaması və polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə protokolu və əlavə edilmiş DVD disk, tədqiq edilmiş digər sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun məktubundan görünür ki, Təqsirləndirilən şəxs fiziki zora məruz qalması ilə bağlı cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Göstərilənlərə əsasən, zəruri sənədlər və qeyd olunan fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsini subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın bütün gedişi zamanı üzərindən cinayətini törətməsini etiraf etməsini, məhkəmə araşdırması zamanı isə ziddiyyətli ifadələrini müqayisəli şəkildə araşdıraraq həmin ifadələri onun qeyrisəmimiliyinin göstəricisi kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin sadə residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtardıqdan az müddət keçməmiş yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 18 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi naroloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq 07 ədəd bükümdə, ümumi təmiz çəkisi -1,544 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 oktyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi naroloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7 bükümdə 1,544 qram təşkil edən psixotrop maddə – metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-67/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-67/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver