Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-68/2024 05.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi istirakları ilə, saat 11:55 xx xxxx 1982-ci il tarixdə Lənkəran rayonu, Velədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkumluğu olmayan, Lənkəran rayonu Velədi kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 26 sentyabr 2023-cü il tarixdə Lənkəran şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq öz istifadəsi üçün xeyli miqdarda, 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,404 qram və 0,159 qram olmaqla, ümumi təmiz çəkisi 0,563 qram ağ kristallardan ibarət maddələr olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran ŞRPŞ-nın əməkdaşları tərəfindən həmin tarixdə saat 22 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhəri, Sahil küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş və şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki pencəyinin sağ yan cibində olan siqaret qutusundan qeyd edilən bükümlərdə və çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, fəhləliklə məşğul olmaqla ailəsini dolandırır. Bədənində olan ağrılarla əlaqədar narkotik vasitədən və psixotrop maddədən istifadə etmişdir. Narkotik vasitə heroini Lənkəran şəhərində tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Narkotik vasitəni və psixotrop maddəni zər kağızında yandırmaqla tüstüsünü qəbul etmişdir. 26 sentyabr 2023-cü il tarixdə, saat 20 radələrində Lənkəran şəhəri “böyük bazar” adlanan ərazidə şəxsi istifadəsi üçün üzdən tanıdığı və adını bilmədiyi şəxsdən 15 manata 2 bükümdə metamfetamin və bir bükümdə qurudulmuş maarixuana almışdır. Həmin bükümləri əynində olan pencəyinin sağ yan cibində “LD” markalı siqaret qutusunda qoymuşdur. Həmin gün saat 22 radələrində Lənkəran şəhəri, Sahil küçəsi ilə piyada hərəkətdə olarkən, mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu bildirərək onu Lənkəran ŞRPŞ-yə dəvət etmişlər. O heç bir etiraz etməyib polis əməkdaşları ilə birlikdə Lənkəran ŞRPŞ-yə gəlmişdir. Polis şöbəsində şübhəli şəxs kimi tutulduğu elan edilərək, vəkillə təmin olunmuşdur. Üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı ona üzərində narkotik vasitə və ya digər qanunla qadağan edilmiş əşya olduğu təqdirdə təqdim etməsini təklif etmişdir. O əynində olan pencəyinin sağ yan cibindən “LD” markalı siqaret qutusunu, pencəyin sol iç cibindən “Samsung” markalı mobil telefonunu, pencəyinin sol yan cibindən 4 manat pul və alışqanı təqdim etmişdir. Polis əməkdaşı həmin siqaret qutusuna baxdıqda içərisində olan 2 büküm metamfetamini və bir büküm marixuananı götürmüşdür. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən heç nə aşkarlanmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş iki büküm metamfetamin və bir büküm marixuana elektron tərəzidə çəkilmiş, metamfetaminin çəkisi 0,67 qram, marixuananın çəkisi 0,74 qram olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş iki büküm metamfetamini və marixuananı bir zərfə qoyub bağlamışlar və möhürləmişlər. Həmin zərfin üstünü o və vəkili imzalamışlar. Siqareti və pulu özünə qaytarmışlar. Mobil telefonuda ondan götürmüşlər. Bundan sonra protokol tərtib edilmiş, o da daxil olmaqla digər iştirakçılar protokolu imzalamışlar. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirini etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis leytenantıdır. Lənkəran rayonu Velədi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbul etməsi və üzərində saxlaması barədə məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün raportla Lənkəran ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə şöbənin rəisi tərəfindən əməliyyat qrupu yaradılmış, təsdiq edilmiş 26 sentyabr 2023-cü il tarixli əmrə əsasən o, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis mayoru Şahid2, PPXBnin polis nəfərləri polis serjantları Şahid3 və Şahid4 ilə birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. 26 sentyabr 2023-cü il tarixdə saat 21 radələrindən Təqsirləndirilən şəxs ola biləcəyi ərazini müşahidəyə götürmüşlər. Həmin gün saat 22 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Sahil küçəsi ilə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim edərək, onun narkotik vasitələrin və psixotrop maddələri üzərində gəzdirməsində və istifadə etməsində şübhəli olduğunu bildirmişlər. Bu səbəbdən Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və bu səbəbdən də onu avtomobillə Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs şöbəyə gətirildikdən sonra müdafiəçi ilə təmin olunmuş və təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, predmet və narkotik vasitə olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan pencəyinin sağ yan cibindən “LD” markalı siqaret qutusunu, pencəyin sol iç cibindən “Samsung” markalı mobil telefonu, pencəyin sol yan cibindən 4 manat pul və alışqanı təqdim etmişdir. Həmin siqaret qutusuna baxdıqda içərisində 3 ədəd şəffaf sellofan bükümlər aşkarlanmışdır. İki bükümə baxdıqda içərisində psixotrop maddə metamfetamin, bir bükümə baxdıqda isə içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkarlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkildikdə çəkisi 0,67 qram, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi isə 0,74 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr bir zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, zərfin üstü imzalarla təsdiq edilmişdir. 4 manat pul, siqaret qutusu və alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Mobil telefon isə ondan götürülmüşdür. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2023-cü il tarixdə, saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur. 26 sentyabr 2023-cü il tarixli, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə olunmuş DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki pencəyinin sağ yan cibindən iki bükümdə 0,67 qram psixotrop maddə metamfetamin və bir bükümdə 0,74 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, o, həmin narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olduğunu, istifadəsi üçün üzərində gəzdirdiyini göstərmişdir. Məhkəmə-kimyəvi-bioloji ekspertizasının 27 sentyabr 2023-cü il tarixli, 19/897 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki 2 ədəd bükümdə ayrıayılıqda təmiz çəkiləri: - 0,404 qr: -0,159 qram: ümumi təmiz çəkisi: 0,563 qram olan ağ rəngli kristallardan ibarət maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 1 ədəd bükümdə təmiz çəkisi; -0,563 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Məhkəmə ambulator məhkəmə-narkoloji ekspertizasının 01 noyabr 2023-cü il tarixli, 1002 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Lənkəran şəhər Psixitariya Xəstəxanasının 03 oktyabr 2023-cü il tarixli, 10539 nömrəli arayışdan görünür ki, İbadoğlu X3 şəhər Psixitariya xəstəxanada qeydiyyatda deyildir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdə Dneprovsk rayonu Kiyev şəhər məhkəməsinin hökmü ilə Ukraynanın CM-nin 115.1-ci maddəsi ilə təqsirli bilinərək 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qətimkan tədbiri seçmək haqqında 28 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:00-da saxlanıldığı Lənkəran ŞRPŞ-nin MSY– dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd zərfdə iki ədəd bükümdə ümumi 0,463 qram psixotrop maddə metamfetamin (ilkin çəkisi 0,563 qram olmuşdur), bir ədəd bükümdə 0,513 qram narkotik vasitə qurudulmuş marixuana (ilkin çəkisi 0,563 qram olmuşdur) və DVD diskdə olan videogörüntü maddi sübut qismində tanınmış, 1 ədəd zərfdə iki ədəd bükümdə ümumi 0,463 qram psixotrop maddə metamfetamin və bir ədəd bükümdə 0,513 qram narkotik vasitə qurudulmuş marixuananın Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi və DVD diskin iş materiallarında saxlanılması qərara alınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0.563 qram narkotik vasitə qurudulmuş marixuana cinayət məsuliyyəti yaratmadığından ittihamdan həmin hissə çıxarılmış, onu həmin hissədə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü qərarın surəti Lənkəran ŞRPŞ-nin İTB-yə göndərilmişdir. Lənkəran ŞİHB-nin Gərmətük qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, İbadoğlu X3 rayonu Velədi kəndində anası xx.xx.1955-ci il təvəllüdlü anası X1 və arvadı xx.xx.1982-ci il təvəllüdlü X2 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs barəsində Ukraynanın Kiyev şəhəri Dneprovski Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünün Azərbaycan Respublikası ərazisində tanınıb-tanınmaması ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə göndərilmiş sorğu məktubunun icrası ilə əlaqədar Penitensiar Xidmətdən daxil olmuş xx.xx.2024-cü il tarixdə daxil olmuş müvafiq məlumatda Ədliyyə Nazirliyi Penitensiar Xidmətində 2000-ci il tarixdən fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda Təqsirləndirilən şəxs adlı şəxs haqqında məlumatın qeydiyyatdan keçmədiyi bildirilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadəsinə, ekspertiza rəylərinə və işin digər materallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham elan olunan əmələ görə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və ailəsinin yeganə qazanc gətirən şəxs olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətdikdən sonrakı davranışını nəzərə alıb ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 26 sentyabr 2023-cü il tarixdə, saat 22:00-dan, 28 sentyabr 2023cü il tarixdə saat tarixdə 20:00-dək 2 gün həbsdə olduğu müddət - bir günə iki gün hesablanmaqla, dörd gün müddət ona təyin olunacaq cəzadan çıxarılaraq qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci olan 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 1 ədəd zərfdə iki ədəd bükümdə ümumi 0,463 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0.563 qram narkotik vasitə qurudulmuş marixuanaya münasibətdə onun inzibati məsuliyyətə cəlb edilməsindən ötrü müvafiq qərarın surətinin Lənkəran ŞRPŞ-nin İTB-yə göndərilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 sentyabr 2023-cü il tarixdən 28 sentyabr 2023-cü il tarixdək iki gün həbsdə olduğu müddət bir günə iki gün hesabı ilə hesablanmaqla, 4 gün cəza müddətindən çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Lənkəran rayonu Velədi kəndində yaşadığı evi təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd zərfdə iki ədəd bükümdə ümumi 0,463 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materillarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0.563 qram narkotik vasitə qurudulmuş marixuanaya münasibətdə onun inzibati məsuliyyətə cəlb edilməsindən ötrü müvafiq qərarın surətinin Lənkəran ŞRPŞ-nin İTB-yə göndərilməsi nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-68/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-68/2024
05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver