Məhkəmə qərarları › İş №1(049)-70/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-70/2024

20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-70/2024 20.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat: 11:50 xx xxxx 1977-ci il tarixdə Lənkəran rayonu, Darquba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Lənkəran rayonu, Darquba kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 12 oktyabr 2023-cü il tarixdə, saat 11 radələrində Lənkəran şəhəri, Fizuli küçəsində yerləşən qəbristanlığın yanında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 20 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda 1 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi -1,776 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək, üzərində saxlamaqla, daşımış və 12 oktyabr 2023-cü il tarixdə, saat 13 radələrində DİN-nin BNMİ-nin X6 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, həmin gün saat 13:15 dəqiqədə yaşadığı Lənkəran rayonu, Darquba kəndi ərazisində yerləşən məscidin yaxınlığında küçədə olarkən saxlanılaraq CBRŞ-nın inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə olan heroin 1 (bir) ədəd sellofan kəsiyinə bükülmüş halda əynindəki pencəyinin sol yan cibində olan "Magna" markalı siqaret qutusunun içərisindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Lənkəran rayonu, Darquba kəndində yaşayır. Heç yerdə işləmir. Əvvəllər narkotik vasitə heroindən istifadə etsə də, son dövrlər heç bir narkotik vasitədən istifadə etməmişdir. Cinayət işi materiallarında onun 12 oktyabr 2023-cü il tarixdə DİN-nin BNMİ-nin X6 Şöbəsinin əməkdaşları tərəfindən Lənkəran rayonu Darquba kəndi ərazisində yerləşən məscidin yaxınlığında saxlanıldığı göstərilsə də, əslində o, yaşadığı Lənkəran rayonu, Darquba kəndində yerləşən evin yaxınlığında olan “şəhid plakatı”nın yanında saxlanılaraq DİN-nin BNMİ-nin X6 Şöbəsinə gətirilmişdir. Bu xüsusat həmin vaxt üzərində olmuş mobil telefonda olan ***-***-**-** mobil nömrəsinin müvafiq anten dairəsinə olub-olmamasını müəyyənləşdirməklə təsdiq etmək olar. Polis əməkdaşları tərəfindən regional şöbəyə aparılarkən üzərində heç bir narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən döyüldüyü üçün polis işçiləri tərəfindən ona verilmiş 1 bükümdə narkotik vasitə heroinin ona məxsus olduğunu videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı bildirmiş, o cümlədən cinayət işinin ibtidai istintaqı zamanı etirafedici ifadələr vermişdir. Əvvəllər narkotik istifadəçisi olsa da, saxlanılarkən üzərində narkotik vasitə olmamış, polis işçiləri tərəfindən döyüldüyü üçün ona verilmiş narkotik vasitə olan heroinin ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə ona qarşı elan edilmiş ittihamla bağlı özünü təqsirli bilmədiyini bildirərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittihamla özünü təqsirli bilir. Ailə üzvlərilə birlikdə Lənkəran rayonunun Darquba kəndində yaşayır. O, təxminən 2 il ərzində narkotik vasitə olan heroindən zərli kağızda yandırıb tüstüsünü udmaqla və şprislə əzələsinə vurmaqla istifadə etmişdir. O, istifadə etdiyi heroini həmişə Lənkəran şəhərində yerləşən "Kürə dörd yolu" deyilən ərazinin yaxınlığında olan qəbristanlığın yanında üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən almışdır. O, 12 oktyabr 2023-cü il tarixdə, saat 11 radələrində evdən çıxıb heroin alıb istifadə etmək məqsədilə piyada "Kürə dörd yolu" deyilən ərazinin yaxınlığında olan qəbristanlığın yanına getmiş və küçədə dayanıb ona heroin satan adını bilmədiyi şəxsi gözləməyə başlamışdır. Təxminən 5-10 dəqiqədən sonra həmin şəxsin ona tərəf gəldiyini görmüş və ona yaxınlaşıb görüşmüşdür. O, həmin şəxsə 20 manat pul verib ondan 1 ədəd bükümdə heroin almışdır. Sonra isə yaşadığı kəndə qayıtmış və aldığı heroinin az bir hissəsini kənddə münasib yerdə üzərində gəzdirdiyi şprislə əzələsinə vurub qəbul etmişdir. Sonra isə yaşadığı evə getmişdir. Həmin gün, saat 13 radələrində yaşadığı evdən çıxıb piyada kənd məscidinin yanına gəlmiş və küçədə dayanmışdır. Bu zaman polis işçiləri onu küçədə tutub Lənkəran şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Regional Şöbəsinə aparmışlar. Regional polis şöbəsində polis işçisi, ona Lənkəran rayon vəkillərinin siyahısını təqdim etmiş və özü seçdiyi vəkil İntiqam Hüseynov və digər polis əməkdaşlarının iştirakı ilə üzərində axtarış aparmışdır. Axtarış aparılmazdan əvvəl polis işçisi, üzərində axtarışın video çəkilişlə aparılacağı barədə ona məlumat vermişdir. Bundan sonra, digər bir polis işçisi videokamera ilə çəkiliş aparmağa başlamışdır. Polis işçisi, ona hüquq və vəzifələrini izah etmişdir. Polis işçisi ondan məhkum olunub-olunmadığını və narkotik vasitələrdən istifadə edib-etmədiyini soruşmuşdur.O da məhkum olunmadığını və təxminən 2 ildir ki, "kakos" deyilən heroindən istifadə etdiyini bildirmişdir. Polis işçisi, ondan narkotik vasitələrin satışı ilə məşğul olub-olmadığını soruşmuşdur. O da narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Polis işçisi ona, əgər üzərində narkotik vasitə və ya qanunsuz əşya olduğu halda təqdim etməsini təklif etmişdir. O da əynindəki pencəyinin sol yan cibində saxladığı içərisində bir bükümdə heroin olan "Magna" markalı siqaret qutusunu, bir ədəd alışqanı, bir ədəd tibbi şprisi, şalvarının sağ yan cibindən bir ədəd cib dəsmalını, bir ədəd dəmir qarmaqda olan beş ədəd ev açarlarını, bir ədəd "Fonecom" markalı mobil telefonunu, şalvarının sağ arxa cibindən yeddi ədəd 1 manatlıq pul əskinası olmaqla, cəmi 7 manat pulunu çıxarıb masanın üzərinə qoymuşdur. Polis işçisi onun təqdim etdiyi həmin siqaret qutusunun içərisinə baxmış və siqaret qutusunun içərisindən ona məxsus bir bükümdə olan heroini və 2 ədəd siqareti götürüb masanın üzərinə qoymuşdur. Sonra isə polis işçisi həmin bir ədəd bükülünün içərisində nə olduğunu ondan soruşmuşdur. O da həmin bükülünün içərisindəkinin heroin olduğunu və özünə məxsus olduğunu, həmin heroini 12 oktyabr 2023-cü il tarixdə, saat 11 radələrində "Kürə dörd yolu" deyilən yerin yaxınlığında olan qəbristanlığın yanında tanımadığı şəxsdən özü istifadə etmək üçün 20 manata aldığını və az bir hissəsini şprislə əzələsinə vurmaqla istifadə etdiyini bildirmişdir. Polis işçisi həmin bir bükümdə olan heroindən başqa, üzərində yenə də heroin olub-olmadığını ondan soruşmuşdur. O da həmin bir bükümdə olan heroindən başqa üzərində heç nə olmadığını bildirmişdir. Bundan sonra, polis işçisi onun üzərində axtarış aparmış və üzərindən heç nə aşkar olunmamışdır. Polis işçisi içərisində heroin olan həmin 1 ədəd sellofan bükülünü elektron tərəzidə çəkmiş və çəkisinin 1,88 qram olduğunu elektron tərəzinin ekranında görmüşdür. Polis işçisi içərisində heroin olan həmin 1 ədəd bükülünü və bir ədəd şprisi zərfə qoymuş və o, vəkil İntiqam Hüseynovla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Polis işçisi 7 manat pulunu, cib dəsmalını, alışqanı və iki ədəd siqaretlə birlikdə siqaret qutusunu ona qaytarmışdır. Bundan sonra videoçəkiliş dayandırılmışdır. Polis işçisi protokol tərtib etmiş və o, protokola imza etmişdir. Polis işçisi mobil telefonunu və evinin açarlarını protokola əlavə edib saxlamışdır. Ona Lənkəran şəhərində yerləşən "Kürə dörd yolu" deyilən ərazinin yaxınlığında olan qəbristanlığın yanında həmişə heroin satmış şəxsin harada yaşadığını bilmir. Amma həmin şəxs, arıq bədən quruluşlu, qarabuğdayı, boyu 160-165 sm, 40-45 yaşlarında olan kişidir. O, həmin mobil telefonunda ***-***-**-** mobil telefon nömrəsini işlədir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanı rütbəsindədir. 12 oktyabr 2023cü il tarixdə, saat 10 radələrində icraatına Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsində və üzərində saxlayaraq daşımasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə tərəfindən 12 oktyabr 2023-cü il tarixdə DİN-nin Baş NMİ-nin X6 Şöbəsinin rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Regional şöbə rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi ilə əlaqədar, onun rəhbərliyi altında, Regional şöbənin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Regional şöbənin polis nəfəri, polis baş serjantı Şahid3 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 12 oktyabr 2023-cü il tarixdə, saat 13 radələrində Lənkəran rayonunun Darquba kəndində yerləşən məscidin yaxınlığında küçədə olarkən saxlanılaraq Lənkəran şəhərində yerləşən regional şöbənin inzibati binasına gətirilmişdir. Polis əməkdaşları və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən, üzərində axtarışın video çəkilişlə aparılacağı barədə Təqsirləndirilən şəxs məlumat verilmişdir. Bundan sonra, videokamera ilə çəkiliş aparmağa başlamışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edildikdən sonra üzərində narkotik vasitə və ya qanunsuz əşya olduğu təqdirdə təqdim etməsini təklif etdikdə Təqsirləndirilən şəxs əynindəki pencəyinin sol yan cibindən "Magna" markalı siqaret qutusunu, bir ədəd alışqanı, bir ədəd tibbi sprisi, əynindəki şalvarının sağ yan cibindən bir ədəd cib dəsmalını, bir ədəd qarmaqda beş ədəd ev açarlarını, bir ədəd "Fonecom" markalı mobil telefonu, əynindəki şalvarının sağ arxa cibindən yeddi ədəd 1 manatlıq pul əskinasları olmaqla cəmi 7 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bir ədəd "Magna" markalı siqaret qutusunun içərisinə baxış keçirmiş və siqaret qutusunun içərisindən iki ədəd siqaret və bir ədəd sellofan bükülü aşkar olunmuşdur. Həmin bir ədəd bükülünün içərisində nə olduğunu Təqsirləndirilən şəxs soruşulduqda Təqsirləndirilən şəxs da həmin bükülünün içərisindəkinin heroin olduğunu və özünə məxsus olduğunu, həmin heroini 12 dekabr 2023-cü il tarixdə, saat 11 radələrində "Kürə dörd yolu" adlanan yerin yaxınlığında olan qəbristanlığın yanında tanımadığı şəxsdən özü istifadə etmək üçün 20 manata aldığını və az bir hissəsini şprislə əzələsinə vurmaqla istifadə etdiyini bildirmişdir. Həmin bir ədəd bükülünün içərisinə baxış keçirmiş və baxış zamanı bükülünün içərisindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmin bir bükümdə olan heroinə bənzər kütlədən başqa, üzərində yenə də narkotik maddənin olub-olmadığını Təqsirləndirilən şəxs soruşulduqda Təqsirləndirilən şəxs da həmin bir bükümdə olan heroindən başqa üzərində heç nə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış aparmış və axtarış zamanı üzərindən heç nə aşkar olunmamışdır. Bundan sonra, içərisində heroinə bənzər kütlə olan 1 ədəd sellofan bükülünü elektron tərəzidə çəkmiş və müvafiq qaydada qablaşdırılmışdır. Bir ədəd alışqanı, cib dəsmalını, cəmi 7 manat pulu və iki ədəd siqareti, siqaret qutusu ilə birlikdə Təqsirləndirilən şəxs qaytarmışdır. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərməmiş, eləcə də ona qarşı polis işçiləri tərəfindən heç bir təzyiq və təsir göstərilməmişdir. Məhkəmə iclasında şahidlər Şahid2 Şahverən oğlu və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: 12 oktyabr 2023-cü il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:25-də saxlanılmış, saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur. 12 oktyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, həmçinin şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki pencəyinin sol yan cibində olan "Magna" markalı siqaret qutusunun içərisindən 1 (bir) ədəd bükülüdə narkotik vasitə olan heroin aşkar edilərək götürülür və Təqsirləndirilən şəxs həmin 1 (bir) ədəd bükülüdə narkotik vasitə olan heroinin özünə məxsus olduğunu təsdiq edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 bölməsinin “məhkəmə fiziki-kimyəvi ekspertiza” üzrə verilmiş 12 oktyabr 2023-cü il tarixli, 19/925 nömrəl rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə və 01 ədəd şpris qablaşdırıldı və möhürləndi......" sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: - 1,776 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd 1 ml-lik tibbi şprisin içərisində və üzərində narkotik vasitə izləri aşkar edilməmişdir. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə ambulator-narkoloji ekspertizasının 12 oktyabr 2023-cü il tarixli, 948 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran şəhər Psixiatriya xəstəxanasının 07 dekabr 2023-cü il tarixli, 10867 nömrəli məktubundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada qeydiyyatda deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ Lənkəran Rayonlararası MTE və PA Zona Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1048 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hərbi Tribunalının xx.xx.1998-ci il tarixli hökmü ilə CM-nin 241-ci maddəsinin “V” və 242-ci maddəsinin 38-ci bəndləri ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1998-ci il tarixdə Milli Məclisin xx.xx.1997-ci il tarixli “Amnistiya” qərarının 3 və 13-cü maddələrinə əsasən cəzadan azad edilmişdir. Məhkumluğu yoxdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 14 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs 14 oktyabr 2023-cü il tarixdə saat 12:15-də Lənkəran ŞRPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilən zaman aşkar olunaraq götürülmüş 1 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi: -1,776 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindən ekspert tədqiqatı nəticəsində qalıq qalmış 1,676 qram çəkidə narkotik vasitə olan heroin və 1 ədəd 1 ml-lik tibbi şpris və iş üzrə şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən 1 ədəd DVD diskdə olan video görüntülər maddi sübut qismində tanınmış, 1,676 qram çəkidə narkotik vasitə olan heroin və 1 ədəd 1 ml-lik tibbi şpris Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk cinayət işinə əlavə olunmuşdur. Lənkəran ŞİHB-nin Kərgəlan KİƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Dadaşov X5 rayonu, Daqruba kəndində arvadı xx.xx.1982-ci il təvəllüdlü X1 və xx.xx.1999-cu il təvəllüdlü X4 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azercell Telekom MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 7914 №-li məktubdan görünür ki, ***-***-**-** mobil nömrəsinin xx.xx.2023-cü il tarixdə Azercell şəbəkəsində istifadəsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin xx.xx.2024-cü il tarixli, 2-2-110/2-023902/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə Lənkəran Rayon Məhkəməsinin məlumatı əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı göstərilən xüsusat təsdiq olunmadığından material üzrə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma inayət məsuliyyətinə səbəb olur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında ifadəsinin və müdafiə tərəfinin çıxışının “təqsirləndirilən şəxsin üzərində hər hansı narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən döyüldüyü üçün polis işçiləri tərəfindən ona verilmiş 1 bükümdə narkotik vasitə heroinin ona məxsus olduğunu bildirməsi və cinayət işinin ibtidai istintaqı zamanı etirafedici ifadələr verməsi, habelə təqsirləndirildiyi maddə üzrə ona bəraət verilməsi” barədə ifadə və çıxışlarına qiymət verərək hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və Təqsirləndirilən şəxs şəxsi istifadə məqsədi ilə narkotik vasitə heroin əldə etməsi, üzərində saxlamaqla daşıması cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış protokolu və videogörüntüsü, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi təsdiqedici ifadə ilə yanaşı, şahidlərin ifadələri, habelə məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi, onun barəsində fiziki zor tətbiq edilməsi ilə bağlı ifadəsinə, həmçinin bu barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər də iş materiallarında olan sənədlərlə təkzib olunur. Belə ki, təqsirləndirilən şəxsin ona polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi, döyülməsi ilə bağlı məhkəmə iclasında verdiyi bəyanat üzrə həmin xüsusatların araşdırılmasından ötrü məhkəmə tərəfindən müvafiq məlumat ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı göstərilən xüsusat təsdiq olunmadığından material üzrə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ Lənkəran Rayonlararası MTE və PA Zona Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1048 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar aparılmış araşdırma nəticəsində öz təsdiqini tapmamışdır. Digər tərəfdən Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı, eyni zamanda ibtidai istintaq zamanı müdafiəçi tərəfindən ona verilən suallara cavab olaraq, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini, aşkar edilmiş narkotik vasitə heroinin özünə məxsus olduğunu, üzərində aşkar edilmiş narkotik vasitə heroini şəxsi istifadəsi aldığını bildirmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin 12 oktyabr 2023-cü il tarixdə DİN-nin BNMİ-nin X6 Şöbəsinin əməkdaşları tərəfindən Lənkəran rayonu Darquba kəndi ərazisində yerləşən məscidin yaxınlığında deyil, yaşadığı Lənkəran rayonu, Darquba kəndində yerləşən evin yaxınlığında olan “şəhid plakatı”nın yanında saxlanıldığını göstərməsi, həmin vaxt üzərində ***-***-**-** mobil telefon nömrəsinin olduğunu göstərməsi ilə bağlı irəli sürdüyü dəlillər məhkəmənin müvafiq sorğusu əsasında Azercell Telekom MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 7914 №-li məktubla tam təkzib edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin Azercell şəbəkəsində istifadəsi aşkar edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, ibtidai istintaq zaman daha inandırıcı ifadə vermiş, məhkəmə istintaqı zamanı isə cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə ona bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışının dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CMnin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halların mövcud olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 12 oktyabr 2023-cü il tarixdə saat 10:25-dən 14 oktyabr 2023-cü il tarixdə saat 12:15-dək 3 gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxarılaraq ona qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 may 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilərək o, məhkəmə zalında həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 bükümdə, 1,676 qram çəkidə narkotik vasitə olan heroin və 1 ədəd 1 ml-lik tibbi şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-ekspertizası tədqiqatının xərci olan 60 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 oktyabr 2023-cü il tarixdən 14 oktyabr 2023-cü il tarixədək 3 gün şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 il 02 ay 27 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd bükümdə 1.676 qram narkotik vasitə heroin və 1 ədəd 1 ml-lik tibbi şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar