Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-71/2023 10.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi istirakları ilə, saat: 15:20 xx.xx.1983-cü il tarixdə Lənkəran rayonu, Port-İliç (indiki Liman) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Yardımlı rayonu, Urakəran kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının ortalarında Lənkəran rayonunda istintaqla dəqiq müəyyən edilməyən vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda - 01 (bir) bükümdə, təmiz çəkisi 0.777 qram ağ rəngli, kristal formada olan narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə əməliyyat məlumatları almış Lənkəran ŞRPŞnin Liman PB-nin əməkdaşları tərəfindən 13 sentyabr 2022-ci il tarixdə, saat 14 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov küçəsində saxlanılaraq polis bölməsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən həmin bükümdə və çəkidə narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, iki ildir narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri Lənkəran şəhəri ərazisində üzdən tanıdığı şəxslərdən əldə etmişdir. 12 sentyabr 2022-ci il tarixdə Lənkəran şəhəri, “kiçik bazar” adlı əraziyə getmiş, orada üzdən tanıdığı narkotik vasitə satıcısı olan şəxslə rastlaşıb ondan 10 manata bir bükümdə heroin alaraq istifadəsi üçün üzərində saxlamışdır. 13 sentyabr 2022-ci il tarixdə, saat 14 radələrində o, Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov küçəsində piyada hərəkətdə olarkən bir neçə polis əməkdaşı ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu deyib onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsinə getdikdən sonra orada videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmiş və baxış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu halda təqdim etməsi ona təklif edilmişdir. O da əynindəki şalvarın sağ yan cibindən bir ədəd narkotik vasitə heroin bükümünü çıxarıb onlara təqdim etmiş və bükümün içində heroin olduğunu, 10 manata alıb öz istifadəsi üçün üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olduğunu, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman Polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, icraatına Lənkəran rayon Liman şəhər sakini Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və qəbul etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumatla əlaqədar Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmış və qrupa rəhbərliyi özü etmişdir. 13 sentyabr 2022-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu, Liman şəhəri, Həzi Aslanov küçəsində piyada hərəkət etdiyini görüb ona yaxınlaşmışlar. Sonra ona üzərində qanunsuz narkotik vasitə gəzdirməsində şübhələr olduğunu deyib üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Liman PB-yə dəvət etmişlər. Polis bölməsində videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet olduğu halda təqdim etməsi təklif olunmuşdur. O da əynində olan şalvarının sağ yan cibində olan 01 ədəd bükümü təqdim edərək bükümün içərisində heroin olduğunu, heroini Lənkəran şəhəri “kiçik bazar” ərazisində tanımadığı şəxsdən 10 manata alıb özünün istifadəsi üçün üzərində saxladığını demişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin elektron tərəzidə çəkilmiş, ekspertizaya göndərilməsi üçün zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis nəfərləri Şahid3 və Şahid2 Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: 13 sentyabr 2022-ci il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdə, saat 14:15-də şübhəli şəxs qismində tutulmuşdur. 13 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə barədə protokoldan, həmçinin şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş və şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin olduğunu, heroinin özünə məxsus olduğunu, narkotik vasitəni xx.xx.2022-ci il tarixdə “kiçik bazar” ərazisindən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 14 sentyabr 2022-ci il tarixli 19/971 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi büküm... sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.777 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroindən 0.05 qramı tədqiqata sərf edilmişdir, qalıq çəkisi-0.727 qramdır. Ekspertiza tədqiqatının dəyəri 65 manatdır. Məhkəmə ambulator-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 957 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində 2020-ci il tarixdən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Bağırlı X1 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarxili “Aministiya” qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. Lənkəran Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Maddi sübut kimi tanınma haqqında 18 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,777 qram narkotik vasitə heroin və CD diskdə videogörüntü maddi sübut qismində tanınmış, 01 ədəd bükümdə qalıq çəkisi -0,727 qram narkotik vasitə heroin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, CD diskdə videogörüntü cinayət işinin materiallarına əlavə edilmişdir. Lənkəran ŞİHB-nin Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Bağırlı X1 rayonu, Liman şəhəri, Rəsul Rza küçəsi, ev 12 ünvanında yaşayır, arvadı və 2008 və 2011-ci il təvəllüdlü iki uşağı ilə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadəsinə, ekspert rəylərinə və işin digər materallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham elan olunan əmələ görə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətdikdən sonrakı davranışını nəzərə alıb ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdən 10 mart 2023-cü il tarixədək 5 ay 25 gün həbsdə olduğu müddət - 1 günə 2 gün hesablanmaqla, 11 ay 20 gün müddət ona təyin olunacaq cəzadan çıxarılaraq qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində 2020-ci il tarixdən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci olan 65 manat pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan 0.727 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdən 10 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 05 ay 25 gün, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 11 ay 20 gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 06 ay 10 gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi təyin edilsin və onun ərazi narkoloji xəstəxanasında qeydiyyata olması nəzərə alınsın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı ünvanı təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan bir ədəd bükümdə 0.727 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd CD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. Ekspertiza xərci 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-71/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-71/2023
10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver