Məhkəmə qərarları › İş №1(049)-72/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-72/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-72/2024 14.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:15 Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1984-cü il tarixdə Port-İliç şəhərində anadan olmuş, ünvan 1 ünvanda yaşamış, subay, iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(049)-386/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti cəza olaraq 2 il 5 ay 24 gün müddətində azadlığın məhdudlaşması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(049)-291/2023 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, 2023-cü ilin oktyabr ayında Lənkəran şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd, xeyli miqdarda, təsiredici maddəsinin miqdarı 0,04 qram olan qəhvəyi rəngli, dairəvi formalı, narkotik vasitə - metadon həbini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 10:30-da Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Z.Əliyeva küçəsində saxlanılaraq Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirildikdən sonra üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan gödəkcəsinin sol yan cibindən 1 ədəd kağız bükümün içərisində həmin narkotik vasitə olan bir ədəd metadon həbi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, xeyli vaxtdır ki, narkotik vasitə və ya psixotrop maddələrdən istifadə edir. İstifadəsi üçün əldə etdiyi narkotik vasitələri və ya psixotrop maddələri Lənkəran şəhərində “Kiçik bazar” adlanan ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən almışdır. İbtidai istintaq zamanı da narkotik vasitəni Ramazan adlı şəxsdən aldığı barədə ifadə verməmişdir. xx.xx.2023-cü il tarixdə də səhər saatlarında qeyd olunan ərazidə həmin şəxsdən özünün istifadəsi üçün 1 ədəd metadon həbi alıb cibinə qoymuşdur. Gecə vaxtı evdən çıxıb Lənkəran şəhəri Z.Əliyeva küçəsində piyada gəzərkən polis əməkdaşları ona yaxınlaşıb polis şöbəsinə aparmışlar. Orada üzərində şəxsi axtarış aparılarkən o, əynindəki gödəkcənin sol yan cibində kağız bükümdə saxladığı həmin metadon həbini çıxarıb polis əməkdaşlarına könüllü təqdim etmişdir. Həmin bükümdəki həb zərfə qoyulmuş və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, o, əvvəllər heroin və psixotrop maddələrdən istifadə etsə də, hazırda metadon həbi qəbul edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən 7 saylı binanın qarşısında olan parkda olarkən adının ona Ramazan olduğunu deyən şəxslə rastlaşıb ondan 15 manata bir ədəd metadon həbi almışdır. Həmin şəxdən ayrılıb Z.Əliyeva küçəsi ilə bazara tərəf piyada gedərkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini təqdim etdikdən sonra onların polis əməkdaşları olduqlarını bilmişdir. Polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyib onu Lənkəran şəhər-rayon Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş və vəkil ilə təmin edilmişdir. Təhqiqatçı tərəfindən polis əməkdaşlarının, müdafiəçisinin və tanımadığı iki nəfər hal şahidinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxs axtarış zamanı təhqiqatçı ona üzərində qanunla qadağan edilmiş hər hansı əşya vardırsa, təqdim etməsini bildirmişdir. O da həmin vaxt əynindəki gödəkcəsinin sol yan cibindən bir ədəd kağıza bükdüyü metadon həbini, pul əskinasını, alışqan və siqareti, sağ yan cibindən isə bir ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Təhqiqatçısı həmin bükümə baxış keçirmiş, bükümün içərisindəki həb aşkar edilmişdir. Onunla bu barədə sorğusual edildikdə üzərində aşkar olumuş həbin metadon həbi olduğunu, özü qəbul etmək üçün üzərində saxladığını, həmin həbi tutulduğu gün Lənkəran şəhəri ərazisində Ramazan adlı şəxsdən 15 manata qəbul etmək üçün aldığını polis əməkdaşlarına bildirmişdir. Üzərində aşkar olunmuş həmin həb zərfə qoyularaq qablaşdırılmışdır. Zərf möhürlənmiş və zərfin üzərinə iştirakçılarla birlikdə imza etmişlər. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilərək ona və iştirakçılara oxunmuşdur. Protokolun məzmunu doğru olduğu üçün iştirakçılarla birlikdə protokola da imza etmişlər. O, Ramazan adlı şəxlə parkda təsadüfən görüşüb söhbət edərək ondan metadon almış, həmin vaxt onu ilk dəfə görmüşdür. Onun mobil nömrəsi, harada yaşaması barədə heç bir məlumatı yoxdur. Metadon həbini ağrıları olduğundan özü istifadə etmək üçün üzərində saxlamışdır. Əldə etdiyi həbdən heç kəsə satmamış, heç kəsə də istifadə etmək üçün verməmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, törətdiyi cinayət əməlini könüllü etiraf edir. Psixotrop maddəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə əməlindən səmimi peşman olmuşdur. Himayəsində iki azyaşlı uşağı vardır. Qeyd etdikləri nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid Lənkəran ŞRPŞ-nin Narkomaniyaya qarşı Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Lənkəran rayon Liman şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, üzərində saxlaması, gəzdirməsi barədə qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü xx.xx.2023-cü il tarixdə polis şöbəsinin rəhbərliyindən müvafiq icazə alındıqdan sonra onun tərəfindən şöbənin əməliyyat müvəkkilli Şahid2 və polis nəfəri Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 10:30-da Təqsirləndirilən şəxs ola biləcəyi əraziləri müşahidəyə götürmüşlər və onun Lənkəran şəhəri, Z.Əliyeva küçəsi ilə piyada getdiyini görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs də razılaşıb onlarla birlikdə polis şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Bundan sonra iki nəfər hal şahidi dəvət edilmiş və fotoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs də əynində olan gödəkcəsinin sol yan cibindən bir ədəd kağız büküm çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümdəki həbin metadon həbi olduğunu, özü qəbul etmək üçün üzərində saxladığını, həmin həbi tutulduğu gün Lənkəran şəhəri ərazisində Ramazan adlı şəxsdən 15 manata satın aldığını demişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş həmin həb ekspertizaya göndərilməsindən ötrü zərfdə qablaşdırılmış, zərf möhürlənmiş və üzərinə imza edilmişdir. Sonra qeyd olunan hərəkətlər barədə protokol tərtib edilmiş və iştirakçılar protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Lənkəran şəhəri Z.Əliyeva küçəsi ev 78/10 mənzil 42-də yaşayır. 2023-cü ilin oktyabr ayında, dəqiq tarixi xatırlamadığı bir gündə saat 11 radələrində Lənkəran ŞRPŞ-nin qarşısında olarkən polis əməkdaşlarından biri ona yaxınlaşıb üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli olan bir şəxsi polis şöbəsinə gətirdiklərini demiş və həmin şəxsin üzərində axtarış aparılmasında hal şahidi qismində iştirak etməsini təklif etmişdir. O da razılıq verərək polis əməkdaşı ilə birlikdə şöbənin inzibati binasına getmişdir. Ondan başqa əvvəllər tanımadığı, adını sonradan bildiyi Rahim adlı şəxs də hal şahidi qismində iştirak etmək üçün dəvət edilmişdir. Orada xidməti otaqların birində təhqiqatçı tərəfindən ona və Rahim adlı digər şəxsə hal şahidinin hüquq və vəzifələri izah edilmiş, sonra özünü Liman şəhər sakini Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs otağa gətirilmişdir. Polis əməkdaşları hal şahidlərinin və vəkilin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlamışlar. Həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs də əynində olan gödəkcəsinin sol yan cibindən bir ədəd kağız büküm çıxarıb təqdim edərək içərisində metadon həbi olduğunu, özü qəbul etmək üçün üzərində saxladığını, həmin həbi tutulduğu gün Lənkəran şəhəri ərazisində 15 manata satın aldığını demişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş həmin həb zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və fotoşəkillərdən müəyyən edilir ki, həmin tarixdə saat 11:10-dan başlayaraq Lənkəran ŞRPŞ-nin inzibati binasında polis əməkdaşları tərəfindən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun əynindəki gödəkcəsinin sol yan cibindən 1 ədəd kağız bükümün içərisində narkotik vasitə olan metadona bənzər 1 ədəd həb aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-X1 regional bölməsinin xx.xx.2023cü il tarixli 19/945 nömrəli rəyi və həmin tarixli aktla müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd həb....” sözləri və imzalar olan 1 ədəd zərfdəki 1 ədəd qəhvəyi rəngli dairəvi formalı həb metadon dərmanıdır, həbin təsiredici maddəsinin ümumi miqdarı:004 qramdır. Tədqiqat obyektinin 0,5 ədədi (yarısı) tədqiqata istifadə olunduqdan sonra 0,5 ədəd qalığı bağlamaya qoyularaq möhürlənmiş və geri qaytarılmışdır (Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir). İş materiallarına əlavə edilmiş Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Elgün Məmmədovun sübutların qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri aşkar olunmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 1 ədəd kağız bükümdə olan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan 0,5 ədəd metadon həbi maddi sübut qismində tanınmış və saxlanması üçün Lənkəran şəhər-rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran şəhər narkoloji xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticələrinə dair tərib edilmiş xx.xx.2023-cü il tarixli 976 nömrəli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər Psixiatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli 10903 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli qərardan və həmin tarixli tutma protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10:30-da polis əməkdaşları tərəfindən saxlanılaraq Lənkəran ŞRPŞ-nin Təhqiqat Bölməsinə gətirilmiş və həmin gün saat 11:00-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı iclasında tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(049)-291/2023 nömrəli qərarından müəyyən edilir ki, məhkəmənin həmin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu andan xx.xx.2023-cü il tarixdə saat 10:30-dan hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(049)-386/2023 nömrəli hökmündən, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli 98 nömrəli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər xx.xx.2023-cü il tarixli hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti cəza olaraq 2 il 5 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin cəza çəkilməmiş qalmışdır. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2080 nömrəli arayışdan və xx.xx.2023-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Hüseynli X2 rayonu, Liman şəhəri, S.Vurğun küçəsi, ev 25 ünvanında yaşayır. Təqsirləndirilən şəxs barəsində yaşadığı ərazi üzrə İcra Nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. O, yaşadığı ərazidə narkotik aludəçisi kimi tanınır. Təqsirləndirilən şəxs barəsində Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş 1(049)- 386/2023 nömrəli cinayət işi üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağı vardır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq, narkotik vasitəni tanımadığı şəxsdən aldığı barədə verdiyi ifadəsi ona elan edilmiş ittihamın mahiyyəti baxımından əhəmiyyət kəsb etmədiyindən məhkəmə bununla əlaqədar araşdırma aparmağa lüzum görmür. Onun tutulma yerinin ittihamda göstərildiyindən fərqli yerdə olması barədə verdiyi ifadəsi isə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən, ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edib özündə saxlasa da, polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilərkən onun həmin maddəni könüllü olaraq təqdim etdiyini və özünə məxsus olduğunu dərhal etiraf etdiyini, psixotrop maddəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüşdür və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirməyə çalışır. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, ona təyin ediləcək cəzanın islah olunmasına təsiri imkanlarını, habelə, təqsirləndirilən şəxsin əvvəlki hökm üzrə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətdiyinə görə məhkum edildiyini və yenə də eyni növlü cinayət törətdiyini onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alaraq Təqsirləndirilən şəxs hazırda ittiham edildiyi maddədə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayəti xx.xx.2023-cü il tarixdə (təqsirləndirilən şəxsin özünün qeyd etdiyi və ehtimal olunan tarix), yəni Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(049)-386/2023 nömrəli hökmü çıxarıldıqdan sonra törətmiş olsa da, cinayət hadisəsi hələ həmin hökm qanuni qüvvəyə minmədən törədilmiş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(049)-386/2023 nömrəli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 2 il 5 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir günü kimi hesablanmaqla, həmin cəza 1 il 2 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilməklə birləşdirilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən ona polinarkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut - Lənkəran şəhər-rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan, 0,5 ədəd metadon həbi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 60 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(049)-386/2023 nömrəli hökmü ilə təyin edilmiş 2 il 5 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir günü kimi hesablanmaqla, həmin cəza 1 il 2 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hazırki hökm üzrə təyin edilmiş 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilməklə qismən birləşdirilərək ona qəti olaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan - xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut - Lənkəran şəhər-rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan 0,5 ədəd metadon həbi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 60 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində, həbsdə saxlanılan şəxs tərəfindən isə hökmün ona verildiyi andan 20 gün müddətində həmin hökmdən Lənkəran Rayon Məhkəməsi vasitəsilə, bilavasitə və ya həbsdə saxlanılma yeri vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar