Məhkəmə qərarları › İş №1(049)-74/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-74/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-74/2023 02.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə saat 17:00 xx xxxxxxx 1998-ci il tarixdə Lənkəran Havzava kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Havzava kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə Lənkəran şəhərində istintaqla dəqiq müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 04 (dörd) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,159 qram, -0,286 qram, -0,273 qram və - 0,161 qram, ümumi təmiz çəkisi -0,879 qram olan şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən ağ rəngdə kristal formada psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, bu barədə məlumat alan Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 26 sentyabr 2022-ci il tarixdə, saat 15:20-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, Həzi Aslanov küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən həmin bükümdə və çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Lənkəran rayonu, Havzava kəndində yaşayır. Evlidir, bir övladı var. Heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. Psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. 26 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhəri, “Su səkkiz” deyilən ərazidə adını Nahid olaraq bildiyi şəxsdən öz şəxsi istifadəsi üçün 20 manat pulun müqabilində 04 ədəd bükümdə psixotrop maddə olan metamfetamin almışdır. Gələcəkdə istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2022ci il tarixdə Lənkəran şəhəri, H.Aslanov küçəsində olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin Lənkəran ŞRPŞ-nin əməkdaşı olduğunu deyib, onun psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Şöbənin inzibati binasında, xidməti otaqlardan birində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, vəkillə təyin edilmiş, vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməyi bildirildikdə əynindəki şalvarın sol yan cibindən 04 ədəd gümüşü rəngli kağıza bükülmüş psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarına təqdim etdiyi bükümlərin içərisinə baxış keçirilmiş və həmin bükümlərin içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Təqdim etdiyi kütlə zərfə qoyularaq qablaşdırılmış və sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə tutduğu əməlindən peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olmasını, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində törətdiyi cinayət əməlini etiraf etməsini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, o, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. Lənkəran rayon sakini Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etməsi, üzərində daşıması və saxlaması barədə daxil olmuş əməliyyat məlumatının doğruluğu onun tərəfindən yoxlanıldıqdan sonra raportla şöbə rəisinə məruzə edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərliyi özü etmiş, Lənkəran ŞRPŞ-nin PPXB-nün polis nəfərləri, polis kiçik serjantı Şahid3 və polis serjantı Şahid2 da qrupun üzvləri olmuşlar. 26 sentyabr 2022-ci il tarixdə, saat 15 radələrində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Lənkəran şəhəri, H.Aslanov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə, xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin olunmuş, videoçəkiliş vasitəsi ilə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsi bildirilildikdə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 04 ədəd gümüşü kağıza bükülmüş bükümü təqdim etmişdir. Həmin sellofan bükümlərə baxış keçirildikdə içərisində 04 ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 04 ədəd büküm olan psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkildikdən sonra ekspertizaya təqdim olunması üçün qablaşdırılmışdır. Aparılan şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş həmin kütlə özünə məxsus olduğunu, 26 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhəri, “Su səkkiz” deyilən ərazidə adını Nahid olaraq bildiyi tanımadığı şəxsdən 20 manat pulun qarşılığında əldə etdiyini və həmin psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Nahid adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün bir sıra əməliyyat axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə istintaqında Şahid3 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə saat 15:20-də şübhəli şəxs qismində tutulmuşdur. 26 sentyabr 2022-ci il tarixli şəxsi axtarışın keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş DVD diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 04 ədəd bükümlərdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin 04 ədəd psixotrop maddə olan metamfetaminin çəkisi 1,26 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr metamfetamindir, həmin kütlələr ona məxsusdur. Həmin kütlələri Lənkəran şəhəri, “Su səkkiz” adlanan ərazidə adını Nahid olaraq bildiyi tanımadığı şəxsdən 04 bükümdə, 20 manat qarşılığında almışdır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 27 sentyabr 2022-ci il tarixli 19/1034 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus bükümlər....” sözlər və imzalar olan zərfdəki, 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,159qr: -0,286 qr: -0,273 qr: -0,161 qram, ümumi təmiz çəkisi: -0,879 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi kompanent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 29 sentyabr 2022-ci il tarixli, 1025 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lənkəran Rayon Məhkəməsinin 4(049)-311/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 26 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Lənkəran Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 5(049)-370/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 26 sentyabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. 10 oktyabr 2022-ci il tarixli, 831 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda olmamışdır. Sübutların qiymətləndirilməsi haqqında 25 noyabr 2022-ci il tarixli qərardan görünür ki, 04 (dörd) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,159 qram, -0,286 qram, -0,273 qram və -0,161 qram, ümumi təmiz çəkisi -0,879 qram psixotrop maddə metamfetamin və şəxsi axtarışın görüntüləri olan DVD disk maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,679 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini nə vaxt, harada və kimdən əldə etməsi, psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının əməliyyat yolu ilə müəyyən edilməsindən ötrü verilmiş əməliyyat tapşırığının icra edilməsi ilə bağlı verilmiş raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini nə vaxt, harada və kimdən əldə etməsini müəyyən etmək məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Havzava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 sentyabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu Havzava kəndində atası, anası, qardaşı, arvadı və xx.xx.2022-ci il təvəllüdlü oğlu ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü X1 atası hesab edilmişdir. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu, İstisu qəsəbəsində doğulmuş X1 atası Təqsirləndirilən şəxs, anası isə X2r. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4cü, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 26 sentyabr 2022-ci il tarixdən 02 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 04 ay 7 gün, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 08 ay 14 gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, CM-nin 93.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzası üzrə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq qalan dörd ədəd bükümdə 0,679 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdən 02 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 04 ay 7 gün, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 08 ay 14 gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il 03 ay 16 gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı ünvanı təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan dörd bükümdə 0,679 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. Ekspertiza xərci 60 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar