Məhkəmə qərarları › İş №1(049)-79/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-79/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-79/2024 14.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 16:00 Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Lənkəran şəhəri H.Əliyev prospekti 217A ünvanında qeydiyyatda olan və ünvan 2də “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 2023-cü ilin iyun ayının sonlarında Lənkəran şəhər sakini olan tanışı Zərərçəkmiş şəxs1 pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, bu məqsədlə Zərərçəkmiş şəxs1 guya ona 1500 manat pul verəcəyi halda, aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən ünvanlı sosial yardım düzəltməkdə köməklik edəcəyinə dair yalan vədlər verərək, sonuncunu özünə inandırıb etibarını qazandıqdan sonra, Zərərçəkmiş şəxs1 ona olan inam və etibarından sui-istifadə edərək, vahid niyyətlə, razılaşdıqları məbləğin 500 manatını 2023-cü ilin iyun ayının sonlarında Lənkəran şəhəri, H.Əliyev prospektində yerləşən “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X13 X5 Mərkəzin (keçmiş X2) qarşısında, 300 manatını 2023-cü ilin iyul ayının əvvəlində və 700 manatını həmin ilin iyul ayının sonlarında Lənkəran şəhəri, Nizami küçəsində fəaliyyət göstərən “Mərkəzi Bazar”ın ərazisində olmaqla, ümumilikdə 1500 (min beş yüz) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 qəbul etməklə, etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 həmin məbləğdə pul vəsaitini ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2023-cü ilin iyul ayının sonlarında Lənkəran şəhər sakini olan tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanıdığı sonuncunun bacısı, Lənkəran rayonu, İstisu qəsəbə sakini Zərərçəkmiş şəxs2 pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, bu məqsədlə Zərərçəkmiş şəxs2 guya ona 1200 manat pul verəcəyi halda, aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən ünvanlı sosial yardım düzəltməkdə köməklik edəcəyinə dair yalan vədlər verərək, sonuncunu özünə inandırıb etibarını qazandıqdan sonra, Zərərçəkmiş şəxs2 ona olan inam və etibarından sui-istifadə edərək, vahid niyyətlə, razılaşdıqları məbləğin 500 manatını 26 iyul 2023-cü il tarixdə Lənkəran şəhəri, M.Mustafaxan küçəsində fəaliyyət göstərən "xxxx" ASC-nin Lənkəran filialının qarşısında və 700 manatını 30 iyul 2023-cü il tarixdə Lənkəran şəhəri, Nizami küçəsində fəaliyyət göstərən “Mərkəzi Bazar”ın ərazisində olmaqla, ümumilikdə 1200 (min iki yüz) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 qəbul etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 həmin məbləğdə pul vəsaitini ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2023-cü ilin avqust ayının əvvəlində Lənkəran şəhər sakini olan tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanıdığı sonuncunun qardaşı, Lənkəran rayonu, Ürgə kənd sakini Zərərçəkmiş şəxs3 pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, bu məqsədlə Zərərçəkmiş şəxs3 guya ona 1000 manat pul verəcəyi halda, aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən ünvanlı sosial yardım düzəltməkdə köməklik edəcəyinə dair yalan vədlər verərək, sonuncunu özünə inandırıb etibarını qazandıqdan sonra, Zərərçəkmiş şəxs3 ona olan inam və etibarından sui-istifadə edərək vahid niyyətlə, 2023-cü ilin avqust ayının əvvəlində razılaşdıqları məbləğin 600 manatını Lənkəran şəhəri, Nizami küçəsində fəaliyyət göstərən “Mərkəzi Bazar”ın ərazisində Zərərçəkmiş şəxs3 özündən və 400 manatını Lənkəran şəhəri, M.Mustafaxan küçəsində fəaliyyət göstərən “Bazarstore” supermarketin yaxınlığında sonuncunun tapşırığı ilə bacısı Zərərçəkmiş şəxs1 qəbul etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 ümumilikdə 1000 (min) manat məbləğdə pul vəsaitini ələ keçirərək təkrar dələduzluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında arvadı Günay, övladları Ramella və Ruqəyya ilə birlikdə yaşayır. Rüqəyyanın ayağında xəstəlik vardır. Ayağının biri uzun, biri isə qısadır. Bunun üçün Rüqəyya əməliyyat olunmalı imiş və ona pul lazım olmuşdur. O, Lənkəran şəhərində yerləşən şadlıq saraylarında bufetdə, üzür məclislərində isə offisant işləməklə ailəsini dolandırır. Hər toydan təxminən 80-100 manat alır. Zərərçəkmiş şəxs1 təxminən 2023-cü ilin may ayından etibarən tanıyır. Gülnarə də onun kimi şadlıq sarayında bufetdə çalışmışdır. Gülnarənin evinə bir neçə dəfə gedib gəlmişdir. Gülnarənin ailə üzvləri onu tanımışdır. Həmin ərəfədə o, özünə ünvanlı sosial yardım düzəltmişdir. Ona ayda 201 manat olmaqla sosial yardım verilmişdir. Gülnarə bunu bildiyində onun üçün də ünvanlı sosial yardım düzəltməyini istəmişdir. O, Gülnarəyə köməklik edəcəyini demişdir. Gülnarəyə demişdir ki, bu işin qarşılığında müəyyən məbləğdə pul verməlidir. Gülnarə də onunla razılaşıb pul verə biləcəyini demişdir. O, Gülnarəyə bu işin həlli üçün 1500 manat pul lazım olacağını demişdir. Gülnarə onunla razılaşsa da həmin məbləği birdəfəlik verə bilməyəcəyini, hissə-hissə pulu ona verə biləcəyini demişdir. Gülnarəyə ünvanlı sosial yardım alan zaman birdəfəlik hesabına 1000 manatdan artıq pul köçürüləcəyini demişdir. Bunun üçün Gülnarədən şəxsiyyət vəsiqəsinin surətini, yaşayış yerindən arayış və uşaqlarının şəxsiyyət vəsiqəsinin surətlərini istəmişdir. Gülnarə sənədləri toplayıb 2023-cü ilin iyun ayının sonlarında, Lənkəran şəhəri H.Əliyev prospektində yerləşən “diaqnostika mərkəzi”nin qarşısında sənədləri 500 manatla birlikdə ona vermişdir. Həmin vaxtı Gülnarə tək olmuşdur. Onun da yanında heç kim olmamışdır. Sənədləri və pulu Gülnarədən aldıqdan sonra bir neçə günə əlaqə saxlayacağını, işin bir neçə günə həll olunacağını demişdir. 2023-cü ilin iyul ayının əvvəllərində Gülnarəyə zəng edib işin həll olunması üçün əlavə qalan pulu da verməli olduğunu demişdir. Gülnarəyə demişdir ki, Lənkəran rayon mərkəzi xəstəxanasında xadimə kimi Gülnarənin işləməsi göstərilməlidir. Bunun üçün də əlavə pul lazımdır. Gülnarə 300 manatının olduğunu bildirmişdir. Gülnarə ilə iyul ayının əvvəllərində Lənkəran şəhəri Mərkəzi bazarında “Astara qazelləri” dayanan ərazidə görüşüb 300 manatı da Gülnarədən almışdır. Həmin vaxtı o, tək olmuşdur. Gülnarənin anası Lalabəyim isə Gülnarənin yanında olmuşdur. Sonra Gülnarəyə 700 manatı da verməsini, yoxsa işinin düzəlməyəcəyini bildirmişdir. İyul ayının sonlarında Gülnarə ilə “Mərkəzi bazarda” avtobus dayanacağının yaxınlığında görüşüb 700 manatı Gülnarədən almışdır. Həmin vaxtı da tək olmuşdur. Bundan başqa Gülnarənin bacısı Elnurə də həmin ərəfələrdə ondan ünvanlı sosial yardım düzəltməyini istəmişdir. Elnurə ilə Lənkəran şəhərində görüşmüşlər. Elnurəyə sosial yardım verilməsi üçün adına iş yeri göstərilməli olduğunu, bundan başqa sənəddə əri ilə boşanmalı olduğunu, bundan sonra sosial yardım veriləcəyini bildirmişdir. Bunun üçün ümumilikdə 1200 manat pulunun çıxacağını, bütün işləri özünün görəcəyini bildirmişdir. Elnurədən özünün və uşaqlarının şəxsiyyət vəsiqələrinin surətlərini almışdır. xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri Mirmustafaxan küçəsində yerləşən “Rabitə bank”-ın qarşısında 500 manatı Elnurə ilə görüşüb Elnurədən almışdır. Elnurəyə boşanma işləri üçün vəkilə pul verilməli olduğunu demişdir. Həmin vaxtı Gülnarə də Elnurənin yanında olmuşdur. Bundan sonra qalan 700 manat pulu xx.xx.2023cü il tarixdə Lənkəran şəhəri Mərkəzi bazarında, avtobusların durduğu əraziyə yaxın yerdə Elnurə ilə görüşüb pulu Elnurədən almışdır. Həmin vaxtı Gülnarə Elnurənin yanında olmuşdur. O, isə tək olmuşdur. Elnurəyə avqust ayının əvvəllərində 2 uşağa görə 400 manat hər ay ünvanlı sosial yardım veriləcəyini demişdir. Boşanma işləri üçün Lənkəran rayon vəkil bürosunun vəkili Vəliəhəd adlı vəkilin yanına da Elnurəni aparmışdır. Lakin Elnurədən pulları alıb xərclədiyindən vəkillə müqavilə bağlamaq üçün pulu qalmamış və müqavilə üçün pul köçürə bilməmişdir. Bundan başqa Gülnarə qardaşı Elsevər üçün də ünvanlı sosial yardım düzəltmək istədiyini ona demişdir. Gülnarə onunla danışdıqdan sonra Elsevərlə Lənkəran şəhərində görüşmüşlər. Elsevərə sosial yardım verilməsi üçün adına iş yeri göstərilməli olduğunu, bunun üçün ümumilikdə 1000 manat pul verməli olduğunu demişdir. Elsevərdən özünün və ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətlərini almışdır. 2023-cü ilin avqust ayının əvvəllərində Elsevərlə Lənkəran şəhəri Mərkəzi bazarında, avtobusların durduğu əraziyə yaxın yerdə görüşüb 600 manat pulu Elsevərdən almışdır. Həmin vaxtı o, tək olmuş, Elsevərin də yanında heç kim olmamışdır. Elsevərə avqust ayının sonlarında 2 uşağa və anasına görə ümumilikdə 500 manat sosial yardım hər ay veriləcəyini demişdir. Bundan başqa 2023-cü ilin avqust ayının əvvəllərində Lənkəran şəhəri Mərkəzi bazarın ətrafında yerləşən “Bazarstore” mağazasının yaxınlığında Gülnarəyə ilə görüşüb Elsevərin verdiyi 400 manatı Gülnarədən almışdır. Maddi vəziyyəti yaxşı olmadığı və uşağının əməliyyatı üçün Gülnarə, Elnurə və Elsevərdən aldığı pulları öz ehtiyaclarına xərcləmişdir. Həmin şəxslər ona dəfələrlə iş barədə soruşduqda hər dəfə onları aldadaraq ayın sonunda telefonlarına mesaj gələcəyini, Kapital banka gedib kartlarını və pullarını alacaqlarını bildirmişdir. Gülnarə, Elnurə və Elsevər ondan pullarını geri istədikdə o, həmin şəxslərdən müəyyən vaxt istəyib pullarını geri verəcəyini demişdir. O, Elnurə, Gülnarə və Elsevərdən pulu özü almış, onunla heç kim əlbir olmamışdır. Pulları alarkən heç kimin vasitəsilə işini düzəltmək barədə fikirləşməmişdir və heç kimə bu barədə deməmişdir. O, Gülnarə, Elnurə və Elsevərə işi tanışının vasitəsilə düzəldəcəyini demişdir. Etdiyi əməldən peşmandır. Pulları tez bir zamanda qaytarmağa çalışacaqdır. O, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 adına ünvanlı sosial yardım düzəltmək adı ilə yalan vəd verib pullarını alarkən hər hansı bir vəzifədə çalışmamış, heç bir səlahiyyəti olmamışdır. Sosial yardım düzəltmək üçün heç kimə, heç yerə müraciət etməmişdir. Zərərçəkmiş şəxslərə dəymiş zərəri qismən ödəmişdir. Etdiyi əməldən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında 2 övladı ilə birlikdə yaşayır. X11 təxminən bir ildir ki, boşanmışdır. Rəsmi olaraq heç bir yerdə işləmir. Lənkəran şəhərində evlərdə təmizlik işləri görür, bəzən isə şadlıq saraylarında bufetdə çalışmaqla dolanır. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs tanıyır. Namiqlə heç bir qərəzli münasibəti olmamışdır. Namiqi 2023-cü ilin may ayından tanımışdır. Belə ki, Namiqlə birlikdə şadlıq sarayında bufetdə çalışarkən tanış olmuşdur. 2023-cü ilin iyun ayında onun maddi vəziyyəti yaxşı olmamışdır. Özü üçün sosial yardım düzəltmək istəyirmiş. Həmin ərəfədə Namiq ona demişdir ki, sosial yardım düzəltdirmişdir. Əgər istəyirsə onun üçün də düzəldə bilər. Onun da maddi imkanı yaxşı olmadığı üçün Namiqdən onun üçün də sosial yardım düzəltdirməsini istəmişdir. Namiq ona bu işin qarşılığında müəyyən məbləğdə pul verməli olduğunu demişdir. O, da Namiqlə razılaşmışdır. Namiq demişdir ki, bu işin həlli üçün təxminən 1000 manatdan artıq pul çıxacaqmış. Sosial yardım alan zaman birdəfəlik ona 1000 manatdan artıq pul kart hesabına köçürüləcəkdir. Həmçinin Namiq ondan şəxsiyyət vəsiqəsinin surətini, yaşayış yerindən arayış və uşaqlarının şəxsiyyət vəsiqəsinin surətlərini istəmişdir. O, da sənədləri toplayıb 2023-cü ilin iyun ayının sonlarında, Lənkəran şəhəri H.Əliyev prospektində yerləşən “diaqnostika mərkəzi”nin qarşısında Namiqə 500 manat vermişdir. Həmin vaxtı o, tək olmuşdur. Namiq isə oraya dövlət nömrə nişanını xatırlamadığı VAZ2107 markalı avtomobillə gəlmişdir. Namiq sənədləri və pulu ondan aldıqdan sonra bir neçə günə onunla əlaqə saxlayacağını, işinin bir neçə günə həll olunacağını demişdir. 2023-cü ilin iyul ayının əvvəllərində Namiq ona işin həll olunması üçün əlavə yenə də pul verməli olduğunu demişdir. Namiq ona demişdir ki, onun Lənkəran rayon mərkəzi xəstəxanasında xadimə kimi işlədiyini göstərməlidir və bunun üçün əlavə pul lazımdır. O, da Namiqə inanıb Lənkəran şəhəri Mərkəzi bazarda “Astara qazelləri” dayanan ərazidə Namiqlə görüşüb 300 manat da vermişdir. Namiq həmin vaxtı oraya tək gəlmişdir. Anası Lalabəyim isə onun yanında olmuşdur. Bundan sonra o, Namiqdən işin düzəlib-düzəlmədiyini soruşduqda Namiq ona əlavə 700 manat da verməli olduğunu demişdir. O, Namiqə demişdir ki, artıq pulu yoxdur. Namiq isə həmin pulu tapıb verməli olduğunu, əks halda işinin düzəlməyəcəyini bildirmişdir. O, tanışlarından 700 manat borc tapıb iyul ayının sonlarında Namiqlə “Mərkəzi bazarda” avtobus dayanacağının yaxınlığında görüşüb 700 manatı Namiqə vermişdir. Həmin vaxtı o, tək olmuşdur. Bundan sonra o, dəfələrlə Namiqdən işi barədə soruşduqda Namiq hər dəfə ona yalan vədlər verərək gah ayın sonunda telefonuna mesaj gələcəyini, gah da Kapital banka gedib kartını və pulunu alacağını bildirmişdir. Namiq onu bir neçə ay dolandırdıqdan sonra o, xəstəxanadan və “DSMF”-nin Lənkəran filialından maraqlandıqdan sonra orada onun heç bir sənədinin olmadığını, portalda adının olmadığını öyrənib Namiqə zəng vurmuşdur. Namiqdən pulunu geri istəmişdir. Namiq ona pulunun olmadığını və pulu geri verməyəcəyini demişdir. Namiq onun adına sosial yardım düzəltmək adı ilə aldadaraq ümumilikdə 1500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Namiqin artıq ona pulu qaytarmayacağını görüb xx.xx.2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Namiqə sosial düzəltmək üçün pul verdiyini anası təsdiq edə bilər. Namiq onun adına sosial yardım düzəltmək üçün pulunu alarkən konkret kimin vasitəsi ilə düzəldəcəyini deməmişdir. Lakin işi hansısa tanışının vasitəsilə görəcəyini demişdir. Bundan başqa Namiq eyni vədlə bacısı Elnurədən 1200 manat, qardaşı Elsevərdən isə 1000 manat pul alaraq onları da aldatmışdır. X8 verdiyi 400 manatı 2023cü ilin avqust ayının əvvəllərində Lənkəran şəhəri Mərkəzi bazar ətrafında yerləşən “Bazarstore” mağazasının yaxınlığında o, əlbəəl vermişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş madi ziyanın 500 manatını ödənilmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın verilməsini məhkəmədən xahiş etmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu İstisu qəsəbəsində əri Səyyad və 2 övladı ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs tanıyır. Namiqlə heç bir qərəzli münasibəti olmamışdır. O, gözü ilə bağlı pensiya alırmış. Maddi vəziyyəti yaxşı olmadığı üçün özünə sosial yardım düzəltmək istəyirmiş. Bunun üçün müraciət etsə də ona qayınatanın mal-qarası olduğu üçün yardım düşmədiyini bildirmişlər. Bacısı Gülnarə şadlıq evlərində bufetdə çalışmaqla dolanır. Gülnarə də onun kimi sosial yardım düzəltmək istəyirmiş. 2023-cü ilin iyul ayının sonlarında bacısı Gülnarə ona demişdir ki, Namiq onun üçün sosial yardım düzəldəcəkdir. Belə ki, Gülnarə ona demişdir ki, Namiqə sosial yardım düzəltmək üçün 1500 manat pul vermişdir. O, bacısına onun üçün də sosial düzəldə bilib bilməyəcəyini Namiqdən soruşmasını istəmişdir. Bacısı Namiqlə danışdıqdan sonra onu Namiqlə Lənkəran şəhərində görüşdürmüşdür. Namiq ona demişdir ki, sosial yardım verilməsi üçün adına iş yeri göstərməlidir. Həmçinin sənəddə əri ilə boşanmalı, bundan sonra tək ana kimi ona sosial yardım veriləcəkmiş. Bunun üçün ümumilikdə 1200 manat pul verməlidir. Namiq özü bütün sənədləşmə işlərini görəcəkdir. Ondan özünün və uşaqlarının şəxsiyyət vəsiqələrinin surətlərini almışdır. xx.xx.2023-cü il tarixdə özünə məxsus qızıllarını “Rabitə bank”-da girov qoyub 600 manat pul götürmüş və həmin günü həmin pulun 500 manatını bankın qarşısında Lənkəran şəhəri Mirmustafaxan küçəsində Namiqə vermişdir. Namiq ona demişdir ki, boşanma işləri üçün vəkilə pul verməlidir və bunun üçün onu tələsdirirmiş. Namiqə pulu verərkən bacısı Gülnarə yanımda olmuşdur. Bundan sonra qalan 700 manat pulu Namiqə xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri Mərkəzi bazarında, avtobusların durduğu əraziyə yaxın yerdə vermişdir. Həmin vaxtı da bacısı Gülnarə yanımda olmuşdur. Namiq isə tək olmuşdur. Namiq ona demişdir ki, avqust ayının əvvəllərində ona sosial yardım veriləcəkdir. Belə ki, Namiqin deməsinə görə ona 2 uşağa görə 400 manat hər ay sosial yardım verilməli imiş. Bundan sonra o, dəfələrlə Namiqdən işi barədə soruşduqda Namiq hər dəfə ona yalan vədlər verərək gah ayın sonunda onun telefonuna mesaj gələcəyini, gah da Kapital banka gedib kartını və pulunu alacağını bildirmişdir. Namiq boşanma işləri üçün Lənkəran rayon vəkil bürosunun vəkili Vəliəhəd adlı vəkilin yanına da onu aparmışdır. O, Namiqin onu aldatdığını hiss edib vəkil Vəliəhədin yanına getmişdir. Vəliəhəd ona demişdir ki, Namiq sənədləşmə işləri üçün müqavilə bağlamalı imiş, lakin müqavilə bağlamadığı üçün onun sənədləşmə işləri dayanmışdır. O, Namiqin onu aldatdığını görüb Namiqə zəng vurub pulunu istəmişdir. Namiq ona pulunun olmadığını və pulu geri verməyəcəyini demişdir. Namiq onun adına sosial yardım düzəltmək adı ilə aldadaraq ümumilikdə 1200 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Namiqin artıq ona pulu qaytarmayacağını görüb xx.xx.2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Namiq onun adına sosial yardım düzəltmək üçün pulunu alarkən konkret kimin vasitəsi ilə düzəldəcəyini ona deməmişdir. Lakin işi hansısa tanışının vasitəsilə görəcəyini demişdir. Bundan başqa Namiq eyni vədlə bacısı Gülnarədən 1500 manat, qardaşı Elsevərdən isə 1000 manat pul alaraq onları da aldatmışdır. Lənkəran ŞRPŞ-yə müraciət etdikdən sonra Namiq onlara ərizələri geri götürəcəkləri təqdirdə pullarını geri qaytaracağını, əks təqdirdə pulları verməyəcəyini demişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş madi ziyanın 500 manat hissəsi ona ödənilmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın verilməsini məhkəmədən xahiş etmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Ürgə kəndində arvadı, anası, atası və 2 övladı ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Fəhləlik etməklə ailəsini dolandırır. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs tanıyır. Heç bir qərəzli münasibəti yoxdur. Namiqi 2023-cü ilin iyun ayından bəri tanımışdır. Belə ki, bacısı Gülnarə şadlıq saraylarında bufetdə çalışırmış. Namiq də Gülnarə ilə birlikdə çalışırmış. Bu səbəbdən Namiq bir neçə dəfə onun evində olmuşdur. Maddi vəziyyəti yaxşı olmadığı üçün özünə sosial yardım düzəltmək istəyirmiş. Bunun üçün müraciət etsə də ona yardım düşmədiyini bildirmişlər. Gülnarə də onun kimi sosial yardım düzəltmək istəyirmiş. 2023-cü ilin avqust ayının əvvəllərində bacısı Gülnarə ona demişdir ki, Namiq onun üçün sosial yardım düzəldəcəkdir. Həmçinin Gülnarə ona demişdir ki, digər bacısı Elnurə üçün də Namiq sosial düzəldəcəkdir. Bunun görə Gülnarə Namiqə sosial yardım düzəltmək üçün 1500 manat, Elnurə isə 1200 manat pul vermişdir. O, bacısına onun üçün də Namiqin sosial yardım düzəlməsini istəmişdir. Bacısı Namiqlə danışdıqdan sonra onu Namiqlə Lənkəran şəhərində görüşdürmüşdür. Namiq ona demişdir ki, ona sosial yardım verilməsi üçün adına iş yeri göstərməlidir, bundan sonra ona sosial yardım veriləcəkdir. Bunun üçün ümumilikdə 1000 manat pul verməlidir. Namiq özü bütün sənədləşmə işlərini görəcəkdir. Ondan özünün və ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətlərini almışdır. 2023-cü ilin avqust ayının əvvəllərində Namiqlə Lənkəran şəhəri Mərkəzi bazarında, avtobusların durduğu əraziyə yaxın yerdə görüşüb 600 manat pulu Namiqə vermişdir. Həmin vaxtı o, tək olmuşdur, Namiqin də yanında heç kim olmamışdır. Namiq ona demişdir ki, avqust ayının sonlarında ona sosial yardım veriləcəkdir. Belə ki, Namiqin deməsinə görə ona 2 uşağa və anasına görə ümumilikdə 500 manat hər ay sosial yardım verilməliymiş. 400 manat pulu isə avqust ayının əvvəllərində xatırlamadığı tarixdə bacısı Gülnarəyə vermişdir ki, Namiqə versin. Həmin vaxtı da bacısı Gülnarənin deməsinə görə Namiqlə Lənkəran şəhəri Mərkəzi bazarın ətrafında yerləşən “Bazarstore” mağazasının yaxınlığında görüşüb 400 manatı Namiqə vermişdir. Bundan sonra o, dəfələrlə Namiqdən işi barədə soruşduqda Namiq hər dəfə ona yalan vədlər pulunu alacağını bildirmişdir. O, Namiqin onu aldatdığını görüb Namiqə zəng vurub pulunu istəmişdir. Namiq ona pulunun olmadığını və pulunu geri verməyəcəyini demişdir. Namiq onu sosial yardım düzəltmək adı ilə aldadaraq ümumilikdə 1000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Namiqin artıq ona pulu qaytarmayacağını, bacılarının da Namiqdən polisə şikayət etdiyini görüb xx.xx.2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Namiq onun adına sosial yardım düzəltmək üçün pulunu alarkən konkret kimin vasitəsi ilə işi düzəldəcəyini deməmişdir. Lakin işi hansısa tanışının vasitəsilə görəcəyini demişdir. Bundan başqa Namiq eyni vədlə bacıları Gülnarədən 1500 manat, Elnurədən isə 1200 manat pul alaraq onları da aldatmışdır. Lənkəran ŞRPŞ-yə müraciət etdikdən sonra Namiq onlara ərizələrini geri götürəcəkləri təqdirdə pulları geri qaytaracağını, əks təqdirdə pulları verməyəcəyini demişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Ürgə kəndində əri Əliəkbərlə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Ürək xəstəsidir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Namiqi 2023-cü ilin iyul ayından etibarən tanımışdır. Belə ki, Namiq qızı Gülnarə ilə birlikdə şadlıq saraylarında bufetdə çalışırmış. Namiq bir neçə dəfə yaşadığı evdə də olmuşdur. Namiq 2023-cü ilin iyun ayında qızına demişdir ki, özü üçün sosial yardım düzəltdirib. Qızı Gülnarə özü üçün də sosial yardım düzəltdirməsini Namiqdən istəmişdir. Belə ki, Namiq qızı Zərərçəkmiş şəxs1 adına sosial yardım düzəltmək adı ilə aldadaraq ümumilikdə 1500 manat pulunu, digər qızı Zərərçəkmiş şəxs2 Əliəkbər qızını aldadaraq ümumilikdə 1200 manat pulunu, oğlu Zərərçəkmiş şəxs3 Əliəkbər oğlunu aldadaraq ümumilikdə 1000 manat pulunu ələ keçirmişdir. Qızı Gülnarə 1500 manat puldan 300 manatı onun yanında 2023-cü ilin iyul ayının əvvəllərində Lənkəran şəhəri Mərkəzi bazarda “Astara qazelləri” dayanan ərazidə Namiqə vermişdir. Həmin vaxtı Namiq tək olmuşdur. Namiq Gülnarənin xəstəxanada xadimə kimi işə düzəltdirdiyini bildirib 300 manatı Gülnarədən almışdır. Daha sonra isə əlavə 700 manat da Gülnarədən almışdır. Övladları və şəxsən dəfələrlə Namiqdən pulları geri istəsələr də Namiq onlara pulu verməkdən imtina edir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməllərini törətməsi faktı özünün etirafedici ifadəsi və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 Ələkbər qızı müxtəlif vaxtlarda ümumilikdə 3 dəfə (1-ci müraciət xx.xx.2022-ci ildə, 2-ci müraciət xx.xx.2023-cü ildə, 3-cü müraciət xx.xx.2023-cü ildə) şifahi olaraq filiala müraciət etmiş və əlavə hər hansı bir sənəd təqdim etməmişdir. Vətəndaşın hər üç müraciəti qeydiyyata alınaraq filial əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq tam cavablandırılmışdır. Məktubda adı keçən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Regional filialda hər hansı müraciəti qeydə alınmamışdır. İş üzrə verilmiş əməliyyat tapşırığının cavabından görünür ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs 2023-cü ilin yay aylarında Lənkəran rayon sakinləri Zərərçəkmiş şəxs1 adına sosial yardım düzəltmək adı ilə aldadaraq ümumilikdə 1500 manat pulunu, Zərərçəkmiş şəxs2 adına sosial yardım düzəltmək adı ilə aldadaraq ümumilikdə 1200 manat pulunu, Zərərçəkmiş şəxs3 adına sosial yardım düzəltmək adı ilə aldadaraq ümumilikdə 1000 manat pulunu alaraq onları aldatmışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayətləri törədərkən hər hansı bir şəxslə qabaqcadan əlbir olması barədə məlumat əldə edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs Suraxanı rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə cəzası təyin edilmiş və cəriməni tam ödəmişdir. Lənkəran rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini dövlət büdcəsinə tam olaraq ödəmiş və xx.xx.2015-ci il tarixdə Lənkəran rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 698 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci ildən Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında baş beynin üzvi xəstəliyi nəticəsində yaranan davamlı astenonevrotik pozuntu, intelektin enməsi diaqnozu ilə qeydiyyatdadır. İş üzrə təyin edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3037 saylı rəyindən görünür ki, Məhkəmə-psixiatrik ekspertizası üzrə: Təqsirləndirilən şəxs Üzvi şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən psixi pozuntu o dərəcədə ifadə olunmamışdır ki, onu ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il arixdə saat 12:00-da polis əməkdaşları tərəfindən yaxalanaraq Lənkəran ŞRPŞ-nə gətirilmişdir. Lənkəran Rayon Məhkəməsinin 4(049)-288/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək, o, dərhal məhkəmə zalında həbsdən azad edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, 18 oktyabr 2023-cü il tarixdə Hüseynov Vidadi oğlu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyana görə 500 manat ödənilmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyana görə 500 manat ödənilmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 23 oktyabr 2023-cü il tarixli yaşayış yerindən arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri: həyat yoldaşı 1987-ci il təvəllüdlü X7, övladları 2017-ci il təvəllüdlü X3 və 2018-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 7 ünvanında yaşayır və yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, dəymiş ziyanı qismən ödədiyini, yaşayış yerindən müsbət xarakterizə olunduğunu və himayəsində azyaşlı uşaqlarının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 16 oktyabr 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 3 gün müddət (həbsdə saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla) azadlığın məhdudlaşdırılması cəzasının 6 gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddianın və müsadirə olunmalı əmlakın olmaması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxslər tərəfindən vurulmuş ziyana görə mülki iddia vermədiyindən onlara vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 03 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar