Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-8/2024 03.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15.00 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx xxxx 1984-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, 2022-ci ilin iyun ayında, Lənkəran şəhərində məlum olmayan mənbədən və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd sellofan kəsiyi bükümündə, təmiz çəkisi 1,416 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 29 iyun 2022-ci il tarixdə, saat 18:30-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinin ünvanı ünvan 2ilən şəxsi axtarış zamanı əynindəki cins şalvarının sol yan cibindən qeyd edilən çəkidə və bükümdə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə o, 2022-ci ilin avqust ayında, Lənkəran şəhərində məlum olmayan mənbədən və şəraitdə, satış məqsədilə qanunsuz olaraq 5 ədəd sellofan bükümündə, eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 0,273 qram, 0,316 qram, 0,305 qram, 0,250 qram, 0,241 qram; ümumi təmiz çəkisi 1,385 qram olan eyni tərkibli tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, həmçinin bir ədəd işlək vəziyyətdə elektron tərəzini əldə edib üzərində saxlamaqla daşımış, 31 avqust 2022-ci il tarixdə saat 18:15 dəqiqədə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, M.Ağayev küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirilmiş və polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən qeyd edilən bükümlərdə və çəkilərdə narkotik vasitə heroin, üzərində heroin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə tam təqsirli, CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 29 iyun 2022-ci il tarixdə, saat 18:30da Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin əməkdaşları tərəfindən Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinin binasına gətirilmiş və üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki cins şalvarının sol yan cibindən bir bükümdə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Həmin əməlindən hazırda peşmandır. Lakin ona qarşı irəli sürülmüş CM-nin 234.2-ci maddəsi ilə razı deyil. Belə ki, 31 avqust 2022-ci il tarixdə müstəntiq Məhəmməd ona zəng edərək, imza etməsi üçün polis şöbəsinə gəlməli olduğunu bildirmişdir. O, da müstəntiqin çağırışına əsasən, polis şöbəsinə gedərkən yolda polis şöbəsinin yaxınlığında polis əməkdaşları onu saxlayaraq şöbəyə aparmışlar. Polis şöbəsində Heydər, Babək və digər əməkdaşlar tərəfindən döyülərək, narkotik vasitənin və tərəzinin özünə məxsus olduğunu bildirməsini ondan tələb ediblər. Bununla razılaşmayacağı təqdirdə evindən 2 kiloqram narkotik vasitə çıxaracaqları ilə onu təhdid ediblər. Mütəmadi olaraq narkotik vasitə olan metamfetamindən istifadə edir və həmin narkotiki Lənkəranda yerləşən bazar ərazisində tanımadığı şəxsdən alır. Lakin heç vaxt narkotik vasitə satmamış, üzərində elektron tərəzi olmamışdır. Narkotik vasitə heroin və elektron tərəzi onun üzərinə onu tutan polis əməkdaşları tərəfindən qoyulmuşdur. Ona polis əməkdaşları tərəfindən zor tətbiq edildiyi üçün məcbur olub yazılanlara imza etmişdir. İstifadəsində olan və Məhəmməd adlı müstəntiqin ona zəng etdiyi mobil nömrəni xatırlamır. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan edilərək tədqiq edilmiş təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “subaydır, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 78/16, mənzil 35-də qardaşı və bacısı ilə birlikdə yaşayır. Uzun müddətdir ki, narkotik vasitə heroin istifadə edirmiş, son zamanlar psixotrop maddə metamfetamindən istifadə edirmiş. Psixotrop maddəni Lənkəran şəhəri böyük bazar ərazisində üzdən tanıdığı, lakin şəxsiyyəti ilə bağlı hər hansı bir məlumata malik olmadığı şəxslərdən alırmış. Sonuncu dəfə 29 iyun 2022-ci il tarixdə səhər saatlarında Lənkəran şəhəri böyük bazar ərazisinə gedib orada əvvəllər bir neçə dəfə psixotrop maddə aldığı şəxsi görüb ona yaxınlaşmışdır, ondan şəxsi istifadəsi üçün bir büküm psixotrop maddə metamfetamin almış və istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün axşam saat 18 radələrində Lənkəran şəhəri Zərifə Əliyeva küçəsinə - 14 nömrəli binanın qarşısına getmişdir. Orada məhəllədən tanıdığı İqbal və Xəlili görmüşdür və onlara yaxınlaşmışdır. Onlarla söhbət edən zaman tanımadığı üç şəxs onlara yaxınlaşmışdır. Onlar özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Polis əməkdaşlarından biri onlara narkotik vasitələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatı olduğunu deyib onları Baş Nakotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin inzibati binasına dəvət etmişdir. Onlar da polis əməkdaşları ilə razılaşaraq polis şöbəsinin inzibati binasına gəlmişlər. İnzibati binaya gələnə kimi polis əməkdaşları onları nəzarətdə saxlamışlar. İnzibati binada onu otaqlardan birinə aparmışlar, şübhəli şəxs qismində tutulduğunu elan edib hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi dəvət etmişlər. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya olub-olmadığı soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmişdir. O da istifadə məqsədi ilə aldığı, əynində olan cins şalvarının sol yan cibində qoyduğu bir ədəd metamfetamin bükümünü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bükümün içərisində “şüşə” olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən onun üzərində şəxsi axtarış keçirilmiş, nəticədə hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Üzərində aşkar edilmiş bir bükümdə metamfetamin elektron tərəzidə çəkildikdə bükümün çəkisi 1,48 qram olmuşdur. Sonra bir bükümdə olan metamfetamin ekspertizaya təqdim olunması üçün kağız paketə qoyulub möhürlənmişdir. Zərfin üstünə o və müdafiəçisi imza etmişdir. Üzərində aparılan axtarış videoçəkiliş ilə müşayiət olunmuşdur, sonda tərtib edilən protokol iştirakçılara ucadan oxunmuş, o və müdafiəçisi tərəfindən imzalanmışdır. Bundan əlavə o, sonuncu dəfə 31 avqust 2022-ci il tarixində saat 11 radələrində Lənkəran şəhərinə gedib, orada əvvəllər də narkotik vasitə aldığı şəxsi görüb ona yaxınlaşmışdır. Ondan şəxsi istifadəsi üçün 30 manat qarşılığında 1 büküm narkotik vasitə heroin almışdır. Evdə olan zaman həmin bir büküm heroini hissələrə ayıraraq 5 büküm düzəltmişdir. Bu niyyətlə Lənkəran şəhəri ərazisində yerləşən mağazaların birindən 1 ədəd elektron tərəzi də almışdır. Aldığı və hissələrə bölüb düzəltdiyi narkotik vasitə heroin bükümlərini həmin tərəzinin üzərində ölçürmüş. 31 avqust 2022-ci il tarixində saat 18 radələrində Lənkəran şəhəri, Z.Əliyeva küçəsində olmuş və 5 büküm narkotik vasitə heroin və elektron tərəzi də üstümdə olmuşdur. Bu zaman tanımadığı üç şəxs ona yaxınlaşmışdır. Onlar özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Polis əməkdaşlarından biri ona narkotik vasitələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatı olduğunu deyib onu Lənkəran ŞRPŞ-nin inzibati binasına dəvət etmişdir. O da razılaşaraq polis şöbəsinin inzibati binasına gəlmişdir. İnzibati binaya gələnə kimi polis əməkdaşları onu nəzarətdə saxlamışlar. İnzibati binada onu otaqlardan birinə aparmış, şübhəli şəxs qismində tutulduğunu elan edib hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi dəvət etmişlər. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya olubolmadığı soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmişdir. O da istifadə məqsədi ilə aldığı, əynində olan cins şalvarının sağ yan cibində qoyduğu beş ədəd heroin bükümünü və elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bükümün içərisində “kakos” olduğunu, şəxsi istifadəsi üçün 1 büküm alıb sonra 5 bükümə ayıraraq üzərində saxladığını bildirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən onun üzərində şəxsi axtarış keçirilmiş, nəticədə hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Üzərində aşkar edilmiş beş bükümdə heroin elektron tərəzidə çəkildikdə bükümlərin ümumi çəkisi 1,56 qram olmuşdur. Sonra beş bükümdə olan heroin və elektron tərəzi ekspertizaya təqdim olunması üçün kağız paketə qoyulub möhürlənmişdir. Zərfin üstünə o və müdafiəçisi imza etmişdir. Üzərində aparılan axtarış videoçəkiliş ilə müşayiət olunmuş, sonda tərtib edilən protokol iştirakçılara ucadan oxunmuş, o və müdafiəçisi tərəfindən imzalanmışdır. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Üzərində aşkar olunmuş elektron tərəzini aldığı və hissələrə böldüyü narkotik vasitəni çəkmək məqsədilə üzərində saxlamışdır.” Məhkəmə iclasında dindirilmiş Şahid1 Füzuli oğlu ifadəsində göstərmişdir ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləmişdir. icraatına Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlayaraq üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatlarının mötəbərliyi tərəfindən yoxlanıldıqdan sonra əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o, üzvləri isə Lənkəran ŞRPŞ-nin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Heydər Kərimli olmuşdur. 31 avqust 2022-ci il tarixdə, saat 18 radələrində Lənkəran şəhəri, Z.Əliyeva küçəsində Təqsirləndirilən şəxsa piyada hərəkətdə olan zaman yaxınlaşıb özlərini təqdim etdikdən sonra polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsinin inzibati binasına gələndən sonra araşdırmanın müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda könüllü şəkildə təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs də əynində olan şalvarının sağ yan cibindən beş ədəd sellofan bükümü və 1 ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. Həmin bükümlərdə narkotik vasitə heroin olduğunu, həmin gün Lənkəran şəhəri, B.Bazar ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 30 manat qarşılığında 1 büküm aldığını, evdə onu 5 hissəyə böldüyünü bildirmişdir. Nə onun tərəfindən, nə də onun yanında digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs fiziki, psixi və ya hər hansı digər zor tətbiq edilməmişdir. Həmin əməliyyat məlumatı onun icraatına daxil olmuş, həmin vaxt Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə istintaqın getdiyini bilməmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin aludəçisi olmaqla yanaşı satışı ilə də məşğuldur. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. icraatına Təqsirləndirilən şəxs qanunsuz olaraq, satış məqsədi olmadan narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatları daxil olmuşdur. Əməliyyat məlumatları icra olunmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmiş, onunla birlikdə əməliyyat qrupunun tərkibində əməliyyat müvəkkilləri Şahid4, Xəyyal Abışov, polis nəfərləri Tural Babayev və Ramil Əliyev olmuşdur. 29 iyun 2022-ci il tarixdə, saat 18:15 radələrində Təqsirləndirilən şəxs nəzarətə götürmüşlər. O, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 78/14 nömrəli binanın yaxınlığında olmuşdur. Onu 10-15 dəqiqə izlədikdən sonra ona yaxınlaşmağa qərar vermişlər. Polis əməkdaşlarını təlimatlandırandan sonra gözlənilməzliyi təmin edərək ona yaxınlaşmışlar. Onun yanında Lənkəran şəhər sakini Xəlil Quliyev və İqbal Cahangirov da olmuşdur. Həmin şəxslərin üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə gəzdirməsi ilə bağlı əsaslı şübhələr olduğuna görə üzərinə şəxsi axtarış keçirilməsinin vacibliyini izah edərək, şöbəyə dəvət etmişlər. Onlarla polis şöbəsinə gəlməyə razı olmuşlar. Polis şöbəsinə gətiriləndən sonra müdafiəçinin və onların iştirakı ilə, videoçəkiliş vasitəsilə İqbal Cangirovun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynindəki şalvarının sol yan cibindən 1 ədəd sellofan kəsiyi bükümü çıxarıb stolun üzərinə qoymuşdur. Sellofan kəsiyi bükümündə psixotrop maddə metanfetamin olduğunu bildirmişdir. Daha sonra götürülmüş kütlə ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 29 iyun 2022-ci il tarixdə, saat 18:15 radələrində Təqsirləndirilən şəxs nəzarətə götürmüşlər, onun yanında Lənkəran şəhər sakini Xəlil Quliyev və İqbal Cahngirov da olmuşdur. Həmin şəxslərin üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə gəzdirməsi ilə bağlı əsaslı şübhələr olduğuna görə üzərinə şəxsi axtarış keçirilməsinin vacibliyini izah edərək, şöbəyə dəvət etmişlər. Onlarla polis şöbəsinə gəlməyə razı olmuşlar. Polis şöbəsinə gətiriləndən sonra müdafiəçinin və onların iştirakı ilə, videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynindəki şalvarının sol yan cibindən 1 ədəd sellofan kəsiyi bükümü çıxarıb stolun üzərinə qoymuşdur. Sellofan kəsiyi bükümündə psixotrop maddə metanfetamin olduğunu bildirmişdir. Daha sonra götürülmüş kütlə ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 31 avqust 2022-ci il tarixdə, saat 18 radələrində Lənkəran şəhəri, Z.Əliyeva küçəsində Təqsirləndirilən şəxsa piyada hərəkətdə olan zaman yaxınlaşıb özlərini təqdim etdikdən sonra polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsinin inzibati binasına gələndən sonra araşdırmanın müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda könüllü şəkildə təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs də əynində olan şalvarının sağ yan cibindən beş ədəd sellofan bükümü və 1 ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. Həmin bükümlərdə narkotik vasitə heroin olduğunu, həmin gün Lənkəran şəhəri, B.Bazar ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 30 manat qarşılığında 1 büküm aldığını, evdə onu 5 hissəyə böldüyünü bildirmişdir.” İş materiallarında olan 29 iyun 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və iş materiallarına əlavə edilmiş şəxsi axtarışın aparılması haqqında görüntüləri əks etdirən DVD diskə baxış keçirilərkən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 29 iyun 2022-ci il tarixdə, saat 18:30 radələrində BNMİ-nin CBRŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Z.Əliyeva küçəsi, 78/14 nömrəli binanın yaxınlığında olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərində keçirilən şəxsi axtarış zamanı onun əynində olan şalvarının sol yan cibindən 01 (bir) ədəd bükümündə psixotrop maddə metanfetamin aşkar edilmişdir. Metanfetamin elektron tərəzidə çəkildikdə ümumi çəkisi 1,48 qram olmuşdur. Həmin kütlə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə psixotrop maddə metanfetamindir. Həmin kütləni Lənkəran şəhəri böyük bazar ərazisində tanımadığı şəxsdən almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. İş materiallarında olan 31 avqust 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və iş materiallarına əlavə edilmiş şəxsi axtarışın aparılması haqqında görüntüləri əks etdirən DVD diskə baxış keçirilərkən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 31 avqust 2022-ci il tarixdə, saat 18:15 radələrində Lənkəran ŞRPŞnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Z.Əliyeva küçəsində olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərində keçirilən şəxsi axtarış zamanı onun əynində olan şalvarının sağ yan cibindən 05(beş) ədəd bükümündə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Heroin elektron tərəzidə çəkildikdə ümumi çəkisi 1,56 qram olmuşdur. Həmin kütlə və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə heroindir. Həmin kütləni 30 manat qarşılığında 1 büküm halında Lənkəran şəhəri böyük bazar ərazisində tanımadığı şəxsdən almış, evdə olan zaman onu hissələrə ayırmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 30 iyun 2022-ci il tarixli 19/752 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə ümumi təmiz çəkisi 1,416 qram olan maddə ağ rəngli kristal formada olan maddələr metamfetamindir. Tədqiqatın dəyəri 50 manatdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 01 sentyabr 2022-ci il tarixli 19/907 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 5 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,273 qram, 0,316 qram, 0,305 qram, 0,250 qram, 0,241 qram; ümumi təmiz çəkisi 1,385 qram olan eyni tərkibli tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş elektron tərəzi .....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Tədqiqatın dəyəri 65 manatdır. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 05 iyul 2022-ci il tarixli 751 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən toksikomaniya xəstəliyi aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan narkoloji ekspertizasının 01 sentyabr 2022-ci il tarixli 899 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 30 sentyabr 2022-ci il “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd sellofan bükümündə təmiz çəkisi 1,416 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan qaytarılmış 1,366 qram qalığı, 5 (beş) ədəd sellofan kəsiyi bükümündə, eyni tərkibli, 0,273 qram, 0,316 qram, 0,305 qram, 0,250 qram, 0,241 qram; ümumi təmiz çəkisi 1,385 qram olan olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 1,235 qram qalığı, 1 ədəd elektron tərəzi və şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntü özündə əks etdirən 02 (iki) ədəd DVD disk iş üzrə maddi sübut hesab edilmişdir. Məhkəmə sorğusu ilə əldə edilmiş Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına qəbul edilərkən tərtib edilmiş “məhkumun tibbi kartoçkası”ndan görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinə zamanı həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə soruşulduqda zədə almadığını bildirmişdir (12-ci bənd). Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsvirində: hər iki said və bazu nahiyəsində köhnə çapıq toxumalar, boyunun sağ nahiyəsində və boğazda köhnə çapıq toxuma, hər iki qasıq büküşündə postinyeksion döyənəklərin aşkar edildiyi qeyd edilmişdir (13-cü bənd). Obyektiv müayinənin nəticəsi olaraq: şikayətinin olmaması, hər iki aşağı ətrafda postinyeksion döyənəklərin olduğu qeyd edilmişdir (14-cü bənd). Azərbaycan Respublikasının Baş Prokurorluğunun 2-2-110/2-005916/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan və qərarın surətindən görünür ki, Lənkəran rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə CM-nin 234.1 və 234.2-ci maddələri ilə Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən döyülməsi barədə Lənkəran Rayon Məhkəməsinin məlumatı əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı göstərilən xüsusat təsdiqini tapmadığından material üzrə cinayət hadisəsi olmaması əsası ilə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 67-ci qrafasına əsasən 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 1.416 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, təqsirləndirilən şəxsin beş ayrı-ayrı bükümdə narkotik vasitə əldə edərək daşımasını və habelə üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzinin aşkar edilməsini nəzərə alaraq və yuxarıda qeyd olunan Plenum qərarının müddəalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək üzərindən narkotik vasitə və elektron tərəzi aşkar edilməməsini, başqa şəxsə narkotik vasitə satmaması barədə göstərdiyi dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş özünün ibtidai istintaqda verdiyi ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarışın həyata keçirilməsi barədə protokolla və protokola əlavə edilmiş DVD disklər və digər sənədlərlə təkzib olunur. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı fiziki zora məruz qalması ilə bağlı qeyd edir ki, məhkəmədə proses iştirakçılarının iştirakı ilə tədqiq edilmiş şəxsi axtarış zamanı lentə alınmış videogörüntüdən də görünür ki, istintaq hərəkəti zamanı müdafiəçi ona eyni məzmunlu sual vermiş və Təqsirləndirilən şəxs ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Bunlardan başqa, məhkəmə tibbi ekspertizasının 01 sentyabr 2022-ci il tarixli, 841 nömrəli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs oğunun bədəni üzərində hər hansı bir xəsarət izi yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs tibbi kartoçkasından da görünür ki, istintaq təcridxanasına qəbul edilərkən tibbi müayinə zamanı onun bədəni səthində hər-hansı yeni xəsarət izinin aşkar edilməməsi qeyd edilməmişdir. Göstərilənlərə əsasən, habelə təqsirləndirilən şəxsin 31 avqust 2022-ci il tarixdə tutulmasını və 01 sentyabr 2022-ci il tarixdə, yəni təxminən 24 saat ərzində tibbi ekspertizadan keçirilməsini və həmin ekspertiza rəyinə əsasən bədəni üzərində xəsarət aşkar edilməməsini, eləcə də həmin xüsusatla bağlı şahid ifadələrini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsi subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın bütün gedişi zamanı üzərindən narkotik vasitə aşkar edilməsini etiraf etməsini, məhkəmə araşdırması zamanı isə ziddiyyətli ifadələrini müqayisəli şəkildə araşdıraraq həmin ifadələri onun qeyri-səmimiliyinin göstəricisi kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi və bəraət verilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 26 aprel 2022-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Qeyd olunan dəyişiklik 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. CM-nin 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan 29 iyun 2022-ci il tarixli “tutulma” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21.00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə MSY-dən azad edilmişdir. İş materiallarında olan 31 avqust 2022-ci il tarixli “tutulma” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 31 avqust 2022-ci il tarixdən hesab edilmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Ağayev X3 Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2012-ci il tarixli Salyan rayon məhkəməsinin qərarı ilə CM-nin 76-cı maddəsi tətbiq edilməklə 3 ay 6 gün müddətində vaxtından əvvəl şərti azad olunmuş, Lənkəran Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 07 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndində əsasən cəzadan azad olunmuşdur. CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və götürülmüşdür. İş materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qardaşları və bacısı ilə birlikdə ünvan 4 ünvanında yaşamış, yaşadığı müddət ərzində qonşularla müsbət münasibətdə olmuş, narkotikə meyllidir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni həm şəxsi istehlak miqdardından artıq psixitoro maddə əldə edərək daşıması, həm də satış məqsədi ilə narkotik vasitə əldə etməsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, yəni uzun müddət narkomaniyadan əziyyət çəkməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs müəyyən müddət azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 31 avqust 2022-ci il tarixdən hesablanmalıdır. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 iyun 2022-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək cəzadan çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan və toksikomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd sellofan bükümündə psixotrop maddə metamfetaminin 1,366 qram qalığı, narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 1,235 qram qalığı, 1 ədəd elektron tərəzi CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə xərci olan ekspertiza tədqiqatlarının dəyəri 115 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 (köhnə redaksiyada) və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.2-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 29 iyun 2022-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 05 ay 28 müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 31 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan və toksikomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd sellofan bükümündə psixotrop maddə metamfetaminin 1,366 qram qalığı, narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 1,235 qram qalığı, 1 ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə xərci 115 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-8/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-8/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver