Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-80/2024 21.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 16:30 xx.xx.1976-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2023-cü ilin oktyabr ayında Lənkəran şəhəri, “böyük bazar” adlanan ərazidə istintaqla müəyyən edilməyən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) bükümdə, təmiz çəkisi -0,429 qram olub xeyli miqdar təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, bu barədə məlumat alan Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 09 oktyabr 2023-cü il tarixdə, saat 19:40-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, Z.Əliyeva küçəsində saxlanılaraq polis bölməsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən həmin bükümdə və çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, İİ dərəcə ömürlük əlildir. Nikahı pozulmuş, birgə nikahdan doğulmuş 1 nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün əlilliyə görə aldığı pensiyadan hər ay aliment ödəyir. QİÇSdən əziyyət çəkdiyi üçün bədənində olan şiddətli ağrıları sakitləşdirmək məqsədi ilə psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə şəxsi istifadəsi üçün, Lənkəran şəhərində yerləşən “böyük bazar” adlanan ərazidən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 15 manata 1 büküm metamfetamin almışdır. xx.xx.2023cü il tarixdə Lənkəran şəhəri, Z.Əliyeva küçəsində olduğu zaman Lənkəran ŞRPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona üzərində narkotik vasitə gəzdirməyində şübhəli olduğunu bildirib onu Lənkəran ŞRPŞ-yə dəvət etmişlər. Polis şöbəsində ona hüquq və vəzifələri izah edilmiş, vəkillə təmin edilmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirilmiş, ona üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olub-olmaması soruşulmuş, o da əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş bükümü və əynində olan qara gödəkçənin sol yan cibindən isə özünə məxsus şəxsiyyət vəsiqəsini və “Samsung” markalı telefonunu təqdim etmişdir. Daha sonra üzərinə baxış keçirilmiş və üzərindən heç bir əşya aşkar olunmamış və götürülməmişdir. Şəffaf selofana baxış keçirilən zaman oradan metamfetaminə bənzər kütlə aşkar edilmiş, həmin kütlənin metamfetamin olduğunu bildirmiş və ondan götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 0.53 (sıfır tam yüzdə əlli üç) qram müəyyən olunmuşdur. Həmin 1 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə zərfə qoyulmuş, üzərində qeydlər aparılmış və onun tərəfindən imzalanmışdır. O, polis şöbəsinə gətirilərkən və ya gətirildikdən sonra ona qarşı heç bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, İİ qrup əlilliyinin olmasını, QİÇS xəstəliyindən əziyyət çəkməsini, azyaşlı uşağının saxlanmasından ötrü aliment ödəməsini nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 Baləddin oğlu ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis kapitanı rütbəsindədir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etməsi, üzərində daşıması və saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatı icraatına daxil olmuşdur. Əməliyyat məlumatının doğruluğu onun tərəfindən yoxlanıldıqdan sonra raportla şöbə rəisinə məruzə edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərliyi özü etmiş, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, Şahid1 və İTB-nin polis sahə rəisi X2 da qrupun üzvləri olmuşlar. 09 oktyabr 2023-cü il tarixdə, saat 19:40-da onlar tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Z.Əliyeva küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi Məmmədqulu Məmmədov dəvət edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən bir ədəd şəffaf sellofana bükülmüş büküm və əynində olan qara rəngdə gödəkçənin sol yan cibindən isə özünə məxsus şəxsiyyət vəsiqəsini və 01 ədəd “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Həmin sellofan bükümə baxış keçirildikdə içərisində 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Şəxsiyyət vəsiqəsi özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd büküm olan psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilmiş, həmin bükümün təqribi çəkisi 0,53 (sıfır tam yüzdə əlli üç) qram olması müəyyən edilmiş və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş həmin kütlə ona məxsusdur, psixotrop maddə olan metamfetamindən zərdə çəkmə yolu ilə qəbul edir. Üzərindən aşkar edilmiş həmin kütlə 09 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhəri, “böyük bazar” adlanan ərazidə tanımadığı şəxsdən 15 manat pulun qarşılığında əldə etmişdir. Həmin psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir təzyiq altında olmadan protokola imza etmişdir. Onun üzərindən aşkar edilmiş psixotrop maddəni nə vaxt, harada, kimdən almasını müəyyən etmək məqsədilə şöbənin cinayət axtarış bölməsində əməliyyat-axtarış tədbirləri keçirilmiş, hələki müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 Baləddin oğlu ilə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2023-cü il tarixdə saat 19:40-da isə şübhəli şəxs qismində tutulmuşdur. 09 oktyabr 2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddəni təqdim etmiş, həmin 01 ədəd bükümdə olan psixotrop maddə metamfetaminin çəkisi 0,53 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə metamfetamindir, həmin kütlə ona məxsusdur. Həmin kütləni Lənkəran şəhəri, “böyük bazar” adlanan ərazidə tanımadığı şəxsdən 01 bükümdə, 15 manat pulun qarşılığında almışdır. Məhkəmə fiziki-kimyəvi ekspertiza üzrə verilmiş 10 oktyabr 2023-cü il tarixli 19/920 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd büküm....” sözlər və imzalar olan zərfdəki, 1ədəd bükümdə təmiz çəkisi: -0,429 qram olan ağ rəngli kristalardan ibarət olan maddə metamfetamindir. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Məhkəmə ambulator-narkoloji ekspertizasının 12 oktyabr 2023-cü il tarixli, 945 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki,Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomanya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nın yanında DSMF-nın təqdim etdiyi ********* nömrəli arayışa əsasən İİ qrup əlil olmasından narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Lənkəran rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 01 il 03 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu ödənilmişdir. Lənkəran rayonlararası MTE və PA Zona Mərkəzinin xx.xx.2023-cü il tarixli, 1045 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. 07 dekabr 2023-cü il tarixli, 10011 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və şəxsin tutmadan azad edilməsi haqqında” 11 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2023-cü il tarixdə, saat 19:00-da saxlanıldığı Lənkəran ŞRPŞ-nin MSY–dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Mobil telefona baxış keçirilməsi barədə” protokol və qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsunq” markalı mobil telefona baxış keçirilməsi nəticəsində iş üçün əhəmiyyət kəsb edəcək məlumat aşkar edilməmiş və həmin mobil telefon Təqsirləndirilən şəxs qaytarılmışdır. Azərbaycan Respublikası ƏƏSMN zona Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01№ 134548 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs müddətsiz ikinci qrup əlildir. Əmək qabiliyyəti yoxdur. Sübutların qiymətləndirilməsi haqqında 01 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə, ümumi təmiz çəkisi -0,429 qram psixotrop maddə olan metamfetamin və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 01 ədəd bükümdə, ümumi təmiz çəkisi -0,379 qram psixotrop maddə olan metamfetamin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Lənkəran ŞİHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadəsinə, ekspertiza rəylərinə və işin digər materallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham elan olunan əmələ görə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olmasını, QİÇS xəstəliyindən əziyyət çəkməsini, İİ qrup əlil olmasını, əlilliyə görə ona təyin edilmiş pensiyadan yetkinlik yaşına çatmayan uşağına aliment ödənilməsini, və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətdikdən sonrakı davranışını nəzərə alıb ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 09 oktyabr 2023-cü il tarixdə saat 19:40-dan 11 oktyabr 2023-cü il tarixə saat 19:00-dək həbsdə olduğu 2 gün müddət - bir günə iki gün hesablanmaqla, 4 gün müddət ona təyin olunacaq cəzadan çıxarılaraq qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci olan 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertizadan qaytarılmış 01 ədəd bükümdə, 0,379 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 oktyabr 2023-cü il tarixdən 11 oktyabr 2023-cü il tarixədək 2 gün şübhəli şəxs qismində tutularaq həbsdə olduğu müddət bir günə iki gün hesabı ilə hesablanmaqla, 4 gün cəza müddətindən çıxılmaqla onun üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Lənkəran şəhəri, Y.Həsənov küçəsi ev 38 ünvanını təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış – 01 ədəd bükümdə, 0,379 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-80/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-80/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver