Məhkəmə qərarları › İş №1(049)-81/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-81/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-81/2025 06.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Bürcəli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermək” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, narkotik vasitəni xeyli miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki o, 2024-cü ilin sentyabr ayında Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 9,348(doqquz tam mində üç yüz qırx səkkiz)qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən 24 dekabr 2024-cü il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində saat 12:35-də Lənkəran rayonu Bürcəli kəndində, “Şəlalə” adlanan kafenin yaxınlığında küçədə piyada hərəkətdə olarkən saxlanılaraq orada üstünün yoxlanılması zamanı əynində olan uzunqol köynəyin sol yan cibindən bir ədəd sellofan bükümdə, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Lənkəran rayonu Bürcəli kəndində ailə üzvləri ilə birgə yaşayır. Yaşadığı kənddə bərbər kimi işləyir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bir neçə ildir ki, narkotik vasitələrdən olan qurudulmuş marixuanadan arabir istifadə edir. Marixuananı Lənkəran rayonu ərazisində tanımadığı şəxslərdən alır. Bəzən spirtli içkilərdən, bəzən isə qurudulmuş marixuanadan istifadə edir. Təxminən 3 ay qabaq, dəqiq vaxtını xatırlamadığı vaxtda Lənkəran şəhəri Böyük bazar ərazisində olarkən, orada tanımadığı, adını bilmədiyi şəxslə söhbət əsnasında həmin şəxs onda nəşə olduğunu demişdir. Həmin şəxs nəşəni tapdığını və ona sata biləcəyini demişdir. O, da qurudulmuş marixuanadan istifadə etdiyindən 80 manat həmin şəxsə verib bir bükümdə təxminən 10 qram narkotik vasitə qurudulmuş marixuanananı almışdır. Bir-iki dəfə marixuanadan çəkib istifadə etmişdir. Bir qisminə də saxlamışdır ki, özü istifadə edər. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında təsərrüfatında olan mal-qaranı Xanbulan kəndində yerləşən meşə ərazisinə otlamaq üçün aparmışdır. Qurudulmuş marixuana da əynində olan köynəyin sol yan cibində olmuşdur. Saat təxminən 12 radələrində piyada hərəkətdə olarkən, “Şəlalə” adlanan kafenin yaxınlığında bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb özlərini DİN-nin baş narkotiklə mübarizə idarəsinin cənub bölgəsində regional şöbəsinin işçiləri kimi təqdim etmişlər və ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməyində şübhələri olduğu üçün üzərinə videoçəkiliş vasitəsilə baxış keçirəcəklərini bildirmişlər. Həmin vaxt o, polisin nəyə görə onu saxladığını başa düşüb polis əməkdaşlarına qarşı çıxmamışdır. O, da əynində olan köynəyin sol yan cibində saxladığı bir büküm qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Aşkarlanmış sellofan büküm iştirakı ilə elektron tərəzidə çəkilmiş və marixuananın çəkisi 10,70 qram olmuşdur. Sonra götürülmüş büküm ekspertizaya göndərilməsindən ötrü zərfdə qablaşdırılaraq möhürlənmişdir. Zərflərin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Sonra onu CBRŞ- nin inzibati binasına gətirmişlər. Narkotik vasitələri Lənkəran rayonu ərazisində tanımadığı şəxslərdən əldə edir, həmin şəxslərin adlarını bilmir. Bundan başqa narkotik vasitələrin satışını həyata keçirmir. Tapan zaman özü istifadə edir. Üzərindən aşkarlanmış qurudulmuş marixuananı əldə etdiyi şəxsin adını və yaşadığı ünvanı bilmir, həmin şəxs yaşlı, orta boylu, qaraşın birisi olmuşdur, başqa heç bir məlumatı yoxdur. Saxlanılarkən, üstü yoxlanılarkən və ya polis şöbəsində olarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiq olmamışdır. Hazırda əməlindən çox peşmandır, oğlu Laçın Vətən müharibəsi iştiraçısıdır. İşləmək üçün Rusiya Federasiyasına qardaşlarının yanına getmək istəyir. Göstərilənlərə əsasən ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 24 dekabr 2024-cü il tarixdə Lənkəran rayonu Bürcəli kəndində qeydiyyatda olmaqla yaşayan 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələri əldə edib Lənkəran rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəfindən raportla şöbə rəisinə məruzə olunmuş, məlumatın yoxlanılması şöbənin rəhbərliyi tərəfindən ona həvalə edilmişdir. Məlumatın yoxlanılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün tərəfindən qərar qəbul olunmuş və qərar təsdiq olunduqdan sonra rəhbərliyin göstərişinə əsasən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid2 və Şahid3 iştirak etmişdir. Həmin tarixdə Mirzəyev X1 rayonu Bürcəli kəndində piyada hərəkətdə olarkən polis əməkdaşları tərəfindən müşahidəyə götürülmüş və saat 12:35-də həmin kənddə yerləşən “Şəlalə” adlı kafenin yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanmma səbəbi izah olunduqdan sonra videoçəkiliş vasitəsi ilə ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra üstünün yoxlanılmasına başlanılmışdır. Üstünün yoxlanılmasına başlanmazdan əvvəl tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan uzunqol köynəyin sol yan cibindən bir ədəd bükümü çıxarıb təqdim edərək bükümün içərisində “nəşə” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı bükümün içərisində spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin kütlənin çəkisi elektron tərəzidə çəkilərək təxmini 10,70 qram olması müəyyən edilmiş, kütlə götürülərək ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq zərfin üstü möhürlə möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlə marixuanadır, özünə məxsusdur, narkotik vasitə qəbul edir, təqdim etdiyi marixuananı Lənkəran şəhərində tanımadığı şəxsdən özü qəbul etmək üçün 80 manata almış, satışı ilə məşğul olmur, narkotik vasitələrin istifadəçisidir, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, bu barədə heç bir şikayət və tələbi yoxdur. Sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən CBRŞ-nin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni əldə etdiyi şəxsi ifşa etməmək üçün tanımadığı şəxsdən əldə etdiyi bildirmişdir. Odur ki, həmin şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, BNMİ-nin CBRŞ-nin polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin o, da iştirak etmişdir. Əməliyyat qrupuna rəhbərliyi əməliyyat müvəkkili Şahid1 etmişdir. 24 dekabr 2024-cü il tarixdə Lənkəran rayonu Bürcəli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələri əldə edib dövriyyəsi ilə bağlı Şahid1 məlumat daxil olmuşdur. Həmin tarixdə Şahid1, Şahid2 və özü birlikdə Lənkəran rayonu Bürcəli kəndinə getmişlər. Həmin zaman Mirzəyev X1 rayonu Bürcəli kəndində piyada hərəkətdə olarkən müşahidəyə götürülmüş və saat 12:35-də həmin kənddə yerləşən “Şəlalə” adlı kafenin yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanmma səbəbi izah olunduqdan sonra videoçəkiliş vasitəsi ilə ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra üstünün yoxlanılmasına başlanılmışdır. Üstünün yoxlanılmasına başlanmazdan əvvəl tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan uzunqol köynəyin sol yan cibindən bir ədəd bükümü çıxarıb təqdim edərək bükümün içərisində “nəşə” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı bükümün içərisində spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Daha sonra müvafiq tədbirlər görülmüşdür. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, BNMİ-nin CBRŞ-nin polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin o, da iştirak etmişdir. Əməliyyat qrupuna rəhbərliyi əməliyyat müvəkkili Şahid1 etmişdir. 24 dekabr 2024-cü il tarixdə Lənkəran rayonu Bürcəli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələri əldə edib dövriyyəsi ilə bağlı Şahid1 məlumat daxil olmuşdur. Həmin tarixdə Şahid1, Şahid2 və özü birlikdə Lənkəran rayonu Bürcəli kəndinə getmişlər. Həmin zaman Mirzəyev X1 rayonu Bürcəli kəndində piyada hərəkətdə olarkən müşahidəyə götürülmüş və saat 12:35-də həmin kənddə yerləşən “Şəlalə” adlı kafenin yaxınlığında saxlanılmışdır. Üstünün yoxlanılmasına başlanmazdan əvvəl tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan uzunqol köynəyin sol yan cibindən bir ədəd bükümü çıxarıb təqdim edərək bükümün içərisində “nəşə” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı bükümün içərisində spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Daha sonra müvafiq tədbirlər görülmüşdür. Cinayət işinin 12-14-cü vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 24 dekabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd CD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan uzunqol köynəyin sol yan cibindən bir ədəd bükümdə 10,70 qram çəkidə narkotik vasitəyə bənzər maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin bükümün içindəki maddənin “nəşə” (qurudulmuş marixunana) olduğunu və öz istifadəsi üçün üzərində saxladığını etiraf etmişdir. Cinayət işinin 16-17-cü vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 24 dekabr 2024-cü il tarixli “təqdim olunan əşyalara baxış keçirilməsi və götürülməsinə dair” protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd CD diskdə olan videogörüntüdən görünür ki, təqdim olunan 1 ədəd ağ rəngli zərfə və diskə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm yazılan zərfdən 1 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş, sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Cinayət işinin 46-cı vərəqəsində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Lənkəran regional bölməsi tərəfindən təqdim edilmiş məhkəmə-bioloji ekspertizasının 24 dekabr 2024-cü il tarixli, 19/794 nömrəli rəyindən görünür ki, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 bükümdə marixuanaya bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -9,348 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına daxildir(Siyahı İ). Cinayət işinin 54-cü vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 858 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 95-ci vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, narkotik vasitələrin aludəçisi olan, Lənkəran rayonu Bürcəli kənd sakini Mirzəyev X1 rayonu ərazisində, məlum olmayan mənbədən, şəxsi istifadəsi üçün bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə BNMİ-nin CBRŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Bürcəli kəndində saxlanılıb həmin yerdə üstündən bir bükümdə marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əldə edilməmişdir. Cinayət işinin 82-83-cü vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Lənkəran rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022ci il tarixdə Lənkəran rayon məhkəməsinin qərarı ilə Milli Məclisin xx.xx.2021 -ci il tarixli “Amnistiya” qərarının 5-ci bəndi tətbiq edilərək çəkilməmiş cəzası 01 il azaldılmaqla üzərində 06 ay 19 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə cəza müddəti bitmişdir. Cinayət işinin 97-ci vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 02 nömrəli məktubundan məlum olur ki, Mirzəyev X1 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Cinayət işinin 19-cü vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan tutma haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs 24 dekabr 2024-cü il tarixdə saat 12:35-da saxlanılmış, həmin gün saat 14.30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 71-ci vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 26 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, həmin gün, saat 11:00-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin 113-117-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 05 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 9.348 qram olan narkotik maddə qurudulmuş marixuana, həmçinin üstünün yoxlanması zamanı qeydə alınmışmış görüntülər olan bir ədəd CD disk, təqdim edilmiş əşyalara baxış zamanı qeydə alınmış görüntülər olan bir ədəd CD disk maddi sübut qismində tanınmışdır. Metamfetamin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 02 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 98-99-cu vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran rayonu, Xanbulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnamə, arayışdan görünür ki Mirzəyev X1 rayon, Bürcəli kəndində arvadı və yetkinlik yaşına çatmış iki oğlu ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 102-109-cu vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan tələbnamədən görünür ki, Mirzəyev X1 Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin amnistiya tətbiq edilməsi qərarının 5-ci bəndinə əsasən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir ) il azaldılmaqla üzərində 06 (altı) ay 19 (on doqquz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və xx.xx.2022-ci ildə cəza müddəti bitmişdir. CM-nin 18 və 83-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 109.1-ci qrafasına əsasən 5 qram narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın miqdarı -9,348 qram qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 4cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun barəsində olan cəzanı yüngülləşdirici halları nəzərə alır, lakin bununla yanaşı əldə edilərək saxlanılmış narkotik vasitənin miqdarını, habelə əvvəllər məhkum olunmasını, əvvəlki məhkumluğun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmaması, əməlinə tənqidi münasibətin formalaşmamasını diqqətə alır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın müddətə məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 dekabr 2024-cü il tarixdən 26 dekabr 2024-cü il tarixədək tutulduğu iki gün təyin edilmiş cəzadan çıxılmalıdır. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 may 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş məhkəmə-narkoloji ekspertizasının 24 dekabr 2024-cü il tarixli, 858 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış -9,248 qram qalıq çəkisi olan narkotik vasitə qurudulmuş marixuana CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 2 ədəd disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 14 iyun 2024-cü il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 dekabr 2024-cü il tarixdən 26 dekabr 2024-cü il tarixədək tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 06 may 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi -9,248 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 02 ədəd disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar