Məhkəmə qərarları › İş №1(049)-84/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-84/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-84/2023 09.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat: 12:45 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 26 avqust 1991-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndi tətbiq edilərək təyin edilmiş cəzası 6 ay azaldılmış, məhkumuluğu ödənilməmiş və götürülməmiş, Lənkəran şəhəri H.Əliyev prospekti ev 11/17 mənzil 7-də qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, 4 ədəd bükümdə ayrı-ayrlıqda təmiz çəkiləri - 0,292 qram, -0,296 qram, -0,271 qram, -0,331 qram, ümumi təmiz çəkiləri -1,190 qram xarici görünüşləri və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eyni olan narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 17:45-də Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Lənkəran şəhəri H.Əliyev prospektində saxlanılaraq ŞRPŞ-nə gətirilmiş və şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibindən həmin çəkidə və bükümlərdə narkotik vasitələr heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, üç-dörd ildir ki, narkotik maddə olan heroindən istifadə edir. Heroini ineksiya yolu ilə damarına vurmaqla qəbul edir. Demək olar ki, hər gün narkotik maddə olan heroindən istifadə edir. İstifadə etdiyi narkotik maddəni Lənkəran şəhər ərazisində üzdən tanığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxsdən almışdır. 20 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində Lənkəran şəhəri Səttarxan küçəsi ərazidə küçədə üzdən tanığı, adını Əlisafa kimi bildiyi və yaşadığı ünvanını bilmədiyi şəxslə rastlaşmışdır. Söhbət edən zaman bir-birilərinin narkoman olduqlarını bilmiş və o Əlisafadan narkotik vasitə istəmişdir. Əlisafa da ona üzərində narkotik vasitə olduğunu bildirmiş və 40 manata dörd bükümdə narkotik maddə olan heroin satmışdır. Əlisafa kimi tanıdığı şəxsdən aldığı narkotik maddəni əynindəki şalvarının sol yan cibinə qoymuşdur. Bədənində ağrılar olan zaman istifadə edəcəyini qərarlaşdırmışdır. Əldə etdiyi narkotik vasitələrdən bir qismini istifadə etmiş, qalanını ağrıları olan zaman istifadə etməsi üçün üzərində saxlamışdır. 21 sentyabr 2022-ci il tarixdə saat təxminən 17 radələrində Lənkəran şəhəri H.Əliyev prospektində küçədə piyada gedən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar, özlərini təqdim etdikdən sonra onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı əynindəki şalvarının sol yan cibindən istifadəsi üçün saxladığı dörd büküm narkotik vasitə olan heroin aşkar olunmuşdur. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə tutduğu əməlindən son dərəcə peşman olduğunu, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi törətdiyi cinayət əməlini etiraf etməsini və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Şahid1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər, H.Əliyev prospekti ev 11/17 mənzil 7-də qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələri qəbul etməsi və üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən əməliyyat müvəkkili Şahid1 əldə etdiyi məlumat əsasında Orxan Qulizadənin cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 21 sentyabr 2022-ci il tarixdə Şahid1 raportla ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Şöbə rəisi tərəfindən təsdiq edilmiş 21 sentyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərara əsasən o, Şahid1 və Şahid3 ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin günü əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Orxan Qulizadənin cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar. Təxminən saat 17 radələrində X3 şəhəri H.Əliyev küçəsində yolla piyada hərəkət etməsi müəyyən olunmuşdur. Orxan Qulizadəyə yaxınlaşıb özlərini ona təqdim etmişlər. Həmin vaxtı yolda gediş-gəliş çox olduğundan və Orxan Qulizadənin üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Bundan sonra Orxan Qulizadə təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, videoçəkilişlə Orxan Qulizadənin üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Orxan Qulizadənin əynində olan şalvarının sol yan cibindən dörd bükümdə qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Orxan Qulizadənin üzərindən aşkar edilmiş 4 bükümdə narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi təqribən 0,87 qram olmuşdur. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. Lənkəran şəhər, H.Əliyev prospekti ev 11/17 mənzil 7-də qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələri qəbul etməsi və üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən əldə etdiyi məlumat əsasında Orxan Qulizadənin cinayət əməllərini ifşa etmək üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsindən ötrü 21 sentyabr 2022-ci il tarixdə raportla ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Şöbə rəisi tərəfindən təsdiq edilmiş 21 sentyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərara əsasən o, Lənkəran ŞRPŞ-nin CABnin əməliyyat müvəkkilləri polis kapitanı Şahid3 və polis baş leytenantı Şahid2 ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin günü əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Orxan Qulizadənin cinayət əməllərini ifşa etmək üçün əməliyyataxtarış tədbirlərini keçirməyə başlamışlar. Təxminən saat 17 radələrində X3 şəhəri H.Əliyev küçəsində yolla piyada hərəkət etməsi müəyyən olunmuşdur. Orxan Qulizadəyə yaxınlaşıb özlərini ona təqdim etmişlər. Həmin vaxtı yolda gediş-gəliş çox olduğundan və Orxan Qulizadənin üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra bu barədə raportla şöbə rəisinə müraciət etmişdir. Bundan sonra Orxan Qulizadə təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, videoçəkilişlə Orxan Qulizadənin üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Orxan Qulizadənin əynində olan şalvarının sol yan cibindən dörd bükümdə qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Orxan Qulizadənin üzərindən cinayət xarakterli başqa hər hansı bir şey aşkar olunmamışdır. Orxan Qulizadənin üzərindən aşkar edilmiş 4 bükümdə narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi təqribən 0,87 qram olmuşdur. Sonra heroinə bənzər həmin kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Orxan Qulizadə ilə şifahi sorğu keçirilərkən bildirmiş ki, təxminən üç-dörd ildir ki, narkotik vasitə heroindən istifadə edir, üzərindən aşkar edilmiş narkotik vasitə heroini 20 sentyabr 2022-ci il tarixdə ünvan 2 ünvanını bilmədiyi şəxsdən 40 (qırx) manata aldığını, istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol, o da daxil olmaqla iştirak edən şəxslər tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və DVD diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdə keçirilən şəxsi axtarış zamanı üzərindən 4 bükümdə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 22 sentyabr 2022-ci il tarixli, 19/1005 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4(dörd) ədəd bükümdə ümumi təmiz çəkiləri- 1,190 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatı üçün 0,2 qram heroin istifadə edilmiş, 0,990 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 22 sentyabr 2022-ci il tarixli, 984 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi eytiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran Rayon Məhkəməsinin 4(049)-304/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Quluzadə X2 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(049)-449/2021 №-li hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(007)-836/2021 №li qərarı ilə barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndi tətbiq edilərək hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 ədəd bükümdə ümumi təmiz çəkisi 1,190 qram narkotik vasitə heroin və DVD diskdə videogörüntü maddi sübut qismində tanınmış, 4 ədəd bükümdə qalıq çəkisi -0,990 qram narkotik vasitə heroin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, DVD diskdə videogörüntü cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan xasiyyətnamə və arayışından görünür ki, Quluzadə X2 şəhəri H.Əliyev prospekti ev 11/17 mənzil 7-də qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqında əməlini etiraf edərək səmimi peşiman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxsun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 65.2-ci maddəsinin (CM-nin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.) tələbi baxımından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından aşağı olmayan cəzanın təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 21 sentyabr 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 0,990 qram çəkidə beş bükümdə narkotik vasitə heroin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1(bir) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzaçəkmə müddətinin başlanğıcı 21 sentyabr 2022-ci il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 0,990 qram çəkidə 4 bükümdə narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60(altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar