Məhkəmə qərarları › İş №1(049)-87/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-87/2023

23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-87/2023 23.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 17:30 xx xxxxxx 1983-cü ildə Lənkəran rayonu, Port-İliç (indiki Liman) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin satışı məqsədi ilə 28 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində yerləşən "Kiçik bazar" adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 20 manat müqabilində 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,245 qr; -0,188 qr; - 0,266 qr; -0,168 qram, ümumi təmiz çəkisi -0,867 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək, üzərində saxlamaqla daşımış və Lənkəran ŞRPŞnin Liman polis bölməsinin əməkdaşlarının 28 sentyabr 2022-ci il tarixdə, saat 17 radələrində keçirdikləri əməliyyat tədbirləri nəticəsində, həmin gün saat 16:40 dəqiqədə Liman şəhəri H.Aslanov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Liman polis bölməsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman qeyd olunan çəkilərdə narkotik vasitə olan heroin 4 (dörd) ədəd ağ rəngli sellofan kəsiklərinə bükülmüş halda əynindəki sarı rəngli şalvarının sağ yan cibindən, narkotik vasitə olan heroinin satışında vasitə kimi istifadə etdiyi üzərində heroin izləri olan elektron tərəzi isə həmin şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü qismən, yəni Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Lənkəran rayon məhkəməsinin 27 yanvar 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə məhkum olunmuşdur. 2022-ci ilin avqust ayında azadlığa çıxmışdır. Hərdən bir narkotik vasitə olan heroindən zərli kağızda yandırıb tüstüsünü udmaqla istifadə etmişdir. İstifadə etdiyi "kakos" deyilən narkotik vasitə olan heroini Lənkəran şəhərində yerləşən "Kiçik bazar" deyilən ərazidə üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən almışdır. Heroin aldığı şəxs çəkidə onu aldatmasın deyə, üzərində elektron tərəzi gəzdirmişdir. 28 sentyabr 2022-ci il tarixdə, saat 11 radələrində yaşadığı evdən çıxıb heroin almaq üçün avtobusa əyləşmiş və Lənkəran şəhərinə getmişdir. Lənkəran şəhərində avtobusdan düşüb piyada "Kiçik bazar" deyilən əraziyə getmiş və həmişə ona heroin satan şəxsdən 20 manata 4 ədəd sellofan bükümlərdə təxminən 1 qram çəkidə heroin almışdır. Sonra isə avtobusla Liman şəhərinə qayıtmış və yaşadığı evə getmişdir. Həmin gün saat 17 radələrində evdən çıxıb, aldığı heroindən istifadə etmək üçün münasib yer axtarmağa başlamışdır. Liman şəhəri H.Aslanov küçəsində piyada hərəkətdə olduğu zaman yanında bir maşın dayanmış və həmin maşından bir neçə nəfər şəxs yerə düşərək ona yaxınlaşmışlar. Həmin şəxslərdən biri ona polis işçiləri olduqlarını bildirmiş və onu maşına əyləşdirib Liman polis bölməsinə gətirmişlər. Polis bölməsinin bir otağında polis işçisi ona müdafiəçi qismində təqdim olunmuş vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparmışdır. Axtarış zamanı o əynində olan sarı rəngli şalvarının sağ yan cibində gizlətdiyi bir ədəd şəffaf sellofana bükülmüş 4 ədəd bükümdə narkotik vasitə olan heroini və şalvarının sol yan cibində olan bir ədəd elektron tərəzini çıxardıb masanın üzərinə qoymuşdur. Polis işçisi həmin bükülülərin içərisində nə olduğunu ondan soruşulduqda həmin 4 ədəd bükülünün içərisində "kakos" deyilən heroin olduğunu bildirmişdir. Həmin kütlələr tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Polis işçisi elektron tərəzini nə üçün cibində saxladığını ondan soruşmuş, o da narkotik vasitələr alarkən narkotik satan şəxsin onu aldatmaması üçün çəkisini dəqiqləşdirmək məqsədilə həmin elektron tərəzidən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özü etiraf etməsə də, onun təqsiri şahid ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin Liman PBnin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. 28 sentyabr 2022-ci il tarixdə, saat 10 radələrində icraatına Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə tərəfindən Liman polis bölməsinin rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə təxirəsalınmadan ətrafında əməliyyat tədbiriləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Liman polis bölməsinin rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi ilə əlaqədar onun rəhbərliyi altında, Liman polis bölməsinin polis nəfərləri, polis serjantı Şahid3 və polis serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 28 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində Liman şəhəri H.Aslanov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Liman polis bölməsinə gətirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan sarı rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş içərisində narkotik vasitə heroinə bənzər kütlələr olan dörd ədəd sellofan bükülünü və həmin şalvarının sol yan cibindən bir ədəd elektron tərəzini çıxardıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin 4 ədəd bükülünün içərisində heroin olduğunu bildirmiş, həmin dörd ədəd bükümdə olan heroini öz istifadə etmək üçün 28 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhər ərazisində tanımadığı şəxsdən aldığını, elektron tərəzini narkotik vasitələr alarkən, narkotik satan şəxsin onu aldatmaması üçün çəkisini dəqiqləşdirmək məqsədilə istifadə etdiyini bildirmişdir. Heroinə bənzər kütlə olan 4 ədəd bükülü bir ədəd zərfə, elektron tərəzi isə digər bir zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun olaraq eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: - Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - 28 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən sonuncunun əynindəki sarı rəngli şalvarının sağ yan cibindən 4 (dörd) ədəd bükülüdə narkotik vasitə olan heroin, sol yan cibindən isə 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs həmin 4 (dörd) ədəd bükülüdə narkotik vasitə olan heroin və 1 (bir) ədəd elektron tərəzinin özünə məxsus olduğunu bildirmişdir. - Məhkəmə-kimyəvi ekspertizasının 29 sentyabr 2022-ci il tarixli, 19/1041 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 ədəd bükümdə kütlələr......." sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,245 qr;-0,188 qr;-0,266 qr;-0,168 qram; ümumi təmiz çəkisi-0,867 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində "Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd elektron tərəzi......" sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Ekspertiza tədqiqatının dəyəri 60 manat müəyyən edilmişdir. - Ambulator məhkəmə-narkoloji ekspertizasının 29 sentyabr 2022-ci il tarixli, 1027 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. 2021-ci ildən "Opium narkomanlığı" diaqnozu ilə qeydiyyatda durur. - Məhkəmə ambulator-psixiatrik ekspertizasının 07 noyabr 2022-ci il tarixli, 2949 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə "şizofreniya paranoid forma remissiya vəziyyəti" qeyd olunmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə yuxarıda göstərilən psixi xəstəliyin remissiya mərhələsində olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda şizofreniya paranoid forma remissiya vəziyyəti xroniki psixi xəstəlik aşkar edilir. Təqsirləndirilən şəxs halhazırda "şizofreniya paranoid forma" psixi xəstəliyinin remissiya vəziyyəti qeyd olunduğundan onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. - 30 noyabr 2022-ci il tarixli «sübutların qiymətləndirilməsi» haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri -0,245 qr; -0,188 qr; -0,266 qr; -0,168 qram, ümumi təmiz çəkisi - 0,867 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1 (bir) ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı videogörüntüləri özündə əks etdirən DVD disk maddi sübut qismində tanınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Əliyev X2 Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 1(049)-107/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib 01 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 1(049)-107/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Çəzaçəkmə Müəssisəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 4(049)-315/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 28 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. - Lənkəran Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 5(049)-369/2022 saylı qərarı ilə Lənkəran ŞRPŞ-nin Liman PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 “Əməliyyat axtarış tədbirinin həyata keçirilməsi barədə” 28 sentyabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 18 oktyabr 2022-ci il tarixli, 595 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdən Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının qeydiyyatdadır. Arxiv məlumatlarına əsasən diaqnozu “Şizofreniya, paranoid forma”dır. -Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən xx.xx.2022-ci il tarixli, 1968 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Əliyev X2 rayonu Liman şəhəri 28 May küçəsi ev 27-də qeydiyyatda olmaqla anası X3 ilə yaşamış və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilməsə də, onun törətdiyi cinayət əməli yəni, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib satma və qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsini məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək narkotik vasitələrin satışı ilə məşğul olmadığını və üzərindən aşkar olunaraq götürülmüş 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,245 qr; -0,188 qr; - 0,266 qr; -0,168 qram, ümumi təmiz çəkisi -0,867 qram tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə etdiyini, üzərindən aşkar olunaraq götürülmüş elektron tərəzini üzərində saxlamaqda məqsədinin narkotik vasitə alanda ona çəkidə aldatmamaları olmasını bildirməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, tədqiq edilmiş sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarın 8-ci və 9cu maddələrində məhkəmələrə izah edilir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotik istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. - İş materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs Əliyev X2 Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 1(049)-107/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib 01 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 avqust 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cəzadan azad olunduğu andan iki il müddət keçməyərək yenidən hazırki cinayət əməlini törətmişdir ki, bu da onun əməlində cinayətlərin residivinin yaranması qənaətinə gəlməyə əsas verir. CM-nin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinin tələbinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsina və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən yuxarıda qeyd olunan normalarından göründüyü kimi, məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən etməmişdir. Məhkəmə CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 28 sentyabr 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun 2021-ci ildən “Opium narkomanlğı” diaqnozu ilə qeydiyyatda durmağı nəzərə alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan 4 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalan 0,667 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə şəxsi axtarış istintaq hərəkətlərini özündə əks etdirən 01 ədəd DVD diskdə olan videogörüntülər iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 (altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 28 sentyabr 2022ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji xəstəxanasında “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 4 ədəd bükümdə ümumi təmiz çəkisi 0,667 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar