Məhkəmə qərarları › İş №1(049)-87/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-87/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-87/2025 06.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs, müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmiş, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 28 mart 2025-ci il tarixdə saat 14 radələrində Lənkəran şəhəri H.Aslanov küçəsində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində, yəni sonuncunun onun ünvanına nalayiq ifadə işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs burun nahiyyəsinə qəsdən kəllə ilə vuraraq ona həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya burun sümüyünün yerdəyişmiş sınığı, burun nahiyyəsində əzilmiş yara və qançır, sağ əl nahiyyəsində sıyrıqdan ibarət xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 28 mart 2025-ci il tarixdə saat 14 radələrində Lənkəran şəhəri H.Aslanov küçəsində hərəkətdə olan zaman əsəbi olduğu üçün asta səslə özü-özünə nalayiq ifadə işlədirmiş. Bu zaman yaxınlığında dayanan adını sonradan bildiyi Zərərçəkmiş şəxs ona salam verərək, ondan adını soruşmuşdur. O, Zərərçəkmiş şəxs adının Ələddin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ondan söyüş söyməməyini bildirdikdə, o, Elvinə həmin söyüşü ona söymədiyini bildirmiş, Elvin yenə də nalayiq ifadə işlətməyin düzgün olmadığını bildirmişdir. O, isə Elvinin ondan yaşca balaca olduğunu görüb ona "rədd ol getdə sən allah’ demişdir. Bu zaman Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlədərək, üzərinə gəlmişdir. O, da, əsəbləşib Elvinin burun nahiyyəsinə kəllə ilə bir zərbə vurmuşdur. Onlar arasında baş vermiş münaqişə təxminən 1-2 dəqiqə davam etmişdir. Onlar arasında baş vermiş münaqişə qısa müddət ərzində baş verdiyi üçün oraya hər hansı bir kənar şəxs yaxınlaşmamış və münaqişə zamanı orada tanıdığı hər hansı bir şəxs olmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır və yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə 13 radələrində işə getmək üçün avtobusla Lənkəran rayonu Ləj kəndiridən çıxıb Lənkəran şəhəri H.Aslanov küçəsində avtobusdan düşmüşdür. Bir qədər aralıda dayanıb Lənkəran rayonu Ləvəngi dairəsi istiqamətində gedən avtobusun gəlməsini gözləmiş və siqaret çəkmək üçün bir qədər aralıda insanların olmadığı yerə çəkilərək gözləmişdir. Bu zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs özü-özünə söyüş söyərək gəlib yanında dayandığını görmüşdür. O, Ələddinə yaxınlaşaraq salam vermiş və adının nə olduğunu soruşmuşdur. Həmin şəxs adının Ələddin olduğunu və Lənkəran şəhərində yaşadığını bildirmişdir. O, Ələddindən niyə söyüş söydüyünü soruşduqda Ələddin onu söymədiyini, əsəbi olduğu üçün nalayiq ifadə işlətdiyini bildirmişdir. O, isə Ələddinə yenədə söyüş söyməyin düzgün hərəkət olmadığını bildirdikdə Ələddin ona “rəddol getdə sən allah” deyərək üzərinə gəlmişdir. O, da, özünü təhqir olunmuş hesab etdiyi üçün Təqsirləndirilən şəxs qarşı nalayiq ifadə işlətmişdir. Bu zaman Təqsirləndirilən şəxs onun üzərinə gələrək kəllə ilə onun burun nahiyyəsinə bir zərbə vurmuş və o, zərbənin təsirindən yerə yıxılmışdır. Ələddin dərhal oradan uzaqlaşmış və kənarda olan bir iki nəfər tanımadığı şəxs ona yaxınlaşaraq onu ayağa qaldırmışdır.O, Lənkəran ŞRPŞ-na gələrək bu barədə ərizə ilə müraciət etmişdir. Onlar arasında baş vermiş münaqişə təxminən 1-2 dəqiqə davam etmişdir. Onlar arasında baş vermiş münaqişə qısa müddət ərzində baş verdiyi üçün oraya hər hansı bir kənar şəxs yaxınlaşmamış və münaqişə zamanı orada tanıdığı hər hansı bir şəxs olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və ona yüngül cəza verilməsini xahiş edir. İş materiallarının 22-24-cü vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 182 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində - burun sümüyünün yerdəyişmiş sınığı, burun nahiyyəsində əzilmiş yara və qançır, sağ əl Bəhiyyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 4-5 gün əvvələ uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR zərər vurmaya aiddirlər. İş materiallarının 17-19-cu vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Lənkəran şəhəri H.Aslanov küçəsində piyada yolunun üzərindədir. İş materiallarının 36-cı vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş tələbnamədən görünür ki, Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasımı xx.xx.2025-ci il tarixli 265 saylı arayışından məlum olur ki, Lənkəran şəhəri Fizuli küçəsi e/ 22də qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs X1 qeydiyyatda deyil. İş materiallarının 38-39-cu vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qardaşı ilə birlikdə ünvan 2 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək X3 ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarının 40-41-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmişdir. Həmçinin Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə açılmış ********* saylı məhkəməyədək sadələşdirilmiş icraat materialına AR CPM-in 40.3, 43.1.2-ci maddəsinə əsasən xitam verilərək cinayət məsuliyyətindən azad olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Belə ki, o, Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsnin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Qeyd edilən cinayət əməlləri isə ağır cinayətlər kateqoriyasına aid edildiyindən CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Lakin göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğun ödənilmə müddəti bitmədən 28 mart 2025-ci il tarixdə cinayət əməlini törətmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin zərərçəkmiş şəxsin ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarından göründüyü kimi zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışaraq məhkəməyə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin məcəllənin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Lakin iş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Əlizadə X2 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə AR CPM-in 40.3, 43.1.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə açılmış ********* saylı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hal zərərçəkmiş şəxslə barışıq əldə etməsi və sonuncunun ondan şikayət və tələbinin olmamasıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. CM-nin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma—iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, həmçinin, əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətməsini, eyni zamanda əvvəllər CM-nin 128-ci maddəsi ilə təqsirləndirildiyi cinayət təqibinə xitam verilərək məsuliyyətdən azad olunmasına baxmayaraq heç bir nəticə çıxarmayıb təkrarək qəsdən sağlamlığa zərər vurmağa görə cinayət məsuliyyətinə cəlb edilməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəslərində çəkilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 may 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, üzərinə həbs qoyulmuş əmlak və mülki iddia yoxdur. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 may 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən qüvvədə saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar