Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-89/2023 26.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, saat 12:55 xx xxxxxx 1978-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə 09 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Lənkəran şəhəri M.B.Axundov küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi hesab edilən evinə qanunsuz daxil olmaqla evin birinci mərtəbəsinin açıq olan qapısından evə daxil olub birinci mərtəbədə olan otağında saxlanılan hər birinin qiyməti 20 manat olan cəmi qiyməti 40 manat iki ədəd qədim dəmir çarpayı başlıqlarını, 300 manat qiymətində 5 parçadan ibarət tefal qazan dəstini, 140 manat qiymətində 5 parçadan ibarət çaydan nabor dəstini, 1 ədəd 10 litr həcmli 50 manat qiymətində alüminium materialdan qazanı, 140 manat qiymətində 5 parçadan ibarət tefal tava dəstini, 22,50 manat olmaqla 1 metrinin qiyməti 1,50 manat olan 15 metr plastik boruları və bir ədəd 50 manat qiymətində dəmir kreslonu gizli olaraq talayıb oğurluq etməklə Zərərçəkmiş şəxs 742 manat 50 qəpik ziyan vurmuşdur. Bundan başqa, o satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan vaxtda və mənbədən, öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,091 qram; -0,121 qram; -0,102 qram; -0,097 qram; -0,067 qram; -0,158 qram ümumi təmiz çəkiləri -0,636 qram xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eyni olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 19:25 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı o, Lənkəran şəhəri, A.Mollababa küçəsi ərazisində saxlanılaraq ŞRPŞ-nə gətirilmiş və şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən həmin çəkidə və bükümlərdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlarla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2017-ci ildən narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Narkotik vasitələrin heroin növündən ineksiya yolu ilə damarına vurmaqla qəbul edir. Hər gün narkotik vasitə olan heroindən istifadə edir. İstifadə etməyəndə bədənində ağrıları olur və narkotik axtarıb tapmaq məcburiyyətində qalır. Narkotik vasitələri Lənkəran şəhərində təsadüfən rastlaşdığı şəxslərdən alır. Narkotik vasitələrə pul çatdıra bilmədiyi üçün bir dəfə oğurluq hadisəsi də törətmişdir. Belə ki, Lənkəran şəhəri, A.Mollababa küçəsində yerləşən qonşusu Zərərçəkmiş şəxs yaşayış olmayan evindən oğurluq etmişdir. Zərərçəkmiş şəxs evində bir neçə dəfə fəhləlik etmişdir. Həmin evin birinci mərtəbəsində taxta qapısı olan orta otaqda məişət əşyalarını orada işləyən zaman görmüşdür. 09 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində narkotik vasitələr almağa pulu olmadığına görə öz evindən iki parça kisə götürüb, çəpərdən qonşusu Zərərçəkmiş şəxs yaşayış olmayan evinə getmişdir. Həmin evin birinci mərtəbəsində yerləşən orta otağın taxta qapısını açmışdır. Qapının kilidi olmamışdır. Özü ilə gətirdiyi kisələrə otaqda olan bir dəst içərisində 5 ədəd tefal qazan naborunu, bir dəst 5 parçadan ibarət çaydan naborunu, 1 ədəd iri həcmli alüminium qazanı, 1 dəst beş parçadan ibarət tefal tava naborunu, 5-6 ədəd kəsilmiş 1 metrlik plastik boruları kisələrə doldurmuş və həmin otaqda olan iki ədəd dəmir çarpayı başlıqlarını əlinə alıb kisələri də götürüb otaqdan çıxmışdir. Oğurladığı əşyaları çəpərdən həyətinə tullamış və özü də həyətinə çəpərdən tullanmışdır. Daha sonra oğurladığı əşyaları evinin zirzəmisində gizlətmişdir. Ailə üzvlərinin onun oğurluq etdiyindən xəbərləri olmamışdır. 10 oktyabr 2022-ci il tarixdə saat təxminən 11 radələrində evdə heç kim olmayan zamanda oğurladığı əşyaları zirzəmidən götürüb küçəyə aparmışdır. Küçəyə həmişə dəmiryığan motosiklet sürənlər gəlmişdir. Oğurladığı əşyaları küçədə tanımadığı bir motosikletin sürücüsünə ümumən 28 manata satmışdır. Əldə etdiyi pulla da özünə narkotik vasitələr amışdır. 20 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində Lənkəran şəhəri “Mərkəzi bazar” adlanan ərazidə küçədə piyada gedən zaman üzdən tanığı, adını və ünvanını bilmədiyi şəxslə rastlaşmışdır. Söhbət edən zaman bir-birilərinin narkoman olduğunu bilmişlər. Həmin şəxsdən narkotik maddə istəmişdir. Həmin şəxs də ona üzərində narkotik maddə olduğunu bildirmiş və 20 manata altı bükümdə narkotik maddə olan heroin satmışdır. O da həmin şəxsdən aldığı narkotik maddəni bədənində ağrılar olan zaman istifadə etməsi üçün əynindəki cins şalvarının sağ yan cibinə qoymuşdur. 20 oktyabr 2022-ci il tarixdə təxminən saat 19 radələrində Lənkəran şəhəri, A.Mollababa küçəsi ilə piyada evinə gedən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra onu Lənkəran Şəhər, Rayon Polis Şöbəsinə dəvət etdikdə polis əməkdaşları ilə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində o, şübhəli şəxs kimi tutulmuş və vəkil ilə təmin olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı əynindəki cins şalvarının sağ yan cibindən istifadəsi üçün saxladığı şəffaf rəngli sellofana bükülmüş altı büküm narkotik vasitə olan heroin aşkar olunmuşdur. Həmin altı büküm narkotik vasitə olan heroin elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəməsini, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq ona aşağı həddə cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Lənkəran şəhəri, M.B.Axundov küçəsində yerləşən 61 saylı iki mərtəbəli, həmin zaman təmir etdirdiyi və yaşayış olmayan fərdi yaşayış evinə 12 oktyabr 2022-ci il tarixdə getmiş, həyət qapısı bağlı olmuşdur. Həyət qapısını açarla açıb həyətinə daxil olmuşdur. Daha sonra evinə nəzər yetirmişdir. Evin birinci mərtəbəsində qapısı bağlanmayan otaqda bəzi əşyaları saxlamışdır. Həmin otağa daxil olmuş, ətrafa nəzər yetirəndə ona həmin otaqdan hər birinin qiyməti 20 manat olan iki ədəd qədim dəmir çarpayı başlıqları, 300 manat qiymətində 5 parçadan ibarət tefal qazan dəsti, 140 manat qiymətində 5 parçadan ibarət çaydan nabor dəsti, 1 ədəd 10 litr həcmli 50 manat qiymətində alüminium materialdan qazan, 140 manat qiymətində 5 parçadan ibarət tefal tava dəsti, 22,50 manat olmaqla 1 metrinin qiyməti 1,50 manat olan 15 metr plastik boruları və bir ədəd 50 manat qiymətində dəmir kreslonun oğurlanması məlium olmuşdur. Sonradan evində oğurluq edən şəxsin evində fəhlə işləyən Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq ona 742 manat 50 qəpik maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəmədə çıxışında və məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur, bu səbəbdən ona yüngül həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Baləddin oğlu ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. 12 oktyabr 2022-ci il tarixdə CAB-nin əməliyyat müvəkkili Tahirli X2 şəhəri Sabir küçəsi ev 66-da qeydiyyatda olan, Lənkəran şəhəri A.Mollababa küçəsi dalan 3, ev 3-də yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən məlumat əldə etmiş, həmin məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 12 oktyabr 2022-ci il tarixdə raportla ŞRPŞ-nin rəisinə müraciət edilmişdir. Şöbə rəisi tərəfindən təsdiq edilmiş 12 oktyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərara əsasən ondan, ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin gün əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar. Təxminən saat 19 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri A.Mollababa küçəsində yolla piyada hərəkət etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini ona təqdim etmişlər. Həmin vaxtı yolda gediş-gəliş çox olduğundan və Təqsirləndirilən şəxs üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu Lənkəran ŞRPŞ-yə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra bu barədə raportla şöbə rəisinə müraciət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş altı bükümdə qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 6 bükümdə narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxsla şifahi sorğu keçirilərkən təxminən beş ildən artıqdır ki, narkotik vasitə heroindən istifadə etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitə heroini 20 oktyabr 2022-ci il tarixdə Lənkəran şəhərində yerləşən “Mərkəzi bazar” ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 20 (iyirmi) manata aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa Lənkəran şəhəri A.Mollababa küçəsində yaşayan qonşusu Zərərçəkmiş şəxs evdən məişət əşyalarını oğurladığını bildirmişdir. Sonda tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şahid3 məhkəmə istintaqında Şahid2 Baləddin oğlunun ifadəsinə uyğun eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2022-ci il tarixdə saat 19:25-də şübhəli şəxs qismində tutulmuşdur. 12 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş DVD-R diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində saxladığını göstərmişdir.Keçirilən baxış videoçəkiliş ilə aparılaraq görüntü DVD-R diskinə köçürülmüş və protokola əlavə edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 13 oktyabr 2022-ci il tarixli, 19/1081 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 6 (altı) ədəd bükümdə ümumi təmiz çəkiləri- 0,636 qram olan xarici görnüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eyni olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 13 oktyabr 2022-ci il tarixli, 1071 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi eytiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. 13 oktyabr 2022-ci il tarixli “obyektə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, qeyd olunan oğurluq hadisəsi ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində baş vermişdir. Bu zaman onun evinə daxil olmuş naməlum şəxs və ya şəxslər oradan ev əşyalarını oğurlamışdır. Lənkəran rayonu, Liman şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyətinin 11 noyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, hər birinin qiyməti 20 manat olan iki ədəd qədim dəmir çarpayı başlıqlarının cəmi qiyməti 40 manat, 5 parçadan ibarət tefal qazan dəstinin qiyməti 300 manat, 5 parçadan ibarət çaydan nabor dəstinin qiyməti 140 manat, 1 ədəd 10 litr həcmli alüminium materialdan qazanın qiyməti 50 manat, 5 parçadan ibarət tefal tava dəstinin qiyməti 140 manat, 1 metrinin qiyməti 1,50 manat olmaqla, 15 metr plastik boruların cəmi qiyməti 22,50 manatdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Psixiatriya Xəstəxanasının 07 noyabr 2022-ci il tarixli, 1000 saylı arayışdan görünür ki, Məmmədov X1 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Lənkəran Rayon Məhkəməsinin 4(049)-326/2022 nömrəli, 14 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Lənkəran ŞİHB-nın Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Məmmədov X1 şəhəri, Sabir küçəsi, ev 66 ünvanında ailə üzvləri arvadı və xx.xx.2008 və xx.xx.2012-ci il təvəllüdlü iki uşağı ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Sübutların qiymətləndirilməsi haqqında 02 dekabr 2022-ci il tarixli qərardan görünür ki, 6 ədəd bükümdə xalis çəkisi -0,396 qram narkotik vasitə heroin maddi sübut qismində tanınaraq saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD-R disk iş maddi sübut qismində tanınaraq materiallarına əlavə edilmişdir. Məhkəmə baxışı zamanı məhkəmə cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməllərinin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin həmin maddələrdə nəzərdə tutulan əməllərini törətməsi özünün etirafedici ifadələri ilə yanaşı, bunu tamamlayan məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, mütəxəssis rəyi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq hərəkətlərin dair digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməsini, Zərərçəkmiş şəxs onunla barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətinin və tələbinin olmamasını, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə təqsirini etiraf etməsi, əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs şəxsiyyəti, cəzanı yüngülləşdən halları və cəzanı ağırlaşdıran halların olmaması, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, zərəçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid olunmadan da islah olunması qənaətinə gələrək, ona CM-nin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq azadlığın məhdudlaşdırılması təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 oktyabr 2022-ci il tarixdən 26 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 03 ay 14 gün müddət bir günə iki gün hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir. X4 cəzaçəkmə müddətinin başlanıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə onu da qeyd edir ki, CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası üzrə onun üzərinə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalında dərhal həbsən azad edilməli və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, CM-nin 93.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,396 qram çəkidə narkotik vasitə olan heroinlər məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD-R disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 oktyabr 2022-ci il tarixdən 26 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 03 ay 14 gün, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 06 ay 28 günə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il 05 ay 02 gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı ünvanı təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 0,396 qram çəkidə narkotik vasitə heroinlər məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD-R disk maddi sübut kimi iş materiallarında saxlanılsın. Ekspertiza xərci 60 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-89/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-89/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver