Məhkəmə qərarları › İş №1(049)-91/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-91/2023

12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-91/2023 12.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12.00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talayıb oğurlamış, habelə satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2022-ci ilin avqust ayının sonlarında, axşam saatlarında Lənkəran rayonu, Girdəni kənd sakini Zərərçəkmiş şəxs məxsus Lənkəran şəhəri, Vağzal küçəsində yerləşən qeyri-yaşayış binasının həyətinə açıq olan qapısından keçməklə qanunsuz daxil olub vahid niyyətlə hərəkət edərək, binanın giriş hissəsindəki dəhlizin və pilləkanların bir metrinin qiyməti 32 manat olan cəmi 800 manat qiymətində 25 metr uzunluğunda dəmir metaldan hazırlanmış tutacaqları bərkidildiyi yerdən qoparıb kəsməklə və qeyri yaşayış binasının həyətində olan hər birinin qiyməti 400 manat olan cəmi 1200 manat qiymətində 3 ədəd iki metr hündürlüyündə, iki metr uzunluğunda kənarları alkaponla bərkidilmiş dəmir metaldan hazırlanmış köşkü kəsib doğramaqla Zərərçəkmiş şəxs məxsus ümumilikdə 2000 manat qiymətində özgənin əmlakını binaya qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda dörd ədəd bükümdə, ayrı ayrılıqda təmiz çəkiləri 0,237 qram, 0,448 qram, 0,191 qram və 0,142 qram, ümumi təmiz çəkisi-1,018 qram tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroini əldə edərək, üzərində saxlamaqla daşımış və Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının 27 sentyabr 2022-ci il tarixdə, keçirdikləri əməliyyat tədbirləri nəticəsində saat 18:20-də Lənkəran şəhəri, Vağzal küçəsində saxlanılaraq, polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində keçirilən şəxsi axtarış zamanı qeyd olunan çəkilərdə və bükümlərdə olan narkotik vasitə heroin sellofana bükülmüş halda əynindəki şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, oğurluq cinayətini törədərkən həbsdən yeni azadlığa çıxmışdır, onu həmin vaxt polislər saxlayaraq polis şöbəsinə gətirmişlər, polis şöbəsində onun üzərinə baxış zamanı narkotik vasitə aşkar edilmişdir. Lakin onun oğurladığı dəmir parçaları hazırkı ittihamda qeyd edilən dəmirlər deyil, o, dərmir parçalarını oğurlamaq istəyərkən polis əməkdaşları tərəfindən tutulmuşdur. Uzun müddətdir narkotik vasitədən istifadə edir. Hazırda əməlindən peşmandır. Cinayət işinin 168-171-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış dindirmə protokollarından görünür ki, məhkəmədə verdiyi ifadəsində fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə ifadələrində göstərmişdir ki, ünvan 2 ünvanında özünə məxsus evdə tək yaşayır. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə həbs olunmuşdur. Heç bir yerdə işləmir. Həbsdən buraxıldıqdan sonra narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Narkotik vasitə heroindən yandırıb tüstüsünü çəkməklə istifadə edir. Narkotik vasitə istifadə etmədiyi vaxtlarda bədənində güclü ağrılar olur. Heç bir psixi və ya nevroloji dispanser qeydiyyatında deyil. İstifadə etdiyi heroini Lənkəran rayonunda üzdən tanıdığı, amma adlarını bilmədiyi şəxslərdən alır. 2022-ci ilin avqust ayının sonlarında, axşam saatlarında Lənkəran şəhəri Vağzal ərazisində olarkən orada yerləşən köhnə, çalışmayan “do restoran” kimi adlandırılan tikilini görmüş, tikilinin həyətinə daxil olmuşdur. Tikilinin qapısı açıq olmuşdur. Həyətdə heç kim olmamışdır. Orada pilləkanların və eyvanın kənarlarında olan dəmir tutacaqları, həmçinin həyətdə olan təxminən 2 metr hündürlüyündə, 2 metr enində dəmir konstruksiyadan hazırlanmış, kənarları alkapondan düzəldilmiş 3 ədəd köşkü görmüş, dəmir tutacaqları və köşkü oğurlamaq qərarına gəlmişdir. Buna görə də, yaşadığı evə gedib dəmir kəsən mişarı özü ilə götürmüş, gecə saatlarında təkrar tikiliyə qayıdıb pilləkanların və eyvanın dəmir tutacaqlarını özü ilə gətirdiyi mişarla kəsib yerindən çıxarmışdır. Tutacaqları təxminən 1 metr məsafədə kəsib həyətdə yığmışdır. Daha sonra həyətdə olan 3 ədəd köşkü də dəmir kəsən mişarla doğramışdır. Sonra vağzal ərazisinə çıxmış, sübh tezdən, təxminən saat 07 radələrində vağzal ətrafında dəmir materialları yığan, nömrə nişanını xatırlamadığı VAZ21024 markalı avtomobili görmüşdür. Həmin avtomobilin sürücüsünə yaxınlaşıb onda dəmir parçaları olduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Həmin şəxsə dəmir parçaları ondan ala biləcəyini demişdir. Birlikdə restoranın həyətinə daxil olmuşlar. Həmin şəxsə tikilinin onun atasına aid olduğunu, dəmir materialların lazımsız olduğu üçün satmaq istədiyini bildirmişdir. Həmin şəxs özündə olan tərəzi ilə dəmirləri çəkmiş, dəmirlərinin çəkisi tam yadında olmasa da, təxminən 200 kq olmuşdur. Həmin şəxsdən 60 manat pul almışdır. Həmin pullarla özünə narkotik vasitə almışdır. Dəmir materialları satdığı şəxslər əşyaların oğurluq olmasını bilməmişlər. Həmin şəxslərə dəmir materialların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Oğurluqdan qazandığı pulları özü üçün xəcləmiş və narkotik vasitə almışdır. Etdiyi oğurluq barədə heç kimə deməmişdir, heç kimin oğurluqdan məlumatı olmamışdır. O, bütün oğurluğu tək etmişdir. Oğurluq etməkdə ona heç kim köməklik etməmişdir. Ona oğurluq əşyaları qabaqcadan almaqla vəd verən olmamışdır. O, başqa yerlərdən oğurluq etməmişdir. Etdiyi əməllərdən peşmandır. VAZ21024 markalı avtomobilin sürücüsünü tanımır. Həmin avtomobil köhnə olmuş və ilk baxışda sürücüsünün dəmir yığımı ilə məşğul olması bilinirmiş. Sürücü kök, 45-50 yaşlarında, qarayanız, orta boylu birisi olmuşdur. Bundan başqa 27 sentyabr 2022ci il tarixdə, səhər saatlarında Lənkəran şəhəri Kiçik bazar adlanan ərazidə adını bilmədiyi narkoman tanışından dörd bükümdə narkotik vasitə heroin almış, həmin şəxsə heroinlərə görə 20 manat pul vermişdir. Lakin həmin heroinlərdən istifadə etməmiş, üzərində saxlamışdır ki, bədənində ağrılar olan zaman istifadə edər. Daha sonra, həmin günü saat 18 radələrində Lənkəran şəhəri dəmiryolu Vağzalında olarkən arxadan kiminlərinsə onlara yaxınlaşdığını görmüşdür. Geri dönüb baxarkən həmin şəxslərdən biri özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis işçiləri onu saxlayıb Lənkəran ŞRPŞ-nə gətirmişlər. Polis şöbəsində olan otaqların birində polis işçisi Fəhmin adlı şəxs ona müdafiəçi qismində təqdim olunmuş vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üstündə axtarış aparmışdır. Axtarış aparılmazdan əvvəl polis işçisi Fəhmin, üzərində axtarışın video çəkilişlə aparılacağı barədə məlumat vermişdir. Bundan sonra adını bilmədiyi polis işçisi mobil telefonunun video kamerası ilə çəkiliş aparmağa başlamışdır. Polis işçisi Fəhmin, ona hüquq və vəzifələrini izah etmiş. daha sonra təklif etmişdir ki, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə varsa təqdim etsin. O, da əynində olan şalvarın sağ yan cibindən saxlanılan günü Kiçik bazar ərazisində narkoman tanışından 20 manata əldə etdiyi və şəxsi istifadəsi üçün üzərində saxladığı dörd bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Fəhmin həmin bükülülərin içərisində nə olduğunu ondan soruşmuş, o, da həmin bükülülərin içərisində “kakos” deyilən narkotik vasitə heroin olduğunu demişdir. Bundan sonra, polis işçisi Fəhmin üzərində axtarış aparmağa başlamış və həmin bükümlərdə olan heroindən başqa üzərindən heçnə aşkar olunmamışdır. Polis işçisi Fəhmin içərisində heroin olan həmin bükülüləri elektron tərəzidə çəkmiş və o, elektron tərəzinin ekranına baxanda görmüşdür ki, içərisində heroin olan bükülülərin çəkisi 1,19 qramdır. Bundan sonra, polis işçisi Fəhmin içərisində heroin olan həmin bükülüləri zərfə qoymuş və zərfin üzərinə möhür vurmuşdur. O, vəkil Müdafiəçila birlikdə həmin zərfin üzərinə imza etmişdir. Fəhmin ondan narkotik vasitəni kimdən əldə etməyi barədə soruşmuş, o, heroini saxlanılan günü səhər saatlarında Lənkəran şəhəri Kiçik bazar adlanan ərazidə tanımadığı şəxsə 20 manat verməklə aldığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra vəkili Müdafiəçi ona verdiyi suala cavab olaraq bildirmişdir ki, saxlanılarkən və ya polis şöbəsində olarkən ona qarşı polis əməkdaşları tərəfindən heç bir formada zor və ya güc tətbiq edilməmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış, polis işçisi Fəhmin protokol tərtib etmiş və o, da vəkili Müdafiəçila birlikdə həmin protokola imza etmişdir. Ona həmişə Lənkəran rayonunda narkotik vasitə heroin satmış şəxslərin adlarını, yaşadıqları ünvanı bilmir. Həmin şəxsləri sadəcə olaraq sifətdən tanıyır. Üzərindən aşkarlanmış narkotik vasitələri ona satan şəxsin adını və yaşadığı ünvanı bilmir, həmin şəxs bəsdə boy, arıq bədən quruluşlu birisi olmuşdur. O, mobil telefondan istifadə etmir. Üzərindən aşkarlanmış narkotik vasitələri öz istifadəsi üçün saxlamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs оğlu ifаdəsində göstərdi ki, Lənkəran şəhəri Vağzal küçəsində atası Şadulla Əskərova məxsus iki mərtəbəli qeyri yaşayış binası vardır. Həmin tikili əvvəllər “Do restoran” adı ilə restoran kimi fəaliyyət göstərmişdir. Daha sonralar isə həmin restoran 2020-ci ilin əvvəllərində, pandemiya dövründə fəaliyyətini dayandırmışdır. Həmin qeyri yaşayış binası atasına məxsus olsa da restoranı bir neçə müddətdir ki, o, çalışdırır. Atası xəstə olduğu üçün oraya o, nəzarət edir. Yəni restoran onun istifadəsindədir. Atası həmin qeyri yaşayış binasını ona baş etibarnamə ilə vermişdir. Tikilinin həyətində ona məxsus dəmir materialdan olan bir metr hündürlüyündə dəmir barmaqlıqlardan hazırlanmış pilləkan tutacaqları və 3 ədəd 2 metr hündürlüyündə, 2 metr enliliyində dəmir materialdan hazırlanmış, kənarları alkaponla bərkidilmiş köşk olmuşdur. Lakin tikilinin həyətinə giriş qapısı yoxdur. Bundan başqa tikilinin ön tərəfdən, dəmir yolu tərəfdən də binanın içərisinə qapıdan girişi olmuşdur. O, işləri ilə əlaqədar 2022-ci ilin iyul ayında ölkə ərazisində olmamışdır. Daha sonra başı işləri ilə qarışıq olduğundan həmin tikiliyə nəzarət edə bilməmişdir. 2022-ci ilin avqust ayının 2dən 2022-ci ilin sentyabr ayının 27-nə kimi olan müddət ərzində ona məxsus olan Lənkəran şəhəri Vağzal küçəsində yerləşən istifadə olunmayan tikilidən (kafedən) 03 ədəd dəmir köşk və pilləkanın dəmir tutacaqları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bunu o, 27 sentyabr 2022-ci il tarixdə bilmişdir. Buna görə də, o, tikiliyə gəlib baxış keçirmiş və müəyyən etmişdir ki, tikilinin həyətindən də 3 ədəd ona məxsus dəmir köşk və dəmir tutacaqlar yerində yoxdur. Sözügedən oğurluq nəticəsində ümumilikdə ona 2000 manat maddi ziyan dəymişdir. 28 sentyabr 2022-ci il tarixdə, saat 10 radələrində həmin sözügedən tikiliyə gəlmiş və tikilinin həyətində olan ona məxsus qeyd etdiyi əşyaların yerində olmadığını görmüşdür. Bundan sonra o, həmin tarixdə Lənkəran şəhər-rayon polis şöbəsinə gələrək məlum oğurluq hadisəsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Ona məxsus ünvan 4 ünvanında yerləşən tikilidən 03 ədəd dəmir köşk və müxtəlif ölçülərdə dəmir barmaqlıqlar oğurlanmışdır. 3 ədəd dəmir köşkün hər birinin qiyməti 400 manat olmuşdur. Köşkün pulunu 2017-ci il tarixdə hər birinə 400 manat olmaqla özü pul verib almış və tikilinin həyətində saxlamışdır. Dəmir tutacaqlar isə təxminən 25 metr uzunluğunda bir metr hündürlüyündə barmaqlıqlar formasında düzəltdirmişdir. Həmin tutacaqlara da usta pulu ilə birlikdə 800 manat pul vermişdir. Sadaladığı oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2000 manat məbləğdə maddi ziyan dəymişdir. Hazırda ona vurulmuş maddi ziyanı tələb edir. Məhkəmə iclasında dindirilmiş Şahid3 оğlu ifаdəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı əməliyyat müvəkkili Şahid1 icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid2 və o iştirak etmişdir. Həmin tarixdə, saat 18:20-də Təqsirləndirilən şəxs Lənkəran şəhəri Vağzal küçəsində müşahidəyə götürülmüş və keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində həmin küçədə köhnə “do restoran” adlanan qeyri yaşayış binasının qarşısında saxlanılmış və Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Lənkəran ŞRPŞ-nin xidməti otaqlarının birində video çəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən dörd ədəd sellofanda bükümü çıxarıb içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümlərin içərisinə baxarkən, spesifik iyə malik olan, qəhvəyi rəngli, toz formasında narkotik vasitə heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr narkotik vasitə olan heroindir. Özünə məxsusdur, narkotik vasitəni saxlanılan günü Lənkəran şəhəri kiçik bazar ərazisində, tanımadığı şəxsdən ümumilikdə 20 manata almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid1 cinayət işinin 121-123cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid2 və Şahid3 iştirak etmişdir. Həmin tarixdə, saat 18:20-də Təqsirləndirilən şəxs Lənkəran şəhəri Vağzal küçəsində müşahidəyə götürülmüş və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin küçədə köhnə “do restoran” adlanan qeyri yaşayış binasının qarşısında saxlanılmış və Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Lənkəran ŞRPŞ-nin xidməti otaqlarının birində video çəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən dörd ədəd sellofanda bükümü çıxarıb içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümlərin içərisinə baxarkən, spesifik iyə malik olan, qəhvəyi rəngli, toz formasında narkotik vasitə heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr narkotik vasitə olan heroindir. Özünə məxsusdur, narkotik vasitəni saxlanılan günü Lənkəran şəhəri kiçik bazar ərazisində, tanımadığı şəxsdən ümumilikdə 20 manata almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid2 cinayət işinin 126-128ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı əməliyyat müvəkkili Şahid1 icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid1 və Şahid3 iştirak etmişdir. Həmin tarixdə, saat 18:20-də Təqsirləndirilən şəxs Lənkəran şəhəri Vağzal küçəsində müşahidəyə götürülmüş və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin küçədə köhnə “do restoran” adlanan qeyri yaşayış binasının qarşısında saxlanılmış və Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Lənkəran ŞRPŞ-nin xidməti otaqlarının birində video çəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən dörd ədəd sellofanda bükümü çıxarıb içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümlərin içərisinə baxarkən, spesifik iyə malik olan, qəhvəyi rəngli, toz formasında narkotik vasitə heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr narkotik vasitə olan heroindir. Özünə məxsusdur, narkotik vasitəni saxlanılan günü Lənkəran şəhəri kiçik bazar ərazisində, tanımadığı şəxsdən ümumilikdə 20 manata almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Cinayət işinin 29-30-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 27 sentyabr 2022-ci il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının üzərində narkotik vasitələr gəzdirməsində şübhəli olan Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs həmin tarixdə, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi üçün Lənkəran ŞRPŞ-nə gətirilmiş, xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sağ yan cibindən sellofana bükülmüş halda 4 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunmuş, aşkarlanmış 04 ədəd bükümdə kütlələr elektron tərəzidə çəkilərək çəkisinin 1,19 qram olması müəyyən edilmiş, həmin kütlə ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılaraq zərfə qoyulmuş və şöbənin 135 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən digər hər hansı əşya və ya predmet götürülməmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlənin narkotik vasitə heroin olduğunu, heroinin özünə məxsus olduğunu, heroini Lənkəran şəhəri Kiçik bazar ərazisində tanımadığı şəxsdən 20 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonda protokol tərtib olunaraq iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadığından imzalarla təsdiq edilmişdir. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakı ilə tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi haqqında” 27 sentyabr 2022-ci il tarixli əməliyyat axtarış tədbirinin videogörüntüsündən də görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi üçün Lənkəran ŞRPŞ-nə gətirilmiş, xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sağ yan cibindən sellofana bükülmüş halda 4 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunmuş, aşkarlanmış 04 ədəd bükümdə kütlələr elektron tərəzidə çəkilərək çəkisinin 1,19 qram olması müəyyən edilmiş, həmin kütlə ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılaraq zərfə qoyulmuş və şöbənin 135 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən digər hər hansı əşya və ya predmet götürülməmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlənin narkotik vasitə heroin olduğunu, heroinin özünə məxsus olduğunu, heroini Lənkəran şəhəri Kiçik bazar ərazisində tanımadığı şəxsdən 20 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonda protokol tərtib olunaraq iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadığından imzalarla təsdiq edilmişdir. Cinayət işinin 118-120-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 28 sentyabr 2022-ci il tarixli “Hadisə yerinin baxışının keçirilməsi haqqında” protokoldan görünür ki, hadisənin baş verdiyi yer ünvan 4 ünvanında yerləşən qeyri yaşayış binasıdır. Həmin tikilinin sağ tərəfindən “Vağzal” çayxanası, arxa tərəfində dəmir yolu, qarşısında “Özbək” restoranı, sol tərəfində ağaclıq ərazi yerləşir. Baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, 2022-ci ilin avqust ayının əvvəllərindən xx.xx.2022-ci il tarixinədək olan müddət ərzində 03 ədəd dəmir köşk və müxtəlif ölçülərdə dəmir barmaqlıqlar naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Cinayət işinin 44-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 sentyabr 2022-ci il tarixli 19/1039 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus 4 ədəd büküm ....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri: -0,237 qr, -0,448 qr, -0,191 qr, -0,142 qram: ümumi təmiz çəkisi- 1,018 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Cinayət işinin 151-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 26 noyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, təklif və tələbin vəziyyəti ilə tənzimlənən azad bazar qiymətini, əmtəə vəziyyətini nəzərə alaraq: Təsvir edilmiş, 25 metr uzunluğunda, bir metr hündürlüyündə, bir metr enliliyində dəmir metaldan hazırlanmış pilləkan tutacağının bir metrinin qiyməti 32 manat olmaqla, cəmi qiyməti 800 manat, təsvir edilmiş, 3 ədəd dəmir metaldan hazırlanmış üzəri alkaponla örtülmüş 200x200 sm ölçülərdə metal konstruksiyanın bir ədədinin qiyməti 400 manat olmaqla cəmi qiyməti 1200 manat civarındadır. Təqdim olunmuş 120x220 sm ölçüdə qapının üzərindəki dəmir çərçivənin qiyməti 64 manatdır. Cinayət işinin 68-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 29 sentyabr 2022-ci il tarixli, 1028 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 140-142-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Maddi sübut kimi tanınma haqqında” 21 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,018 qram narkotik vasitə heroin, CD disklərdə olan videogörüntülər maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından qaytarılmış 0,818 qram narkotik vasitə heroin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, CD disklərdə olan videogörüntü cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlər ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, mütəxəssis rəyi və ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, müdafiə tərəfinin, yəni təqsirləndirilən şəxsin və müdafiəçinin təklifi ilə məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 və X1 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1.018 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs özünü oğurluq cinayəti ilə təqsirli biməyərək o barədə göstərdiyi dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin ifadələri, hadisə yerinə baxış həyata keçirilməsi barədə protokolla və digər sənədlərlə təkzib olunur. Məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs tutulması barədə ilkin əməliyyat məlumatı narkotik vasitənin qəbul etməsi və üzərində gəzdirməsi barədə olmuşdur ki, bu hal da iş materiallarının 3-4-cü vərəqlərində olan raport və əməliyyat axtarış tədbirinin həyata keçirilməsi barədə qərardan da görünür. Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı tutulub polis şöbəsinə gətirildikdən sonra üzərinə baxış keçirilməsi zamanı oğurluq cinayəti törətdiyini özü etiraf etmişdir. Həmin hal, yəni oğurluq cinayətinin Təqsirləndirilən şəxs oğu tərəfindən etiraf olunması “Şəxsi axtarış və götürmə barədə” 27 sentyabr 2022-ci il tarixli əməliyyat axtarış tədbirinin videogörüntüsü ilə də tam təsdiq olunur. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsini subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs Lənkəran rayonu, Girdəni kənd sakini Zərərçəkmiş şəxs məxsus Lənkəran şəhəri Vağzal küçəsində yerləşən qeyri yaşayış binasının həyətinə açıq olan qapısından keçməklə qanunsuz daxil olub ümumi dəyəri 2000 manat olan əşya oğurlamışdır ki, bu əməllər onun oğurluq cinayəti üzrə məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, oğurluq nəticəsində talanmış əmlakların qiymətinə dair təklif olunmuş sübutları araşdıraraq hesab edir ki, iş materiallarına olan mütəxəssis rəyində göstərilən qiymət zərərçəkmiş şəxsin bildirdiyi qiymət əsasında olduğu üçün həmin ziyan zərərçəkmiş şəxsin bildirdiyi kimi müəyyən edilməlidir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət işinin 25-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “tutulma haqqında” 27 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18.45-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 97-98-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 27 sentyabr 2022-ci il, saat 18.45-dan hesab edilmişdir. Cinayət işinin 134-135-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında tək yaşayır, tüfeyli həyat tərzi yaşamış, heç bir yerdə işləməmiş, keçirilən tədbirlərdə heç bir fəaliyyəti olmamışdır. Cinayət işinin 112-113-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 03 ay 29 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. CM-nin 83-cü maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və o, məhkumluğu olmayan şəxsdir. Cinayət işinin 136-cı vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli, 50660/2020-25-8 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 03 ay 29 gün şərti olaraq vaxtından əvvəl azad edilməsi bağlı nəzarət işinin müddəti bitdiyi üçün xx.xx.2020-ci il tarixdə Lənkəran rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, oğurluq etməkdə məqsədinin narkotik vasitə əldə etmək olmasını, başqalarının əmlaklarını gizli yolla talayaraq ucuz qiymətə satmaqla gündəlik narkotik vasitə tələbatını ödəməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız müəyyən müddət azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 29 sentyabr 2022-ci il tarixli, 1028 rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından qaytarılmış 0,818 qram narkotik vasitə heroin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış izamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 60 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia verilməmişdir. CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxs tərəfindən vurulmuş ziyana görə mülki iddia vermədiyindən ona vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 177.2.3-cü maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 sentyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut – Lənkəran ŞRPŞ-da saxlanılan 0,818 qram narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Zərərçəkmiş şəxsə vurulmuş ziyana dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar