Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-91/2024 26.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat: 12:30 xx xxxxxxx 1994-cü il tarixdə Lənkəran rayonu, Digah kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Lənkəran rayonu, Digah kəndində qeydiyyatda olmaqla, Lənkəran rayonu, Xanlıqlı kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2023-cü ilin noyabr ayında Lənkəran şəhəri, “Kürə” adlanan ərazidə istintaqla müəyyən edilməyən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) bükümdə, təmiz çəkisi -1,707 qram olub xeyli miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 03 noyabr 2023-cü il tarixdə, saat 11:30-da Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Lənkəran rayonu, Darquba kəndində saxlanılaraq regional şöbənin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən göstərilən çəkidə və sayda olan narkotik vasitə heroin əynindəki şalvarının sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, faktiki nikahından azyaşlı uşağı vardır. Uşaq və anası sonuncunun anasına məxsus evdə yaşayırlar. 1 ilə yaxındır ki, narkotik vasitə heorini zərdə çəkmək yolu ilə istifadə edir. Narkotik vasitəni üzdən tanıdığı, lakin adını bilmədiyi şəxslərdən almışdır. 03 noyabr 2023-cü il tarixdə səhər saatlarında 07 radələrində yaşadığı evdən çıxıb, heroin almaqdan ötrü Lənkəran şəhəri, “Kürə” adlanan ərziyə getmişdir. Bu zaman həmin ərazidə əvvəllər də heroin aldığı şəxsi küçədə görüb onunla salamlaşmış və ondan tələbatına görə təxminən bir qramdan çox heroin ona satmasını istəmişdir. Bu zaman o, üzərindən 1 büküm çıxararaq təxminən bir qrama yaxın metamfetamin olduğunu bildirib, ona 20 manata satacağını demişdir. O da cibindən 20 manat pulu çıxarıb ona verib 1 büküm heroin bükümünü almışdır. Sonra fəhlə olaraq işlədiyi Lənkəran rayonu, Darquba kəndinə gəlmişdir. Həmin tarixdə saat 11 radələrində Lənkəran rayonu, Darquba kəndinin mərkəzində yerləşən çayxananın yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq üzərində qanunsuz olaraq heroin gəzdirməsində şübhələri olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinə dəvət etmiş, o da polis əməkdaşları ilə birlikdə regional şöbəyə gəlmişdir. Regional şöbəsdə hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan şalvarının sağ yan cibindən “İNOİ” markalı mobil telefon, bir ədəd alışqan və bir ədəd “Rotmans” markalı siqaret qutusunu, şalvarın sol yan cibindən isə gümüşü rəngli kağıza bükülmüş heroin bükümü və 5 ədəd 1 manatlıq əskinas olmaqla ümumilikdə 5 manat pulu təqdim edib masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış keçirildikdə üzərindən digər qanunla qadağan edilmiş predmet və ya əşya aşkar olunmamışdır. Aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş və heroin bükümün çəkisinin 1,93 qram olması məlum olmuşdur. Həmin büküm zərfə qoyularaq qablaşdırılmış və üzəri o və müdafiəçisi tərəfındən imzalanmışdır. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə törətdiyi cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını nəzərə alıb, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis polkovnik-leytenantı rütbəsindədir. İcraatına Lənkəran rayonu, Digah kəndində qeydiyyatda olmaqla Lənkəran rayonu, Xanlıqlı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən regional şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək, regional şöbənin polis nəfərləri, polis baş serjantları X5 və X1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibətləri olmamışdır. 03 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu, Darquba kəndinin yaxınlığında, küçədə piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Ona yaxınlaşıb özlərini təqdim edib, üzərində qanunsuz olaraq narkotik vasitələr gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirib, onu Baş Narkotiklə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinə gətirmişlər. Regional şöbədə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Videoçəkiliş polis nəfəri X5 tərəfindən çəkilməyə başlnamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet olduğu halda təqdim etməyi təklif olunduqda o, əynində olan şalvarın sağ yan cibindən “İNOİ” markalı mobil telefon, bir ədəd alışqan və bir ədəd “Rotmans” markalı siqaret qutusunu, şalvarın sol yan cibindən isə gümüşü rəngli kağıza bükülmüş heroin bükümü, 5 ədəd 1 manatlıq əskinas olmaqla ümumilikdə 5 manat pulu təqdim edib masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış keçirildikdə üzərindən digər qanunla qadağan edilmiş predmet və ya əşya aşkar olunmamışdır. Aşkar olunmuş heroin bükümü elektron tərəzidə çəkildikdə bükümün çəkisinin 1,93 qram olması məlum olmuşdur. Sonra aşkar edilmiş bir ədəd büküm məhkəmə kimyəvi ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyularaq möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: 03 noyabr 2023-cü il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:30-da saxlanılmış, saat 12:30-da şübhəli şəxs qismində tutulmuşdur. 03 noyabr 2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olmuş şalvarın sol yan cibindən 1 ədəd bükümdə gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə heroinə bənzər bükümü təqdim etmiş və həmin 1 ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu, xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri “Kürə” ərazisində tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 bölməsinin “məhkəmə fiziki-kimyəvi ekspertiza”sının 03 noyabr 2023-cü il tarixli 19/976 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndir.....” sözlər və imzalar olan bir zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -1,707 qr olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə ambulator-narkoloji ekspertizasının 03 noyabr 2023-cü il tarixli, 1018 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Şübhəli şəxs qimsində tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında” 04 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs 04 noyabr 2023-cü il tarixdə saat 20:00-da Lənkəran ŞRPŞ-nin MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Maddi sübut hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə, ümumi təmiz çəkisi -1,707 (qalıq -1,657 qr) qram narkotik vasitə heroin və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübut qismində tanınmış, ekspertizadan qaytarılmış -1,657 qram narkotik vasitə heroin saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir. 11 yanvar 2024-cü il tarixli, 49 nömrəli məktubdan görünür ki, Kərimli X4 Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. Lənkəran rayonlararası MTE və PA Zona Mərkəzinin xx.xx.2023-cü il tarixli, 1107 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Lənkəran ŞİHB-nin Haftoni qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Kərimli X4 rayonu, Xanlıqlı kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma inayət məsuliyyətinə səbəb olur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, cəzanı yüngülləşdirən hallarının mövcud olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixdən 04 noyabr 2023-cü il tarixədək 2 gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxarılaraq ona qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilərək o, məhkəmə zalında həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən X3 narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 bükümdə, təmiz çəkisi -1,657 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-ekspertizası tədqiqatının xərci olan 60 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixdən 04 noyabr 2023-cü il tarixədək 2 gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01(bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd bükümdə 1.657 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-91/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-91/2024
26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver