Məhkəmə qərarları › İş №1(049)-93/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-93/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-93/2023 27.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 10:45 Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1960-ci il tarixdə Lənkəran rayonu Nərimanabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, gözətçi vəzifəsində işləyən, Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla Lənkəran rayonu Balıqçılar qəsəbəsində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2022-ci ilin oktyabr ayında Lənkəran rayonunda satış məqsədi ilə qanunsuz olaraq, bir bükümdə təmiz çəkisi -39,179 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri -6,539 qr, -6,091 qram; ümumi təmiz çəkisi -12,630 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək, həmin narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq üzərində saxlayaraq daşımış, bu barədə məlumat almış X5 Baş Narkotiklə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının 25 oktyabr 2022-ci il tarixdə saat 00:20-da Lənkəran rayonu Balıqçaılar qəsəbəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində piyada hərəkətdə olarkən saxlanılaraq regional polis şöbəsinin inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış keçirilərkən qeyd olunan çəkidə və sayda narkotik vasitə tiryək gümüşü rəngli kağıza bükülmüş halda əynində olmuş gödəkçənin sol yan cibindən, iki ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə tiryək izləri olan elektron tərəzi ilə birlikdə əynində olmuş gödəkçənin sağ yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 40 ildən çoxdur ki, narkotik vasitə qurudulmuş marixuana və tiryəkdən istifadə edir. Narkotik vasitələrdən istifadə etmədikdə bədənimdə şiddətli ağrılar olur. Təxminən 2 il öncə istifadəsi üçün narkotik vasitələri aldığı zaman çəkilərini dəqiq bilmək və aldanmamaq üçün Lənkəran rayonu Liman şəhəri mərkəzi bazarından elektron tərəzi almışdır. 19 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində tələbatı yarandığına görə Lənkəran rayonu Liman şəhəri mərkəzi bazarına getmişdir. Orada əvvəllər də narkotik vasitələr aldığı “Dədə” adlı şəxsi görmüş, bu zaman ondan qurudulmuş marixuana və tiryəkin onda olub-olmadığını soruşmuşdur. O da üzərində iki ədəd kibrit qutusunda qurdulmuş marixuananın və təxminən 40 qram çəkidə tiryəkin olduğunu, 100 manata satdığını ona bildirmişdir. O da həmin şəxslə razılaşıb cibindən 100 manat pulu çıxardıb ona vermişdir. Həmin narkotik vasitələri yaşadığı evə getmişdir. Müəyyən qədər aldığı tiryəkdən qəbul etmişdir. 25 oktyabr 2022-ci il tarixdə saat 00:10 radələrində narkotik vasitələr qəbul etmək üçün yaşadığı Lənkəran rayonu, Balıqçılar qəsəbəsində yerləşən fərdi yaşayış evindən çıxmışdır. Bu zaman aldığı kibrit qutularında qurudulmuş marixuananı və tiryəki, həmçinin elektron tərəzini də əynində olan qış gödəkçəsinin cibində olmuşdur. Təxminən 10 dəqiqə yaşadığı evin qarşısında yerləşən küçədə olduğu zaman mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşıb, Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Onlar ona narkotik maddələrin qanunsuz saxlanılması və satışı ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib, onu Baş Narkotiklə Mübarizə İdarəsinin Cənub Bölgəsində X3 şəhəri P.Təhməzov küçəsi 8 ünvanında yerləşən inzibati binasına gətirmişlər. Regional polis binasının inzibati binasında müdafiəçinin iştirakı ilə videkçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan gödəkçənin sol yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş narkotik tiryəki, gödəçkənin sağ yan cibindən isə iki ədəd kirbit qutusunda narkotik vasitə qurudulmuş marixuananı və elektron tərəzini təqdim etmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitələrin şəxsi istifadəsi üçün əldə etmiş, onları satmaq fikri olmamışdır. Elektron tərəzini isə ona görə üzərində saxlayır ki, narkotik vasitə alan zaman çəkisində onu aldatmasınlar. Təqsirləndirilən şəxs son sözündə özünü qismən, yəni CM-nin 234.1-ci maddasində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildiyini deyərək, əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis baş leytenantı rütbəsindədir. İcraatına Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olan və Lənkəran Balıqçılar qəsəbəsində yaşayan X7 barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlamaqla üzərində gəzdirməsi və satışı ilə məşğul olmasıyla bağlı əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfimdən regional şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək, regional şöbənin polis nəfərləri, polis baş serjantları Şahid2 və Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibətləri də, olmamışdır. İşin mahiyyəti üzrə bildirmək istəyirəm ki, 25 oktyabr 2022-ci il tarixdə, saat 00:20 dəqiqədə Təqsirləndirilən şəxsa Lənkəran rayonu Balıqçılar qəsəbəsində yaşadığı evin yaxınlığında küçədə, piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüş və ona yaxınlaşaraq özülərini təqdim etmişlər. Təqsirləndirilən şəxsa üzərində qanunsuz olaraq narkotik vasitələr gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirib və onu Baş Narkotiklə Mübarizə İdarəsinin Cənub Bölgəsində X3 şəhəri P.Təhməzov küçəsi 8-də yerləşən inzibati binasına dəvət etmişlər. Regional şöbədə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş və o da, əynində olan gödəkçəsinin sol yan cibindən bir ədəd gümüşü rəngli bükümdə tiryəki, gödəkçənin sağ yan cibindən iki ədəd kibrit qutusunda qurudulmuş marixuananı və bir ədəd elektron tərəzini, şalvarının arxa sol cibindən isə 32 manat pulu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bir ədəd gümüşü rəngli bükümün içərisində narkotik vasitə tiryək, kibrit qutuların içərisində isə qurudulmuş marixuananın olmasını bildirmişdir. Həmin maddələri Liman şəhər mərkəzi bazarında “Dədə” adlı şəxsdən şəxsi istifadəsi 100 manata almışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə tiryək və qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkildi ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan tiryək və heroinə bənzər bükümləri 2022-ci ilin oktyabr ayında Lənkəran rayonu, Liman şəhəri Bazar ərazisində olan zaman tanımadığı şəxsdən şəxsi istifadə etmək məqsədilə aldığını, elektron tərəzini isə aldığı narkotik vasitə heroini çəkmək üçün istifadə etdiyini bildirdiyini qeyd etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis nəfərləri, Şahid2 və Şahid3 Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında 25 oktyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçinin sağ yan cibindən bir ədəd gümüşü rəngli büküm, gödəkçənin sağ yan cibindən iki ədəd kibrit qutusu və bir ədəd elektron tərəzi, şalvarın arxa sol cibindən 32 manat pul aşkar edilmiş və şifahi verilən suallara cavab olaraq təqdim etdiyi həmin bir ədəd bükümün içərisində narkotik vasitə tiryəkə bənzər maddə, iki ədəd kibrit qutusunda isə narkotik vasitə qurudulmuş marxuanadır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 14 oktyabr 2022-ci il tarixli 19/1118 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə tiryəkə bənzər kütlə, 02 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlələr və 01 ədəd elektron tərəzi qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan zərfi açdıqda, 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqdatəmiz çəkisi: - 6,539 qr, -6,091 qram ümumi təmiz çəkisi -12,630 qram olan bitki mənzşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, xarici görnüşlərinə və bioloji tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 1 ədəd bükümdə təmiz çəkisi: -39,179 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə tiryəkin izləri vardır. Tiryək iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş triyəklə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. Marixuananın tədqiqata 0,1 qr (hər ob -0,05 qr) istifadə edilmiş, 12,530 qram qalıq qalmışdır. Tiryəkin tədqiqata 0,05 qr istifadə edilmiş, 39,129 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat müəyyən edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 26 oktyabr 2022-ci il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Maddi sübut hesab edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 39,179 qram narkotik vasitə tiryək, iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri -6,539 qr, -6,091 qram; ümumi təmiz çəkisi -12,630 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, elektron tərəzi, 1 ədəd DVD disk iş materiallarında saxlanılmış, narkotik vasitələrin ekspertizadan sonra qalıq qalan hissəsinin və elektron tərəzinin Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanılma kamerasına təhvil verilməsi, DVD diskin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və edilmiş sorğunun xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs 2000-ci ilə qədər bir neçə dəfə məhkum edilmiş, sonuncu dəfə xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirli bilinib Lənkəran rayon məhkəməsinin hökmü ilə 500 manat cərimə cəzasına məhkum edilmiş, barəsində amnistiya tətbiq edilməsi haqqında xx.xx.2013-cü il tarixli qərar tətbiq edərək, xx.xx.2013-cü il tarixdə cəzadan azad olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Lənkəran şəhər İHB-nin Balıqçılar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 noyabr 2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs qızı, X6, nəvələri X4 və X8 ilə birlikdə Lənkəran rayonu, Balıqçılar qəsəbəsində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni 2022-ci ilin oktyabr ayında Lənkəran rayonunda satış məqsədi ilə qanunsuz olaraq, bir bükümdə təmiz çəkisi -39,179 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri -6,539 qr, -6,091 qram; ümumi təmiz çəkisi -12,630 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək, həmin narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq üzərində saxlayaraq daşıması şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, məhkəmə-bioloji ekspertizasının 14 oktyabr 2022-ci il tarixli rəyi, maddi sübutlar, «şəxsi axtarışın keçirilməsi» barədə protokol və əlavə edilmiş DVD disk, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.10-cu maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (aşkar edilmiş narkotik vasitənin miqdarını), Təqsirləndirilən şəxs şəxsiyyətini, onun yaşını o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 25 oktyabr 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 12,530 qram narkotik vasitə marixuana və 39,129 qram narkotik vasitə tiryək və elektron tərəzi məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD iş materiallarına saxlanılmalıdır. Məhkəmə məhkəmə məsfərləri ilə əlaqədar qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri 60 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 3(üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 oktyabr 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan –12,530 qram narkotik vasitə marixuana və 39,129 qram narkotik vasitə tiryək və elektron tərəzi məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar