Məhkəmə qərarları › İş №1(049)-95/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-95/2023

30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-95/2023 30.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 10:45 xx.xx.1984-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Lənkəran Rayon Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli qərarı ilə cərimə cəzası 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti sona çatdığına görə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi : Təqsirləndirilən şəxs, 2022-ci ilin oktyabr ayının ortalarında, istintaqa dəqiq məlum olmayan mənbədən, satış məqsədi ilə, qanunsuz olaraq 5 ədəd bükümdə, ayrı-ayrılqda çəkiləri 0,252 qram, 0,337 qram, 0,311 qram, 0,205 qram, 0,228 qram ümumi təmiz çəkisi 1,333 qram olan tiryəkdən kustar üsulla hazırlanmış, kimyəvi tərkiblərinə və xarici görünüşlərinə görə eyni olan narkotik vasitə heroini əldə edərək, üzərində saxlamaqla daşımış, 09 oktyabr 2022-ci il tarixdə saat 18:30-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, Nizami küçəsində saxlanılaraq Lənkəran ŞRPŞ-nin yerləşdiyi inzibati binasına gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan cins şalvarın sol yan cibində siqaret qutusunun içərisində 5 ədəd sellofan bükümlərinin içərisindən həmin narkotik vasitə heroin və üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs özünü ona qarşı elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilib ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə gündüz saatlarında Astara rayonu bazarında olarkən üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 50 manata qəbul etmək üçün 5 büküm narkotik vasitə heroin almışdır. Həmin heroini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Lənkəran şəhəri, Nizami küçəsində yol kənarı ilə piyada gedərkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra onların polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah edilərək, müdafiəçi ilə təmin edilmişdir. Təhqiqatçı tərəfindən polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı şalvarının sağ yan cibindən siqaret qutusuna qoyduğu 5 bükümü və elektron tərəzi ilə barəbər, şalvarının sol yan cibindən isə bir ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Üzərindən aşkar edilmiş 5 bükümdə heroin elektron tərəzidə çəkilmiş, heroinin ümumi çəkisi 1,48 qram olmuşdur. Təqdim etdiyi 5 bükümdə heroini və 1 ədəd elektron tərəzini ekspertizaya təqdim olunması məqsədilə kağız zərfə qoyularaq möhürlənmişdir. Heroini şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. Elektron tərəzini isə narkotik vasitə alarkən çəkidə aldanmaması üçün üzərində gəzdirmişdir. Əldə etdiyi heroindən heç kəsə satmamış və heç kəsə də istifadə etmək üçün verməmişdir. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə özünü Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, himayəsində 1 azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özü etiraf etməsə də, onun təqsiri şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışında Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CABni, əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, çox vaxt üzərində narkotik vasitələri saxlaması, gəzdirməsi və satışı ilə məşğul olması barədə qərəzsiz mənbədən məlumat əldə etmişdir. Həmin məlumatın daxil olması barədə şöbənin rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü 09 oktyabr 2022-ci il tarixdə şöbənin rəisindən müvafiq razılıq alındıqdan sonra tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ŞRPŞ-nin əməliyyat müvəkkilləri Faiq Baxşıyev və Ruhid Şərifli də cəlb edilmişlər. Polis şöbəsinin rəhbərliyi tərəfindən müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. Həmin günü saat 18:30 Təqsirləndirilən şəxs Lənkəran şəhəri Nizami küçəsində piyada getdiyini görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin satışı ilə məşğul olmaqda və üzərində narktoik vasitə gəzdirməkdə şübhəli olduğu üçün birlikdə polis şöbəsinə getmək təklif edilmişdir. Təqsirləndirilən şəxs da onlarla razılaşıb birlikdə polis şöbəsinə gəlmişdir. Bu barədə tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə edilmişdir. Təqsirləndirilən şəxs ŞRPŞ-nin Təhqiqat bölməsində təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və vəkillə təmin edilmişdir. Bundan sonra ŞRPŞ-nin əməliyyat müvəkkili Ruhid Şərifli tərəfindən video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və yaxud qanusuz bir maddə olduğu halda təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da həmin vaxt əynində olan şalvarının sağ yan cibindən bir ədəd siqaret qutusunu bir ədəd elektron tərəzi ilə birlikdə çıxarıb təqdim edərək, siqaret qutusunun içərisində heroin olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisinə baxış keçirildikdə, içərisində narkotik vasitə heroinə bənzər maddələr olan 5 ədəd sellofan kəsiyi bükümləri aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkildikdə, 5 ədəd heroin bükümlərin ümumi çəkisi 1,48 qram olmuşdur. Təqsirləndirilən şəxsla bu barədə sorğusual edildikdə, o üzərində aşkar olunmuş kütlənin heroinin özünə məxsus olduğunu, həmin heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Astara rayonu ərazisində üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 50 manata alaraq istifadəsi üçün üzərində saxladığını və elektron tərəzini isə narkotik vasitə alarakən onların çəkilərini dəqiq bilməkdən ötrü gəzdirdiyini demişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar olunmuş həmin bükümləri və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli digər əşya aşkar edilməmişdir. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: 09 oktyabr 2022-ci il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi-axtarışın keçirilməsi haqqında protokoldan və həmçinin şəxsi axtarışın keçirilərkən aparılmış video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 5 bükümdə olan narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülür, həmçinin Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroinin və elektron tərəzinin özünə məxsus olduğunu təsdiq edir. Lənkəran Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 4(049)-325/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 09 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 10 oktyabr 2022-ci il tarixli 19/1074 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 5 ədəd büküm...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 05 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri -0,252 qram; -0,337 qram, -0,311 qram, -0,205 qram, -0,228 qram, ümumi təmiz çəkisi -1,333 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər və bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkilində olduğuna görə tədqiqata təqdim edilmiş heroinlə müqayisəli tədiqiqat (eynilik) aparmaq mümkün olmadı. Ekspertiza tədqiqatının dəyəri 65 manatdır. Məhkəmə-narkoloji ekspertizasının 10 oktyabr 2022-ci il tarixli, 1060 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası DİN-nin Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” 09 oktyabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Republikası CM-nin 177.2.5-ci maddəsi ilə 4000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Lənkəran Rayon Məhkəməsinin qərarı ilə cərimə cəzası 01 il azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə hesab edir ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməsə də, CM-nin 18.4.4 və 83-cü maddələrin tələblərinə əsasən residiv kimi nəzərə almır. 10 dekabr 2022-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd kağız paketdəki ümumi çəkisi 1,333 qram olan narkotik vasitə heroin, bir ədəd elektron tərəzi və şəxsi axtarış zamanı aparılmış video çəkilişin görüntüləri olan 1 ədəd DVD disk maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,133 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi saxlanması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə iş materiallarında saxlanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Psixiatriya Xəstəxanasının 06 dekabr 2022-ci il tarixli, 993 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. Lənkəran Şəhər İcra Hakimiyyəti Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Nizami Gəncəvi küçəsi, döngə 1, ev 6 ünvanında arvadı və xx.xx.2014cü il təvəllüdlü uşağı X2 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilməsə də, onun törətdiyi cinayət əməli yəni, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib satma və qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsini məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək narkotik vasitələrin satışı ilə məşğul olmadığını və üzərindən aşkar olunaraq götürülmüş 5 ədəd bükümdə, ayrı-ayrılqda çəkiləri 0,252 qram, 0,337 qram, 0,311 qram, 0,205 qram, 0,228 qram, ümumi təmiz çəkisi 1,333 qram tiryəkdən kustar üsul ilə hazırlanmış eyni tərkibli narkotik vasitə heroini satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə etdiyini, üzərindən aşkar olunaraq götürülmüş elektron tərəzini üzərində saxlamaqda məqsədi narkotik vasitə alanda ona çəkidə aldanılmaması barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş və elan edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, tədqiq edilmiş sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarın 8-ci və 9cu maddələrində məhkəmələrə izah edilir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotik istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası Cinayət Məcəlləsi 59 və 61ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəzanın təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı 09 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut Lənkəran ŞRPŞ-də saxlanılan ekspert tədqiqatından sonra qalmış beş ədəd bükümdə ümumi təmiz çəkisi 1,133 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə şəxsi axtarış istintaq hərəkətlərini özündə əks etdirən 01 ədəd DVD diskdə olan videogörüntülər iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi ziyan, mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 354, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 09 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 5 ədəd bükümdə 1,133 qram çəkidə narkotik vasitə heroin və elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar