Məhkəmə qərarları › İş №1(049)-98/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-98/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-98/2024 07.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ 11:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 23 avqust 2001-ci il tarixdə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxxxxx 1998-ci il tarixdə Lənkəran rayonunun Şovu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkum olunmamış, Lənkəran rayonu Təngivan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, 07 iyul 2023-cü il tarixdə, saat 10 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi X5 məxsus,"BMW 528 minik” markalı,** OJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhəri Fizuli küçəsində, Lənkəran şəhər bazarı istiqamətində 92,6 km/saat sürətlə hərəkətdə olarkən 20 yanvar küçəsi ilə kəsişmədə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini,nəqliyyat vasitəsinin,yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati,xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmçinin “Yol hərəkəti haqqında ”Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinə əsasən, maksimum hərəkət sürəti 3.24“maksimum sürətin məhdudlaşdırılması” yol nişanının tələblərinə uyğun olaraq avtomobili icazə verilən 50 km/saat sürətdən artıq idarə etməməli olduğu halda,həmin maddələrin tələblərini pozaraq, yəni avtomobili Fizuli küçəsində 92,6 km/saat sürətlə idarə edib, yolun sol tərəfindən hərəkət istiqamətinə çıxmağa çalışan Təqsirləndirilən şəxs2 “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi Şahid1 məxsus KİA CERATO markalı,** DA *** dövlət qeydiyyat nişanlı avtomobili gördüyü anda,idarə etdiyi avtomobili toqquşma yerinə çatmadan dayandırmaqla hadisənin qarşısını almağa texniki imkanı olsa da,buna əməl etməyərək, avtomobili hərəkət etdirib, idarə etdiyi avtomobilin sol arxa qapısı ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi "KİA CERATO" markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi toqquşmuş və nəticədə idarə etdiyi avtomobilin qabaq sağ oturacağında sərnişin kimi olan Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağ bazu sümüyünün diafizinin çəp yerini dəyişən sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs2, 07 iyul 2023-cü il tarixdə, saat 10 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi Şahid1 məxsus, "KİA CERATO" markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhəri 20 yanvar küçəsindən Fizuli küçəsi istiqamətində hərəkətdə olub, 20 yanvar küçəsi ilə Fizuli küçəsinin kəsişməsinə çatdıqdan sonra hərəkət yolunda 2.5"Dayanmadan keçmək qadağandır" yol nişanının olmasını nəzərə alaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinə əsasən sürücü üstünlük nişanları yolayırıcılarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliyini gözləməli olduğu halda, həmin maddənin tələblərini pozaraq,yəni 20 yanvar küçəsinin kəsişdiyi Fizuli küçəsi ilə 92,6 km/saat sürətlə hərəkətdə olan Təqsirləndirilən şəxs1 "BC" kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi X5 məxsus BMW 528 markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilə üstünlük yol nişanının tələblərinə əsasən yol verib nəqliyyat vasitəsinin ötüb getməsi üçün mümkün olan tədbirləri görməklə, idarə etdiyi KİA CERATO markalı avtomobili yolayırıcına daxil etmədən dayandırmalı,sağdan yol ayırıcına daxil olan həmin BMW 528 markalı avtomobilin hərəkətinə üstünlük verərək ona yol verməli və hərəkət üçün təhlükəli şərait yaratmamaqla hadisənin qarşısını almağa texniki imkanı olsa da, buna əməl etməyərək,idarə etdiyi avtomobili hərəkət etdirərək yolayrıcına daxil olmuş və idarə etdiyi avtomobilin qabaq hissəsi ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi BMW 528 markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısı ilə toqquşmuş və nəticədə BMW 528 markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında sərnişin kimi olan Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağ bazu sümüyünün diafizinin çəp yerini dəyişən sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərdi ki, 07 iyul 2023-cü il tarixdə saat 09 radələrində mərhum dayısı Nazimin arvadı Südabə ona, gəlini Aynurə və nəvələri ilə birlikdə paltar almaq üçün Lənkəran şəhər bazarına getmək istədiyini bildirib, Lənkəran şəhərinə getmək üçün avtomobilini idarə etməyi ondan xahiş etmişdir. O, da yaşadığı evdən çıxıb, Südabənin evinə getmişdir. O, Südabəyə məxsus BMW 528 markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına əyləşmişdir. Südabə maşının qabaq sağ tərəfində, Aynurə və onun uşaqları Xanım və Aylin isə maşının arxa salonunda əyləşmişlər. O, maşını Lənkəran şəhəri istiqamətində idarə etməyə başlamışdır. O, həmin günü saat 10 radələrində avtomobili 60 km/saat sürətlə Lənkəran şəhəri Fizuli küçəsində Lənkəran şəhər bazarı istiqamətində idarə etdiyi zaman yolun sol tərəfində yerləşən ara küçədə bir Kia markalı avtomobilin dayandığını görmüşdür. O, hərəkətini davam etdirmiş və Kia markalı avtomobilin bərabərinə çantan zaman, həmin avtomobil onun keçib getməyini gözləməyərək, onun hərəkətdə olduğu yola dönmə əməliyyatı aparmışdır. O, avtomobili bir az sağa çəkərək, toqquşmadan yayınmaq istəsə də həmin avtomobil qabaq tərəfi ilə onun idarə etdiyi avtomobilin arxa sol qapısından vurmuş, idarə etməni itirmiş və qarşı əks yolda hərəkətə olan Prado markalı avtomobillə toqquşmuşdur. Həmin vaxtı, o, xəsarət almamışdır. Həmçinin idarə etdiyi avtomobilin arxa salonunda əyləşmiş Aynurə və onun iki uşağı da xəsarət almamışlar. Baş vermiş hadisə zamanı avtomobili 60 km/saat sürətlə idarə etmişdir. Onun hərəkətdə olduğu yol bir az döngəli olduğu üçün KİA CERATO markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 50 metr məsafədən görmüşdür. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs bədən xəsarəti almışdır. Təqsirləndirilən şəxs1 son sözündə bildirdi ki, ona qarşı irəli sürülmüş ittiham, yəni CM-nin 263.1-ci maddəsi üzrə özünü təqsirli bilir, hadisədən sonra zərərçəkmiş şəxslə barışmış, onunla razılaşaraq vurulmuş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Buna görə də barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərdi ki, atası Cavanşirin KİA CENTRO markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobili vardır.O, həmin avtomobili etibarnamə əsasında idarə edir.O, 07 iyul 2023-cü il tarixdə saat 10 radələrində idarə etdiyi həmin avtomobillə Lənkəran şəhəri 20 yanvar küçəsi ilə hərəkət edib Fizuli küçəsinin kəsişməsinə çatmışdır. Həmin vaxtı Lənkəran bazarı istiqamətindən M.M.Axund küçəsi istiqamətində yolun sağ hərəkət hissəsi ilə bir Mersedes markalı avtomobil gələrək 20 yanvar küçəsinə dönmüşdür.O da yolun sol və sağ tərəfinə baxmış və yolda avtomobillərin hərəkət etmədiyini gördükdən sonra asta sürətlə Fizuli küçəsinə çıxmış və Lənkəran bazarı istiqamətində yolun sağ hərəkət hissəsinə dönmə əməliyyatı apardığı zaman sağ tərəfdən yüksək sürətlə hərəkətdə olan BMW markalı avtomobilin sol arxa qapısı ilə toqquşmuşdur.Həmin BMW markalı avtomobil hərəkətini davam etdirərək qarşı əks tərəfdən, yəni Lənkəran şəhər bazarı istiqamətindən M.M.Axund küçəsi istiqamətində yolun sağ hərəkət hissəsi ilə asta sürətlə hərəkətdə olan Prado markalı avtomobillə toqquşub dayanmışdır.Bir neçə dəqiqədən sonra Lənkəran polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlmişlər və hadisə yerinə baxış keçirmişlər.Baş vermiş hadisə zamanı, o və idarə etdiyi avtomobildə olan atası Cavanşir heç bir xəsarət almamışlar. Baş vermiş hadisə zamanı idarə etdiyi avtomobili 15 km/saat sürətlə idarə etmişdir.Baş vermiş hadisə zamanı BMW markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobil təxminən 80-90 km/saat sürətlə hərəkətdə olmuşdur. Çünki, o, dönmə əməliyyatı aparmaq üçün hərəkətə başlayanda yolun sağ tərəfindən hər hansı bir avtomobil hərəkətdə olmamışdır. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs2 son sözündə bildirdi ki, ona qarşı irəli sürülmüş itiham üzrə, yəni CM-nin 263.1-ci maddəsi ilə özünü təqsirli bilir, hadisədən sonra zərərçəkmiş şəxslə barışmış, onunla razılaşaraq vurulmuş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Buna görə də barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun sürücülük vəsiqəsi vardır və etibarnamə əsasında BMW 528 markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Həmin avtomobilin mülkiyyətçisi oğlu Asif Hümmətovdur və onun həmin avtomobili idarə etmək üçün etibarnaməsi vardır. Təqsirləndirilən şəxs1 onun baldızı Təranə Əliyevanın oğludur. 06 iyul 2023-cü il tarixdə axşam saatlarında qərara gəlmişdir ki,gəlini Aynurə və nəvələri ilə birlikdə paltar almaq üçün Lənkəran şəhərinə getsin. Səhərisi günü, yəni 07 iyul 2023-cü il tarixdə saat 09 radələrində Fəqana zəng edərək Lənkəran şəhərinə gedəcəyini bildirib, onun maşınını idarə etməyini Fəqandan xahiş etmişdir.Fəqan da onunla razılaşmış və Fəqan bir neçə dəqiqədən sonra onun yaşadığı evə gəlmişdir.Fəqan həmin BMW 528 markalı avtomobilin sükanı arxasına əyləşmişdir.O da avtomobilin qabaq sağ oturacağına əyləşmişdir. Gəlini Aynurə, nəvələri Xanımbacı və Aylin isə avtomobilin arxa salonunda əyləşmişlər. Bundan sonra, Fəqan maşını Lənkəran şəhəri istiqamətində idarə etməyə başlamışdır.Həmin günü saat 10 radələrində Lənkəran şəhəri Fizuli küçəsində Lənkəran şəhər bazarı istiqamətində hərəkətdə olduqları zaman yolun sol tərəfində yerləşən ara küçədə bir Kia markalı avtomobilin dayandığını görmüşdür.Onlar həmin ara küçənin yanından keçib gedən zaman həmin avtomobil Fəqanın idarə etdiyi avtomobili sol arxa qapısından vurmuşdur.O, həmin anda zərbənin gücündən oturduğu avtomobilin qabaq sağ qapısına çırpılmışdır.Həmin vaxtı sağ qolunun sındığını hiss etmişdir.Fəqan idarəetməni itirmiş və qarşı əks yolda hərəkətə olan Prado markalı avtomobillə toqquşmuşdur.O, sol əli ilə avtomobilin qapısını açıb yerə düşmüş və "Kia markalı avtomobil bizim avtomobili vurandan sonra mənim sağ qolum sınıb, uşaqları maşından çıxardın" bildirmişdir.O,hadisə zamanı təhlükəsizlik kəmərini bağlamışdır.O, gəlini Aynurə və nəvələri ilə birlikdə tanımadığı maşına əyləşib Lənkəran rayon xəstəxanasına getmişlər.Xəstəxanada həkimlər onu müayinə etdikdən sonra məlum olmuşdur ki, sağ bazu sümüyünün aşağı 3/1-i sınmışdır. Bir müddətdən sonra qardaşı Taleh xəstəxanaya gəlmiş və onu Bakı şəhərinə göndərmişdir.Hadisə zamanı ondan başqa heç kim xəsarət almamışdır.Sağ bazu sümüyünün diafizinin çəp yerini dəyişən sınığı xəsarətini, o, 07 iyul 2023-cü il tarixdə, saat 10 radələrində Lənkəran şəhəri Fizuli küçəsi ilə 20 yanvar küçəsinin kəsişdiyi yolayrıcında baldızı oğlu Fəqanın idarə etdiyi BMW 528 markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobildə olduğu zaman 20 yanvar küçəsindən Fizuli küçəsinə daxil olan Kia CERATO markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin Fəqanın idarə etdiyi həmin BMW 528 markalı avtomobili sol arxa qapısından vurduğu zaman almışdır.Belə ki, o, hadisə vaxtı həmin BMW 528 markalı avtomobilin qabaq sağ oturacağında oturmuş və həmin Kia CERATO markalı avtomobil Fəqanın idarə etdiyi BMW 528 markalı avtomobili sol arxa qapısından vurduqdan sonra zərbənin təsirindən, o, avtomobilin qabaq sağ qapısına çırpılmış və sağ bazu sümüyü sınmışdır. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərmişdir ki, cinayət nəticəsində ona vurulmuş maddi və mənəvi ziyan təqsirləndirillən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmiş və onlarla barışmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur. Buna görə də onların barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ailə üzvülərilə birlikdə Astara rayonu Siyəkü kəndində yaşayır.Onun sürücülük vəsiqəsi vardır.X1 mülkiyyətində TOYOTA LAND-CRUİSER PRADO markalı ** CV *** dövlət qeydiyyat nişanlı avtomobil vardır.O, həmin avtomobili etibarnamə əsasında idarə edir.O, 07 iyul 2023-cü il tarixdə saat 09 radələrində idarə etdiyi həmin avtomobillə evə bazarlıq etmək üçün arvadı Gülbaxca ilə birlikdə yaşadığı evin həyətindən çıxıb Lənkəran şəhərinə gəlmişdir. O, həmin günü saat 10 radələrində idarə etdiyi maşınla Lənkəran şəhəri Fizuli küçəsində M.M.Axund küçəsi istiqamətində asfalt yolun sağ hərəkət hissəsi ilə hərəkətdə olduğu zaman sağ tərəfdə yerləşən 20 yanvar küçəsindən bir Kia markalı avtomobilin Fizuli küçəsinə çıxaraq Lənkəran şəhər bazarı istiqamətində yolun sağ hərəkət hissəsinə keçməsi üçün dönmə əməliyyatı apararkən, onun hərəkətdə olduğu yolun əks tərəfindən, yəni Fizuli küçəsində M.M.Axund küçəsi istiqamətindən Lənkəran şəhər bazarı istiqamətində yolun sağ hərəkət hissəsi ilə hərəkətdə olan BMW markalı avtomobilin sol arxa qapısı ilə toqquşduğun görmüşdür.O, həmin vaxtı BMW markalı avtomobilin idarəetməni itirdiyini görmüş və dərhal idarə etdiyi avtomobili hərəkət zolağında saxlamışdır. Bu zaman BMW markalı avtomobil onun avtomobilinin dayandığı yerə tərəf gələrək, qabaq sol tərəfi ilə avtomobilinin qabaq sol tərəfindən vurub dayanmışdır.Bir neçə dəqiqədən sonra Lənkəran polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlmişlər və hadisə yerinə baxış keçirmişlər.O, baş vermiş hadisə zamanı heç bir xəsarət almamışdır. Baş vermiş hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ailə üzvülərilə birlikdə ünvan 3 ünvanında yaşayır.Zərərçəkmiş şəxs onun qaynanasıdır və əri Vüqarın anasıdır.Onlar bir evdə yaşayırlar.Onun Xanımbacı və Aylin adlı azyaşlı qızıları vardır.Südabənin BMW 528 markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobili vardır.Təqsirləndirilən şəxs1, Südabənin baldızı Təranə Əliyevanın oğludur.06 iyul 2023-cü il tarixdə axşam saatlarında qaynanası Südabə ona "səhər, sən, nəvələrim Xanımbacı və Aylinlə birlikdə paltar almaq üçün Lənkəran şəhərinə gedək" bildirmişdir.Səhərisi günü, yəni 07 iyul 2023-cü il tarixdə saat 09 radələrində Südabə Fəqana zəng edərək,Lənkəran şəhərinə gedəcəklərini bildirib, avtomobilini idarə etməyini Fəqana təklif etmişdir.Bir neçə dəqiqədən sonra Fəqan onların yaşadıqları evin həyətinə gəlmişdir.Fəqan həmin BMW 528 markalı avtomobilin sükanı arxasına əyləşmişdir. Südabə avtomobilin qabaq sağ oturacağına əyləşmişdir.O və azyaşlı qızları Xanımbacı və Aylin isə avtomobilin arxa salonunda əyləşmişlər.Bundan sonra Fəqan maşını Lənkəran şəhəri istiqamətində idarə etməyə başlamışdır. Həmin günü saat 10 radələrində Lənkəran şəhəri ərazisində adını bilmədiyi bir küçədə Lənkəran şəhər bazarı istiqamətində hərəkətdə olduqları zaman bir avtomobil Fəqanın idarə etdiyi avtomobili sol arxa qapısından vurmuşdur.Həmin anda qaynanası Südabə zərbənin gücündən oturduğu avtomobilin qabaq sağ qapısına çırpılmışdır.O, arxada əyləşdiyinə görə bunu aydın görmüşdür.Təqsirləndirilən şəxs1 idarəetməni itirərək,qarşı əks yolda hərəkətə olan Prado markalı avtomobillə toqquşmuşdur. Südabə avtomobildən yerə düşəndən sonra "Kia markalı avtomobil bizim avtomobilə dəyəndən sonra mənim sağ qolum sındı, uşaqları maşından çıxardın" bildirmişdir.Hadisə zamanı, o və azyaşlı uşaqları Xanımbacı və Aylin hər hansı bir xəsarət almamışlar.O, uşaqları və Südabə tanımadığı maşına əyləşib Lənkəran rayon xəstəxanasına getmişlər. Xəstəxanada həkimlər Südabəni tibbi müayinədən keçirdikdən sonra məlum olmuşdur ki,Südabənin sağ qolu sınmışdır.Bir müddətdən sonra Südabənin qardaşı Taleh xəstəxanaya gəlmiş və Südabəni taksi maşını ilə Bakı şəhərinə göndərmişdir. Bundan sonra Taleh, onu və uşaqlarını da taksi maşını ilə yaşadıqları Astara şəhərinə göndərmişdir. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hadisə zamanı maşında olmuşdur. Oğlu Cavid avtomaşını idarə etmişdir. Oğlu STOP nişanının tələblərinə riayət edərək avtomaşını saxlamışdır və sağa – sola baxmışdır. BMV markalı avtomaşın sürətlə gələrək onların avtomaşınına dəymişdir. Sonra BMV gedib PRADO markalı avtomaşına dəydi. O, maşından düşərək BMV-nin sürücüsünə irad bildirmişdir ki, niyə avtomaşını sürətlə sürür. BMV-nin arxa qapısı onların maşınının qabaq bamperinə dəymişdir. Sonra da Pradoya dəymişdir. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 07 iyul 2023-cü il tarixdə, saat 10 radələrində xidməti avtomobillə Lənkəran şəhər ərazisində xidmət apardığı zaman ŞRPŞ-nin X4 şəhəri Fizuli küçəsi ilə 20 yanvar küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat alıb hadisə yerinə getmişdir.Hadisə yerində, yəni Fizuli küçəsində KİA CERATO markalı,** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin Lənkəran şəhər bazarı istiqamətində asfalt yolun üzərində çəpəki vəziyyətdə,BMW 528 markalı,** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin həmin avtomobildən təxminən 15-16 metr aralıda Lənkəran şəhər bazarı istiqamətində asfalt yolun ortasında düz vəziyyətdə,TOYOTO LAND-CRUİSER PRADO markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobilin isə M.M.Axund küçəsi istiqamətində yolun sağ hərəkət hissəsində asfalt yolun üzərində düz vəziyyətdə dayandıqlarını görmüşdür.Hadisənin baş verdiyi yerdə asfalt örtüyünün vəziyyəti quru olmuş və hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün düz xətt olmamışdır.20 yanvar küçəsindən Fizuli küçəsinə çıxışda "Stop" yol nişanı vardır.Həmin vaxtı müəyyən etmişdir ki, KİA CERATO markalı avtomobil 07 iyul 2023-cü il tarixdə,saat 10 radələrində 20 yanvar küçəsi ilə hərəkət edib Fizuli küçəsinə daxil olaraq Lənkəran şəhər bazarı istiqamətində dönmə əməliyyatı apararkən,Fizuli küçəsində Lənkəran şəhər bazarı istiqamətində yolun sağ hərəkət hissəsi ilə hərəkətdə olan BMW markalı avtomobilin sol arxa qapısı ilə toqquşmuş və toqquşmadan sonra BMW markalı avtomobil idarəetməni itirərək,Fizuli küçəsində M.M.Axund küçəsi istiqamətində yolun sağ hərəkət hissəsi ilə hərəkətdə olan TOYOTO LAND-CRUİSER PRADO markalı avtomobillə toqquşmuşdur.Hadisə vaxtı KİA CERATO markalı avtomobili Lənkəran rayonu Təngivan kənd sakini Təqsirləndirilən şəxs2, BMW markalı avtomobili Astara şəhər sakini Təqsirləndirilən şəxs1 və TOYOTO LAND-CRUİSER PRADO markalı avtomobili Astara rayonu Siyəkü kənd sakini Şahid4 idarə etmişdir.Hadisə vaxtı KİA CERATO markalı avtomobildə Cavidin atası Cavanşir də olmuşdur.Hadisə vaxtı BMW markalı avtomobildə Fəqandan başqa,iki qadın və iki uşaq olmuşdur və KİA CERATO markalı avtomobillə BMW markalı avtomobil toqquşduqdan sonra, BMW markalı avtomobilin qabaq sağ oturacağında əyləşmiş qadın xəsarət almış və o, Lənkəran Mərkəzi rayon xəstəxanasına getmişdir.TOYOTO LAND-CRUİSER PRADO markalı avtomobildə isə sürücü Xanəhməddən başqa heç kim olmamışdır.Bir neçə dəqiqədən sonra X6 hadisə yerinə gəlmiş və onun, həmin avtomobillərin sürücülərinin və hal şahidlərinin iştirakı ilə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirmişdir.Baxış zamanı müəyyən olunmuşdur ki, hadisə yerində yol örtüyünün eni 11,20 metrdir və KİA CERATO markalı avtomobillə BMW markalı avtomobilin toqquşma nöqtəsi Fizuli küçəsində Lənkəran şəhər bazarı istiqamətində yolun sağ kənarından içəriyə doğru 3,8 metr məsafədə,BMW markalı avtomobillə TOYOTO LAND-CRUİSER PRADO markalı avtomobilin toqquşma nöqtəsi isə Fizuli küçəsində Lənkəran şəhər bazarı istiqamətindən M.M.Axund küçəsi istiqamətində yolun sağ kənarından içəriyə doğru 3,3 metr məsafədə yerləşir.X6 tərəfindən hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş və o, iştirakçılarla birlikdə həmin protokola imza etmişdir.X6 tərəfindən hadisə yerinin fotoşəkilləri çəkilmiş və Fizuli küçəsində Lənkəran şəhər bazarı istiqamətində yolun sağ tərəfində yerləşən "MTS-inşaat" mağazasının yerləşdiyi binanın küncündə olan Fizuli küçəsi ilə 20 yanvar küçəsinin kəsişdiyi tərəfə istiqamətlənmiş videomüşahidə kamerasının monitorundan görüntülər götürülərək bir ədəd diskə köçürülüb protokola əlavə olunmuşdur. Tərəfindən KİA CERATO markalı, BMW markalı və TOYOTO LAND- CRUİSER PRADO markalı avtomobillərin Lənkəran ŞRPŞ-nin avtomobil duracağına gətirilməsi təmin olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerində, yəni Lənkəran şəhəri Fizuli küçəsində KİA CERATO markalı,** DA *** dövlət qeydiyyat nişanlı avtomobil Lənkəran şəhər bazarı istiqamətində asfalt yolun üzərində çəpəki vəziyyətdə,BMW 528 markalı,** OJ *** dövlət qeydiyyat nişanlı avtomobil həmin avtomobildən 15,8 metr məsafədə Lənkəran şəhər bazarı istiqamətində asfalt yolun ortasında düz vəziyyətdə,TOYOTO LAND-CRUİSER PRADO markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobil isə M.M.Axund küçəsi istiqamətində yolun sağ hərəkət hissəsində asfalt yolun üzərində düz vəziyyətdə dayanmışlar.Hadisə baş vermiş yerdə, yol döngəli, üfüqi, düz, səthi hamar olmaqla,asfalt örtüyə malikdir və hadisə baş verən zaman hava günəşli, yol quru vəziyyətdə olmuşdur.Hadisə yerində yolun hərəkət hissəsinin eni 11,2 metr,hərəkət zolaqlarının sayı 2 (iki), hər bir hərəkət hissəsinin eni isə 5,6 metrdir.Yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün düz xətt yoxdur.Yolun hərəkət hissəsinə sağdan 3,6 metr uzunluğunda səki, soldan 3,2 metr uzunluğunda səki birləşir.Yolun hərəkət hissəsinin sağ tərəfində ağaclar,MTS-inşaat malları mağazası,sol tərəfdə isə ağaclar,yaşayış evləri yerləşir.Hadisə yeri yaşayış məntəqəsi daxilindədir.Hadisə yerində 20 yanvar küçəsindən Fizuli küçəsinə çıxışda "Stop", yəni 2.5 "Dayanmadan keçmək qadağandır" yol nişanı vardır.Hadisə yerində KİA CERATO markalı,** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin BMW 528 markalı,** OJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nöqtəsi Lənkəran şəhəri Fizuli küçəsində, M.M.Axund küçəsindən Lənkəran şəhər bazarı istiqamətində yolun sağ hərəkət zolağında, yolun hərəkət hissəsinin sağ tərəfindən içəriyə doğru 3,8 metr məsafədə, BMW 528 markalı,** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin TOYOTA LAND-CRUİSER PRADO markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nöqtəsi isə yolun əks tərəfində, yəni Fizuli küçəsində, Lənkəran şəhər bazarı istiqamətindən M.M.Axund küçəsi istiqamətində yolun sağ hərəkət zolağında,yolun hərəkət hissəsinin sağ tərəfindən içəriyə doğru 3,3 metr məsafədə yerləşir.1-ci toqquşma nöqtəsi ilə 2-ci toqquşma nöqtəsinin araməsafəsi 15,8 metrdir.Yol-nəqliyyat hadisəsinin baş verdiyi anın əks olunduğu, hadisə yerinə baxış zamanı götürülmüş 1 (bir) ədəd DVD diskdə olan video görüntülərdən görünür ki,KİA CERATO markalı,** DA *** dövlət qeydiyyat nişanlı avtomobil Lənkəran şəhəri 20 yanvar küçəsindən Fizuli küçəsi istiqamətində hərəkət edib, 20 yanvar küçəsi ilə Fizuli küçəsinin kəsişməsinə çatdıqdan sonra hərəkət yolunda 2.5 "Dayanmadan keçmək qadağandır" yol nişanını nəzərə almadan hərəkətini davam etdirib yolayrıcına daxil olur və 20 yanvar küçəsinin kəsişdiyi Fizuli küçəsi ilə 92,6 km/saat sürətlə hərəkətdə olan BMW 528 markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısı ilə toqquşur və BMW 528 markalı avtomobil idarəetməni itirərək,yolun əks tərəfilə, yəni Fizuli küçəsində M.M.Axund küçəsi istiqamətində yolun sağ hərəkət hissəsi ilə hərəkətə olub "KİA CERATO" markalı avtomobillə BMW markalı avtomobilin toqquşmasını gördükdən sonra hərəkətdə olduğu zolaqda tam dayanma həddinə çatmış TOYOTA LAND-CRUİSER PRADO markalı ** CV *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanadı ilə toqquşur. İş üzrə Təqsirləndirilən şəxs2 hadisə zamanı sərxoş olub-olmamasını müəyyən etmək üçün 07 iyul 2023-cü il tarixdə saat 11:35 dəqiqədə, o, tibbi müayinədən keçirilmiş və hadisə zamanı sərxoş olmaması 07 iyul 2023-cü il tarixli, 001516 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə təsdiq edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs1 hadisə zamanı sərxoş olub-olmamasını müəyyən etmək üçün 07 iyul 2023-cü il tarixdə saat 12:00 dəqiqədə, o, tibbi müayinədən keçirilmiş və hadisə zamanı sərxoş olmaması 07 iyul 2023-cü il tarixli, 001517 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə təsdiq edilmişdir. Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin, məhkəmə-tibbi eksperti Şərif Hüseynovun 22 avqust 2023-cü il tarixli, 846 nömrəli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs bədəni üzərində- sağ bazu sümüyünün diafizinin çəp yerini dəyişən sınığı aşkar edilmişdir.Qeyd olunan xəsarət küt travma nəticəsində törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə sərnişin olduğu minik avtomaşını digər avtomaşınla toqquşması zamanı avtomaşın salonun qabarıq hissəsinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2023-cü il tarixli, 8/2337 nömrəli rəyindən görünür ki, Kia Cerato markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 "Dayanmadan keçmək qadağandır" yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. BMW 528 markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs1 maksimum hərəkət sürəti 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 60-70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 "Maksimum sürətin məhdudlaşdırılması" qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 128 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2023-cü il tarixli, 8/2978 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Kia Cerato markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən BMW-528 markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs1 avtomobili hərəkət sürəti 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 60-70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Qeyd edilir ki,toqquşma yeri hadisə yerinin ilkin müayinəsi zamanı istintaq (təhqiqat) tərəfindən müəyyən edilir.Odur ki,istintaq tərəfindən qərarda,yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolda və hadisə yerinin sxemində göstərilmişdir ki,BMW-528 markalı avtomobil ilə Kia Cerato markalı avtomobilin toqquşma yeri BMW-528 markalı avtomobilin hərəkəti istiqamətinə nəzərən hərəkət hissəsinin sağ kənarından sola doğru 3,8 metr məsafədə yerləşir. Rəyin tədqiqi hissəsində göstərildiyi kimi BMW-528 markalı avtomobilin faktiki (60-70) km/saat sürətində sürücü Əlizadənin hadisənin qarşısını almağa texniki imkanı olduğundan onun hadisə baş verən yerdə avtomobili icazə veriləndən artıq sürətlə idarə etməsi ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə məsələsi həll edilmir. Yuxarıda aparılmış hesabatdan məlum olur ki,hadisə baş verən sahədə 65 metr yolun görünüş məsafəsinə uyğun BMW-528 markalı avtomobilin maksimum hərəkət sürəti 92,6 km/saatdır. Lakin hadisə baş verən yerdə hərəkət sürəti 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış olduğundan nəqliyyat vasitələri avtomobili 50 km/saat sürətdən artıq olmayan sürətlə idarə etməlidir. Kia Cerato markalı avtomobil yolayrıcına daxil olduqda BMW-528 markalı avtomobil toqquşma yerindən 47,5-55,8 metr məsafədə olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 128 manat təşkil etmişdir. Lənkəran şəhər Psixiatriya xəstəxanasının 07 dekabr 2023-cü il tarixli, 10864 nömrəli tibbi arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 qeyd olunan xəstəxanada qeydiyyatda deyildir. Lənkəran şəhər Psixiatriya xəstəxanasının 07 dekabr 2023-cü il tarixli, 10866 nömrəli tibbi arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 qeyd olunan xəstəxanada qeydiyyatda deyildir. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Lənkəran RQİ və TBŞ-nın 28 dekabr 2023-cü il tarixli, 3-13-16-5/2-11735/2023 nömrəli məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən ünvan 1 ünvanında yaşayan, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə "BC" kateqoriyalı BC-371129 saylı sürücülük vəsiqəsinin verildiyi, sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuş, BMW 528 markalı avtomobili "BC" kateqoriyası ilə idarə edə bilər. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Lənkəran RQİ və TBŞ-nın 28 dekabr 2023-cü il tarixli, 3-13-16-5/2-11738/2023 nömrəli məktubundan görünür ki,BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Lənkəran rayonu Təngivan kənd sakini, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə "BC" kateqoriyalı BD-407841 saylı sürücülük vəsiqəsinin verildiyi, sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuş, KİA- CERATO markalı avtomobili "BC" kateqoriyası ilə idarə edə bilər. “Sübutların qiymətləndirilməsi haqqında” 11 yanvar 2024-cü il tarixli qərardan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi anın əks olunduğu, hadisə yerinə baxış zamanı götürülmüş 1 (bir) ədəd DVD diskdə olan video görüntülər sübut növü kimi qiymətləndirilərək, cinayət işinə əlavə olunmuşdur. Cinayət işi üzrə maddi sübut olan BMW 528 minik markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobil məhkəmənin yekun qərarınadək saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işi üzrə maddi sübut olan KİA CERATO markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobil məhkəmənin yekun qərarınadək saxlanması üçün mülkiyyətçisi olan Şahid1 təhvil verilmişdir. Məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilən yol-nəqliyyat hadisəsinin baş verdiyi anın əks olunduğu video görüntülərə baxış keçirilərkən müəyyən edildi ki, KİA CERATO markalı,** DA *** dövlət qeydiyyat nişanlı avtomobil Lənkəran şəhəri 20 yanvar küçəsindən Fizuli küçəsi istiqamətində hərəkət edib, 20 yanvar küçəsi ilə Fizuli küçəsinin kəsişməsinə çatdıqdan sonra hərəkət yolunda 2.5 "Dayanmadan keçmək qadağandır" yol nişanını nəzərə almadan hərəkətini davam etdirib yolayrıcına daxil olur və 20 yanvar küçəsinin kəsişdiyi Fizuli küçəsi ilə 92,6 km/saat sürətlə hərəkətdə olan BMW 528 markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısı ilə toqquşur və BMW 528 markalı avtomobil idarəetməni itirərək,yolun əks tərəfilə, yəni Fizuli küçəsində M.M.Axund küçəsi istiqamətində yolun sağ hərəkət hissəsi ilə hərəkətə olub "KİA CERATO" markalı avtomobillə BMW markalı avtomobilin toqquşmasını gördükdən sonra hərəkətdə olduğu zolaqda tam dayanma həddinə çatmış TOYOTA LAND-CRUİSER PRADO markalı ** CV *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanadı ilə toqquşur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Qətimkan tədbinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «başa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmişdir. Qətimkan tədbinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «başa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 ilə barışmışdır, ona dəymiş ziyan onun tərəfindən tam ödənilmişdir və ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ona dəymiş ziyan onun tərəfindən tam ödənilmişdir və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişlər. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxslər cinayət məsuliyyətindən azad edilməli və onların təqsirləndirilmələrinə dair cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 43.1 və 43.1.2-ci maddəsinə görə məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə hesab edir ki, hazırkı halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs1 Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 328.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələri məsələsinin həll edilməsi üçün Lənkəran ŞRPŞ-nin X9 Bölməsinə göndərilməlidir. CPM-nin 346.1.19-cu maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında maddi sübutlar məsələsinin necə həll edilməli olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar aşağıdakıları qeyd edir: CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan BMW 528 minik markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs və KİA CERATO markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olan Şahid1 təhvil verilməsi nəzərə alınmalı, hadisənin videogörüntüləri olan 01 ədəd CD disk isə iş materiallarında saxlanılmalıdır. CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə məhkəmə məsrəflərinin tutulması ilə əlaqədar aşağıdakılar qeyd edir: CPM-nin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2023-cü il tarixli 8/2337 saylı rəyinə əlavə olunmuş bildirişdən görünür ki, ekspertiza tədqiqatlarının dəyəri 128 (yüz iyirmi səkkiz) manat, 27 oktyabr 2023-cü il tarixli 8/2978 saylı rəyinə əlavə olunmuş bildirişdən görünür ki, ekspertiza tədqiqatlarının dəyəri 150 (yüz əlli) manat, ümumilikdə 278 (iki yüz yetmiş səkkiz) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 278 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 328.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X9 Bölməsinə göndərilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X9 Bölməsinə göndərilsin. Maddi sübut – BMW 528 minik markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs və KİA CERATO markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olan Şahid1 təhvil verilməsi nəzərə alınsın və hadisənin videogörüntüləri olan 01 ədəd CD disk isə iş materiallarında saxlanılsın. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 278 (iki yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qərardan, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar