Məhkəmə qərarları › İş №1(049)-98/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-98/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-98/2025 04.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 17:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.1974-cü il tarixdə Lənkəran rayonu Vilvan kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanında yaşayan, evli, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, qoruq ərazisində balıqların qanunsuz tutulması nəticəsində təbiətə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının ovunun Qaydaları”na əlavə edilmiş “Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna tələblər”in 2-ci maddəsində nəzərdə tutulmuş “hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov, lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 metrdən, diametri 0,7 millimetrdən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar, bir nəfərin istifadəsi üçün diametri 0,5 metrdən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan ov alətlərindən istifadə olunması tələbini pozaraq, qanunsuz balıq tutmaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Qızılağac Milli Parkının Lənkəran rayonunun ərazisinə düşən Kiçik Körfəz su ərazisinə gedib uzunluğu 21 metr, eni 3,5 metr, dəliklərinin daxili ölçüsü 34x34 millimetr, 3 qatlı ağ rəngli torun toxunduğu sap neylon sintetik liflərdən istehsal olunan, sapının diametrinin ölçüsü 0,20 millimetr olan 1 ədəd balıqovlama vasitəsi olan toru suya ataraq xx.xx.2025-ci il tarixdə saat 14 radələrinədək olan müddətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 146 saylı qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna görə cərimələr”də qeyd olunmuş cədvələ əsasən hər biri 22 manat təşkil etməklə, qoruq ərazisində olduğundan üçqat hesablanmaqla 17 ədəd karp balığını qoruq ərazisində qanunsuz tutaraq dövlət balıq ehtiyatlarına 1122 manat, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, Lənkəran rayonu Vilvan kəndində qeydiyyatda olsa da, faktiki olaraq ünvan 1 ünvanında yaşayır. Heç bir yerdə işləmədiyi üçün qazanc əldə edib ailəsinin maddi ehtiyaclarını təmin etmək məqsədilə Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisində tor vasitəsi ilə balıq ovu ilə məşğul olmuşdur. Həmin tor mərhum babasından ona qalmışdır. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisinin sahilinə gedib rezin materialından olan su keçirməyən paltarla suya girərək toru suya atmışdır. xx.xx.2025-ci il tarixdə saat 14 radələrində həmin əraziyə gedib toru yığmış, sudan çıxarkən X5 İdarəsinin X6 Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin ərazidə balıq ovlamağa dair rəsmi sənədinin olub-olmadığı barədə ondan soruşulduqda hər hansı sənədinin olmadığını bildirmişdir. Polis əməkdaşları ona onlarla birlikdə X6 Şöbəsinə getməli olduğunu bildirəndə etiraz etməmiş, bundan sonra o, ovladığı balıqlar və ovda istifadə etdiyi torla birlikdə X6 Şöbəsinə gətirilmişdir. X6 Şöbəsində videokamera vasitəsi ilə baxış keçirilməsi zamanı onun tutduğu balıqların 17 ədəd karp balığı olduğu müəyyən olunmuşdur. Polis əməkdaşları ona məxsus 1 ədəd toru və icazəsiz tutduğu 17 ədəd karp balığını maddi sübut kimi götürmüşlər. Baxış keçirilmənin nəticəsi olaraq protokol tərtib edilmiş və o da protokola imza etmişdir. Balıq tutarkən ona heç kim köməklik etməmiş, balıqları özü tək tutmuş, həmçinin, ətrafdan heç kim onu görməmişdir. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, törətdiyi cinayət əməlini könüllü etiraf edərək əməlindən səmimi peşman olmuşdur. Qanunsuz olaraq balıq tutması nəticəsində təbiətə dəymiş 1122 manat maddi ziyan - mülki iddia məbləğini könüllü olaraq tam şəkildə ödəmişdir. Ailəsində ondan başqa əmək qabiliyyətli olan şəxs yoxdur, ailə üzvlərinə də onun özü tərəfindən diqqət və qayğı göstərilir. Qeyd etdiklərini cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində su hövzələrində bioresursların nəzarət qrupunun baş mütəxəssisi vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə saat 14 radələrində X5 İdarəsinin X6 Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Təqsirləndirilən şəxs Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisində uzunluğu 21 metr, eni 3,5 metr, ilgəklərinin daxili ölçüsü 33x33 millimetr olan, 3 qatlı ağ rəngli sapdan toxunan 1 ədəd tor adlanan ov vasitəsi ilə 17 ədəd karp balığını qanunsuz tutduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisində X5 İdarəsinin X6 Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş maddi ziyanın məbləği, yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq, 1 ədəd karp balığına görə 22 manat müəyyən olunduğundan, 17 ədəd karp balığı üçün dəymiş ziyan cəmi 374 (17x22=374) manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 146 nömrəli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq və digər su bioresursları üçün cərimələr üçqat hesablanmalıdır. Bu hesabla Təqsirləndirilən şəxs dövlət balıq ehtiyatlarına 1122 manat ziyan vurmuşdur. Zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçının nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, törədilmiş cinayət hadisəsi nəticəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 1122 manat miqdarında maddi ziyan dəymiş, həmin məbləğin 600 manatdan ibarət hissəsi ibtidai istintaq dövründə, qalan 522 manatdan ibarət hissəsi isə məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq tam şəkildə ödənilmişdir. Bu səbəbdən hazırda zərərçəkmiş hüquqi şəxsin təqsirləndirilən şəxsdən hər hansı mülki iddia tələbi yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Şahid1 ifadə verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 14 radələrində X5 İdarəsinin X6 Şöbəsinin əməkdaşı Şahid2 ilə birlikdə Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisində ekoloji cinayətlər törədənlərə qarşı keçirdikləri tədbirlər zamanı şəxsiyyətini sonradan müəyyən etdikləri Təqsirləndirilən şəxs qanunsuz balıq ovu edərkən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd tor adlanan ov vasitəsi, onun həmin torla ovladığı 17 ədəd karp balığı aşkar edilib götürülərək sənədləşdirilməsi üçün X5 İdarəsinin X6 Şöbəsinə gətirilmişdir. X6 Şöbəsində sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisinə gedib 1 ədəd toru suya atmış, xx.xx.2025-ci il tarixdə saat 14 radələrində yenidən həmin əraziyə gedib toru yığmış, sudan çıxarkən saxlanılmışdır. Məmmədli X1 Milli Parkının Kiçik Körfəz su ərazisində 1 ədəd tor vasitəsi ilə 17 ədəd karp balığını balıqovlama bileti olmadan, yəni balıq ovu etməsi üçün heç bir rəsmi icazəsi olmadan qanunsuz tutmuşdur. Qanunsuz tutulmuş 17 ədəd karp balığına və balıqovlama vasitəsi olan, uzunluğu 21 metr, eni 3,5 metr, ilgəklərinin daxili ölçüsü 33x33 millimetr, 3 qatlı ağ rəngli sapdan toxunan 1 ədəd tora X6 Şöbəsində “Honor” markalı videokamera vasitəsi ilə çəkiliş aparılmaqla baxış keçirilib müvafiq protokol tərtib edilərək imzalanmışdır. Təqsirləndirilən şəxs balıq ovu edərkən tək olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid2 da məhkəmə iclasında Şahid1 ifadəsinin məzmununa uyğun ifadə verərək onun qeyd etdiyi xüsusatları təsdiq etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş diskdə olan görüntülərdən müəyyən edilir ki, X5 İdarəsinin X6 Şöbəsinin əməkdaşları Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisində ekoloji cinayətlər törədənlərə qarşı keçirdikləri tədbirlər zamanı Təqsirləndirilən şəxs qanunsuz balıq ovu etdiyi müəyyən edilərək saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs balıq ovu üçün nəzərdə tutulan 1 ədəd tor, onun həmin torla tutduğu 17 ədəd karp balığı aşkar edilib maddi sübut kimi götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş maddi ziyanın məbləği, yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq, 1 ədəd karp balığına görə 22 manat müəyyən olunduğundan, 17 ədəd karp balığı üçün dəymiş ziyan cəmi 374 (17x22=374) manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 146 nömrəli qərarının 10-cu bəndində əsasən dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq və digər su bioresursları üçün cərimələr üçqat hesablandığı üçün 17 ədəd karp balığının qanunsuz ovlanmasına görə Təqsirləndirilən şəxs tərəfindən dövlət balıq ehtiyatlarına vurulmuş maddi ziyan 1122 manat təşkil edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji müxtəlifliyin qorunması xidmətinin xx.xx.2025-ci il tarixli 3-14-21/2-196/2025 nömrəli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji müxtəlifliyin qorunması xidmətinin Qızılağac Milli Parkının xx.xx.2025-ci il tarixli 41 nömrəli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə əməliyyat tədbirləri keçirilmiş ərazi Qızılağac Milli Parkının Lənkəran rayonuna aid olan ərazisidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, "xxxx" MMC-dən verilmiş xx.xx.2025-ci il tarixli 02 nömrəli və X6 Şöbəsindən verilmiş xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, maddi sübut kimi götürülmüş balıq tez xarab olan ərzaq malı hesab edildiyi üçün 17 ədəd karp balığı saxlanması üçün "xxxx" MMC-yə, digər maddi sübut olan 1 ədəd tor isə X6 Şöbəsinin sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizası üzrə xx.xx.2025-ci il tarixli 6/1064 nömrəli rəyi ilə müəyyən edilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş, xx.xx.2025-ci il tarixli, 3-16-16/2-6/1064/2025 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd ağ rəngli torun toxunduğu sap neylon sintetik liflərindən istehsal olunmuş, torun toxunduğu sap 3 qatlıdır, sapın diametrinin ölçüsü 0,20 millimetr və dəliklərinin daxili ölçüsü 34x34 millimetrdir (Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 89 manat təşkil edir). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, X5 İdarəsinin Lənkəran Xətt X3 Qrupunun müstəntiqi Toğrul Əkbərovun “Maddi sübut kimi tanınma” haqqında xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, uzunluğu 21 metr, eni 3,5 metr, dəliklərinin daxili ölçüsü 34x34 millimetr, 3 qatlı ağ rəngli torun toxunduğu sap neylon sintetik liflərdən istehsal olunan 1 ədəd tor adlanan balıqovlama vasitəsi və həmin balıqovlama vasitəsi ilə tutulmuş 17 ədəd karp balığı, həmçinin, Təqsirləndirilən şəxs balıqların və balıqovlama üçün nəzərdə tutulmuş torun götürülməsi zamanı çəkilən videogörüntülərin olduğu 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə edilmiş X5 İdarəsinin Lənkəran Xətt X3 Qrupunun müstəntiqi Toğrul Əkbərovun “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs balıq ovlayan zaman istifadə etdiyi 1 ədəd tor mülki dövriyyədə olmasına yol verilməyən əşyalar sırasına aid olmadığından onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli arayışdan, həmin tarixli 17698 nömrəli və xx.xx.2025-ci il tarixli 24460 nömrəli qəbzlərdən müəyyən edilir ki, zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyan məbləğinin 600 manatdan ibarət hissəsi ibtidai istintaq dövründə, qalan 522 manatdan ibarət hissəsi isə məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq ödənilmişdir. İş materiallarına əlavə edilmiş X5 İdarəsinin Lənkəran Xətt X3 Qrupunun müstəntiqi Toğrul Əkbərovun “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından və həmin tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər Psixiatriya xəstəxanasının xx.xx.2025-ci il tarixli 184 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyətinin Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsindən verilən xx.xx.2025-ci il tarixli 315 nömrəli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs faktiki olaraq ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyətinin Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsindən verilən xx.xx.2025-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs Məmmədli X2 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 15 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs hazırda ittiham olduğu cinayəti törədərkən onun məhkumluğu ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, qanunsuz olaraq ovladığı balıqların sayını və dəymiş maddi ziyanın miqdarını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün həyat tərzinə, ailəsinin vəziyyətinə maddi, fiziki və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə, təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş, hökmlə müəyyən edilmiş vaxt məhdudiyyəti ərzində faktiki yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə vəzifələr qoyulmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs hazırda təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Cəzanın icrası Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tutulmuş, saxlanması üçün "xxxx" MMC-yə təhvil verilmiş 17 ədəd karp balığı dövlət nəfinə müsadirə edilərək satılmalı, 17 ədəd karp balığının satılması, balıqların satışından əldə edilmiş pul vəsaitinin dövlət nəfinə keçirilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs götürülmüş, saxlanması üçün X6 Şöbəsinin sübutların saxlanması otağına təhvil verilmiş, uzunluğu 21 metr, eni 3,5 metr, ilgəklərinin daxili ölçüsü 33x33 millimetr olan, 3 qatlı ağ rəngli sapdan toxunan 1 ədəd tor dövlət nəfinə müsadirə edilməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil verilməlidir. İş üzrə maddi sübut- balıqların və balıqovlama üçün nəzərdə tutulmuş torun götürülməsi zamanı çəkilən videogörüntülərin olduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 89 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə digər məhkəmə xərclərinin olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 354.1-ci maddəsinin məzmununa görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə iclasında müəyyən edildi ki, baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 1122 manat miqdarında maddi ziyan dəymişdir. Zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyan məbləğinin 600 manatdan ibarət hissəsi ibtidai istintaq dövründə, qalan 522 manatdan ibarət hissəsi isə məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq ödənilmişdir. Hazırda zərərçəkmiş hüquqi şəxsin təqsirləndirilən şəxsdən hər hansı mülki iddia tələbi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, maddi ziyan məbləği məhkəmə prosesinin gedişində tam şəkildə ödənildiyindən mülki iddia tələbi üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasənvə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Lənkəran rayon ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində faktiki yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun.Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tutulmuş, saxlanması üçün "xxxx" MMC-yə təhvil verilmiş 17 ədəd karp balığı hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilərək satılsın. 17 ədəd karp balığının satılması, balıqların satışından əldə edilmiş pul vəsaitinin dövlət nəfinə keçirilməsi vəzifəsi "xxxx" MMCnin üzərinə qoyulsun. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs götürülmüş, saxlanması üçün X6 Şöbəsinin sübutların saxlanması otağına təhvil verilmiş, uzunluğu 21 metr, eni 3,5 metr, ilgəklərinin daxili ölçüsü 33x33 millimetr olan, 3 qatlı ağ rəngli sapdan toxunan 1 ədəd tor dövlət nəfinə müsadirə edilməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil verilsin. İş üzrə maddi sübut - balıqların və balıqovlama üçün nəzərdə tutulmuş torun götürülməsi zamanı çəkilən videogörüntülərin olduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 89 manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. İş üzrə maddi ziyan məhkəmə prosesinin gedişində tam şəkildə ödənildiyindən mülki iddia tələbi üzrə icraata xitam verilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar