Məhkəmə qərarları › İş №1(049)-99/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-99/2023

16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-99/2023 16.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ 13:10 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2001-ci il tarixdə Rusiya Federasiyası, Krasnoyarks vilayətində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Şağlaser kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixdə saat 15 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “VAZ 21061 minik” markalı, **-BK- *** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran-Boradigah avtomobil yolunun Lənkəran rayonunun Girdəni kəndindən keçən hissəsində üzü Lənkəran şəhəri istiqamətində idarə edərkən, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobil ilə yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətin təmin olunması şəraitində manevr hərəkətləri (manevr, ötmə, yerdəyişmə və sair) etməli olduğu, bununla da, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin maddənin tələbini pozaraq, qeyd olunan yol şəraitində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21061” markalı avtomobil ilə ötmə əməliyyatı apararkən idarəetməni itirərək yol hərəkəti qaydalarını pozması nəticəsində yolun sol çiynində olan xx.xx.1973-cü il təvəllüdlü piyada Zərərçəkmiş şəxs avtomobilin sol ön qabarıq hissəsi ilə ehtiyatsızlıqdan vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sağ İV, V, Vİ, İX, X qabırğaların, sol İİ, İİİ, İV, V, Vİ, Vİİİ, İX, X qabırğaların yerini dəyişmiş sınıqları, sol tərəfli hemopnevmatoraks, sol tərəfli dərialtı emfizema, sağ bud və sağ qulaq seyvanı nahiyələrində əzilmiş-cırılmış yaralardan ibarət xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, istifadə etdiyi “VAZ 2106” markalı **-BK-*** qeydiyyat nişanlı avtomobili 05 iyun 2022-ci il tarixində almış, avtomobili idarə etməyə dair BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Maşını aldığı gündən yaşadığı Şağlaser kəndində taksi kimi fəaliyyət göstərir, bəzən Lənkəran şəhərinə də sərnişin daşımıdır. 16 iyun 2022-ci il tarixində yaşadığı Şağlaser kəndindən Lənkəran şəhərinə gəlmək üçün etibarnamə ilə idarə etdiyi avtomobilə oturmuşdur. Yola çıxanda tək olmuşdur. Avtomobili idarə edərkən yanında heç kəs olmamışdır. Avtomobili, təxminən, 60 km/saat sürətlə idarə etmişdir. Lənkəran-Boradigah avtomobil yolu ilə Lənkəran şəhəri istiqamətində Lənkəran rayonu Girdəni kəndində hərəkətdə olan zaman Lənkəran rayonu Havzava kəndi istiqamətində dövlət qeydiyyat nişanını xatırlamadığı boz rəngli “Mersedes” markalı avtomobilin onu gözləməyərək anidən əsas yola – onun hərəkət etdiyi hissəyə çıxdığını görmüşdür. Həmin avtomobilin ani olaraq əsas yola çıxacağını gözləməmiş, bu səbəbdən də həmin nəqliyyat vasitəsi ilə toqquşub qəza törətməmək üçün nəqliyyat vasitəsini yolun əks tərəfdən gələn nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş hissəsinə istiqamətləndirmişdir. Lakin yol həmin hissədə sərt döngəli olduğundan idarəetməni itirmiş, nəticədə idarə etdiyi nəqliyyat vasitəsi yoldan çıxaraq ehtiyyat hissəyə tərəf istiqamətlənmişdir. Bu zaman ehtiyyat hissədə piyada şəkildə hərəkət edən qadını görmüşdür. Nəqliyyat vasitəsilə həmin qadını vurmamaq üçün dərhal əyləci basmış, lakin nəqliyyat vasitəsi sürüşmüş, nəqliyyat vasitənin sol ön hissəsi yolun sol ehtiyyat hissəsində hərəkətdə olan qadına çırpılmışdır. Qadın yerə yıxıldıqdan sonra maşın ehtiyyat hissədən dərhal sonra olan fərdi yaşayış evlərinin divarına sürtülərək 3 metr sonra tam dayanmışdır. Qadın zərbənin təsirindən tam olaraq huşunu itirməmişdir. Dərhal maşından düşüb həmin qadına tərəf getmişdir. Bu zaman yolun digər tərəfində olan kənd caamatı da qaçaraq toqquşmanın olduğu yerə gəlmişlər. Qadının üzünə su vurduqdan sonra onu həmin ərazidən keçən xidməti polis avtomobilinə qoyub xəstəxanaya aparmışlar. Hadisə yerində qalıb polis əməkdaşlarının gəlməsini gözləmişdir. Polis əməkdaşları hadisə yerini müayinə edib fotoşəkillər çəkmiş, protokol və hadisə yerinin sxemi tərtib edilmiş, iştirakçılarla birlikdə həmin sənədlərə imza etmişlər. Hadisə onun təqsiri üzündən baş verdiyini bildirmişdir. Havzava kəndi istiqamətindən əsas yola çıxan və əsas yolda hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkət növbəliliyini gözləmədən anidən qarşısına çıxan “Mersedes” markalı avtomobil onun hərəkətdə olduğu yola çıxamayacağı halda hadisənin baş verməyəcəyini bildirmişdir. “Mersedes” markalı avtomobili görən zaman aralarında 10 metr məsafə olmuşdur. Yolun əks hərəkət hissəsində heç bir avtomobil olmamış, yolun əks hərəkət hissəsinə çıxdığdan sonra, təxminən, 15 metr məsafədə yolun sol ehtiyyat hissəsində piyada hərəkət edən qadını görmüşdür. Qadını vurmamaq üçün avtomobilin əyləcini bassa da avtomobil sürüşmüş, avtomobilin sol ön hissəsi qadına dəymişdir. Avtomobildə heç bir yük olmamış və texniki cəhətdən heç bir nasazılığı olmamışdır. Təqsirləndirilən şəxs son sözündən bildirmişdir ki, hadisədən sonra zərərçəkmiş şəxslərlə barışmış, onlarla razılaşaraq vurulmuş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin yoxdur. Buna görə də barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 iyun 2022-ci il tarixində günorta 15 radələrində yaşadığı Lənkəran rayonu Girdəni kəndində işə gedərkən kəndin mərkəzində yerləşən çayxana ilə üzbəüz yolun sol ehtiyyat hissəsində dayanıb yolun qarşı tərəfinə keçmək istəyən zaman Lənkəran Boradigah avtomobil yolunun Lənkəran şəhəri istiqamətində hərəkət edən qırmızı rəngli, markasını bilmədiyi avtomobilin üzərinə hərəkət etməsini görmüşdür. Həmin vaxtı kənara çəkilməyə macal tapmamışdır. Qarşı tərəfdən gələn avtomobil ona dəydikdən sonra huşunu itirmiş, sonra olanları xatırlamamışdır. Ancaq ərazidə yaşayan vətəndaşlar və polis əməkdaşları onu maşına qoyub xəstəxanaya gətirən zaman oyanmışdır. Lənkəran RMX-ya gətirilən zaman ona ilikn tibbi yardım göstərilərək əməliyyat olunmuşdur. Xəstəxanada müalicə aldıqdan sonra evə buraxılmışdır. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, cinayət nəticəsində ona vurulmuş maddi və mənəvi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənmiş, onlar barışmışlar. Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Ərizə xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 8İ-299 saylı reyestdə qeydə alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə 16 iyun 2022-ci il tarixində saat 15 radələrində Lənkəran rayonu Girdəni kəndində baş vermişdir. Hadisə baş verdiyi yerdə yolun hərəkət hissəsi asfalt örtüklü, düz və qurudur. Hərəkət iki istiqamətli olmaqla hərəkət hissəsinin eni 6,8 metrdir. “VAZ2106” markalı nəqliyyat vasitəsi hadisə yerində sol ehtiyyat hissədə-yaşayış evinin hasarına bitişik vəziyyətdə üzü Lənkəran şəhəri istiqamətində dayanmışdır. Piyadanın vurulma yeri ilə nəqliyyat vasitəsinin arxa buferi arasındakı məsafə 3,9 metr, tormoz izinin başlandığı yerdən nəqliyyat vasitəsinin arxa buferinə qədər olan məsafə 16,6 metrdir. Məhkəmə-tibbi ekspertizasının 29 avqust 2022-ci il tarixli, 825 nömrəli rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədəni üzərində-sağ İV, V, Vİ, İX, X qabırğaların, sol İİ, İİİ, İV, V, Vİ, Vİİİ, İX, X qabırğaların yerini dəyişmiş sınıqları, sol tərəfli hemopnevmatoraks, sol tərəfli dərialtı emfizema, sağ bud, sağ qulaq seyvanı nahiyyələrində əzilmiş-cırılmış yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə hərəkətdə olan minik avtomaşının qabarıq hissələri ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdi və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının təqdim etdiyi 22 iyul 2022-ci il tarixli, 8/1639 nömrəli rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs VAZ2106 markalı avtomobili Lənkəran şəhəri istiqamətində 60 km/saat sürətlə idarə edərkən qarşısına çıxmış nəqliyyat vasitəsini ötmək üçün qarşı əks hərəkət zolağına çıxmış, bu zaman idarəetməni itirərək yolun sol çiynində hərəkətdə olan piyadanı vurmuşdur. «VAZ-2106» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Lənkəran şəhər narkoloji xəstəxanasının təqdim etdiyi 16 iyun 2022-ci il tarixli, 981 nömrəli «sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktından görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törədərkən 16 iyun 2022-ci il tarixində alkoqol sərxoşluq vəziyyəti aşkar edilməmişdir. BD406458 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o sürücülük hüququna malikdir. 05 iyun 2022-ci il tarixdə verilmiş etibarnamədən görünür ki, həmin etibarnamə 05 iyun 2023-cü ilədək qüvvədədir və Təqsirləndirilən şəxs İmişli şəhəri, Ağamalıoğlu küçəsi ev 14-də yaşayan X2 məxsus «VAZ 2106» markalı avtomobili həmin etibarnamə ilə idarə etmişdir. DİN-n BDYPİ-nin Lənkəran RQİ və TBŞ-nin 16 dekabr 2022-ci il tarixli, 314-9550- 1122 nömrəli məktbundan görünür ki, Lənkəran rayonu, Şağlaser kənd sakini Təqsirləndirilən şəxs 24 sentyabr 2021-ci il tarixində «BC» kateqoriyalı BD-406458 saylı sürücülük vəsiqəsi verilmiş, onun sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında deyildir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ««VAZ-2106»» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. Qətimkan tədbinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda— iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin(bundan sonra mətndə CPM-nin) 43.1 və 43.1.2-ci maddəsinə görə məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin cinayət əməlini törətmiş şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı aradan qaldırmasını nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı bu əməlin inzibati xəta tərkibinin əlamətləri olduqda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” tələbini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə hesab edir ki, hazırkı halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran ŞRPŞ-nin X6 Şöbəsinə göndərilməlidir. CPM-nin 346.1.19-cu maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında maddi sübutlar məsələsinin necə həll edilməli olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar aşağıdakıları qeyd edir: CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, «VAZ-2106» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə məhkəmə məsrəflərinin tutulması ilə əlaqədar aşağıdakılar qeyd edir: CPM-nin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2022-ci il tarixli 8/1639 saylı rəyinə əlavə olunmuş bildirişdən görünür ki, ekspertiza tədqiqatlarının dəyəri 85(səksən beş) manat müəyən olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 85(səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-сi bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Maddi sübut - «VAZ-2106» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 85(səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X6 Şöbəsinə göndərilsin. Qərardan, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar