Məhkəmə qərarları › İş №1(050)-1/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-1/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-1/2025 27.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında videoçəkiliş vasitəsi ilə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Masallı rayonu, Qəzvinoba kəndi ərazisində yerləşən özünün vərəsəlik hüququ ilə payı olduğunu iddia etdiyi torpaq sahəsinin giriş hissəsinə qohumu Zərərçəkmiş şəxs1 və sonuncunun ailə üzvləri tərəfindən qoyulmuş qapının onun torpaq sahəsinə daxil olması üçün yaradılmış maneə və qərəzli münasibət kimi qəbul edərək, ümumi davranış, əxlaq, ədəb və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, oradakı şəxslərin gözləri qarşısında söyüş söyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi, habelə özgənin əmlakının məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, öz şəxsiyyətini digər şəxslərin fövqündə qoyub, laqeydlik nümayiş etdirirək, zor tətbiq etməklə Zərərçəkmiş şəxs1 itələyərək yıxıb döyməklə sonuncuya sağ bazu nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı xəsarətləri ilə müşayiət edilən YÜNGÜL dərəcəli bədən xəsarəti, sağ dirsək nahiyəsinin sıyrığı xəsarətləri ilə müşayiət edilən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, daha sonra onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan Zərərçəkmiş şəxs2 sağ qolunu əlləri ilə sıxaraq sonuncuya sağ said nahiyəsinin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək, Zərərçəkmiş şəxs1 məxsus olan fərdi yaşayış evinin giriş darvazasının kilidini, fərdi yaşayış evinin giriş qapısının kilidini sındırıb zədələməklə 20 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatçılığına səbəb olan, şəxslər üzərində zor tətbiq edilməsi, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1ci maddəsilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun ögey əmisi Fazilin arvadıdır. Xədicə ilə arasında təxminən 8-9 ildir ki, Masallı rayonu Qəzvinoba kəndində nənəsindən miras qalmış 0,14 ha torpaq sahəsi ilə bağlı məhkəmə mübahisələri davam edir. Həmin torpaq sahəsi ilə bağlı hələ məhkəmənin yekun qərarı olmamasına baxmayaraq, həmin torpaq sahəsində 2017-ci il tarixdə Zərərçəkmiş şəxs1 və qızları tərəfindən fərdi yaşayış evi tikilmiş və sonradan qanunsuz giriş darvazası qoyulmuş, həmin torpaq sahəsinə onun girişinə mane olmağa çalışmışdılar. Məhkəmə araşdırması ilə əlaqədar olaraq 11 sentyabr 2023-cü il tarixdə həmin mübahisəli torpaq sahəsinə mütəxəssislər tərəfindən baxış keçiriləcəyi ilə bağlı ona məktubla məlumat verilmişdir. O, həmin ekspertizanın keçirilməsinin təşkili məqsədi ilə 1 gün əvvəl, yəni 10 sentyabr 2023-cü il tarixdə oğlu Elmir Əliyev ilə birlikdə Bakı şəhərindən Qəzvinoba kəndinə gəlmişdir. Onun məqsədi həmin ata və əmisinin doğulduğu, özünün də bir müddət yaşadığı torpaq sahəsinə girib orada özü üçün lazım olan əşyaları götürmək və ekspertiza aparılması üçün gəlməli olan işçilərə şərait yaratmaq olmuşdur. O, həmin torpaq sahəsinə gəldikdə Zərərçəkmiş şəxs1 tərəfindən qanunsuz qoyulmuş darvazanın bağlı olduğunu görmüş, darvazanın kənarlarında olan özü tərəfindən çəkilmiş dəmir hasarları kəsərək həyətə daxil olmaq məqsədi ilə yaxınlıqda yaşayan nənəsigildən elektrik mişarı götürüb darvazanın yanına gəlmişdir. Əmisi qızı Şahid2 da sonradan ona zəng edərək kəndə qohumları ilə birlikdə gəldiklərini bildirmiş, az sonra maşınla gəlib həmin yerə çıxmışlar. O, elektrik mişarı ilə dəmir hasarı kəsməyə başlamış, lakin, Zərərçəkmiş şəxs2 yola qaçaraq elektrik mişarını cərəyan blokundan ayırmışdır. Daha sonra o, elektrik mişarını anası Elmiraya vermişdir. Sevil elektrikli mişarı anasının əlindən almağa çalışmışdır. Sevil ona aid olan lövhələri kəsməyə imkan vermədiyi üçün əsəbiləşib yaxınlıqda qonşunun qapısının yanında olan dəmir çəkici götürüb qanunsuz qoyulmuş darvazaya çəkiclə zərblə bir neçə dəfə vurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs1 və qızları əllərindəki çubuqlarla onun bədənin müxtəlif nahiyələrinə zərbələr endirdiyindən o, əsəbiləşərək əlindəki çəkiclə daha da darvazaya vurmağa davam etmişdir. O, həmin vaxt Zərərçəkmiş şəxs1 və qızlarına qarşı hər hansı formada zor tətbiq etməmişdir. O, öz həyətində qanunsuz qoyulan darvazanın cəfdəsinə çəkiclə bir neçə dəfə zərbə vurmuş, darvazanın cəftəsi sınmış, mübahisə zamanı Zərərçəkmiş şəxs1 ona ağac parçası ilə vurmağa davam etdiyi üçün Xədicənin ünvanına nalayiq söyüş söymüşdür. O, tək şəkildə həyətin darvazasına çiyni ilə güc eləmiş və darvazanı açıb həyətə daxil olmuşdur. Həyətdə olan zaman dəmir çəpərlədən birini əli ilə sökməyə başlamışdır. Bu zaman Xırdabacı və Xədicə onun üstünə hücum etmiş və onu ağacla vurmağa yenə də davam etmişdilər. Bundan sonra Xədicə və qızlarının həyətində qanunsuz tikdiləri evə doğru getmişdir. Həmin vaxt da Günay da onunla birlikdə həyətdə olmuşdur. Günayla arasında təxminən 5- 6 metr məsafə olmuşdur. O, həmin Xədicənin qanunsuz tikdiyi evin qarşısına gəlmiş və əlindəki çəkiclə evin giriş qapısının cəftəsinə vurub sındırmışdır. Həmin vaxtı Xədicə onun yanına gəlmişdir. Xədicə onun yanında ancaq təhqiramiz ifadələr işlətmiş və nalayiq söyüşlərlə onu təhqir etmişdir. O, qapının cəftəsini sındırdıqdan sonra həyətdə gəzməyə başlamış və həyətin arxa tərəfində olan qoz ağacının yanına getmişdir. Sonradan o, orada olan ailə üzvlərindən eşitmişdir ki, Günay pəncərəyə daş atıb sındırmışdır. O, Günayın daş atmasına şahid olmamışdır. O, Xədicə ilə heç bir fiziki təmasda olmamış, Xədicənin hansı şəraitdə yıxılmasını görməmiş, eləcə də onun qızı Zərərçəkmiş şəxs2 qarşı hər hansı formada zor tətbiq etməmişdir. Şahid2 Xədicəni döyməsinə və ya Xədicənin üstünə atılmasına şahid olmamışdır. Aralarında baş vermiş münaqişə təxminən 15-20 dəqiqə davam etmişdir. O, həmçinin qeyd etmişdir ki, həmin torpaq sahəsinə vərəsə kimi hüququ olmuş və uzun illər istifadəsində olmuşdur. Həmin bir mərtəbəli ev həyətdə qanunsuz formada tikilmiş, o, həmin tikilini ev kimi qəbul etməmişdir. O, əsəbindən hər hansı bir məqsədi olmadan evin giriş darvazasının qapısına bir neçə dəfə çəkiclə zərbə vurmuşdur. Həmin vaxt baş verən münaqişədə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, o, Şahid2, oğlu Elmir Əliyev, Günayın qızı Elin Əliyeva, anası Elmira Şükürova və yaxın qonşuluqda yaşayan əvvəllər də onların mübahisələrinin dəfələrlə şahidi olmuş qonşular olmuşdur. Heç bir təqsiri olmadığından, heç kimə qarşı heç bir cinayət əməlini törətmədiyindən ona elan olunmuş ittiham üzrə bəraət hökmü çıxarılmaqla cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş, Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynatası Məhərrəm Əliyevin qeyri-rəsmi nikahda olduğu Səkinə Balakişiyevanın oğul nəvəsidir. Onlar Qəzvinoba kəndində yaşasalar da, həmin evdə yaşamamışlar. 2014-cü ildən başlayaraq Sabit və ailəsi həmin torpaq sahəsinə iddia etməyə başlamışlar. Həmin torpaq sahəsi ilə bağlı onların arasında uzun müddətdir ki, münaqişə olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs əmisi qızı Şahid2 ilə birlikdə onun yaşadığı evin həyətinin darvazasını elektrik mişarı ilə kəsməyə başlamışdır. Sonra isə darvazanın kilidini sındırmışdır. Sabit Günayla birlikdə əlləri və bədənləri ilə darvazanı itələyərək açmışlar. Onlar həyətə daxil olduqdan sonra Sabit həyətdə dəmir çəpərləri qırıb dağıtmağa başlamışdır. Sabit həmin dəmir çəpərləri yerdən çıxarmaq üçün əlləşmişdir. Sonra isə Sabit yaşadığı evə doğru gəlmişdir. O, həmin vaxtı həyətdə olmuşdur. Sabit və Günay birlikdə evinin giriş qapısına doğru gəlmişlər. Sabit əlindəki çəkiclə evinin giriş qapısının kilidini vurub sındırmışdır. O, həmin vaxt Sabitin yanına gəlib “qapını sındırmaması” üçün xahiş etmişdir. Sabit isə ona cavab vermədən çəkici əmisi qızı Günaya vermiş və onu əlləri ilə itələyərək bir qədər kənarda olan daşların üstünə yıxmışdır. O da daşlara dəyəndən sonra başında və sağ qolunda ağrılar hiss etmişdir. O, ağrının şiddətindən ayağa dura bilməmişdir. O, daşların üstündə uzanıqlı vəziyyətdə olan zaman Günay pəncərənin qarşısında olan stolun üstünə çıxmışdır. Sabit Günaya demişdir ki, “al çəkici, pəncərələri sındır.” Bundan sonra Günay stolun üstündə Sabitdən aldığı çəkiclə pəncərənin iki şüşəsin sındırmışdır. Bundan sonra Sabit Günaya “tullan o arvadın üstünə” demişdir. Günay Sabitin bu sözündən sonra strolun üstündən onun üstünə tullanmış və gövdəsi ilə onu əzmişdir. O, Günayın gövdəsinin ağırlığından kəskin ağrılar hiss etmişdir. Günay onun üstündən qalxamayaraq onu yumruqla və təpiklə sinəsindən və çiyinlərindən vurmuşdur. Bu zaman qızı Xırdabacı gələrək Günaya qışqırmağa başlamışdır. Günay Xırdabacının qışqırmağına görə onun üstündən durmuşdur. Həmin şəxslərdən Elmir və Selin əllərində telefonla baş verənləri çəkmişlər. Günay onun üstündən qalxdıqdan sonra həyətdən daşları götürüb evinin pəncərəsinə doğru atmışdır. Xırdabacı Günayı ondan ayırmaq üçün gəlmək istəsə də, Sabit mane olmuşdur. Hətta Sabit yumruğu ilə Xırdabacının sol alın nahiyəsindən vurmuşdur. Bundan başqa, Sabitlə Günay onu döyüb evinə, həyətinə maddi ziyan vurduqları zaman onların yanında başqa şəxslər də olmuşdur. Belə ki, Sabitin oğlu Elmir, Günayın qızı Elin Əliyeva, Günayın qardaşı Gündüz Əliyev və Sabitin anası Şükürova Elmira da orada olmuşlar. Lakin, Günay və Sabitdən başqa digərləri onu döyməmiş və evinə ziyan vurmamışlar. O, həmin tarixdə Təqsirləndirilən şəxs və Şahid2 tərəfindən döyülərək xəsarət almışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş, zərəçəkmiş Zərərçəkmiş şəxs2 və şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdikləri ifadələrindən müəyyən olunur ki, onlar Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərinə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, əmisi oğlu Sabitin və onların Zərərçəkmiş şəxs1 və qızları ilə babasından miras qalmış mülki üstündə mübahisələri vardır, hansı ki, həmin mübahisələr bütün instansiya məhkəmələrində araşdırılmış, nəticədə onların xeyrinə qətnamələr çıxarılmışdır. Sonuncu dəfə Sabit 2022-ci ilin iyun ayında X1 məhkəməsinə müraciət etmiş və həmin müraciət üzrə 2023-cü ilin 11 sentyabr 2023-cü il tarixdə məhkəmə ekspertizası keçirilməsi müəyyən olunmuşdur. Sabitlə birlikdə o, həmin ekspertizanın keçirilməsi ilə bağlı 1 gün əvvəl yəni 10 sentyabr 2023-cü il tarixdə qardaşı Gündüz Əliyev və qızı Selin Əliyeva ilə birlikdə Bakı şəhərindən Qəzvinoba kəndinə gəlmişdir. Yolda gələrkən Təqsirləndirilən şəxsa zəng etmiş, sabit də kənddə olduğunu bildirmişdir. Onun məqsədi həmin ata və əmisinin doğulduğu torpaq sahəsinə girmək olmuşdur. Çünki həmin torpaq sahəsində yerləşən evə dəfələrlə gəlib getmişdir. Belə ki, Xədicə və qızları qapıları qıfıllamışlar. Həyətə daxil olmaq üçün Sabit elektrik mişarı ilə darvazaya yaxınlaşmış, özünün əvvəllər düzəltdiyi dəmir çəpərlərin dəmir dayaqlarından birini söküb çıxarmaq və həyətə yol açmaq istəmişdir. Lakin, Zərərçəkmiş şəxs2 yola qaçaraq elektrik mişarını cərəyan blokundan ayırmışdır. Daha sonra Sabit elektrikli mişarını Elmiraya vermişdir. O da həmin vaxtı Sabitgilin ortasında olmuşdur. Sabit tək şəkildə həyətin darvazasına çiyni ilə güc eləmiş və darvazanı açıb həyətə daxil olmuşdur. O da Sabitlə birlikdə həyətə daxil olmuşdur. Həyətdə olan zaman Xədicə və Xırdabacı onların üstünə cummuş və əllərində ağaclarla onları vurmağa başlamışlar. Sabit çəpərlərdən birini əli ilə sökməyə başlamışdır. Sabit sonradan haradansa çəkic götürüb geri gəlmiş və çəkiclə Xədicə və qızı Xırdabacı onu söydükləri və ağacla vurduqları üçün əsəbindən darvazaya vurmağa başlamışdır. Onlar Sabiti ağacla vuran zaman o, sadəcə kənardan baxmışdır. Bundan sonra Sabit Xədicə və qızlarının həyətin qanunsuz tikdikləri evə doğru getmişdir. Həmin vaxt o, bir qədər aralıda olmuşdur. O, Sabitin Xədicənin evinin qapısının cəfdəsini sındırmasını görməmişdir. Sabit həyətdə əlləri belində gəzmişdir. Həmin vaxtı Xədicə ancaq təhqiramiz ifadələr işlətmiş və nalayiq söyüşlərlə onları təhqir etmişdir. O, Xədicə və qızları ilə normal danışmağa çalışsa da, Xədicəgil onunla ancaq aqressiv və nalayiq formada danışmışlar. Bu mübahisələr davam edərkən Xədicə onun atasının ünvanına nalayiq sözlər demişdir. Xədicə həmin vaxt evin qarşısında üzü evə tərəf daşın üstündə əyləşmiş və o, Xədicənin yanına gedib danışmaq istəmişdir. Lakin o, Xədicəyə yaxınlaşan zaman ayağı daşa ilişmiş büdrəyərək yıxılmışdır. O, yıxılan zaman qolu Xədicəyə dəymişdir. Xədicə qışqırmış və Xırdabacı onun arxasınca gəlib onu vurmağa başlamışdır. Xırdabacı onun Xədicəni döymək istədiyini düşünmüşdür. Lakin, onun məqsədi Xədicəylə danışıb sakitləşdirmək olmuşdur. Daha sonra ona qarşı edilən təhqirlərə görə əsəbiləşmiş və yerdən daş götürüb evin sol tərəfində olan pəncərəyə vurub şüşəni sındırmışdır. O, əsəbindən başqa cür sakitləşə bilməmişdir. Bundan başqa o, həm də, Xırdabacını onu söydükləri üçün söymüşdür. Sabit Şahid1 ilə heç bir fiziki təmasda olmamışdır. Sabit konket olaraq Zərərçəkmiş şəxs1 ilə yaxın təmasda olmamış, Xədicəni itələməmişdir. O, Xədicənin hansı şəraitdə yıxılmasını görməmişdir. O, Xədicənin üstünə atılmamış və Xədicəni döyməmişdir. O, yıxılan zaman onun qolu Xədicəyə dəymişdir. Həmin münaqişə təxminən 15-20 dəqiqə davam etmişdir. Həmin vaxt baş verən münaqişədə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, o, Təqsirləndirilən şəxs, Sabitin oğlu Elmir Əliyev, qızı Selin Əliyeva, Sabitin anası Elmira Şükürova, qardaşı Gündüz Əliyev olmuşlar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 poçt vasitəsi ilə göndərdiyi təkrar, eyni məzmunlu vəsatətlərində göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham aktı pozuntulara yol verilməklə tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Masallı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclası keçirilməklə, cinayət işi məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə baxışı zamanı toplanmış ifadələr, keçirilmiş məhkəmə ekspertizalarının rəyləri, hadisənin real görüntülərini əks etdirən videogörüntülərlə Təqsirləndirilən şəxs təqsirliliyi tam sübuta yetir. Lakin, Təqsirləndirilən şəxs 10 sentyabr 2023-cü il tarixdə əmisi qızı Şahid2, Şahid2 qardaşı Gündüz Əliyev və övladları ilə birlikdə bir qrup şəxs daxilində onların yaşadıqları ünvana gələrək ona və qızlarına qarşı zor tətbiq etməklə, dəmir alətlərdən istifadə edib ona məxsus darvazanın kilidini, eyni zamanda həyətdə tikdiyi evin qapısının cəftəsini, kilidini və pəncərələri qıraraq ona maddi ziyan vurmuşdular. Eyni zamanda o, göstərmişdir ki, Təqsirləndirilən şəxs onu itələyib yıxdırdıqdan sonra Şahid2 evin girişin qapısının qabağında olan stolun üzərindən qəsdən onun üzərinə tullanaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdilər. Azərbaycan Respublikası CM-nin 221.2.1ci maddəsinə əsasən cinayət məsuliyyəti CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin bir qrup şəxs tərəfindən və ya təkrar törədildiyi halda yaranır. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən həmin maddə ilə cinayət məsuliyyəti bu məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda yaranır. Cinayət işinin materiallarından və məhkəmə araşdırmasının nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs əmisi qızı Şahid2 ilə birlikdə bir qrup şəxs halında dəmir alətlərdən istifadə etməklə onlara qarşı xuliqanlıq əməlinə yol vermişdilər. Bu isə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibini yaradır. Yuxarıda şərh olunanlara əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin məcəllənin 221.2.1 və 221.3-cü maddəsinə tövsif olunmalı, eyni zamanda da Təqsirləndirilən şəxslə birlikdə hərəkət edən Şahid2 qarşı CM-nin 221.2.1 və 221.3-cü maddəsi ilə ittiham elan edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyası həmin məcəllənin 221.1-ci maddəsinin sanksiyasından daha ağır olduğuna görə Təqsirləndirilən şəxs daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün məhkəmə baxışına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Buna görə də Zərərçəkmiş şəxs1 hazırki iş üzrə Təqsirləndirilən şəxs daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün məhkəmə baxışına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi cinayət işinin təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün məhkəmə baxışına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə zərərçəkmiş şəxsin vəsatətinin rədd edilməsini xahiş etdilər. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, zərərçəkmiş şəxsin vəsatəti əsaslı olduğuna görə təmin edilməli, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi üzrə məhkəmə baxışına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş baş vermiş hadisənin real görüntülərini əks etdirən video materiallar, digər istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Abbasəli oğlu 2014-cü il tarixdən etibarən Masallı Rayonu Qəzvinoba kəndində yerləşən nənəsindən miras qalmış torpaq sahəsi ilə bağlı ögey əmisinin arvadı Zərərçəkmiş şəxs1 ilə aralarında mübahisə yaranmış, həmin mübahisə ilə əlaqədar olaraq torpaq sahəsinə 11 sentyabr 2024-cü il tarixdə mütəxəssislər tərəfindən baxış keçirilməsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs mübahisəli həyatyanı torpaq sahəsinin girişinə zərərçəkmiş şəxslər tərəfindən dəmir darvaza qoyulduğundan və zərərçəkmiş şəxslərin mütəxəssislərin torpaq sahəsinə girişinə icazə verməyəcəklərini ehtimal etdiyindən həyətə giriş üçün yol açmaq üçün öz az yaşlı uşaqları və əmisi qızı Günay, Günayın qardaşı və uşaqları ilə birlikdə həmin torpaq sahəsinə gəlmiş, Zərərçəkmiş şəxs1 torpaq sahəsinə qoyduğu darvazanın bağlı olduğunu görüb, yaxınlıqda qalan anasıgildən elektrik mişarını götürüb darvazanın kənarlarında olan dəmir hasarı kəsib həyətə daxil olmaq qərarına gəlmişdir. O, torpaq sahəsinə daxil olmaq üçün darvazanın kənarlarında olan dəmir hasarı elektrik mişarı ilə kəsməyə başlamış, bu zaman Zərərçəkmiş şəxs2 elektrik mişarının kabelini elektrik yuvasından çıxararaq ona mane olduğundan, o və əmisi qızı Şahid2 zərərçəkən şəxsin əlindən mişarın elektrik kabelini almağa çalışsalar da, zərərçəkmiş şəxsin müqaviməti nəticəsində mişarı işlədə bilməmişdilər. Bundan sonra Təqsirləndirilən şəxs qapını əlləri ilə toxunaraq darvazanın taylarının açılmasına nail olmuş və onlar həyətə daxil olmuşdular. Darvazanın yanında həyətin daxlində olduqları vaxtda da bir-biriləri ilə uca səslərlə danışaraq mübahisəni davam etdirmişdilər. Bundan sonra Təqsirləndirilən şəxs yaxınlıqda qonşunun qapısının yanında olan dəmir çəkici götürüb darvazaya zərbələr vurmağa başlamışdır. Təqsirləndirilən şəxs dəmir çəkiclə dəmir darvazaya bərk zərbələr vurduğundan zərbələrin səsi ətrafa yayılmışdır. Təqsirləndirilən şəxs qeyd edilən zərbələri vurduğu zaman Zərərçəkmiş şəxs1 və onun qızları əllərindəki çubuqla Təqsirləndirilən şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdilər. Həmin vaxt Təqsirləndirilən şəxs darvazanın qapısının dəstəyini və kilidini əlindəki çəkic vasitəsi ilə vuraraq sındırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs əlindəki çəkiclə zərərçəkmiş şəxslərin tikdikləri evə yaxınlaşaraq giriş qapısının dəstəyini və kilidinə zərbələr vuraraq qırmış, daha sonra evin qarşısındakı daşların üzərində əyləşmişdir. Mübahisənin gedişində Təqsirləndirilən şəxslə birlikdə gəlmiş əmisi qızı Şahid2 Sabitin əlindən dəmir çəkici alaraq, zərərçəkmiş şəxslərə məxsus evin qarşısındakı stolun üzərinə çıxaraq çəkiclə evin pəncərələrini sındırmış, həmin vaxt ibtidai istintaqla şəxsiyyəti müəyyən edilməyən Günayın qardaşı olduğu bildirilən X4 Əliyevanın hərəkətlərinə mane olmağa çalışan Zərərçəkmiş şəxs1 arxa tərəfindən gələrək sonuncunun əlindəki çubuğu cəld şəkildə dartıb almış, bundan sonra Zərərçəkmiş şəxs1 müvazinətini saxlaya bilməyib beli üstə evin giriş qapısının ön tərəfindən olan mişar daşları ilə yarımçıq şəkildə hörülmüş divarın üzərinə yıxılmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 qarşısında stolun üzərində olan Şahid2 özünü qəsdən Zərərçəkmiş şəxs1 qarın və ayaq nahiyələrinə tullamış, qışqıraraq saçlarını yolaraq bir neçə saniyə Zərərçəkmiş şəxs1 üzərində qaldıqdan sonra ayağa qalxmış, bundan sonra Zərərçəkmiş şəxs2 ünvanına uca səslə nalayiq sözlər işlətmiş, daha sonra əlinə daş parçasını alaraq evin pəncərəsini sındırmış, ona mane olmağa çalışan Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yenə də çəkici əlinə alıb darvazaya və dəmir hasara səbəbsiz zərəblər vurmuş, zərərçəkmiş şəxslər ona mane olduqdan sonra hərəkətlərini saxladığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş hadisənin real görüntülərini əsk etdirən video-görüntülərlə tam təsdiq olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 göstərdiyi şəraitdə ona qarşı hər hansı formada zor tətbiq etməmişdir. Bu baxımdan da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı konkret olaraq zor tətbiq edib-etməməsinin müəyyən edilməsi üçün yenidən araşdırma aparılmalıdır. Müstəntiq təqsirləndirilən şəxsin digər Zərərçəkmiş şəxs2 qarşı da zor tətbiq etməsi nəticəsinə yalnız zərərçəkmiş şəxslər və onların qohumu Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələri və hadisədən bir neçə gün keçdikdən sonra verilmiş ekspert rəyinə əsaslanmaqla gəlmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq etməsi faktı mötəbər sübutlarla təsdiq edilməmişdir. Bu səbəbdən də qeyd edilən faktın baş verməsi ilə bağlı məhkəmədə əsaslı şübhələr vardır. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətin məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi faktı əlavə sübutlar toplanmaqla təsdiq edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, video görüntülərlə müəyyən edilmişdir ki, istintaqla şəxsiyyəti müəyyən edilməyən Şahid2 qardaşı X3 Əliyevanın əlindəki çubuğu onun arxasından gələrək qəfil çəkib aldıqdan sonra Zərərçəkmiş şəxs1 beli üstə yerə yıxılmış, daha sonra Şahid2 onun üzərinə qəsdən tullanmışdır. Yaranmış hadisənin real mənzərəsinə əsasən, eyni zamanda Zərərçəkmiş şəxs1 bədən səthində yaranmış xəsarətlərin yerləşmə vəziyyətinə əsasən həmin xəsarətlərin məhz Şahid2 və onun qardaşının zorakılıq hərəkətləri nəticəsində törədilməsi ehtimalı vardır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə qarşı zor tətbiq etməsi faktları tam təsdiqini tapmasa da, özünü hamıdan üstün tutaraq, qəsdən qalmaqal salmaq niyyəti ilə əmisi qızı Şahid2 ilə birlikdə bir qrup şəxs halında aktiv hərəkətlər etməklə ictimai qaydanı pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, birgə yaşayış qaydalarını pozub zərərçəkmiş şəxslərə məxsus əmlakları dəmir alətlərdən (silah qismində istifadə edilən əşyalardan) istifadə etməklə zədələməklə CM-nin 221.2.1 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 mart 2004-cü il tarixli 1 nömrəli plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. İbtidai istintaqı aparan müstəntiq “sübutların qiymətləndirilməsi haqqında” qərarda Təqsirləndirilən şəxs silah qismində əşyalardan istifadə etməklə əmlakı zədələdiyi qənaətinə gəlsə də, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli “CM-nin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” qərarına istinad edərək təqsirləndirilən şəxsin dəmir alətlərlə qəsdinin şəxsin sağlamlığına qarşı deyil, əmlaka yönəldiyindən həmin maddə ilə əməlində cinayət tərkibinin yaranmaması nəticəsinə gəlmiş, buna görə də silah qismində əşyalardan istidafə edilməklə əmlakın zədələnməsini ittihama daxil etməmişdir. Lakin, müstəntiq “Cinayət Məcəlləsində dəyişikliklərin edilməsi ilə bağlı” 17 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə CM-nin 221.3-cü maddəsinin dizpozisiyasının dəyişdiyini nəzərdən qaçırmış, Cinayət Məcəlləsinin köhnə redaksiyasına istinad etməklə yanlış qərar qəbul etmişdir. Həmin dəyişiklikdən sonra CM-nin 221.3-cü maddəsinə əsasən cinayət məsuliyyəti bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda yarandığı qeyd edilmiş, həmin əmələ görə maddənin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Beləliklə, cinayət işinin materiallarından və cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əmisi qızı Şahid2 ilə bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Masallı rayonu, Qəzvinoba kəndi ərazisində yerləşən özünün vərəsəlik hüququ ilə payı olduğunu iddia etdiyi torpaq sahəsinin giriş hissəsinə qohumu Zərərçəkmiş şəxs1 və sonuncunun ailə üzvləri tərəfindən torpaq sahəsinin girişinə özbaşına darvaza qoyulmasını bəhanə edərək ümumi davranış, əxlaq, ədəb və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, oradakı şəxslərin gözləri qarşısında söyüş söyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, dəmir çəkicdən silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs1 məxsus olan fərdi yaşayış evinin giriş darvazasının və fərdi yaşayış evinin giriş qapısının kilidini sındırıb özgənin əmlakını zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, öz şəxsiyyətini digər şəxslərin fövqündə qoyub, laqeydlik nümayiş etdirirək 20 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatçılığına səbəb olan, özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Eyni zamanda qeyd edilən hərəkətlərə Təqsirləndirilən şəxs ilə bir qrup şəxs daxilində Şahid2 və X2 tərəfindən yol verildiyindən onların da əməlinə hüquqi qiymət verməklə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 8-ci bəndində göstərilmişdir ki, daha ağır ittiham dedikdə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutulan normasının (maddəsi, hissəsi, bəndi) tətbiq olunması, ittihama, müttəhimə elan olunmayan əlavə faktlar (epizodlar daxil edilir ki, bu da cinayətin daha ağır cəza nəzərdə tutulan qanuna tövsif edilməsinə gətirib çıxarmasına səbəb olur, yaxudl əməlin hüquqi qiymətini dəyişməsə də, həcmini genişləndirir. Faktiki hallara görə məhkəməyə verildiyi ittihamdan fərqlənmə dedikdə, ittihamın məzmununun elə şəkildə dəyişdirilməsi nəzərdə tutulur ki, belə dəyişmə müttəhimin müdafiə hüququnun pozulmasına səbəb olur (məzmun və mahiyyətinə görə yeni ittiham verilməsi, qəsdin yönəldiyi obyektə görə yeni ittihamın əvvəlkindən fərqlənməsi, təqsirin formasının dəyişdirilməsi və s.). başa düşülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Zərərçəkmiş şəxs1 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərar qətidir, qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar