Məhkəmə qərarları › İş №1(050)-10/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-10/2023

23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-10/2023 23.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1970-ci ildə Masallı rayonu, Qəzvinoba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay-himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, T.Əmirov küçəsi, X8 ev 83 ünvanında qeydiyyatda olmaqla, Masallı rayonu, Qəzvinoba kəndində müvəqqəti yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında,açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində X1 məxsus Masallı rayonu, Qəzvinoba kəndində yerləşən fərdi yaşayış evinin həyətində qohumu Zərərçəkmiş şəxs ilə torpaq sahəsindən istifadə ilə əlaqədar şəxsi münasibətlər zəmnində aralarında baş verən mübahisə zamanı Zərərçəkmiş şəxs sol əlinə daş parçası ilə bir dəfə qəsdən vurmaqla sonuncuya sol əlin İ-İİ barmaqlararası nahiyənin əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun ögey əmisi Fazil Əliyevin qızıdır. Mərhum atası Abasəli Əliyevin ata mülkü olan Masallı rayonu, Qəzvinoba kəndində yerləşən nənəsi X2 adına olan həyətyanı torpaq sahəsi vaxtı ilə atası və digər iki qardaşı arasında 3 hissəyə bölünmüşdür. Həmin torpaq sahəsinin bir hissəsində ögey əmisi Fazilin evi yerləşir və hal-hazırda orada əmisi Fazilin arvadı Xədicə Əliyeva, qızları Təqsirləndirilən şəxs və Şahid1 birlikdə yaşayır. Atası 2016-cı ildə vəfat etdikdən sonra nənəsi Səkinədən atasına qalan həyətyanı sahədən o, özü istifadə etmək qərarına gəlmişdir. Bundan sonra Xədicə Əliyeva və ailə üzvləri onunla ədavət aparmağa başlamış və nənəsinə məxsus torpaq sahəsinin özlərinə aid olmasını iddia etmişlər. Məhkəmə qərarına əsasən torpaq sahəsinin ona məxsus olması təqdiqlənmiş, torpaq sahəsi ilə bağlı aralarındakı ədavətə görə qarşı tərəf ondan dəfələrlə Polisə şikayət etmişdir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində o, Masallı rayonu, Qəzvinoba kəndində yerləşən otlaq sahəsindən özünə məxsus iribuynuzlu heyvanları nənəsi X4 həyətinə aparıb orada qəhələ saldıqdan sonra öz həyətyanı torpaq sahəsinə getmişdir. Həyətində gəzərkən Təqsirləndirilən şəxs onun həyətinin kənarında olmasını, həmçinin onun da yaşadığı evin həyətində Masallı RİHB-nın Türkoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid4 və bələdiyyə sədri Şahid3 Xədicə Əliyeva ilə söhbət etməsini görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs onu görüb nalayiq söyüşlər ilə söyərək təhqir etməyə başlamışdır. O, da Rədifəyə hərəkətlərinə diqqət yetirməsini və onu söyüb təhqir etməməsini bildirmişdir. Həmin vaxt Rədifə yerdən daş parçası götürüb onun üzərinə atmağa başlamış, o, özünü müdafiə etmək istəyərkən daş parçasından biri sol əlinin İ və İİ barmağının arasına dəymiş və o, bədən xəsarəti almışdır. Həmin vaxt Şahid4 və Şahid3 Rədifəyə yaxınlaşıb onu tutmuşlar və ondan kənarlaşdırmışlar. Mübahisə baş verən vaxt anası Şahid2 da ona məxsus həyətyanı torpaq sahəsində olmuş və anası Rədifənin ona daş parçası atmasını görüb dərhal DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Təxminən 10 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə yaxınlaşmışlar və polis əməkdaşları ora gəldikdə isə artıq o, həmin yerdən çıxmış və Təqsirləndirilən şəxs da öz yaşadığı evinə getmişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmadığını, ona azadlıqdan məhrum etmə növündə cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Masallı Rayon Türkoba Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında torpaqla bağlı mübahisə var. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində o, Masallı RİHB-nın Türkoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid4 ilə birlikdə həm Təqsirləndirilən şəxs şəhid X1 baş çəkmək və Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs barəsində etidiyi şikayətlə maraqlanmaq məqsədilə onların yaşadığı evin həyətinə getmişlər. X12 və Təqsirləndirilən şəxs ilə söhbət edərkən Zərərçəkmiş şəxs həmin həyətə daxil olmuşdur. Bir neçə dəqiqə sonra Rədifə ilə Sabit arasında mübahisə yaranmağa başlamışdır. O, Sabitin şəhid anası Xədicə Əliyevanın alnına yanmış vəziyyətdə olan siqaret közünü vurmağını və ona hər hansı bir xəsarət yetirdiyini görməmişdir. Lakin, orada olarkən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bir-birinə daş parçası atmış, o və Şahid4 onları sakitləşdirməyə çalışsalar da heç bir nəticə əldə edə bilməmişlər. Bir neçə dəqiqə sonra onlar özləri sakitləşmiş və Sabit onun yanına gələrək sol əlinin İ və İİ barmaqlarının arasından qan axdığını demişdir. O, həmin vaxt Sabitin sol əlinin İ və İİ barmaqlarının arasından qan axdığını görmüşdür. Məhkəmə iclasları ilə bağlı şahid qismində məhkəməyə dəvət edildikləri və onlar da məhkəməyə gəldikləri üçün Təqsirləndirilən şəxs barələrində dəfələrlə təhqiramiz ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 oxşar məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsussatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə o, müraciət etmişdir. Zərərçəkmiş şəxs onun oğludur. Təqsirləndirilən şəxs və onun bacısı Şahid1 onun qaynı qızlarıdır. Onlarla münasibəti olmamışdır. Rədifə və Xırdabacı ilə aralarında torpaqla bağlı mübahisə var. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində həyətində olan zaman Rədifənin səsinin gəldiyini eşitmişdir. Həmin tərəfə baxan zaman ərazi nümayəndəsi və bələdiyyə sədrinin həyətdə olduqlarını görmüş, Rədifə həmin vaxt onu və oğlu Sabiti görən zaman nalayiq ifadələr işlətməyə başlamışdır. O və oğlu Rədifəyə əhəmiyyət verməsə də, Rədifə öz çirkin əməllərini davam etdirmişdir. Həmin vaxt Rədifə onun və oğlunun dayandığı yerə daş parçaları atmağa başlamışdır. Həmin daş parçaları oğlu Sabitin bədəninin müxtəlif nahiyələrinə dəymiş və oğlu Sabit sol əlinin İ və İİ barmaqlarının arasından bədən xəsarəti almışdır. Buna görə də o, dərhal DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə olarkən Zərərçəkmiş şəxs yaşadığı evin həyətinin giriş qapısından içəridə mobil telefonla danışdığını görmüş, lakin, onun nə danışdığını eşitməmişdir. Həmin vaxt Sabitin anası Şahid2 küçədən onların həyətinə baxıb yenidən geri qayıtmışdır. Daha sonra Sabit həyətdən çıxıb getmiş və küçədə olan dəmir boru üzərində əyləşmişdir. Bir neçə dəqiqə sonra Masallı RİHB-nın Türkoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid4 və Türkoba Bələdiyyəsinin sədri Şahid3 onun yaşadığı evin həyətinə gəlmişlər. Şahid4 və Şahid3 yaşadığı evin həyətinə gəlməkdə məqsədi həm anası Xədicə Əliyevaya baş çəkmək, həm də ki, bacısı Rədifənin Sabitdən etdiyi şikayətlə maraqlanmaq olmuşdur. Həmin vaxt bacısı Rədifə yaşadığı evin həyətində yerləşən qoz ağacının yanında olmuş və o, da qoz dənələri yığmışdır. Sonra Rədifə yaşadığı evin həyətindən çölə çıxdığı zaman Zərərçəkmiş şəxs küçədə olmasını görmüş, o, da küçəyə çıxıb baxdığı zaman Sabitin küçədə olan dəmir boru üzərində əyləşdiyini görmüş və geri qayıdıb həyətinə daxil olmuşdur. Həmin vaxt Şahid4 anası ilə söhbət edərkən bələdiyyə sədri Şahid3 köhnə tikili olan anası Xədicə Əliyevaya məxsus evin yanına getmişdir. Daha sonra Nofəl geri qayıdaraq bacısı Rədifə ilə söhbət etməyə başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs həyətə daxil olub həyətdə olan daşın üzərində oturub bacısı Rədifəyə baxmış, o, Sabitin nalayiq söyüşlərlə söyərək bacısı Rədifəni təhqir etdiyini görmüşdür. Sonra Sabit başqa söz deməmiş və siqaret yandırıb çəkməyə başlamışdır. O, həmin vaxt görmüşdür ki, Sabit ayağa qalxıb anası Xədicənin üzərinə gedərək əlində olan siqareti iki dəfə anasının alın nahiyəsinə basmış və təpiklə anası Xədicənin sol diz nahiyəsinə vurmuş, o, anası Xədicənin yerə yıxıldığını görüb dərhal əlləri ilə anasını tutmuşdur. Sonra anası Xədicəni buraxıb Sabitdən anasını hansı səbəbdən vurmasını soruşmuşdur. Həmin zaman Sabit onun üzərinə gələrək onun sol qolundan tutub sıxmağa başlamışdır. Sabitin onun qolunu sıxmağını görən bacısı Rədifə onlara yaxınlaşıb yerdən ağac parçası götürüb Sabitin sol bazu nahiyəsinə vurmuş və Sabit əlini onun qolundan çəkmişdir. Həmin vaxt Şahid3 onlara yaxınlaşıb aralarına daxil olmuşdur. O və bacısı Təqsirləndirilən şəxs anası Xədicəni evin ön hissəsinə aparıb orada olan stolun üzərində əyləşdirmişlər. Bundan sonra o, anasına kömək edərkən Sabit Rədifəyə yaxınlaşıb təpiklə bir dəfə bacısı Rədifənin sol ayağının diz nahiyəsinin üstünə və sol arxa baldır nahiyəsinə vurmuşdur. Lakin, o, Sabitin daş parçası ilə Rədifənin sol çənə nahiyəsinə vurduğunu görməmişdir. Daha sonra Sabit yerdən daş parçaları götürüb bacısı Rədifənin üzərinə atmağa başlamışdır. Bundan sonra onlar bir-birindən ayrılmışlar. Şahid3 Zərərçəkmiş şəxs nəsə dedikdən sonra Sabit yaşadığı evin arxa hissəsinə keçib yerdən daş parçası götürmüş və evin digər hissəsi ilə keçib yenidən onların yanına gəlmişdir. Zərərçəkmiş şəxs yerdən götürdüyü daş parçası ilə sol əlinin İ və İİ barmaqlarının arasını kəsib özünə xəsarət yetirmişdir. Daha sonra Zərərçəkmiş şəxs evin arxa hissəsindən qayıdandan sonra əlini Şahid3 göstərib mobil telefonu vasitəsilə əlinin fotoşəkilini çəkmişdir. Bundan sonra Zərərçəkmiş şəxs yerdən daş parçası götürüb yaşadığı evin pəncərəsinə ataraq pəncərənin şüşəsini sındırmışdır. Sonra Nofəl onun yanına gedib 102 xidmətinə zəng etməsini bildirmişdir. Şahid2 isə Nofələ əli ilə işarə edib sakit durmasını bildirmişdir. Zərərçəkmiş şəxs DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat vermişdir. Zərərçəkmiş şəxs DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat verdikdən sonra onu, anası və bacısı Rədifəni nalayiq söyüşlərilə söyüb təhqir etmiş, bütün bunlar Şahid3 və Şahid4 yanında baş vermişdir. Şahid3 Sabiti öyrədərək özünə xəsarət yetirməsini bildirmiş və DİN-in 102 zəng xidmətinə zəng edib məlumat verməsini demişdir. Zərərçəkmiş şəxs küçəyə gedərək özünə xəsarət yetirmiş və bundan da anası Şahid2 da məlumatı olmuşdur. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra Sabitin anası Şahid2 yaxınlaşmışlar onunla söhbət edərkən Sabit küçədən həyətə daxil olub polis əməkdaşlarına yaxınlaşaraq əlini göstərib əlindən qan axdığını bildirərək Rədifənin ona xəsarət yetirdiyini bildirmişdir. Sonra Sabit yerdən beton parçası götürüb polis əməkdaşlarına təqdim edərək Rədifənin həmin beton parçası ilə ona xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə heç bir qohumluq əlaqələri yoxdur. X1 məxsus Masallı rayonu, Qəzvinoba kəndində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi vardır. Zərərçəkmiş şəxs həmin torpaq sahəsinin özünə məxsus olmasını iddia edərək onunla və anası ilə uzun müddətdir ki, münaqişə edir. O, yay aylarında Masallı rayonu, Qəzvinoba kəndinə anasının yaşadığı evə gələrək orada yaşayır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 15 radələrində yaşadığı evdə olarkən Masallı RİHB-nın Türkoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid4 və Türkoba Bələdiyyəsinin sədri Şahid3 onların yaşadığı evin həyətinə gəlmişlər. Şahid4 və Şahid3 yaşadığı evin həyətinə gəlməkdə məqsədi həm anası Xədicə Əliyevaya baş çəkmək, həm də ki, onun Sabitdən etdiyi şikayətlə maraqlanmaq olmuşdur. Həmin vaxt həmçinin o, yaşadığı evin həyətində yerləşən qoz ağacından qoz dənələri yığmış, yaşadığı evin həyətində çölə çıxdığı zaman Zərərçəkmiş şəxs küçədə olmasını görmüşdür. Sonra geri qayıdıb həyətə daxil olmuşdur. O, bələdiyyə sədri Şahid3 ilə söhbət edərkən Sabit onun yaşadığı anasına məxsus həyətə daxil olmuşdur. Həmin vaxt bələdiyyə sədri Şahid3 Sabiti göstərib onun özbaşına həyətinə daxil olduğunu, anasından heç bir icazə almadığını bildirmişdir. Sabit onun sözlərini eşidib üzərinə gələrək onu nalayiq söyüşlər ilə söyüb təhqir etmiş və onu vurmaq istəsə də həmin vaxt onun bədəninin hər hansı bir nahiyəsinə xəsarət yetirməmişdir. Daha sonra Sabit yenidən ondan uzaqlaşıb anası Xədicənin olduğu yerə yaxınlaşıb əlində olan çəkdiyi siqaretin közünü anasının alın nahiyəsinə basaraq təpiklə anasının sol diz nahiyəsinə vurmuşdur. Bundan sonra o, qaçaraq onlara yaxınlaşıb anasının yerə yıxılmaması üçün əlləri ilə tutmuşdur. Həmin vaxt Şahid3 və Şahid4 da onlara yaxınlaşmışdır. O və bacısı Şahid1 anasını evin ön hissəsinə aparıb orada olan stolun üzərində əyləşdirmişdir. Bundan sonra o, Sabitin üzərinə gedərək ona hansı səbəbdən anasını döyməsini bildirirək həyətdən çıxmasını tələb etmişdir. Ona iradını bildirdiyi vaxt Sabit təpiklə bir dəfə onun sol ayağının diz nahiyəsinin üstünə və sol arxa baldır nahiyəsinə vurmuşdur. Sabitin onu döyməsini görən Şahid3 onlara yaxınlaşıb aralarına daxil olaraq onları bir-birindən ayrımağa başlamışdır. O, həmin vaxt əsəbiləşərək evin arxa hissəsinə söykənmiş ağac parçasını götürüb Sabitin yanına qayıdaraq əsəbiləşib əlində olan ağac parçası ilə Sabitin sağ bazu nahiyəsinə bir dəfə vurmuş və əlində olan ağac parçası həmin vaxt sınıb yerə düşmüşdür. Bunu görən Sabit evin ön hissəsində yerə səpələnmiş beton parçasını götürüb sol çənə nahiyəsinə vurmuşdur. O, Sabitdən fiziki cəhətdən güclü olmadığı üçün qorxmuşdur. Bundan sonra Şahid3 onların arasına girib Sabiti ayırıb həyətdən çıxarıb aparmışdır. Təxminən 10-15 dəqiqə sonra həmin yerə polis əməkdaşları yaxınlaşmış və müvafiq sənədləşmə işləri apardıqdan sonra çıxıb getmişlər. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs tərəf daş atmamış, Sabit ona şər və böhtan atmaq məqsədi ilə evinin arxa tərəfinə keçib daşla özü öz barmağına xəsarət yetirmişdir. Sabit bacısı Xırdabacının qolunu tutub sıxdığına görə ağac parçası ilə ona vurmuşdur ki, bacısının qolunu buraxsın. Əkisnə, Zərərçəkmiş şəxs həm onu, həm də anasını döyüb xəsarət yetirmişdir. Sonda Təqsirləndirilən şəxs heç kimə cinayət əməli törətmədiyini, Zərərçəkmiş şəxs vurmadığını, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işinə bəraət verilməsini, Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti yeriməsi əməlinə görə ona ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin, şahidlər Şahid3, Şahid4 və Şahid2 ifadələri, habelə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Şahid1 ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, Şahid1 təqsirləndirilən şəxsin yaxın qohumu olmaqla verdiyi ifadəsi təqsirləndirilən şəxsin cəzalanmaqdan yaxa qurtarması məqsədi daşıyır, ona görə də məhkəmə Şahid1 ifadəsinə hüquqi qiymət verərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməməsinə dair hissədə ifadəsini özünümüdafiə xarakterli ifadə və törətdiyi əmələ görə cəzalanmaqdan yaxa qurtarmaq cəhdi kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirmə haqqında 20.09.202-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə Masallı rayonu, Qəzvinoba kəndi ərazisində baş vermiş, hadisənin baş verdiyi Zərərçəkmiş şəxs tərəfindən təqdim edilərək fotoşəkilləri çəkilmiş, fotoşəkillər protokola əlavə edilmişdir. 08 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, Masallı rayon İHB-ın Türkoba İƏDÜ nümayəndəsi Şahid4 və Türkoba bələdiyyəsinin sədri Şahid3 iştirakı ilə akt tərtib edilmiş, həmin aktda qeyd olunmuşdur: Üzləşdirmədə dindirmə haqqında xx.xx.2022-ci il tarixli protkoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10- Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, 746 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol əlin İ-İİ barmaqlararası nahiyənin əzilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan 08 sentyabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci madəsi ilə iitham elan edilmiş, X5 Zərərçəkmiş şəxs xəsarət yetirməmsi barədə göstərdiyi xüsusatlar özünü müdafiə kimi qiymətləndirilmiş və ifadəsinə həmin hissədə tənqidi yanaşılmış, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti rayon polis şöbəsinin aidiyyəti xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. AZE 12632466 saylı şəxsiyyət vəsiqəsiin surətindən görünür ki, Əliyeva Aynişan xx.xx.2012-ci ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, T.Əmirov küçəsi, X8, ev 83 ünvanında qeydiyyatdadır, atası Əliyev Nazim, anası Təqsirləndirilən şəxs qeyd edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, T.Əmirov küçəsi, X8 ev 83 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ifadənin yerində yoxlanması, üzləşdirmə protokollarından, habelə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərərvurması tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs xəsarət yetirməməsi barədə ifadə verməsinə tənqidi yanaşaraq, hesab edir ki, bu hal təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə həmin ifadəni mümkün sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3.-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4.-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də ictimai işlər növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası CM-nin 47.2-1.-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır): 346.1.20. qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi; Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbi baxımından qətimkan tədbirinin seçilməsi məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və 360 (üç yüz altmış) saat ictimai işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs ictimai işlərin çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar