Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-100/2023 08.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1969-cu il tarixdə Masallı rayonu, Sərçuvar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Sərçuvar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 16 oktyabr 2022-ci il tarixdə saat 00 radələrində Masallı rayonu, Sərçuvar kəndi ərazisində yol kənarında dayanmış Şahid1 məxsus “Vaz-21051 minik” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olarkən həmin avtomobildə olan digər sərnişin əvvəllər tanımadığı, Masallı rayonu, Xıl kənd sakini Zərərçəkmiş şəxs ilə bir-birilərinə təhqiramiz ifadələr işlətməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış turist bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə 1 dəfə qəsdən zərbə vuraraq sonuncuya qarının sol yarısının ön divarında qarın boşluğuna nifuz etməyən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Masallı rayonu, Xıl kənd sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamış, hər hansı bir münasibəti olmamışdır. 15 oktyabr 2022-ci il tarixdə axşam saatlarında həmkəndlisi Şahid2 ilə yaşadığı kənddə görüşüb Masallı rayonu, Musaküçə kəndində yerləşən kafeyə yemək yeməkdən ötrü getmiş, Musaküçə kəndi ərazisində yerləşən adını bilmədiyi kafedə Şahid2 ilə birlikdə yemək yemiş və spirtli içki olan araq qəbul etmişdir. Həmin günü saat 23 radələrində kafedən çıxmışlar və yol kənarında dayanıb yaşadıqları kəndə getmək üçün avtomobil axtarmışlar. Masallı şəhərindən üzü Sərçuvar kəndi istiqamətində hərəkətdə olan minik avtomobilinə əl edib saxlatmış, qırmızı rəngli “VAZ-21051 minik” markalı avtomobilin tanımadığı sürücüsündən onu və Həsənalını Sərçuvar kəndinin girişinə kimi aparmasını xahiş etmişdir. Sonradan adının Ruslan olduğunu bildiyi sürücü xahişini nəzərə almış, Həsənalı ilə birlikdə avtomobilin arxa sərnişin oturacağına əyləşmiş, həmin vaxtı avtomobilin ön sərnişin oturacağında tanımadığı kişi əyləşmişdir. Yolda olarkən sonradan adının Sulduz olduğunu bildiyi həmin sərnişin ilə arasında dialoq olmuş, dialoq zamanı Sulduzdan hansı kənddən olmasını soruşmuş, Sulduz Xıl kəndindən olduğunu demiş, daha sonra sonuncu ondan hansı kənddən olduğunu soruşduqda Sərçuvar kəndindən olduğunu bildirmişdir. Sulduz ona “sizin kənddən kişi çıxmayıb” deyərək lağa qoymuş, bu söz ona çox pis təsir etmiş, Sulduza ağzının danışığına fikir verməsini dedikdə sonuncu ünvanına nalayiq söyüş söymüş və təhqir etmişdir. Bundan sonra Zərərçəkmiş şəxsla aralarında mübahisə yaranmış, Həsənalı və sürücü Ruslan mübahisəni sakitləşdirməyə çalışmış, sürücü Ruslana avtomobili yol kənarına verib saxlamasını demiş, Ruslan Sərçuvar kəndinin girişinə az qaldığını və orada maşını saxlayacağını demişdir. Masallı rayonu Sərçuvar kəndi ərazisinə çatdıqda Ruslan avtomobili yol kənarına verib saxlamış, Həsənalı ilə birlikdə avtomobildən aşağı düşmüş, Həsənalı kəndin içərisinə doğru irəliləmişdir. O, isə Sulduz əyləşən ön tərəfdən avtomobilin qapısını açmış, Sulduza avtomobildən aşağı düşməsini demiş, Sulduz qapını örtüb kilidləmiş, bundan sonra avtomobilin arxa sərnişin oturacağına əyləşmişdir. Həmin vaxtı cibindən alınma cib bıçağını çıxardıb sağ əlilə Sulduzun saçından yapışıb arxaya gətirmiş, sol əlində isə bıçağı tutub Sulduzun qarın nahiyəsinə bir dəfə zərbə endirmişdir. Həmin vaxtı avtomobildən aşağı düşmüş və Həsənalı geri qayıdıb onu tutub yaşadığı kəndə aparmışdır. Sonda Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışmasını, ona dəymiş zərərin ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 15 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində həmkəndlisi Şahid1 ilə birlikdə sonuncunun idarə etdiyi “Vaz- 2107 minik” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı rayonu, Qəriblər kəndində yerləşən Turist restoranına getmiş, həmin vaxtı restorana çatdıqda orada əyləşib Şahid1 ilə birlikdə yemək yemiş və bir neçə qədəh spirtli içki olan viski qəbul etmişdir. Ruslan isə avtomobil idarə edəcəyindən spirtli içki qəbul etməmiş, həmin günü saat 23 radələrində yenidən Şahid1 idarə etdiyi “Vaz 2107 minik” markalı avtomobilə əyləşib yaşadığı kəndə geri qayıtmış, avtomobili Şahid1 idarə etmiş və avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Masallı rayonu Musaküçə kəndi ərazisindən avtomobillə keçərkən yol kənarında dayanmış tanımadığı 2 nəfər şəxs avtomobilə əl edib saxlatmış, həmin şəxslər sürücü Ruslandan onları Sərçuvar kəndinin girişinə kimi aparmasını xahiş etmişlər. Ruslan razılaşmış, həmin şəxslər avtomobilin arxa sərnişin oturacağına əyləşmişlər, yolda olarkən həmin şəxslərin Masallı rayonu Sərçuvar kəndindən Vüqar və Həsən adlı şəxslər olmasını bilmiş, Vüqar adlı şəxs onunla yersiz zarafatlar etməyə başlamış, Vüqar hansı kənddən olduğunu ondan soruşduqda Xıl kəndindən olduğunu demişdir. Bundan sonra Vüqar ona haradan olduğunu dandığını demiş, Vüqara sakit qalmasını və avtomobilə mübahisə etmək üçün mindirilmədiyini demişdir. X6 mübahisə etməməsini xahiş etmiş, Vüqar bir az da qızışmış və mübahisəni uca səslə davam etmişdir. Vüqar onu nalayiq küçə söyüşləri ilə təhqir etmiş, Vüqar sürücü Ruslana avtomobili kənara verib saxlamasını demiş, Ruslan isə Sərçuvar kəndinin girişinə az qaldığını və onları orada düşürdəcəyini bildirmişdir. Ruslan idarə etdiyi avtomobili Sərçuvar kəndinin girişində yol kənarında verib saxlamış, Vüqar və Həsən adlı şəxs avtomobildən düşüb getməsini gözləmiş, hər iki şəxs avtomobildən düşmüş, Həsən adlı şəxs çıxıb getmiş, Vüqar isə onun tərəfdən qapıya yaxınlaşıb qapını açmış və maşından aşağı düşməsini tələb etmişdir. Vüqarın sərxoş olması səbəbindən baş qoşmamış, avtomobilin oturduğu tərəfdən qapısını örtüb qapının kilidini bağlamış, həmin vaxtı sürücü Ruslan avtomobildən aşağı düşmüş, Vüqarı sakitləşdirmək istəyəndə Vüqar Ruslanın əlindən çıxıb avtomobilin arxa sağ qapısından içəri daxil olmuş və arxasında əyləşmişdir. Vüqara tərəf çevrilib nə istədiyini soruşmuş, Vüqar bir əli ilə çiynindən yapışmış, digər əl ilə qarın nahiyəsinə zərbə endirmişdir. Vüqar qarın nahiyəsinə vurandan sonra bıçaqla vurulmasını bilmiş, Vüqarı əlilə arxaya itələmiş və özündən kənarlaşdırmışdır. Vüqar avtomobildən aşağı düşmüş, Ruslanı səsləyib Vüqarın bıçaqla vurmasını, xəstəxanaya aparmasını demiş, Ruslan tez avtomobilə əyləşib onu Masallı RMX-ya aparmış, həkimlər müayinə etmişlər və ilkin tibbi yardım göstərmişlər. Sonda Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirib, cinayət iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisidir, onunla əvvəllər aralarında normal münasibətlər olmuşdur. 15 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı evdə olarkən Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək idarə etdiyi avtomobil ilə gedib onu götürüb Masallı rayonu, Qəriblər kəndi ərazisinə aparmasını və orada birlikdə yemək yeyəcəklərini demişdir. Həmin vaxtı yaşadığı evdən çıxmış və idarə etdiyi “VAZ 2107 minik” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə getmişdir. Həmin vaxt Sulduz idarə etdiyi avtomobilin ön sərnişin oturacağına əyləşmiş və Masallı rayonu, Qəriblər kəndində yerləşən Turist restoranına getmişlər. Restorana çatdıqda orada əyləşib Zərərçəkmiş şəxs ilə birlikdə yemək yemişk və Sulduz bir neçə qədəh spirtli içki olan viski içmişdir. O, isə avtomobil idarə edəcəyindən spirtli içki qəbul etməmişdir. Həmin günü saat 23 radələrində yenidən idarə etdiyi “Vaz-2107 minik” markalı avtomobilə əyləşib yaşadıqları kəndə geri qayıtmışlar. Avtomobili o, idarə etmiş və avtomobilin ön sərnişin oturacağında Zərərçəkmiş şəxs əyləşmişdir. Masallı rayonu, Musaküçə kəndi ərazisindən avtomobillə keçərkən yol kənarında dayanmış tanımadıqları 2 nəfər şəxs avtomobilə əl işarəsi edib saxlamasını bildirmişlər. Avtomobili yol kənarına verib saxlamışdır. Həmin tanımadığı şəxslər ondan onları Sərçuvar kəndinin girişinə kimi aparmağı xahiş etmişlər. Onlara etiraz etməmiş və onlar avtomobilin arxa sərnişin oturacağına əyləşmişlər. Yolda olarkən həmin şəxslərin Masallı rayonu, Sərçuvar kəndindən Vüqar və Həsən adlı şəxslər olmasını bilmişdir. Vüqar adlı şəxs sərxoş vəziyyətdə olmuş və Zərərçəkmiş şəxs ilə yersiz zarafatlar etməyə başlamışdır. Vüqar Sulduzdan hansı kənddən olduğunu soruşduqda Sulduz ona Xıl kəndindən olduğunu demişdir. Bundan sonra Vüqar Sulduza haradan olduğunu dandığını demiş və Sulduzu təhqir etmişdir. Sulduz isə Vüqara sakit qalmasını, nə danışdığını bilmədiyini və onu avtomobilə mübahisə etmək üçün mindirmədiyini demişdir. O, Vüqardan mübahisə etməməsini xahiş etmiş, bundan sonra Vüqar bir az da qızışaraq Sulduzla mübahisəni uca səslə davam etmişdir. Vüqar Sulduzu nalayiq küçə söyüşləri ilə təhqir etmişdir. Həmin vaxtı Vüqar ona avtomobili kənara verib saxlamasını demişdir. Vüqara Sərçuvar kəndinin girişinə az qaldığını və onları orada düşürdəcəyimi bildirmişdir. İdarə etdiyi avtomobili Sərçuvar kəndinin girişində yol kənarında verib saxlamışdır ki, Vüqar və Həsən adlı şəxs avtomobildən düşüb getsinlər. Hər ikisi avtomobildən aşağı düşmüşlər. Həsən adlı şəxs avtomobilin yanından çıxıb getsə də, Vüqar Sulduz tərəfdən qapıya yaxınlaşıb qapını açmış və Sulduzun avtomobildən aşağı düşməsini tələb etmişdir. Vüqarın sərxoş olması səbəbindən Sulduz ona baş qoşmamış və avtomobilin oturduğu tərəfdən qapısını örtüb kilidləmişdir. Həmin vaxtı o, avtomobildən aşağı düşmüş, Vüqara yaxınlaşıb onu tutub saxlamaq istəmişdir. Bu zaman Vüqar onun əlimdən çıxmış və avtomobilin arxa sağ qapısından içəri daxil olub Sulduzun arxasında əyləşmişdir. O, avtomobildən çöldə qalmışdır. Bir neçə saniyə sonra Sulduz onu səsləyib Vüqarın onu bıçaqla vurduğunu və xəstəxanaya aparmasını demişdir. O, tez avtomobilə əyləşib Sulduzu Masallı RMX-ya idarə etdiyi avtomobillə aparmışdır. Orada həkimlər Sulduza ilkin tibbi yardım göstərmişlər. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında tədqiq edilməklə elan olunmuş ifadəsindən görünür ki, oxşar məzmunlu izahat verərək Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17 oktyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Masallı rayonu, Sərçuvar kəndinin giriş hissəsində yol kənarında dayanmış vəziyyətdə olan minik avtomobilində baş vermiş, fotoşəkillər çəkilərək baxış protokoluna əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübi və Tədris Birliyi” X7 xx.xx.2022-ci il tarixli 984 nömrəli ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs qarının sol yarısının ön divarında qarın boşluğuna nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara müəyyən olundu, müəyyən olunan xəsarət deşici-kəsici alətin ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ballistik ekspertizasının 22 noyabr 2022-ci il tarixli 3/1562 saylı ekspert rəyindən görünür ki, -tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişən əlavə və dəyişikliklər edilməmişdir. Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 16 oktyabr 2022-ci il tarixdə baş vermiş mübahisə vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən vurduğu 1 ədəd bıçaq götürülmüş, baxış keçirilmiş, maddi sübut kimi tanınmış və saxlanılması üçün Masallı RPŞ-nin saxlanc anbarına verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir və o, əvvəllər CM-nin 73.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti başçısının Sərçuvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Sərçuvar kəndində qeydiyyatda olmaqla arvadı-xx.xx.1969-cu il təvəllüdlü X1 ibarət ailə tərkibində yaşayır. Ərazidə yaşadığı müddətdə onun barəsində ərazi nmayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin) ifadələrini, təhqiqat, məhkəmə hərəkətlərini, dindirmə protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, X4 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 197.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və onunla barışmasını bildirərək, cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını, ona dəymiş ziyanın tamamilə ödənilməsini, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətmələrinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə maddi sübut- Masallı RPŞ-nin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təchizat İdarəsinin silah-sursat və xüsusi vasitələrlə təminat şöbəsinə təhvil verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Qərarın maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Мəcəlləsinin 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Maddi sübut-Masallı RPŞ-nin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təchizat İdarəsinin silah-sursat və xüsusi vasitələrlə təminat şöbəsinə təhvil verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərar elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №1(050)-100/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-100/2023
08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver