Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-100/2024 13.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, fərdi, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, M.F.Axundov küçəsi, ev 5-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına” vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 17 fevral 2024-cü il tarixdə saat 18 radələrində Masallı şəhəri, Qarabağ küçəsində saxlanılaraq RPŞ-yə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi-0,399 qram təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 17 fevral 2024-cü il tarixdə səhər saatlarında Cəlilabad rayonuna şəxsi işləri ilə əlaqədar getmiş, Cəlilabad rayonu ərazisində şəxsi işlərini bitirdikdən sonra yaşadığı Masallı şəhərinə qayıtmaqdan ötrü Cəlilabad şəhəri ərazisində yerləşən “Şəhidlər Xiyabanı” adlanan parkın qarşısında asfalt yolun kənarında piyada dayanmış, Masallı şəhərinə qayıtmaqdan ötrü taksi avtomobili gözləmiş, həmin vaxtı orada əvvəllər görmədiyi təxminən 30-35 yaş aralığında kişi cinsindən olan şəxslə dialoqu yaranmışdır. Tanımadığı şəxslə təxminən 3-4 dəqiqə ərzində ümumi söhbət etdikdən sonra həmin şəxsin narkotik vasitə istifadəçisi olmasını bilmiş, həmin tanımadığı şəxslə aralarında səmimi dialoq yarandığından özünün də narkotik vasitə istifadəçisi olmasını demiş, tanımadığı şəxs ona 1 bükümdə narkotik vasitə olan heroin sata biləcəyini demiş və sonuncudan 1 ədəd kağız bükümdə narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün 10 manat pul müqabilində almışdır. Daha sonra həmin narkotik vasitə olan 1 ədəd kağız bükümü əynində olan gödəkçəsinin sağ yan cibinə qoymuş, tanımadığı şəxsin idarə etdiyi taksi avtomobili ilə Masallı şəhərinə gəlmiş və üzərində olan narkotik vasitə heroini istifadə etməkdən ötrü havanın qaralmasını gözləmişdir. 17 fevral 2024-cü il tarixdə hava qaraldıqdan sonra Masallı şəhəri ərazisində piyada gəzişərək üzərində olan narkotik vasitəni istifadə etməkdən ötrü əlverişli yer axtarmış, həmin günü təxminən saat 18 radələrində Masallı şəhəri, Qarabağ küçəsində piyada hərəkətdə olarkən tanımadığı 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğundan və orada üzərində şəxsi axtarış aparılması üçün əlverişli şərait olmadığına görə onu Masallı RPŞ-yə dəvət etmişlər, polis əməkdaşlarına hər hansı bir etiraz etməmiş, Masallı RPŞ-də özünü baş təhqiqatçı Samir Məmmədov kimi təqdim edən polis əməkdaşının xidməti otağına aparılmış, orada şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş, bu barədə yazılı bildiriş verilmiş, öz istəyi əsasında dövlət hesabına vəkil ilə təmin olunmuşdur. Müdafiəçisinin iştirakı ilə videogörüntü aparılmaqla üzərinə baxış keçirilməzdən öncə qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşyanın üzərində olub-olmaması barədə baş təhqiqatçı Samir müəllim sual vermiş, üzərinə şəxsi axtarış keçirələcəyini anlamış və əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd kağız bükümdə olan narkotik vasitə heroini çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarına təqdim etdiyi 1 ədəd kağız bükümdə narkotik vasitə olan heroin olduğunu və narkotik vasitəni həmin günü səhər saatlarında Cəlilabad rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərinə və əynində olan paltarlara şəxsi axtarış keçirilən zaman üzərindən qanunla qadağan olunmuş başqa predmet aşkar olunmamış, təqdim etdiyi 1 ədəd kağız bükümdə olan narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, çəkisi 0,58 qram təşkil etmişdir. Üzərindən aşkar olunmuş 1 ədəd kağız bükümdə olan narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərisi iştirak edənlər tərəfindən imzalanaraq möhürlənmiş, protokol tərtib olunmuş və tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor və ya psixi təzyiq göstərilmədiyini bildirmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində 1 azyaşlı uşağının olmasını nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 17 fevral 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında Masallı şəhəri, M.F.Axundov küçəsi, ev 5-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulunda, üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması qeyd olunmuşdur. Həmin məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb Masallı RPŞ-yə gətirilməsi ilə əlaqədar tərəfindən xx.xx.2024-cü il tarixli “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi” haqqında qərar qəbul olunmuşdur. 17 fevral 2024-cü il tarixdə saat 18 radələrində Masallı şəhəri, Qarabağ küçəsində Təqsirləndirilən şəxs saxlanılmış, həmin vaxtı orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığına görə sonuncunu Masallı RPŞ-yə dəvət etmişlər, Təqsirləndirilən şəxs razılaşmış və Masallı RPŞ-nin inzibati binasında baş təhqiqatçı, polis mayoru Samir Məmmədovun xidməti otağına gətirilmişdir. Təqsirləndirilən şəxs orada şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah olunmuş, bu barədə yazılı bildiriş verilmiş, dövlət hesabına öz istəyi əsasında Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçisi qismində təyin edilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, könüllü olaraq təqdim etməsi baş təhqiqatçı Samir Məmmədov tərəfindən təklif olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini anlayıb əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd kağız büküm çıxardıb iştirakçılara təqdim etmiş, təqdim etdiyi kağız bükümdə narkotik vasitə heroin olduğunu, narkotik vasitəni həmin günü səhər saatlarında Cəlilabad rayonunda tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarına baş təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman üzərindən qanunla qadağan edilmiş başqa hər hansı bir maddə və ya əşya aşkar olunmamış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kağız bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 0,58 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kağız bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərisi imzalanaraq DİN-nin 90 saylı möhürü ilə möhürlənmiş, şəxsi axtarış və götürmə barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X4 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsinə dair video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd kağız bükümdə olan narkotik vasitə heroini çıxardıb təqdim edərək təqdim etməsini, təhqiqatçının verdiyi suallara cavab olaraq təqdim etdiyi 1 ədəd kağız bükümdə narkotik vasitə olan heroin olduğunu və narkotik vasitəni həmin günü səhər saatlarında Cəlilabad rayonu ərazisində tanımadığı şəxsdən 10 manat müqabilində alaraq şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 18 fevral 2024-cü il tarixli, 19/157 nömrəli saylı rəyin təsviri və nəticə hissələrində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd qızılı rəngli kağız bükümdə olan narkotik vasitə olan heroinə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi - 0,399 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 0,399 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0, 349 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X8 Yoxlamanın nəticələrinə dair 19 fevral 2024-cü il tarixli, 164 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində 2022-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 17 fevral 2024-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi - 0,349 qram təşkil edən narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Masallı RPŞ-nin saxlanc anbarına verilmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkar olunduğu görüntünün olduğu video disk cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı Rayon İHB-ın Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən və arayışdan görünür ki, Babayev X5 şəhəri, M.F.Axundov küçəsi, ev 5-də qeydiyyatda olmaqla arvadı-xx.xx.1989cu il təvəllüdlü X2, oğlu-xx.xx-2009-cu il təvəllüdlü X7 və oğlu xx.xx.2011-ci il təvəllüdlü X3 ibarət ailə tərkibində yaşayır. Babayev X5 şəhərində yaşadığı müddətdə özünü intizamsız aparmış, cəmiyyətə yaraşmayan qanuna zidd hərəkətlərə yol vermişdir. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən və fərdi yaşayış evindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında törədilmiş əmələ görə ilk növbədə azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Məhkəmə şəxsə ilk növbədə həmin cəzanın təyin edilməsinin mümkünlüyü məsələsini qiymətləndirməlidir. Məhkəmə tərəfindən cəza təyin edilərkən şəxsə daha ağır cəzanın təyin edilməsi o halda məqbul hesab edilə bilər ki, təyin ediləcək yüngül cəza cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunacağı təqdirdə də təmin edilə bilər, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərədə tutulmuş daha ciddi cəza növünün tətbiq edilməsi üçün əsas yoxdur. İş materallarında olan şübhəli şəxsin tutulması haqqında və qətimkan tədbirinin seçilməsinə dair qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 19 fevral 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlandığı müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən də görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində 2022-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs Əraz Nakololji kabinetində 2022-ci ildən “Opium narkomanlığı” diqanozu ilə qeydiyyatda durması nəzərə alınmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,349 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutularaq saxlandığı 17 fevral 2024-cü il tarixindən 19 fevral 2024-cü il tarixədək olan 2 (iki) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilsin, Təqsirləndirilən şəxs Əraz Nakololji kabinetində 2022-ci ildən “Opium narkomanlığı” diqanozu ilə qeydiyyatda durması nəzərə alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,349 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №1(050)-100/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-100/2024
13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver