Məhkəmə qərarları › İş №1(050)-100/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-100/2025

12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-100/2025 12.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakları ilə, xx.xx.1985-ci ildə Masallı rayonu, Ərkivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində üç nəfər azyaşlı uşağı olan, ali təhsilli, “Asiya TV” Youtube kanalının baş redaktoru vəzifəsində işləyən, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayan X2 onun barəsində yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən məlumatları “Asiya TV” media saytında yaydığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində cinayət təqibinin başlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Masallı rayonu, Ərkivan qəsəbə sakini X8 media, kütləvi informasiya vasitəsi olan «Asiyatv» saytında yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan böhtan xarakterli məlumatları yayaraq ona böhtan atmışdır. Belə ki, həmin saytda xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Sığdaş kənd sakini Hörmət Quliyevlə aralarında baş vermiş mübahisəni əks etdirən video material Cəfər Cəfərov tərəfindən yerləşdirilməklə, həmin görüntülər barəsində danışaraq, onun Hörmət Quliyevi şapalaqla vurmasını, həmçinin ilk belə münaqişəli hadisə olmamasını demişdir. Bu məlumatlar isə təbii ki, həqiqətə uyğun olmamaqla və barəsində mənfi fikir formalaşdırmaqla onun şərəf və ləyaqətini ləkələyən məlumatlardır. Belə ki, «Asiyatv» saytından görünür ki, çoxlu insan bu videoya baxmış, nəticədə barəsində onu tanıyan şəxslər barədə mənfi rəy yaranmaqla şərəf və ləyaqəti ləkələnmiş, ona mənəvi ziyan dəymişdir. Halbuki, qeyd olunan xüsusat üzrə araşdırma aparılmış və göstərilən xüsusatlar təsdiq olunmamışdır. Bu fakt Şirvan Apellyasiya Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli və 21 fevral 2025-ci il tarixli qərarlarında da öz əksini tapmışdır. Göründüyü kimi, Cəfər Cəfərov onun barəsində şərəf və ləyaqətini ləkələyən yuxarıda göstərilən böhtan xarakterli məlumatları mediada, kütləvi informasiya vasitəsi olan «Asiyatv» saytında yaymışdır. Barəsində olan böhtan xarakterli məlumatların verildiyi video «Asiyatv» saytında xx.xx.2024-cü il tarixdə yerləşdirildiyindən həmin saytda olan videonu sübut kimi şikayətinə əlavə etmişdir. Hörmət Quliyevlə aralarında baş vermiş mübahisə ilə əlaqədar olaraq, sonuncunun şikayəti əsasında aparılmış araşdırma zamanı Masallı RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı polis kaptanı X3 12 dekabr 2024-cü il tarixli qərarı ilə cinayət işi başlanması rədd edilsə də, həmin qərarda onun əməlində İXM-nin 157-ci maddəsinin əlamətləri oluğundan qərarın surətinin RPŞ-yə göndərilməsi qeyd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli qərarı ilə isə həmin qərar qismən ləğv edilmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin X9 göndərilməsi hissəsi ləğv edilmişdir. Bundan başqa Şirvan Apellyasya Məhkəməsinin 21 fevral 2025-ci il tarixli qərarı ilə barəsində Masallı RPŞ-nin X7 rəisi, polis polkovnik leytenantı X6 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 19 dekabr 2024-cü il tarixli qərar ləğv edilmiş, barəsində İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilmişdir. Bu da Cəfər Cəfərovun həmin məlumatların yalan olduğunu bilə-bilə kütləvi mediada, informasiya vasitəsində yayaraq ona böhtan atdığını göstərir. Hesab edir ki, Cəfər Cəfərov yalan olduğunu bildiyi halda şərəf və ləyaqətini ləkələyən məlumatları mediada yaymaqla ona böhtan atdığına görə Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməlidir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun olaraq çıxış etmiş, həmçinin əlavə olaraq göstərmişdir ki, videogörüntüdə əks olunan Hörmət Quliyevlə aralarında baş vermiş mübahisə ilə əlaqədar Hörmət Quliyevə qarşı hər hansı formada zor tətbiq etmədiyi Şirvan Apellyasiya Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli və 21 fevral 2025-ci il tarixli qərarlarında əks olunmasına baxmayaraq, X8 həmin qərarları nəzərə almadan, müraciət üzrə məlumatın doğru olub-olmaması barədə heç bir araşdırma aparmadan «Asiyatv» media saytında bilə-bilə barəsində böhtan xarakterli məlumatları yaymış, onun şərəf və ləyaqətini ləkələmiş, nəticədə ictimaiyyət arasında nüfuzdan düşməsinə səbəb olmuşdur. Əvvəllər də Cəfər Cəfərov ona zəng edərək barəsində media saytına edilmiş müraciətin ictimailəşdirilməsi ilə bağlı ona hədə-qorxu gəlmiş, bu barədə hüquq mühafizə oraqanlarına şikayət etdikdən sonra sonuncu hərəkətlərinə son qoymuşdur. Buna baxmayaraq, Cəfər Cəfərov təkrarən yalan məlumatları media saytında onun razılığını və icazəsini almadan, bilə-bilə barəsində şərəf və ləyaqətini ləkələyən böhtan xarakterli məlumatları yayımlamışdır. Sonda H.H.Cəfərov qeyd etdiklərini və məhkəməyə təqdim etdiyi CD diskdə olan videogörüntüləri nəzərə alaraq şikayətinin icraata götürülməsini və işə baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 çıxış edərək göstərmişdir ki, «Asiyatv» media youtube kanalının direktoru vəzifəsində işləməklə 20 ildən artıq müddətdir ki, jurnalistika fəaliyyəti ilə məşğul olur. Əsas işləri rayonun ictimai siyasi fəaliyyəti ilə bağlı məlumatların yayımlamasını təmin və təbliğ etmək, bu məlumatları mediada işıqlandırmaqdan ibarətdir. Media saytına daxil olan hər bir müraciət üzrə müvafiq araşdırma aparılmaqla yayımlanır. Jurnalist kimi əsas peşəsi qeyd edilən məlumatların tez bir zamanda ictimaiyyətə çatdırılmasından ibarətdir. X1 barəsində verdiyi xüsusi ititham qaydasında şikayətlə tanış olmuş, hesab edir ki, şikayət tam əsassızdır. Belə ki, Hümmət Cəfərov onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayətində göstərilən xüsusatları barədə məhkəmədə heç əsaslandırılmış mülahizə irəli sürməmişdir. 3 il əvvəl də Hümmət Cəfərov barəsində rəhbəri olduğu media kanalında şikayət xarakterli müraciət daxil olmuş, həmin müraciət əsasında Hümmət Cəfərovla əlaqə saxlanılmaqla onu dəvət edərək şikayətin araşdırılmasında iştirakını xahiş etsə də, lakin Hümmət Cəfərov onun barəsində hüquq mühafizə orqanına şikayət etmişdir. Hazırki işlə əlaqədar olaraq Masallı rayonu, Sığdaş kənd sakini Hörmət Quliyev adlı şəxs rəhbəri olduğu media kanalına şikayət etmiş, həmçinin CD diskdə videogörüntü təqdim edərək Sığdaş kənd dini icmasının rəhbəri Hümmət Cəfərov tərəfindən məscidin həyətində aparılan videoçəkiliş zamanı döyüldüyünü iddia etmiş, Hörmət Quliyev şikayətində Hümmət Cəfərovla aralarında uzun müddət məhkəmə çəkişmələrinin olduğunu bildirmiş, bu səbəbdən Hörmət Quliyevin təqdim etdiyi video material «Asiya TV» media youtube kanalında və «Asiya TV» saytının tik-tok sosial platformasındakı hesabından yayımlanmış, video görüntüdə cərəyan edən hadisələrə tərəfindən fikir bildirilmişdir (şərh verilmişdir). Həmin videogörüntü ilk əvvəl “facebook” sosial şəbəkəsində tanımadığı şəxslər tərəfindən yayımlanmış, lakin sonradan məlum olmayan səbəbdən həmin görüntülər sosial şəbəkədən götürülmüşdür. Hümmət Cəfərov şikayətində həmin məlumatların yalan olduğunu bilə-bilə yayımlanmasını qeyd etsə də, lakin məlumatlar yalanı əks etdirmir. Videogörüntüyə baxıldıqda açıq-aşkar müəyyən etmək olur ki, mübahisə zəmnində Hümmət Cəfərov əlini zərbə vurmaq məqsədi ilə Hörmət Quliyevə atır. Gördüklərinə əsasən görüntüləri şərh edərək X11 Quliyevə şapalaq vurmasını qeyd etmişdir. Həmin şəxslər arasında dəfələrlə münaqişə yaranmasından, bir neçə dəfə aralarında məhkəmə çəkişmələrinin olmasından xəbərdar olmuşdur. Yaydığı məlumatlar isə böhtan xarakterli olmamışdır. Hümmət Cəfərov şikayətində qeyd edilən faktla bağlı aparılan araşdırmalar nəticəsində Şirvan Apellyasiya Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli və 21 fevral 2025-ci il tarixli qərarlarının olmasını, həmin qərarlara əsasən onun əməlinə hüquqi qiymət verilməklə təkzib edilməsini, lakin bu qərarlar mövcud olduğu halda, nəzərə alınmadan qeyd edilən böhtan xarakterli məlumatlar barədə media saytında yayımın aparılmasına münasibətdə qeyd edir ki, mübahisələndirilən videogörüntü xx.xx.2024-cü il tarixdə Asiya TV» media youtube kanalında yayımlanmış, həmin tarixdə isə Şirvan Apellyasiya Məhkəməsinin qeyd edilən qərarları mövcud olmamışdır. Hümmət Cəfərov hazırda Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən günahsız olduğu ilə bağlı açıqlama verilməsini tələb edirsə, jurnalist olaraq onun fikirlərinə hörmətlə yanaşır. Hümmət Cəfərov istənilən vaxt kanala müraciət edərək qeyd edilən qərarları təqdim edərsə, hadisə barədə tərəfindən açıqlama verilməsinə əvvəlki video materialın yayımlandığı saytda da baş vermiş hadisəni təkzib etməyə razıdır. Hesab edir ki, yaydığı məlumatlar böhtan xarakterli deyildir, ona təqdim edilmiş məlumatların kanalda yayımlanmasını təmin etmişdir. Bu yayım Media haqqında qanuna əsaslanır, heç bir pozuntu aparılmadan yayımlanmışdır. Odur ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Şikayətə əlavə edilmiş iş materialları: Məhkəmə iclasında tədqiq edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X1 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının İXM-nin 157-ci maddəsi ilə barəsində tədbirlərin görülməsi üçün X9 göndərilməsi hissəsinin ləğv edilməsinə dair şikayətinə baxılararaq, şikayət təmin edilmiş, Masallı Rayon Məhkəməsinin qərarı ləğv edilmiş, cinayət işinin rədd edilməsi haqqında qərar mübahisələndirilən hissədə ləğv edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X1 X7 rəisi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarının qüvvədə saxlanılmasına dair Masallı Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli qərarından verilmiş şikayətinə baxılaraq, şikayət təmin edilmiş, Masallı Rayon Məhkəməsinin qərarı ləğv edilmiş, X1 barəsində AR İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş CD diskə baxış keçirilərkən, diskin yaddaşında yerləşdirilmiş birinci video faylda olan şikayətçinin mübahisələndirdiyi hissədəki görüntülərə baxılarkən müəyyən edilmişdir ki, Tik-Tok sosial platformasında “Asiya tv” saytının domeni üzrə paylaşılmış, videogörüntüdə Cəfər Cəfərov baş vermiş hadisələrə şərh verərək göstərir ki, “Masallı rayonunda cənub bölgəsinin ən məşhur pirlərindən olan Mürsəli ocağının, daha dəqiq desək Masallı rayonu, Sığdaş kənd dini icmasının sədri Hümmət Cəfərov həmin pir yerləşən ərazinin qəbirstanlığında mollalıq fəaliyyəti ilə məşğul olan həmkəndlisi Hörmət Quliyevə mübahisə zəminində şapalaq vurur. “Asiya tv” xəbər verir ki, bu barədə videogörüntü “facebook” sosial şəbəkəsində paylaşılmış, sonradan facebookdan silinən həmin videogörüntüdə icma sədri talış dilində “niyə mənə tüpürdün” deyərək bacısı nəvəsinə hücum çəkir. Daha sonra icma sədri Hümmət Cəfərov mollalıq fəaliyyəti göstərən Hörmət Quliyevə şapalaq ilişdirir. Məhkəmə iclasında tədqiq edilmiş CD diskin yaddaşında yerləşdirilmiş ikinci video faylda olan materiala baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin videogörüntü və münaqişə iştirakçıları ilə bağlı tik-tok istifadəçiləri tərəfindən müxtəlif məzmunlu şərhlər yazılmışdır. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri və proses iştirakçılarının çıxışlarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, CM-nin 147 maddələsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Hümmət Cəfərov məhkəmə iclasında izahat verərkən göstərmişdir ki, onun Hörmət Quliyevə qarşı zor tətbiq etməsi faktı üzrə araşdırma aparılaraq Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən onun hər hansı formada Hörmət Quliyevə qarşı zor tətbiq etməsi təsdiqini tapmamışdır. Buna baxmayaraq, Cəfər Cəfərov onunla Hörmət Quliyev arasında mübahisəni əks etdirən video görüntünü yayımlayıb şərh verərək guya onun Hörmət Quliyevi şapalaqla vurduğunu göstərmiş, bununla da ona böhtan atmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, CM-nin 147.1-ci maddəsinin məzmunundan da göründüyü kimi şəxsin şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatların bilə-bilə (qəsdən) yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutlmuşdur. Şəxslər arasında baş vermiş sözlü mübahisələri və dava-dalaşı əks etdirən inzibati və cinayət xarakterli məlumatların yayılması həmin maddənin tərkibi ilə əhatə olunmur. Cəfər Cəfərovun həmin video görüntülərə şərh verərkən X11 Quliyevi şapalaqla vurduğunu bildirməsi isə onun videogörüntüdə cərəyan edən hadisələri öz əqli ilə qiymətləndirərək gördüklərinə fikir bildirməsi kimi yanaşılmalıdır. Baxmayaraq ki, şikayətçinin zor tətbiq etməsi faktı (fiziki təsir etməsi) sonuncu məhkəmə qərarı ilə təkzib edilmişdir, həmin görüntülərə baxarkən X11 Quliyevin üzərinə gedərək sonuncunun telefonu saxladığı əlinə zərbə vurduğu açıq-aşkar görünür. Yəni, Cəfər Cəfərov həmin görüntülərə şərh verməsə də belə adi müşahidəçilərin gözündə o cür formada anlaşıla bilməsi real görünür. Məhkəmə qeyd edir ki, şəxslərin arasında baş vermiş mübahisə zamanı bir-birlərinə qarşı zor tətbiq etmə hallarına hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılaraq hüquqi qiymət verilir. Həmin fakt üzrə əvvəlcə polis şöbəsində araşdırma aparılaraq X11 Quliyevə zor tətbiq edilməsi qənaətinə gəlinmiş, lakin sonradan həmin qərar məhkəmə qaydasında mübahisələndirilərək ləğv edilmişdir. Göründüyü kimi, baş vermiş hadisə ilə əlaqədar hətta hüquq mühafizə orqanı tərəfindən uzun müddət araşdırma aparılaraq, sonda həmin qərar ləğv edilsə də, Hümmət Cəfərovun zor tətbiq etməsi qənaətinə gəlmişdir. Məhkəmə bunu qeyd etməklə göstərmək istəyir ki, hadisə yeni baş verdiyi vaxt hər hansı digər materiallar olmadığı halda, jurnalist vəsifəsində işləyən şəxsin həmin görüntüyə qiymət verərək birbaşa Hümmət Cəfərovun vurduğunu göstərməsi reallığa uyğun olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin yekun qərarı 31 yanvar 2025-ci il tarixdə qəbul edilmişdir. Həmin videogörüntülər isə xx.xx.2024-cü il tarixdə yayımlanmışdır. Buradan da görünür ki, Cəfər Cəfərov hələ həmin qərar mövcud olmadığı vaxt həmin görüntüləri yaymış, yəni həmin görüntüləri yayarkən yalan olduğunu bilməmişdir. Hətta həmin qərardan sonra həmin məlumatlar yayılsa belə yayılan məlumatların şəxsin şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatların yayılması kimi qəbul edilməsi mümkünsüzdür. Ümumiyyətlə, məhkəmə qeyd edir ki, həmin görüntlərə baxılarkən müəyyən edilir ki, tərəflərin arasında həmin mübahisə məscidiin həyətində ictimai yerdə baş verir və mübahisə əsnasında ətrafda avtomobillər onların yanından ötüb keçirlər, yəni qeyd edilən görüntülər Cəfər Cəfərov tərəfindən paylaşılmazdan öncə qeyd edilən hadisə kənar şəxslər tərəfindən müşahidə edilmişdir. İctimai yerdə kənar şəxslərin gözü qarşısında baş vermiş, yəni artıq kənar şəxslər tərəfindən müşahidə edilmiş hadisələrin görüntülərinin sonradan internet informasiya ehtiyatlarında yayılması halı hər hansı məsuliyyətin yaranmasına səbəb ola bilməz. Bundan başqa, şikayət vermiş şəxs göstərmişdir ki, Cəfər Cəfərovun həmin video materialı yayımlaması nəticəsində kənar şəxslər tərəfindən onun barəsində şərhlər yazılaraq ünvanına təhqiredici ifadələrin işlədilməsinə səbəb olmuş və nüfuzuna xələl gəlmişdir. Hər bir şəxs yol verdiyi əməlinə görə məsuliyyət daşıyır. Kənar şəxslərin həmin görüntülərlə bağlı yazdığı ifadələrə görə məsuliyyətin Cəfər Cəfərovun üzərinə qoyulması hər bir şəxsin yol verdiyi əmələ görə cəzalandırılmalı olması, yəni Cinayət Məcəlləsində nəzərdə tutulmuş təqsirə görə məsuliyyət prinsipinin pozulması ilə nəticələnə bilər. Həmin prinsipə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şikayətçi həmin şərhləri yazan şəxslərin şəxsiyyətini müəyyən edərək, onların işlətdiyi ifadələrin onun şərəf və ləyaqətini alçatdığını hesab edərsə, hüquqlarının müdafiəsi üçün mülki və cinayət mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, jurnalist fəaliyyəti ilə məşğul olan şəxsin ona məlum olan inzibati və cinayət xarakterli məlumatları yayımlamaları birbaşa onların qanunundan irəli gələn vəzifələridir. “Media haqqında” Azərbaycan Respublikasının 1.1.4-cü maddəsinə əsasən jurnalist – əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxsdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (bax, X4rşı, 27 mart 1996-cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, başqa bir çox mənbələrlə yanaşı, De Haes və Gijsels Belçikaya qarşı, § 37 və Kolombani və digərləri Fransaya qarşı, § 55). Lakin, mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və bilə-bilə açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir (bax, Lingens Avstriyaya qarşı, § 42). Həmçinin göstərilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda, onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasında sübutlar mahiyyəti üzrə araşdırılıb qiymətləndirilməsə də, onların ilkin olaraq mövcudluğu, həmin sübutların şəxsə aidiyyəti məhz hazırlıq iclasında yoxlanılır. Belə ki, məhz onların nəticələrindən asılı olaraq işin məhkəmə baxışının mümkünlüyü yoxlanılır. İş icraata götürülərək məhkəmə baxışında təyin edildiyi halda isə artıq barəsində şikayət verilmiş şəxs təqsirləndirilən şəxs statusu almış olur və bu qərar öz prosessual əhəmiyyətinə görə ictimai ittiham qaydasında icraatı aparılan cinayət işləri üzrə cinayət işinin başlanması və təqsirləndirilən şəxs qismində cəlb etmə qərarlarını bir növ əvəz edir. Bu baxımdan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında sübutların ilkin olaraq mövcudluğunun yoxlanılması və həmin sübutlar əsasında şəxsin əməlində cinayətin əlamətlərinin olub-olmaması yoxlanılır. İş üzrə təqdim edilmiş sübutlar əsasında şəxsin əməlində cinayət tərkibinin olması qənaətinə gəlinsə, şikayətin icraata qəbul məsələsinə baxıla bilər. Qeyd edildiyi kimi şikayət icraata götürüldüyü halda bu barəsində şikayət verilmiş şəxs üçün ciddi məhrumiyyətlər yaradır və bu baxımdan hazırlıq iclası mərhələsindən şəxsin hüquq və mənafelərinin təmini baxımından qeyd edilən məsələlər ciddi yoxlama və qiymətləndirmə tələb edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri aşkar olunmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.2. Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.3. bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.6 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunandan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar