Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-102/2025 01.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 2004-cü il tarixdə Masallı rayonu Bədalan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu Bədalan kəndində qeydiyyatda olmaqla yaşayan, Masallı Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsi ilə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talayıb ələ keçirməklə saxlanc yerinə daxil olmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2025-ci ilin yanvar ayının sonlarında istintaqa dəqiq məlum olmayan vaxtda gecə saat 02 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs məxsus Masallı rayonu Bədəlan kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evinə həmin evin birinci mərtəbəsindəki plastik pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq evin birinci mərtəbəsində yerləşən mətbəx otağında olan sonuncuya məxsus bir ədəd 108 sm diaqonallı, 1000 manat dəyərində “Shıvakı” markalı televizoru və həmin evin ikinci mərtəbəsində olan təmirsiz otaqdan bir ədəd 15 kq həcmdə, 400 manat dəyərində, mis materialından hazırlanmış qazanı və bir ədəd 1 metr diametrdə 100 manat dəyərində mis materialından hazırlanmış məcməyini gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1500 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, maddi çətinlikləri olduğundan oğurluq edib pul əldə etmək istəmişdir. Bədəlan kəndində onun yaşadığı evin yaxınlığında Zərərçəkmiş şəxs məxsus iki mərtəbəli ev olmuşdur. Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşadığından 2025-ci ilin yanvar ayının sonlarında gecə saat 02 radələrində həmin evin həyətinə daxil olmuş və qarşı tərəfdə dəmirdən olan giriş qapısının yanındakı plastik pəncərəni yerdən götürdüyü dəmir parçası ilə açıb evin birinci mərtəbəsinə daxil olmuşdur. Birinci mərtəbədə mətbəxdə divardan asılmış “Shıvakı” markalı 108 sm diaqonallı televizoru özü ilə götürdüyü vintaçanla açıb pəncərənin yanına qoymuşdur. Sonra ikinci mərtəbədə otaqda olan qab-qacaqların içindən bir ədəd mis qazanı və bir ədəd mis məcməyini götürərək pəncərənin yanına gətirmişdir. Daha sonra pəncərədən çıxıb oğurladığı əşyaları yaşadığı evə aparmış və evin birinci mərtəbəsində istifadəsiz otaqda olan yarasız divanın arxasında gizlədib üzərinə parça ilə örtmüşdür. Bir gün sonra evdə heç kim olmadığından mis qazan və mis məcməyini aparıb Masallı şəhərində metal qəbulu sexində satmaq istəmişdir. Bunun üçün tanımadığı “Vaz 2106” markalı taksi ilə “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən metal qəbulu sexinə getmişdir. Orada olan Teymur adlı şəxs qazanı və məcməyini tərəzidə çəkib ümumilikdə 12 kq ağırlığında olduğunu və bir kq 10 manata ala biləcəyini demişdir. O, Teymur adlı şəxslə razılaşıb əmlakları 120 manat pula satmışdır. Sonra tanımadığı taksi ilə evə qayıtmışdır. Bir neçə gün sonra “Shıvakı” markalı 108 sm diaqonallı televizoru satmaq istəmişdir. 2025-ci ilin fevral ayının 7-də kəndçisi Şahid2 işlənmiş televizor almaq istədiyini öyrənmişdir. Təxminən iki-üç ay əvvəl İntiqamdan işlənmiş soyuducu alarkən ona 80 manat borclu qaldığından oğurladığı televizoru ona satıb borcunu bağlamağı, artıq qalan pulu isə xərcləməyi düşünmüşdür. Həmin günü saat 20 radələrində Şahid2 zəng edib yaşadığı evə dəvət etmiş və “Shıvakı” markalı 108 sm diaqonallı televizoru küçədə ona göstərmişdir. İntiqama bir neçə gün əvvəl başqa bir dostu üçün “Kontakthome” mağazasından öz adına kreditə təzə televizor götürüb verdiyini və dostunun özündə olan köhnə televizoru satmaq üçün ona verdiyini bildirmişdir. O, İntiqama televizoru 200 manata satmağa razılaşmışdır. İntiqama 80 manat borclu olduğu üçün ondan 120 manat pul alıb televizoru satmış və ona olan 80 manat borcunu da, bağlamışdır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyandan 1000 manat ödəniş etmişdir. Oğurluğu maddi cəhətdən imkansızlıq ucbatından törətdiyini bildirərək barəsində yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ifadəsi elan olunmuş zərərşəkmiş şəxsin istintaq zamanı verdiyi ifadəsi və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Masallı rayonu Bədəlan kəndində yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs evinə nəzarət etməklə yanaşı təmir işlərini görür. 2025-ci ilin yanvar ayının ortalarında müalicə aldığı üçün bir müddət Zərərçəkmiş şəxs məxsus evə nəzarət edə bilməmişdir. 22 fevral 2025-ci il tarixdə Növbərin evinə gedib həyət qapısını açaraq həyətə baxıb çıxmışdır. 26 fevral 2025-ci il tarixdə yenidən evə gedib həyətə daxil olarkən evin birinci mərtəbəsində olan pəncərənin açıq olmasını görüb evə daxil olmuş və mətbəxtində olan 1 ədəd 108 dioqanallı “Shıvakı” markal televizorun mətbəxdə olmadığını aşkar etmişdir. Sonra evin ikinci mərtəbəsinə qalxmış və evin boş otağına yığılmış məişət əşyalarından mis qazanların oğurlanmasını aşkar etmişdir. Buna görə də, ev sahibi Zərərçəkmiş şəxs zəng edərək evdən oğurluq olmasını demişdir. Zərərçəkmiş şəxs 1 ədəd 1000 manat dəyərində olan “Shıvakı” markalı televizorun, bir ədəd 15 kq-lıq 400 manat dəyərində olan mis qazanın və bir ədəd 100 manat dəyərində 1 metr diametr ölçüdə olan mis məcməyinin oğurlandığını ona demişdir. Oğurluq hadisəsinin kim tərəfindən törədilməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Lakin sonradan həmin oğurluq hadisəsini kənd sakini X3 törətməsini bilmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, 2024-cü ilin noyabr ayında yaşadığı evi təmir etdiyi zaman evdə olan soyuducunu həmkəndlisi Təqsirləndirilən şəxs 80 manata nisyə satmış, Mirsahib isə iki-üç aya pulu geri qaytaracağını demişdir. 2025-ci ilin yanvar ayının sonlarında evdə olan plazma ekran televizoru xarab olduğu üçün kənddə yerləşən çayxanada işlənmiş televizor satan şəxs olarsa almaq istədiyini demişdir. 07 fevral 2025-ci il tarixdə saat 20 radələrində Mirsahib ona zəng edərək işlənmiş televizor satdığını, ondan nisyə götürdüyü soyducunun əvəzində televizoru götürməyini, əlavə olaraq isə pul verməyi təklif etmişdir. O, razılaşıb Mirsahibin evinə getmişdir. Mirsahib “Shıvakı” markalı 108 diaqonal ölçüdə televizoru gətirib evin qapısında ona göstərmiş və 200 manata satmaq istədiyini bildirmişdir. Mirsahibdən televizoru haradan əldə etdiyini soruşmuş, o, kreditə televizor götürərək başqa bir şəxsə satdığını, satdığı televizorun pulunun bir hissəsinə isə həmin şəxsdən bu televizoru aldığını demişdir. Mirsahibdən televizoru 200 manata alıb avtomobilinin yük yerinə qoymuş və Mirsahibin ona borclu olduğu 80 manatı çıxıb ona 120 manat pul vermişdir. 08 mart 2025-ci il tarixdə polis əməkdaşları ona zəng edib Təqsirləndirilən şəxs aldığı “Shıvakı” markalı 108 diaqonal ölçüdə televizorun Mirsahibin həmkəndliləri Zərərçəkmiş şəxs evindən oğurlayıb ona satdığını demişlər və onu Masallı rayon Polis şöbəsinə dəvət etmişlər. O, da həmin televizoru özü ilə götürüb polis şöbəsinə getmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində bildirmişdir ki, 2017-ci ildən Masallı şəhəri “Bakı” prospektində yerləşən dəmir və əlvan metalların qəbul məntəqəsində işləyir. 2025ci ilin yanvar ayının sonları özünü Mirsahib kimi təqdim edən bir nəfər tanımadığı şəxs taksi ilə məntəqəyə gəlib bir ədəd 15 kq həcmində mis qazanı və bir ədəd 1 metr diametrində mis məcməyi satdığını demişdir. Həmin əşyaları tərəzidə çəkib ümumilikdə 12 kq ağırlığında olduğunu və bir kq 10 manata ala biləcəyini demişdir. Mirsahib razılaşdığı üçün ona 120 manat pulu verib əşyaları almışdır. Həmin əşyaları satan zaman Mirsahib əşyaların oğurluq olduğunu deməmişdir. Polis şöbəsinə dəvət olunarkən həmin əşyaların oğurluq olduğunu bilmişdir. Masallı rayon İcra hakimiyyəti Başçısının Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 11 mart 2025-ci il tarixli, 73 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs Rusiya Federasiyasında yaşayır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs istintaq zamanı ifadəsində bildirmişdir ki, Rusiya Federasiyasının Petrozavdski şəhərində ailəsi ilə birlikdə yaşayır. Masallı rayonu Bədəlan kəndində iki mərtəbəli fərdi yaşayış evi vardır. Fərdi yaşayış evinin birinci mərtəbəsində mətbəxi və ikinci mərtəbəsində isə iki yataq otaqı yerləşir. Həmin evin ikinci mərtəbəsində işlətmədiyi bütün qab-qacaqları yığıb saxlayır. O, hər ilin yay aylarında Masallı rayonu Bədəlan kəndində yerləşən evinə gəlib baş çəkir. Rusiya Federasiyasında olduğu müddətdə isə evinə nəzarəti həmkəndlisi Şahid1 etmişdir. Rahim onun icazəsi əsasında evində arabir təmir işləri görmüşdür. 26 fevral 2025-ci il tarixdə Şahid1 onun istifadəsində olan mobil nömrəyə zəng vurub bir aydır ki, xəstə olması səbəbindən evinə nəzarət edə bilmədiyini və həyətə daxil olduğunda evin pəncərəsinin açıq olduğunu gördüyü üçün evin birinci mərtəbəsinə daxil olaraq baxış keçirdiyini və həmin vaxt mətbəxdə olan 01 ədəd 108 diaqonallı “Shıvakı” markalı televizorun olmadığını ona demişdir. Həmin vaxt Rahimə evin ikinci mərtəbəsində işlətmədiyi qab-qacaqlara baxıb-baxmadığını soruşmuşdur. Rahim ona evin ikinci mərtəbəsinə daxil olmadığını demişdir. Həmin vaxt Rahimə evin ikinci mərtəbəsində olan əşyalara baxmasını xahiş etmişdir. Bir neçə dəqiqə sonra Rahim təkrarən ona zəng vurub evin ikinci mərtəbəsində işlətmədiyi əşyaları ona videogörüntü vasitəsilə göstərmişdir. O, Rahimə əşyalarından 01 ədəd 15 kq mis qazanın və 01 ədəd 1 metr diametrdə olan mis məcməyimin olmadığını demişdir. Bundan sonra Rahimə evdən oğurluq olması ilə bağlı maraqlanmasını demiş, Rahim bir neçə gün keçmişdir ki, ona təkrarən zəng vurduğunda evindən hansı şəxsin oğurluq etməsi ilə bağlı məlumat əldə edə bilmədiyini demişdir. Bu zaman o, Rahimə baş vermiş oğurluq hadisəsilə bağlı polisə məlumat verməsini bildirmişdir. Bundan sonra 06 mart 2025-ci il tarixdə Şahid1 onun razılığı əsasında evindən oğurluq olması ilə bağlı polisə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şübhəli şəxs qismində tutma barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Rac Səfərovun “tutulmuş şəxsin azad edilməsi və polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə” 10 mart 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Masallı rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerindən azad olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Masallı rayon Polis şöbəsindən daxil olmuş əməliyyat tapşırığına cavab olaraq tərtib olunmuş 15 aprel 2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2025-ci ilin yanvar ayının axırlarında Masallı rayonu Bədəlan kənd sakini, hazırda Rusdiya Federasiyasında yaşayan Zərərçəkmiş şəxs məxsus evdən bir ədəd 108 diaqonal “Shıvakı” markalı televizoru və evin ikinci mərtəbəsində olan təmirsiz otaqdan bir ədəd 15 kq həcmdə, mis materialından hazırlanmış qazanı və bir ədəd 1 metr diametrdə mis materialından hazırlanmış məcməyini oğurlamış, mis qazanı və mis məcməyini Masallışəhəri Bakı küçəsində yerləşən dəmir vəəlvan metalların qəbulu məntəqəsində Şahid3 120 manata, bir ədəd 108 diqonal “Shıvakı” markalı televizoru Masallı rayonu Bədalan kənd sakini Şahid2 200 manata satmışdır. Şahid2 isə ona 120 maat pul verməklə 80 manat borcundan çıxmışdır. Təqsirləndirilən şəxs satdığı əşyaları öz əmlakı kimi satmışdır. Təqsirləndirilən şəxs oğurladığı mis qazanı və mis məcməyini Masallı şəhərinə aparıb satarkən taksi kimi istifadə etdiyi nəqliyyat vasitəsini və sürücünün şəxsiyətini keçirilmiş tədbirlər zamanı müəyyən etmək mümkün olmamışdır. - “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 12 mart 2025-ci il tarixli məktubdan görünür ki, Masallı rayonu, Bədəlan kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin narkoloji və pxiso-nevroloji kabinetində dispanser qeydiyyatında durmur. - “Lənkəran şəhər Psixatriya xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 11 mart 2025-ci il tarixli, 198 nömrəli məktubdan görünür ki, Masallı rayonu, Bədəlan kəndində qeydiyyatda olan Əzizov X4 şəhər Psixatriya xəstəxanasında qeydiyyatda deyil. - Masallı rayon İcra hakimiyyəti Başçısının Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Rac Səfərovun 12 mart 2025-ci il tarixli maddi sübutun tanınması və təhvil verilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən bir ədəd 108 diaqonal “Shıvakı” markalı televizor iş üzrə maddi sübut kimi tanınması və istintaq yekunlaşanadək zərərçəkmiş şəxsə geri qaytarılması qərara alınmışdır. - "xxxx" MMC tərəfindən verilmiş 10 aprel 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki:
1. təqdim olunmuş bir ədəd qara rəngli Özbəkistan istehsallı, “Shıvakı” markalı, ekranının diaqonalı 108 sm olan plazma tipli televizorun qiyməti 1000 manatdır.
2. təsvir olunmuş bir ədəd 15 kq həcmdə mis materialdan hazırlanmış qazanın qiyməti 400 manatdır.
3. təsvir olunmuş bir ədəd 1 metr diametrdə mis materialdan hazırlanmış məcməyinin qiyməti 100 manatdır. Aparılmış qiymətləndirmənin dəyəri 120 manatdır (Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M/h AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES********************). - 23 aprel 2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs bir ədəd 108 diaqonal “Shıvakı” markalı televizoru saz vəziyyətdə almışdır. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Rac Səfərovun 23 aprel 2025-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şahid2 götürülmüş bir ədəd 108 diaqonal “Shıvakı” markalı televizorun zərərçəkmiş şəxsə geri qaytarılması nəzərə alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 22 mart 2025-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 2004-cü il tarixdə Masallı rayonu Bədalan kəndində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. - Masallı Rayon Məhkəməsinin 1(050)-102/2025 nömrəli 10 iyun 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs tutularkən saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 təhvil verilməsi qərara alınmışdır. - Masallı Rayon Məhkəməsinin 4(050)-45/2025 nömrəli 26 iyun 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 24 iyun 2025-ci il tarixdən hesab olunmuşdur. - Masallı rayon Polis şöbəsinin 19 may 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2025-ci il tarixdə Masallı rayonu ərazisində saxlanılaraq Masallı rayon Polis şöbəsinə gətirilməklə Növbətçi hissəyə təhvil verilmişdir.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, zərərçəkmiş şəxsin istintaq zamanı verdiyi ifadəsi, məhkəmə iclasında əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsinə əsasən eyni əməllər yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də, göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməsini və zərərçəkmiş şəxsə dəymiş ziyanın çox hissəsini ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də, təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması növündə alternativ cəza nəzərdə tutulmasına baxmayaraq məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab etmir. Məhkəmə qeyd edir ki, daha yüngül cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da, yoxdur. Çünki Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasa da, hazırda barəsində şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq cinayət işinin istintaqı aparıldığından məhkəmə ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 mart 2025-ci il tarixdən 10 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.13-cü maddəsinin tələbinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 19 iyun 2025-ci il tarixdən hesab olunmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.2-ci maddəsinə əsasən iş üzrə maddi sübut bir ədəd 108 diaqonal “Shıvakı” markalı televizorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin qalan hissəsinin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. İş üzrə 120 (bir yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-nin hesabına (Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M/h AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES********************) keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 8 (səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də, 88 (səksən səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 mart 2025-ci il tarixdən 10 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq o, qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyimi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 19 iyun 2025-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut bir ədəd 108 diaqonal “Shıvakı” markalı televizorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 120 (bir yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-nin hesabına (Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M/h AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES********************) keçirilsin. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 88 (səksən səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün verildiyi andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov