Məhkəmə qərarları › İş №1(050)-103/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-103/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-103/2024 11.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X4 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Masallı rayon vəkillər bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Masallı rayon vəkillər bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1992-ci ildə Masallı rayonu Musaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmələ məşğul olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 181.2.4 və 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nin 181.2.4-cü maddəsi xaric edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 ay müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Masallı rayonu Musaküçə kəndində qeydiyyatda olmaqla yaşayan, 22 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 fevral 2024-cü il tarixdə həbsdən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Masallı Rayon Məhkəməsinin 1(050)-103/2024 saylı, 22 may 2024-cü il tarixli qərarına əsasən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə Masallı rayonu ərazisində saxlanılmış, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1993-cü ildə Masallı rayonu Musaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu Musaküçə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə əvvəllər tanıdığı Masallı rayonu Musaküçə kənd sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində əvvəllər tanımadığı Masallı rayonu Göyəçöl kənd sakini Zərərçəkmiş şəxs məxsus Masallı rayonu Göyəçöl kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan tövləyə giriş qapısının açılması üsulu ilə qanunsuz daxil olaraq oradan bir baş erkək cinsli, 4 aylıq, ət çəkisi 13 kiloqram, qiyməti 290 manat olan və bir baş dişi cinsli, 4 aylıq, ət çəkisi 14 kiloqram, qiyməti 310 manat olan quzuları gizli yolla talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 600 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə əvvəllər tanıdığı Masallı rayonu Musaküçə kənd sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində əvvəllər tanımadığı Masallı rayonu Göyəçöl kənd sakini Zərərçəkmiş şəxs məxsus Masallı rayonu Göyəçöl kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə olan tövləyə giriş qapısının açılması üsulu ilə qanunsuz daxil olaraq oradan bir baş erkək cinsli, 4 aylıq, ət çəkisi 13 kiloqram, qiyməti 290 manat olan və bir baş dişi cinsli, 4 aylıq, ət çəkisi 14 kiloqram, qiyməti 310 manat olan quzuları gizli yolla talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 600 manat maddi ziyan vurmuşdur. Həmin əməllərinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir və sinif yoldaşı olmuşdur. Hadisənin baş vermə tarixini xatırlamır. Oğurluq edəcəkləri ilə bağlı gündüz vaxtı görüşdükləri zaman Taqiflə birlikdə qərar vermişlər. Gecə saat 2-də isə Gəyəçöl kəndinə getmişlər. Orada yol kənarında tövlə görmüşlər. Tövlə yaşayış evindən aralıda yerləşmişdir. Tövlənin qapısını açıb içəri daxil olub oradan 2 baş quzunu götürüb oğurlamışlar. Daha sonra yaşadıqları kəndə gəlib quzuları onun yaşadığı evin həyətinə gətirmişlər. 1-2 gün sonra həmin quzuları satmışlar və əldə etdikləri qazancı aralarında bərabər bölmüşlər. Lakin konkret olaraq kiminsə həyətindən oğurluq edəcəklərini planlaşdırmamışlar və oğurladıqları heyvanın kimə məxsus olmasını bilməmişlər. Törətdiyi cinayət əməllərindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alaraq məhkəmədən ona ədalətli yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir və onlar sinif yoldaşı olmuşlar. Törətmiş olduqları əməli törətdikləri tarixi xatırlamasada gecə saat 2-də törətmişlər. Oğurluq edəcəkləri ilə bağlı isə gündüz vaxtı razılaşmışlar. Belə ki, Osman həmin gün ona zəng vurmuş və onu çağırmışdır. Oda getmişdir. Görüşdükləri zaman birlikdə Gəyəçöl kəndindən oğurluq etməyi qərara almışlar. Çünki həmin kənd yaşadıqları kəndə yaxındır. Lakin həmin kənddə konkret olaraq kimin həyətindən oğurluq edəcəklərini qərarlaşdırmamışlar. Odur ki, həmin gün gecə saat 2-də oğurluq etmək niyyəti ilə Osmanla birlikdə Gəyəçöl kəndinə getmişlər. Həmin kənddə olduqları zaman yol kənarında tövlə olduğunu görmüşlər. Tövləyə yaxınlaşıb qapısını açıb içəri daxil olmuşlar. Həmin vaxt tövlə qaranlıq olduğundan Osman alışqanın işığını yandırmışdır. Bundan sonra tövlədə olan xırdabuynuzlu malların arasından bir ədəd quzunu o, bir ədədini isə Osman tutmuşdur. Ümumilikdə 2 baş quzu oğurlamışlar. Onlar həmin quzuları oğurladıqdan sonra yaşadıqları kəndə getmişlər və quzuları Osmanın yaşadığı evin həyətinə aparmışlar. Təxminən 3-4 gün sonra həmin quzuları 330 manata satmışlar. Quzuların satışını Osman danışmış, pulu isə birlikdə almışlar və əldə etdikləri qazancı tən yarı bölmüşlər, hər birinə 165 manat pul çatmışdır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan atası tərəfindən ödənilmişdir. Zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələblərinin olmamasını, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını və birdə belə hallara yol verməyəcəyini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri özlərinin etirafedici ifadələri ilə yanaşı zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla aşağıdakı qaydada təsdiq olunur. Belə ki, məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, o, şəxsi təsərrüfatına aid olan Masallı rayonu Göyəçöl kəndində yerləşən evinin həyətindəki tövlədə 19 ədəd xırdabuynuzlu heyvanlar (qoyun) saxlayır və evinin yaxınlığında olan açıq sahədə otarır. xx.xx.2024-cü il tarixdə o, qoyunlarını otardıqdan sonra axşam tərəfi onları yaşadığı evin həyətyanı sahəsində olan tövləsinə salmış və həmin vaxt onları sayıb 19 baş qoyunlarının yerində olduğunu bilmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında o, həmin qoyunlarını örüş sahəsinə apardıqdan bir müddət sonra qoyunlarının içərisində olan iki baş quzunun olmadığını görmüşdür.O,qoyunlarını tələsik tövlədən çıxardığı üçün saya bilmədiyindən səhər həmin quzuların tövlədə olmadıqlarına fikir verməmişdir. O, həmin vaxt həmin iki baş quzunu tövlədə və ətraf ərazidə axtarsa da tapa bilməmiş, buna görə də, həmin quzuların oğurlanmasına əmin olub DİN-in 102 xidmətinə zəng edərək, 2 baş quzusunun oğurlanması barədə məlumat vermişdir. Həmin vaxt yaşadığı kənddə yerləşən otlaq sahəsinə polis əməkdaşları gələn zaman qoyunların haradan oğurlandığını dəqiq bilmədiyi üçün ilkin ərizəsində iki baş quzunun açıq otlaq sahəsindən oğurlandığını qeyd etmiş, lakin o, sonradan həmin quzuların tövlədən oğurlanmasına əmin olmuşdur. O, bundan sonra hadisə yeri olan tövləsini polis əməkdaşlarına təqdim etmişdir. Çünki o, xx.xx.2024-cü il tarixdə axşam vaxtı tövlənin qapısının arxasında daş qoyaraq bağlamış, lakin xx.xx.2024-cü il tarixdə qoyunları tövlədən çıxaran zaman həmin qapının arxasına qoyduğu daşın bir qədər yerini dəyişdiyini görmüşdür. Ona məxsus 2 baş quzularının oğurlanması nəticəsində ona ümumilikdə 600 manat maddi ziyan dəymişdir. O, oğurluq edən naməlum şəxs və ya şəxslərin kim olmasını bilmir, şübhələndiyi hər hansı bir şəxs də yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs2 şikayətinin olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, o, xırdabuynuzlu heyvan alqı-satqısı ilə məşğul olur. Belə ki, Masallı şəhəri ərazisində yerləşən heyvan bazarından və müxtəlif şəxslərdən aldığı xırda buynuzlu heyvanları adətən Masallı şəhəri ərazisində yerləşən restoran və kafelərdə satıb qazanc əldə edir. Masallı rayonu Musaküçə kənd sakini Təqsirləndirilən şəxs2 bir neçə ildir ki, Masallı şəhəri "Bayraq Meydanı" adlanan ərazinin yaxınlığında yerləşən "Lido" restoranında aşbaz olduğu vaxtdan tanıyır. X3 şəhəri “Köhnə bazar” adlanan ərazidə yerləşən "Park Bulvar" adlı kafedə aşbaz işlədiyini də bilmişdir. Lakin o, Masallı rayonu Musaküçə kənd sakini Təqsirləndirilən şəxs1 isə əvvəllər tanımamışdır. O, Osmanı Taqifin vasitəsi ilə bir neçə gün əvvəl tanımışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 13-14 radələrində Taqif onun istifadəsində olan mobil nömrəyə zəng edib, Osman adlı tanışında iki baş satılıq quzu olduğunu bildirmişdir.Həmin gün o, Masallı şəhəri H.Əliyev prospektində yerləşən "Bank Respublikanın" Masallı rayon filialının yanında olduğu üçün Taqifə işlədiyi restorana gələcəyini demiş və oradan birbaşa Taqifin işlədiyi "Park Bulvar" adlı kafenin qarşısına getmişdir.Orada Taqiflə görüşüb quzuların harada olduğunu soruşmuş, Taqif quzuların dostu Osmanın yaşadığı Masallı rayonu Musaküçə kəndində yerləşən evdə olduğunu, lakin quzuların fotoşəkillərinin mobil telefonunda olduğunu bildirdi. Həmin vaxt o, Taqifin mobil telefonunda şəkillərə baxan zaman şəkildə bir baş erkək cinsli, ağ-ala rəngli və bir baş dişi cinsli, qırımızı rəngli quzuların olduğunu görmüşdür. Bundan sonra o, Taqifdən həmin quzuların həqiqətən Osmana məxsus olub-olmadığını soruşmuşdur. Həmin vaxt Taqif Osmanın 4-5 baş qoyunlarının olduğunu və həmin qoyunları Təzəkənd kəndi ərazisində yerləşən qohumlarına məxsus fermada saxladığını, əgər qoyunlarla əlaqədar hər hansı bir problem yaranarsa özünün məsuliyyət daşığını bildirmişdir. O, Taqifi çoxdandır tanıdığı üçün etibar edib Taqiflə birlikdə idarə etdiyi **-CX-*** dövlət qeydiyyat nömrə nişanlı, VAZ2101 markalı avtomobillə Musaküçə kəndinə gedib orada Osmanın yaşadığı evin həyətinə getmişdir. Həmin vaxt orada onları Osman qarşılamışdır. Orada Osman həyətində olan dəmir çəpərin arasında olan iki baş quzunu təqdim edib həmin quzuları satdığını bildirmişdir. Osman həmin quzunu 400 manata satdığını bildirmiş və o, Osmanla şifahi alqı-satqı edib həmin iki baş quzunu ümumilikdə 330 manat pul müqabilində almışdır. O, həmin vaxt üzərində pulunun olmadığını və quzunun pulunu bir neçə saat sonra verə biləcəyini bildirmişdir. Bu zaman Osman Taqiflə birlikdə Taqifin işlədiyi kafedə iki saat sonra yemək yeyəcəklərini və oraya gəlib quzunun pulunu verə biləcəyini bildirmişdir. O, etiraz etməmiş və razılaşmaya uyğun olaraq Taqiflə Osman həmin iki baş quzunu avtomibilinin arxa yük yerinə qoyduqdan o, həmin quzuları yaşadığı Masallı rayonu Alışanlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan tövləyə aparıb yerləşdirmişdir. O, həmin gün evə qayıtdıqdan sonra dərhal Osmandan aldığı quzulardan bir baş dişi cinsli olanını kəsmiş və həmin quzunu özündə olan tərəzidə çəkdikdən sonra çəkisinin 14 kiloqram olduğunu bilmişdir. Daha sonra həmin quzunu aparıb Masallı şəhərində yerləşən "Lido" restoranına 238 manat müqabilində satmışdır. Bundan sonra həmin gün saat təxminən 16:40 radələrində oradan birbaşa Taqifin işlədiyi restorana getmişdir. Həmin vaxt Taqiflə Osmanın kafedə əyləşdiklərini görüb onlara yaxınlaşmışdır. O, onlarla salamlaşdıqdan sonra üzərində olan 3 ədəd 100 manatlıq, 3 ədəd 10 manatlıq pul əskinazlarından ibarət ümumilikdə 330 manat pulu Taqiflə Osmanın oturduqları stolun üzərinə qoymuşdur. Həmin vaxt Taqif və Osman pulu götürüb baxdıqdan sonra o, onlarla sağollaşıb yaşadığı evə qayıtmışdır. Bugün ona məlum olmuşdur ki, Taqif və Osman həmin iki baş quzunu əvvəllər tanımadığı Masallı rayonu Göyəçöl kənd sakini Zərərçəkmiş şəxs təsərrüfatında olan qoyunların içindən oğurlayıb ona satmışlar və polis əməkdaşları tərəfindən saxlanılmışlar. O, bu barədə məlumat əldə etdikdən dərhal sonra öz avtomobili ilə Zərərçəkmiş şəxs ünvanını tapıb ona məxsus oğurlanmış bir baş erkək cinsli ağ-ala rəngli quzu Zərərçəkmiş şəxs özünə təhvil vermişdir. O, həmin quzuların oğurluq yolu ilə əldə olunmasını bilməmişdir. Əvvəllər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, 2024-cü ilin yanvar ayının 15-dən etibarən Masallı şəhəri "Bayraq Meydanı" adlanan ərazinin yaxınlığında yerləşən "Lido" restoranında administrator vəzifəsində işləyir. Masallı rayonu Alışanlı kənd sakini Şahid1 restoranda işlədiyi vaxtdan tanıyır. Belə ki, işlədiyi “Lido” restoranı üçün xırda buynuzlu heyvanlar uzun müddətdir ki, Şahid1 alınmışdır. Restoran üçün bütün məhsullarla yanaşı, ət məhsullarının alınmasına da o nəzarət edir. Onun Elnurla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Şahid1 xx.xx.2024-cü il tarixdə axşam tərəfi həmişə olduğu kimi qabaqcadan verdikləri sifariş əsasında bir baş 14 kiloqramlıq quzunu kəsilmiş halda restorana gətirib təhvil vermiş və o da, quzunun çəkisinə uyğun olaraq Elnura 238 manat pul vermişdir. Həmin quzunun əti elə həmin tarixdə restoranda yeməklər üçün istifadə olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, Elnurdan xx.xx.2024-cü il tarixdə restoran üçün aldığı quzu oğurluq yolu ilə əldə olunmuş quzu olmuşdur. Lakin işlədiyi müddətdə ilk dəfədir ki belə bir halla rastlaşmışdır. Elnur bundan əvvəl restorana oğurluq yolu ilə əldə olunmuş quzu satmamışdır. O, Masallı rayonu Musaküçə kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Elnurdan aldığı quzunun həmin şəxslər tərəfindən oğurlanmasından və ümumiyyətlə oğurluq yolu ilə əldə olunmasından məlumatı olmamışdır.O, Elnurdan mütəmadi olaraq quzu aldığı üçün bu barədə Elnurdan heç nə soruşmamışdır. Cinayət işində olan 23 fevral 2024-cü il tarixli "xxxx" MMC tərəfindən təqdim edilmiş rəydə qeyd edilmişdir ki, təqdim olunmuş ət çəkisi 13 kq olan ağ-ala rəngli 1(bir) baş xırdabuynuzlu quzunun qiyməti 221 manat və ət çəkisi 14 kq olan qırmızı rəngli 1(bir) baş xırdabuynuzlu quzunun qiyməti 238 manatdır. İş materiallarında olan maddi sübutun tanınması və təhvil verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, bir baş quzu iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü zərərçəkmiş şəxsə geri qaytarılmışdır. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus olan 1 baş erkək cinsli, ağ-ala rəngli quzunu sağlam vəziyyətdə təhvil almışdır. İş materiallarında olan Masallı RİH Başçısının Musaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 181.2.4 və 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nin 181.2.4-cü maddəsi xaric edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 ay müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işində olan Masallı Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2-767/24-62-16 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı qərar xx.xx.2023-cü il tarixdə Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, cəza müddəti xx.xx.2024cü il tarixdə bitdiyi üçün Masallı Rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Masallı RİH Başçısının Musaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Nəcəfov X1 rayonu, Musaküçə kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri elan edilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirildiyi üçün onlara həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir. Onun əməlində cinayətin residivi vardır. Cinayətin residivi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə CM-in 58-ci maddəsinə əsasən cəza təyin edərkən Təqsirləndirilən şəxs1 şəxsiyyətini pis səciyyələndirməklə təyin olunacaq cəzanın şəxsin islah olunması yönümündə yetərli olmasını nəzərə alaraq daha sərt cəza yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs1 CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 22 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 fevral 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad olunmuşdur. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 1(050)-103/2024 saylı, 22 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmədən gizləndiyi üçün barəsində axtarış elan olunmuş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Masallı RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Masallı rayonu ərazisində saxlanılaraq Masallı RPŞ-nə gətirilməklə NH-yə təhvil verilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 346.1.22-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 01 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilmiş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 22 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 fevral 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Buda onu göstərir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə mütəxəssis rəyinin dəyəri olan 30 (otuz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından Zərərçəkmiş şəxs məxsus Masallı rayonu Göyəçöl kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan tövlədən oğurlanmış 1 baş erkək cinsli, ağ-ala rəngli quzununun qanuni sahibinə geri qaytarılması və dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan mərhum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan mərhum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 01 iyul 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutularaq saxlanıldığı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan 02 (iki) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 münasibətdə hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mütəxəssis rəyinin dəyəri olan 30 (otuz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES ******************** hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus Masallı rayonu Göyəçöl kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan tövlədən oğurlanmış 1 baş erkək cinsli, ağ-ala rəngli quzunun qanuni sahibinə geri qaytarılması və dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Hökm elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar