Məhkəmə qərarları › İş №1(050)-105/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-105/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-105/2024 15.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Masallı şəhəri, M.F.Axundov küçəsi ev 17-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 26 mart 2024-cü il tarixdə saat 16 radələrində Masallı rayonu Musaküçə kəndi ərazisində saxlanılaraq RPŞ-yə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol iç hissəsindən yapışqan lentlə bağlanmış 01 ədəd göy rəngli sellofan bükümün içərisindən təmiz çəkisi-484,0 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, 26 mart 2024-cü il tarixdə saat 16 radələrində Masallı rayonu Musaküçə kəndi ərazisində Təqsirləndirilən şəxs tərəflərindən şübhəli şəxs qismində saxlanılmış və narkotik vasitələri üzərində gəzdirməkdə və istifadəsində şübhəli olduğundan Masallı RPŞ-yə dəvət etmişlər. Masallı RPŞ-nin inzibati binasında baş təhqiqatçı Ariz Səfərovun xidməti otağında üzərinə şəxsi axtarış keçirilən zaman göy rəngli sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmin narkotik vasitənin çəkisi 510 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni bir il əvvəll özünün əkdiyi çətənə bitkisinin yarpaqlarını qurudaraq əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, daxil olmuş əməliyyat məlumatı əsasında Masallı rayonu Musaküçə kəndi ərazisində Təqsirləndirilən şəxs saxlayaraq Masallı RPŞ-yə aparmışlar. Masallı RPŞ-nin inzibati binasında təhqiqatçı, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində olan gəzdirilməsi qanunla qadağan olunmuş qurudulmuş marixuananı çıxararaq təqdim etmişdir. Bununla bağlı sənədləşdirmə aparılmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etdi ki, işgəncə altında verilmiş ifadə əsaslı sayıla bilməz. O, haqqını tələb etmiş və hazırda da haqqının araşdırılmasını tələb edir. O, 25 gün müddətində narkotiklərlə mübarizə aparan əməliyyatçı Şahid1 qardaşının evində işləmişdir. 24 və 25 mart 2024-cü il tarixlərdə DİN-nin 102 xidmətinə zəng vuraraq İlkinin ona borcu olduğunu və vermədiyini bildirmişdir. Haqqını tələb edir deyə həbs olunmalıdırmı?. Musaküçə yolunda dayandığı zaman gəlib onu həbs etmişlər. O, narkomandır və əgər o, narkoman idisə o zaman narkotiklərlə mübarizə aparan polis əməkdaşının evində nə işi vardır. xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng vurmuşdur ki, İlkinin ona 2000 manat borcu vardır. Belə ki, üç avtomobil rəngləmişdir. Həmin avtomobilləri İlkinin qardaşı evində qalaraq həmin evin həyətində rəngləmişdir. Rənglədiyi həmin avtomobillərdən İlkinin qardaşının olan biri 2106 markalı ağ rəngli biri isə Ford markalı ağ rəngli və İlkinin özünün olan qara rəngli maşınını. O, həmin evdə 25 gün yaşamışdır. Buna sübut isə onun həmin evin dizaynını bilir, ev 2 mərtəbəli olmaqla ikinci mərtəbəsində 3 otaq vardır. Eləcədə evə girən zaman solda mətbəx və sağda pilləkən yerləşir. İbtidai istintaq zaman ona işgəncə verildiyi üçün etirafedici ifadə vermişdir. Pulu üçün 24 və 25 mart 2024-cü il tarixdə DİN-nin 102 xidmətinə şikayət etmiş 26 mart 2024cü il tarixdə isə Bakı şəhərinə getmək istədiyi zaman saat 11 radələrində dayısının yeznəsinin əli ilə onu Musaküçə yolunda tutmuşlar. Sonra isə onu maşına mindirərək maşında ona işgəncə verə-verə şöbəyə aparıb əlinə qandal vuraraq işgəncə verməyə başlamışlar. 10 kiloqram narkotik vasitə qoymuşlar qarşısına o da məcbur olub CM-nin 234.1-ci maddəsi ilə razılaşmışdır. Günahı yoxdur, narkotik vasitə onun deyil. 2000 manat pula görə haqqını istədiyinə görə bu gün məhkəmədədir. Araşdırılsın, o, onların evində qalmışdır. O, 6-7 il həbsdə olan şəxsdir, o, sellofan kulokda narkotik vasitəni Musaküçə dairəsində üzərində gəzdirərmi “hamilə qadınlar kimi”?. İlkinin evi araşdırılsın, o, həmin evin diaqnozunu birə-bir verə bilər. Avtomobilllərdən başqa o, üç balaca qapı, bir qaraj qapısı rəngləmişdir. 7-8 fevral 2024-cü il tarixdən İlkin onu qardaşının evinə aparmışdır. Orada o, İlkinin qara rəngli maşınını, qardaşının isə 2 maşınını, eləcədə qardaşının evində olan əşyaları rəngləmişdir. Qardaşının iki oğlan bir qız olmaqla üç uşağı vardır. Əgər o, onların evində işləməmişdirsə bütün bunları hardan bilir?. Mart aynın 4-də onların evindən çıxmışdır. İlkin qardaşı özü onu Masallıya gətirmişdir. O, İlkinin qardaşının evində işlədiyi zaman İlkin ona narkotik vasitə vermişdir. Hər gün İlkin ona yarım qram heroin, yarım qram metamfetamin olmaqla ümumilikdə 1 qram narkotik vasitə vermişdir. İlkin ondan ona vermiş olduğu narkotik vasitənin qara bazarda qiymətinin nə qədər olduğunu soruşduğu zaman o, 70 manat olduğunu bildirmiş, İlkində ona vermiş olduğu narkotik vasitəni 50 manatdan hesabladığını və bu səbəbdən də ona heç bir borcunun olmadığını bildirmişdir. Bildirmişdir ki, “sənə narkotik vasitə vermişəm ona görə sənə borcum yoxdur”. Məhkəmədən işin düzgün araşdırılmasını xahiş etdi. Təqsirləndirilən şəxs ona qarşı ittiham elan edilmiş cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilən mötəbər sübut növləri ilə (təqsirləndirilən şəxsin öz əl yazısı ilə yazmış olduğu izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman vermiş olduğu ifadələri, video çəkilişlə keçirilmiş şəxsi axtarış və götürmə protokolu və həmin protokola əlavə edilmiş 01 ədəd CD disk, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokol, aparılmış üzləşdirmə haqqında istintaq protokolları) tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin ifadəsini səmimi qəbul etməməklə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə aludəçisidir və narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Ustalıq işi ilə məşğul olduğu üçün bədənində tez-tez ağrılar yaranmış, həmin ağrıları yatızdırmaqdan ötrü narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 2023-cü ilin aprel ayının əvvəllərində Viləş çayının Masallı rayonu Banbaşı kəndi ərazisindən keçən hissəsində balıq tutarkən təsadüfən ağ rəngli sellofan diqqətini çəkmiş, həmin sellofana baxdıqda içərisində 2 ədəd çətənə bitkisinin toxumu olmasını görmüş, narkotik vasitəyə olan tələbatını ödəməkdə çətinlik çəkdiyindən 2 ədəd çətənə bitkisinin toxumunu əkməyi, əldə edəcəyi qurudulmuş marixuana ilə uzun müddət tələbatını ödəməyi düşünmüş, çətənə bitkisinin toxumunu tapdığı yerin yaxınlığındakı kolluq ərazidə əkməyi qərara almışdır. 2023-cü ilin aprel ayının xatırlamadığı həmin günü 2 ədəd çətənə bitkisinin toxumunu kolluq ərazidə əkmiş, daha sonra oradan çıxıb getmiş, şəxsi işləri ilə əlaqədar tez- tez Bakı şəhərində olduğundan narkotik tərkibli çətənə bitkisinin toxumlarını əkdiyi yerə arada bir getmiş, əkdiyi 2 ədəd çətənə kolunun yarpaqlarını 2023-cü ilin sentyabr ayında yığaraq qurutmuş və özü istifadə etməkdən ötrü sellofan torbaya tökmüşdür. Çətənə kollarının yarpaqlarını qurutduqdan sonra narkotik vasitə olan qurudulmuş marixuananı göy rəngli sellofan paketə yığmış, həmin paketin üzərini yapışqan lentlə bağlamış və əkdiyi kolluq ərazidə gizlətmişdir. Narkotik vasitə qurudulmuş marixuana olan bükümün üzərini yağışlı havadan qorumaqdan ötrü qırıq halda olan dam örtüyü vasitəsilə örtmüş, daha sonra həmin qurudulmuş marixuanadan Masallı rayonu ərazisində olarkən 1-2 dəfə istifadə etmiş, əksər hallarda işləri ilə əlaqədar Bakı şəhəri ərazisində olmuş və narkotik vasitəyə olan tələbatını Bakı şəhəri ərazisində ödəmişdir. 2024-cü ilin mart ayının ikinci ön günlüyündə Novruz bayramı münasibətilə Bakı şəhərindən Masallı şəhərindəki evinə gəlmiş, həmin vaxtı həm bayramı keçirtməyi, həm də Bakı şəhərinə qayıdarkən gizlətdiyi narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün özü ilə Bakı şəhərinə aparmağı planlaşdırmış, bayramı ailəsi ilə birlikdə keçirtdikdən sonra 26 mart 2024-cü il tarixdə Bakı şəhərinə qayıtmaq qərarına gəlmişdir. Həmin günü saat 15 radələrində yaşadığı ev ilə piyada hərəkət edərək narkotik vasitə olan qurudulmuş marixuananı gizlətdiyi Viləş çayının Masallı rayonu Banbaşı kəndi ərazisindən keçən hissəsində yerləşən kolluq yerə gəlmiş, narkotik vasitə qurudulmuş marixuana olan yapışqan lentlə bağladığı göy rəngli sellofan bükümü üzərində götürmüş, əynində olan qış gödəkçəsinin alt hissəsində gizlətmiş, Masallı rayonu Musaküçə kəndi ərazisində yerləşən Musaküçə dairəsi adlanan yerə gəlmiş, Bakı şəhərinə gedən taksi avtomobilinə əyləşməkdən ötrü orada dayanmışdır. Orada olarkən təxminən saat 16 radələrində tanımadığı 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər, polis əməkdaşları üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğundan və orada üzərində şəxsi axtarış aparılması üçün əlverişli şərait olmadığına görə onu Masallı RPŞ-yə dəvət etmişlər. Polis əməkdaşlarına hər hansı bir etiraz etməmiş, Masallı RPŞ-də özünü baş təhqiqatçı Ariz Səfərov kimi təqdim edən polis əməkdaşının xidməti otağına aparılmış, orada şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, öz istəyi əsasında dövlət hesabına Masallı rayon Vəkil Bürosundan vəkil Müdafiəçisi təyin edilmişdir. Bundan sonra müdafiəçisinin iştirakı ilə videogörüntü aparılmaqla üzərinə baxış keçirilməzdən öncə qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşyanın üzərində olub-olmaması barədə baş təhqiqatçı Ariz müəllim sual vermiş, üzərinə şəxsi axtarış keçirələcəyini anlamış, əynində olan qara rəngli gödəkçəsinin sol iç hissəsində saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan yapışqan lentlə bağlanmış 1 ədəd göy rəngli sellofan bükülünü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Baş təhqiqatçının verdiyi sualları cavablandırmış, sellofan bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni Viləş çayının Masallı rayonu Banbaşı kəndi ərazisindən keçən hissəsində çay kənarında özü tərəfindən əkilmiş çətənə bitkisinin yarpaqlarını qurudub əldə etdiyini bildirmişdir. Üzərinə və əynində olan paltarlara şəxsi axtarış keçirilən zaman üzərindən qanunla qadağan olunmuş başqa maddə aşkar olunmamış, təqdim etdiyi 1 ədəd sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, çəkisi 510 qram olmuş, üzərindən aşkar olunmuş 1 ədəd sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuana zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərisi imzalanaraq möhürlənmiş, protokol tərtib olunmuş və tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor və ya psixi təzyiq göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilən iş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsı axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol iç hissəsindən yapışqan lentlə bağlanmış 01 ədəd göy rəngli sellofan bükülünü çıxararaq təqdim etdiyi, həmin göy rəngli bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitənin ona məxsus olduğunu, ötən ilin aprel ayında Masallı rayonu Banbaşı ərazisində Viləş çayının kənarında əkmiş olduğu 2 ədəd narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını elə ötən ilin sentyabr ayında yığıb qurudaraq əldə etdiyini söylədiyi müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsi tərəfindən təqdim edilmiş 27 mart 2024-cü il tarixli, 19/285 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükülüdə təmiz çəkisi:- 484,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (marixuananın təmiz çəkisi 484.0 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 483.9 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X8 Yoxlamanın nəticələrinə dair 27 mart 2024-cü il tarixli, 288 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə Qarnizonu Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243 və 244-cü maddəsinin “B” bəndinə, 38-ci maddəsinə əsasən 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il tarixli Amnistiya qərarının 4-cü maddəsinə əsasən cəzası 1/2 qədər azaldılaraq 3 il 3 ay 7 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2003-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Masallı rayon İHB-nin Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Səfərov X4 şəhəri, M.F.Axundov küçəsi, ev 17 ünvanında qeydiyyatda olmaqla arvadı xx.xx.1983-cü il təvəllüdlü X3, qızı xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 ibarət ailə tərkibində yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Təqsirləndirilən şəxs vəsatəti ilə istifadəsində olan mobil nömrələr üzrə telefon məlumatlarının götürülməsi haqqında qərar qəbul edilmişdir. Mobil operatorlardan əldə edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məlumatlarda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə zəng etməsi aşkar edilməmişdir. İş materiallarında olan Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin 06 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD disk, təqsirləndirilən şəxsin öz əl yazısı ilə yazmış olduğu izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman vermiş olduğu ifadələri, şəxsi axtarış və götürmə protokolu, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokol, aparılmış üzləşdirmə haqqında istintaq protokolları, həmçinin işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan aparılmış istintaq hərəkətləri zaman özünü tam şəkildə təqsirli bilərək üzərindən aşkarlanmış narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 sentyabr 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini pis səciyyələndirməklə ona daha sərt cəza olan azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 28 mart 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi nəzərə alınmaqla cəza təyin etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsində göstərilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 15 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 483.9 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülməsini özündə əks etdirən video CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübutun məhv edilməsi hissəsini icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 mart 2024-cü il tarixdən 28 mart 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 15 oktyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 483.9 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi görüntülərini özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar