Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-107/2023 17.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 08 avqust 1994-cü il tarixdə Rusiya Federasiyasının Çuvaşiya Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz əldə etdiyi psixotrop maddə metamfetamini üzərində qanunsuz saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Masallı şəhəri C.Cabbarlı küçəsi ərazisində saxlanılaraq Masallı RPŞ-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,324 qram, ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrin aludəçisi deyildir. Təxminən dekabr 2022-ci ildən narkotik vasitə istifadə edir. Ötən müddət ərzində 3 dəfə narkotik vasitə istifadə etmişdir. Dördüncü dəfə isə narkotik vasitə əldə etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Belə ki, o, 16 mart 2023-cü il tarixdə Masallı şəhəri H.Əliyev adına parkın yaxınlığında olduğu zaman xarici görünüşünə görə narkotik vasitələrin istifadəçisinə bənzəyən tanımadığı şəxsə 10 manat pul vermiş, həmin şəxs də, onun üçün narkotik vasitə əldə edərək gətirib ona vermişdir. Törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadə verərək bildirdi ki, 16 mart 2023-cü il tarixdə M.Talışxanov küçəsi ev 17 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunmasından ötrü əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla Masallı RPŞ-nin rəisinə məruzə etmiş və tərtib etdiyi raportun icrası tədbirlərin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuşdur. Raport əsasında onun tərəfindən qərar qəbul olunmuş və qərar rəisə məruzə edildikdən sonra həmin gün təsdiq olunmuşdur. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat-təhqiqat qrupunun yaradılması barədə şöbə rəisi tərəfindən əmr imzalanmış və o, qrupun rəhbəri təyin edilmişdir. Həmin gün saat 21 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri C.Cabbarlı küçəsi ərazisində olması barədə məlumat əldə edib Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə həmin əraziyə getmiş, həmin ərazidə piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində narkotik maddə olması, qəbulunda şübhəli olmasını bildirib polis şöbəsinə dəvət etmiş və birlikdə Masallı RPŞ-nə gəlmişdir. O, bu barədə raportla şöbə rəisinə məruzə etmiş və raportun icrası TB-nin təhqiqatçısı Abbasağa Paşayevə həvalə olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı Abbasağa Paşayev tərəfindən şübhəli şəxs qismində tutulmuş və sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Masallı rayon Vəkil Bürosunun müdafiəçisi Müdafiəçi təyin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə varsa iştirakçılara təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükülünü iştirakçılara təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Masallı şəhərində yerləşən H.Əliyev parkı ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmiş və bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamış və Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm elektron tərəzidə çəkilərək ümümi çəkisi 0,41 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə metamfetamin zərfə qoyularaq DİN-in 90 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Şəxsi axtarış zamanı iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamış, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddə metamfetamini Masallı şəhərində yerləşən H.Əliyev parkı ərazisində tanımadığı şəxsdən əldə etməsi barədə məlumat daxil olmuş, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamış, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik və ədavəti olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin çıxararaq könüllü təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin Məhkəmə fiziki-kimyəvi eskpertizasının 17 mart 2023-cü il tarixli, 19/314 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə.....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0.324 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir (metamfetaminin təmiz çəkisi- 0.324qr., tədqiqata sərf edildi-0,04qr., qalıq-0,284qr). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X5 Yoxlamanın nəticələrinə dair 17 mart 2023-cü il tarixli, 307 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-in təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, İbadov X3 şəhəri, M.Talışxanov küçəsi, ev 17-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD disk, həmçinin işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-in 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsüf edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunacağı təqdirdə də, təmin edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 18 mart 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 60 (altımış) manat məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subut kimi tanınaraq Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,284 qram olan ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video çəkilişin aparılmasına dair 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu 16 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixədək olan 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində toksikomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,284 qram çəkidə ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 (bir) ədəd “CD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-107/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-107/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver