Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-107/2024 21.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məhkəmə iclasının katibi X7, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Masallı rayonu Ərkivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 məxsus, çəkisi 25 kiloqram və çəkisi 30 kiloqram olan 1 il yarımlıq 2 baş dişi cinsli xırdabuynuzlu heyvanını (qoyun) kəsərək pulunu verəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 Masallı rayonu Qarğalıq kəndində yerləşən fərdi yaşayış evinin həyətində sonuncuya məxsus, ümumilikdə 550 manat dəyərində 2 baş xırdabuynuzlu heyvanını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 Mirzəbala oğluna məxsus, çəkisi 136 kiloqram olan, 3 illik 1 baş erkək cinsli iribuynuzlu heyvanını (dana) kəsərək pulunu verəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 Masallı şəhəri Digah küçəsində yerləşən fərdi yaşayış evinin həyətində sonuncuya məxsus 1700 manat dəyərində 1 baş iribuynuzlu heyvanını ələ keçirməklə dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs3 məxsus, çəkisi 12,5 kiloqram olan 1 illik 2 baş erkək cinsli, çəkisi 30 kiloqram olan 1 illik 1 baş dişi cinsli və çəkisi 20 kiloqram olan 1 illik 1 baş dişi cinsli xırdabuynuzlu heyvanını (qoyun) kəsərək pulunu verəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 Masallı rayonu Babaküçə kəndində yerləşən fərdi yaşayış evinin həyətində sonuncuya məxsus, ümumilikdə 820 manat dəyərində 4 baş xırdabuynuzlu heyvanını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs4 məxsus, çəkisi 90 kiloqram olan, 1 illik 1 baş erkək cinsli iribuynuzlu heyvanını (dana) kəsərək pulunu verəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra xx.xx.2024-cü il tarixdə Masallı rayonu Kosakül kəndində yerləşən mal bazarında sonuncuya məxsus 1000 manat dəyərində 1 baş iribuynuzlu heyvanını ələ keçirməklə dələduzluq etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, qəssablıq fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxslərdən nisyə mal-qara almış və onlara borcu yaranmışdır. Daha sonra isə şəxsi təsərrüfatında olan 9 ədəd xırdabuynuzlu heyvanı-qoyunu oğurlanmışdır. O, bununla bağlı polis şöbəsinə müraciət etmişdir. Eləcədə 2000 manat pulu oğurlanmışdır. Lakin buna baxmayaraq fəaliyyətini davam etdirmişdir. O, borcunu bir dəfəyə ödəyə bilməyəcəyi, hissə-hissə ödəyə biləcəyi ilə bağlı zərərkəmiş şəxslərə xəbər göndərmişdir. Lakin zərərçəkmiş şəxslər onunla razılaşmamışlar. Onun zərərçəkmiş şəxslərə təxminən 3300-3500 manat borcu vardır. İşi ilə bağlı müəyyən şəxslərdən nisyə mal alır, daha sonra pulunu qaytarır, eyni zamanda özüdə restoranlara nisyə olaraq iribuynuzlu və xırdabuynuzlu mal-qara əti verir və hazırda həmin restoranların ona borcları vardır. Hazırda dəymiş maddi ziyanı ödəyə bilməmişdir. Əməlindən səmimi peşmandır. Odur ki, məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək bildirdi ki, ehtiyacı olduğuna görə təsərrüfatında olan bir baş dananı satmaq qərarına gəlmişdir. Cəbrayıl onun yaşadığı evə gəlmiş və heyvana baxmaq istəməsini bildirmişdir. Cəbrayılla heyvanın bir kiloqramını 12,50 qəpikdən razılaşmışlar. Cəbrayıl ona dananı kəsib pulunu verəcəyini bildirmişdir. Cəbrayıl dananı aparıb kəsmiş, lakin pulunu verməmişdir. Bu günə kimidə pulunu qaytarmamışdır. Oda ehtiyaclarını ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs verdiyi vədinə əməl etmədiyi üçün o, dəfələrlə Təqsirləndirilən şəxs mobil telefonla zəng edərək, pulunu geri qaytarmasını tələb etmişdir, amma Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirib verdiyi vədinə əməl etməmiş və onun pulunu verməmişdir. O, da buna görə Masallı RPŞ-nə zəng edərək, bu barədə məlumat vermişdir. Ona dəymiş ziyan 1700 manat təşkil edir. Təqsirləndirilən şəxs həmin ziyanı bu günə kimi ödəməmişdir. Tələbi ondan ibarətdir ki, ona dəymiş ziyan ödənilsin. Məhkəmədən təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələr üzrə qanunauyğun cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək bildirdi ki, ehtiyacı olduğundan tanışı Hikmət adlı qəssaba zəng edərək, onun evinin həyətində xırdabuynuzlu heyvanının olmasını və satmaq istədiyini bildirmişdir. Lakin Hikmət gəlib onun xırdabuynuzlu heyvanı aparmamış, səbəb isə pulunun olmadığını bildirmişdir. Təsərrüfatında olan bir baş xırdabuynuzlu heyvanı doğduqdan sonra nasaz olmuş və o, Hikmətə qoyunu satmaq istədiyini demişdir. Bundan sonra Hikmət təqsirləndirilən şəxs Cəbrayılla birlikdə gəlmişlər və o, Cəbrayılla 1 baş xırdabuynuzlu heyvanı 200 manata ondan satmışdır. Cəbrayıl qoyunu maşına mindirdiyi zaman ona malın pulunu ən geci sabah axşama çatdıracağını demişdir. X8 birlikdə gəldiyini düşünərək razılaşmışdır. Çünki Hikmət həmişə ondan mal almış, pula ehtiyacı olduğu zaman Hikmətdən pul almışdır. Bu səbəbdən Hikmətin onu tanıdığını guman edərək Cəbrayılla razılaşmışdır. Səhəri olmuş Cəbrayıldan bir xəbər çıxmamışdır, növbəti gün yenədə ondan bir xəbər çıxmamışdır, bu minvalla günlər ötüb keçmişdir. Təxminən 3 gün sonra Cəbrayıla ona zəng vuraraq ondan almış qoyunu restorana verdiyini, əti çatmadığını ona bir baş qoyun daha satmasını, hər iki qoyunun pulunu bir dəfəyə verəcəyini bildirmişdir. O, Cəbrayılla razılaşmış və Cəbrayıla pula ehtiyacı olduğundan qoyunu satdığını pulu ona vaxtında verməsini bildirmişdir. Cəbrayılda and-aman edərək arxayın olmasını demişdir. Həmçinin Cəbrayıla onuda demişdir ki, “quzularımda vardır, onları Hikmətə satmaram sənə sataram, görürəm ki, kasıb oğlansan”. Çünki Cəbrayıl özünü ona o, səviyyədə tanıtmışdı. Cəbrayıl ikini malı apardıqdan sonra axşamçağı pulunu verəcəyini demiş, lakin axşamçağı olduğu zaman Cəbrayıla zəng etdiyi zaman telefonu sonmuşdur. Bu minvalla Cəbrayıl ona müxtəlif vədlər vermiş, bəhanələr gətirib onun pulunu verməmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan başqa da digər şəxslərədə verəcəkləri var. O da buna görə Masallı RPŞ-nə gələrək, bu barədə şikayət ərizəsi yazmışdır. Polis şöbəsində olduğu zaman başqa şəxslərində ondan şikayət etdiyinin şahidi olmuşdur. O, Təqsirləndirilən şəxs 2 baş dişi cinsli xırdabuynuzlu heyvan vermişdir. Təqsirləndirilən şəxs ondan ümumilikdə dəyəri 550 manat olan 2 baş xırdabuynuzlu heyvanı( qoyun) almışdır. Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəməmişdir. Tələbi ondan ibarətdir ki, əgər ona dəymiş ziyanı ödəmirsə, məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs ona zəng vuraraq “telefon nömrəni Hikmətdən almışam, qoyun satdığını eşitmişəm, hardasan, evin hardadı de yerini gəlim” demişdir. Oda ünvanını Cəbrayıla bildirmiş və Cəbrayıl onun yaşadığı evə gəlmişdir. Təqsirləndirilən şəxs ondan ümumi dəyəri 820 manat olan 04 baş xırdabuynuzlu heyvan qoyun alıb aparmışdır. Qoyunları maşına yüklədikdən sonra o, Cəbrayıldan pulu istəmiş, Cəbrayıl isə kafelərə mal verdiyini, pullarını alıb sabah yox birisi gün verəcəyini demişdir. Oda Cəbrayıla həyat yoldaşının xəstə olduğundan və oğlunun isə hərbi xidmətdə olduğundan pula ehtiyacı olduğu, həyat yoldaşını xəstəxanaya aparmaq üçün malları satdığını bildirmişdir. Cəbrayıl isə ona narahat olmamasını birisi gün pulun onda olacağını, söz verdiyini bildirmişdir. İki gün sonra o, Cəbrayıla zəng edərək “pulumu ver həkimlə danışmışam, xəstəxanaya getməliyəm” demişdir. Cəbrayıl isə cavabında narahat olmamasını birisi gün pulu verəcəyini bildirmişdir. Beləcə 1 ay keçmişdir. O, bir aydan sonra Cəbrayılın yanına getmişdir. Cəbrayıl ona narahat olmamasını pulunun olmadığını pullarının restoranlara verdiyi mallarda olduğunu bildirmişdir. Artıq beş aydır ki, Cəbrayıl onun pulunu qaytarmır. Dəymiş ziyan ona ödənilməmişdir. Şikayətçidir. Bu günə kimi dəymiş ziyanı ödəməmişdirsə hansı cəzaya layiqdirsə məhkəmədən təqsirləndirilən şəxsə həmin cəzanı verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında özünə məxsus 4 baş iribuynuzlu heyvanını satmaq üçün “mal bazarına” aparmışdır. Bazarda olduğu zaman həmin 4 baş malın birini bazarda satmışdır. Digər üç baş malıda bazarda istəmiş olsalar da o, verilən qiymətlə razılaşmadığı üçün satmamışdır. Malları evə gətirmək istəmiş, bu zaman Cəbrayılla rastlaşmışdır. O, Cəbrayıl əvvəllərdə mal bazarında bir neçə dəfə görmüşdür. Cəbrayıl malları ona verməsini xahiş etmişdir və İmişli rayonuna aparacağını bildirmişdir. Daha sonra bazardan çıxdığı zaman Cəbrayıl onun olduğu maşına əyləşərək onun dükanının qabağına getmələri, onları orada gözlədiklərini bildirmişdir. Oda razılaşmış və birlikdə Cəbrayılın dükanının yanına getmişlər. Oraya çatdıqları zaman Cəbrayıl bir baş erkək cinsli dananı maşından düşürmüş, digər iki dişi cinsli danalar isə maşında qalmışdır. Lakin dükanın qarşısına çatdıqları zaman orada heç kim olmamışdır. Həmin vaxt Cəbrayıl ondan bazarda dananı neçəyə satdığını soruşmuş, oda cavabında 1050 manat pul verdiklərini lakin razılaşmadığını demişdir. Cəbrayıl ona həmin bir baş erkək dananı ondan 1000 manata almaq istədiyini bildirmişdir. Cəbrayılla bir qədər söhbət etdikdən sonra razılaşmışdır. Həmdə malı evə aparsın daha sonra yenidən bazara aparsın bununla bağlı maşına verəcəyi yol xərclərini düşünmüşdür. Cəbrayıl malı maşından düşürdükdən sonra ona həftənin çərşənbə axşamı gəlib pulu apara biləcəyini bildirmişdir. Oda razılaşmışdır. Daha sonra yaşadığı evinə getmişdir. Yolda olduğu zaman digər iki dananıda satmışdır. Evə çardığı zaman Cəbrayıl ona zəng vuraraq “əmi uşaqların yükləri düzəlmir o, iki dananıda ver mənə” demişdir. O, isə həmin danaları satdığını demişdir. Çərşənbə axşamı Cəbrayılla əlaqə saxlamış, Cəbrayıl ona sabahı gün gəlməsini demişdir. Sabahı zəng vurduğu zaman isə İstisuda olduğunu bildirmişdir. Bu minvalla Cəbrayıl ona müxtəlif vədlər verərək onu aldatmışdır. Təqsirləndirilən şəxs ona 1000 manat borcu vardır, həmin borcdan heç bir ödəniş etməmişdir. Şikayətçidir. Məhkəmədən təqsirləndirilən şəxsə qanunauyğun cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 fadəsində bildirdi ki, onun Qazel markalı avtomaşını vardır. Zərərçəkmiş şəxs4 ondan özünə məxsus mal-qaranı onun Qazel markalı avtomaşını ilə mal bazarına aparmasını istəmişdir. Oda Cavada məxsus malları özünə məxsus yük maşını ilə mal bazarına aparmışdır. Bazarda olduqları zaman Cavad həmin mallardan birini satmışdır. Digər mallarıda Cavaddan istəmiş olsalarda satmamışdır. Cavad həmin digər üç malı ona yük maşınına yükləyərək evinə aparmaq istəmişdir. Bazardan çıxdıqları zaman isə Cəbrayıl onun idarə etdiyi Qazel markalı avtomaşına minmişdir. Həmin vaxtadək o, Cəbrayılı tanımamışdır. Həmin gün tanımışdır. Daha sonra onlar Ərkivan qəsəbəsində yerləşən, Cəbrayıla məxsus ətkəsimi məntəqəsinə gətirmişlər. Orada Cavada məxsus bir ədəd erkək cinsli dananı maşından yerə düşürmüşlər, sonra isə Cəbrayıl Cavada demişdir ki, pulu indi deyil, 2 gün sonra verə biləcək. Cavad Cəbrayıl ilə razılaşmış və onlar yaşadıqları kəndə getmişlər. Lakin Cəbrayıl bu günə qədər Cavadın pulunu verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 iifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs1 onun atasıdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs onların yaşadıqları evə gələrək onlara məxsus bir baş dananı kəsmək üçün aparmışdır. X5 arasında razılıq əldə olundu ki, Cəbrayıl dananı kəsib kilo hesabı 12,50 qəpikdən verəcəkdir. Kilosunu nə qədər olduğunu soruşduğu zaman onlar ona xətminən 150-160 kiloqram olacağını bildirmişlər. Lakin Cəbrayıl dananı kəsdiyi zaman dananın çəkisi 136 kiloqram olmuşdur. Onlar Cəbrayıldan kəsdiyi dananın pulunu tələb etmişlər, Cəbrayıl isə onlara pul olmadığını, gətirib onlara evlərində verəcəyini bildirmişdir. Bundan sonra onlar Cəbrayıla aralarında olan danışığın belə olmadığını bildirdikləri zaman Cəbrayıl onlara kəsdiyi dananın ətini satdıqdan sonra onlara zəng edəcəyini və pulu gətirib evlərində onlara verəcəyini bildirmişdir. Onlarda onunla razılaşıb yaşadıqları ünvana qayıtmışlar. Lakin Cəbrayıl gəlməmişdir. Onlarda Cəbrayıla zəng vurub pullarını verməsini bildirmişlər. Cəbrayıl isə cavabında pulunun olmadığını, pulunun vermiş olduğu nisyə mallarda olduğunu deyərək bəhanələr gətirmişdir. O gün bu gündür ki, Cəbrayıl onlara borclu olduğu 1700 manat puldan bir qəpik belə ödəməmişdir. Odur ki, sonda məcbur olub hüquqmühafizə orqanlarına müraciət etmişlər. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, uzun müddətdir ki, malqara təsərrüfatı ilə məşğuldur. Həmçinin ət kəsərək satıb ailəsini dolandırır. təxminən 1 ay bundan əvvəl o, evdə olarkən Masallı rayonu, Qarğalıq kənd sakini əvvəllər tanıdığı Ceyhun adlı şəxs onun mobil telefonuna zəng edərək, 1 baş xırdabuynuzlu heyvanının, yəni qoyunu olduğunu və onun həmin qoyunu kəsib satmasını istəmişdir. O, həmin vaxt Masallı rayonu Ərkivan qəsəbə sakini Təqsirləndirilən şəxs ilə birlikdə Masallı rayonu Qarğalıq kəndinə, Zərərçəkmiş şəxs2 evinin həyətinə getmişlər. O, görmüşdür ki, Ceyhunun dediyi 1 baş qoyun xəstədir və kəsmək üçün yararlı deyil. Buna görə də o, Ceyhuna demişdir ki, həmin qoyunu ala bilməz. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 demişdir ki, həmin qoyunu alıb kəsər və sonra isə pulunu verər. Zərərçəkmiş şəxs2 Cəbrayıla demişdir ki, əlavə 1 baş da qoyunu vardır və əgər istəsə həmin heyvanı da sata bilər. Təqsirləndirilən şəxs da razılaşmışdır. Cəbrayıl da guya ki həmin heyvanları səhəri gün kəsib pulunu Ceyhuna verəcəkmiş. Cəbrayıl qoyunları onun maşınının arxa yük yerinə qoymuş və onlar geri qayıtmışlar. Onlar geri qayıtdıqdan sonra Cəbrayıl qoyunlarını da götürüb getmişdir. Daha sonra Cəbrayılın Ceyhuna qoyunların pulunu qaytarmaması barədə heç bir məlumatı olmamışdır. Təxminən 2023-cü ilin dekabr ayının sonlarında Masallı rayonu Babaküçə kənd sakini Kamil adlı şəxs onun mobil telefonuna zəng etmiş və demişdir ki, 4 baş qoyunu vardır. Ona həmin qoyunları kəsib satmasını və pulunu verməsini təklif etmişdir. O, Kamilin qoyunlarını almaq istəsə də, lakin aralarında qiymətlə bağlı fikirayrılığı olmuşdur. Buna görə də o, heyvanları Kamildən almamışdır. Sonra o, Təqsirləndirilən şəxs qəssab olduğu üçün Cəbrayıla zəng edib Kamildə 4 baş xırdabuynuzlu heyvanın olmasını bildirmişdir. Çünki o, Təqsirləndirilən şəxs bir neçə şəxsin etibarından sui-istifadə edərək, onların heyvanlarını ələ keçirməsini bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bir neçə şəxsi aldadaraq, həmin şəxslərin heyvanlarını kəsib pulunu verəcəyi vədini verərək aldatmışdır. Cinayət işində olan "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 aprel 2024-cü il tarixli rəydə qeyd edilmişdir ki, 1 ədəd ət çəkisi 25 kiloqram olan, 18 aylıq (il yarımlıq) 1 baş dişi cinsli xırdabuynuzlu heyvanın (qoyunun) qiyməti 275 manat, 1 ədəd ət çəkisi 30 kiloqram olan, 1 baş dişi cinsli xırdabuynuzlu heyvanın (qoyunun) qiyməti 330 manat, ət çəkisi 136 kiloqram olan 3 illik 1 baş erkək cinsli iribuynuzlu heyvanın (dananın) qiyməti 1496 manat, ət çəkisi 12,5 kiloqram olan 1 illik 2 baş erkək cinsli xırdabuynuzlu heyvanın (qoyunun) 1 başının qiyməti 175 manat olmaqla cəmi qiyməti 350 manat, ət çəkisi 30 kiloqram olan 1 illik 1 baş dişi cinsli, xırdabuynuzlu heyvanın (qoyunun) qiyməti 330 manat, ət çəkisi 20 kiloqram olan 1 illik 1 baş dişi cinsli xırdabuynuzlu heyvanın (qoyunun) qiyməti 220 manat, ət çəkisi 90 kiloqram olan 1 illik, 1 baş erkək cinsli iribuynuzlu heyvanın (dananın) qiyməti 990 manatdır. Qeyd olunan mal-heyvanın qiymətləri tələb və təklifə uyğun olaraq orta bazarda müəyyənləşdiyindən qeyd olunmuş qiymətlər dəyişə bilər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Masallı Rayon İcra və Probasiya şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş 28 mart 2024-cü il tarixli məktubdan görünür ki, məhkum Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-78/2023 saylı hökmünə əsasən xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökm və hökmün icra barədə göstəriş Masallı Rayon İcra və Probasiya şöbəsinin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Odur ki, məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzasını xx.xx.2024-cü il tarixədək 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətini çəkmişdir. İş materiallarında olan iltizamdan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Masallı Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata düşmüş və həmin tarixdən cəzasının icrasına başlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 10 fevral 2024-cü il tarixli 72 nömrəli məktubunda qeyd edilmişdir ki, Masallı rayonu Ərkivan qəsəbə sakini Təqsirləndirilən şəxs xx.xx.2003-cü ildən Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 738 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda üzvi emosional-labil (astenik) pozuntu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən “üzvi emosional-labil (astenik) pozuntu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyin dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM- nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Cəfərov X2 rayonu, Ərkivan qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndində qeyd edilir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə müəyyən etdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmasını və hazırda cəza çəkməsini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-78/2023 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 07 (yeddi ay) ay 12 (on iki) gün hissəsi azadlıqdan məhrumetmə cəzasına hesablanmalı və qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcələsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-78/2023 saylı hökmü üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 01 (bir) il 05 (beş) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 07 (yeddi ay) ay 12 (on iki) gün hissəsinin hər iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla 03 (üç) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrumetmə cəzası hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 15 aprel 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 346.1.22-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 21 may 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 maddəsinə əsasən iş üzrə aparılmış qiymətləndirmənin dəyəri olan 30 (otuz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES******************** hesabına köçürülməlidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 cinayət nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-78/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicənin təyin olunması nəzərə alınmalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-3206, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-78/2023 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 07 (yeddi ay) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının hər iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 03 (üç) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-78/2023 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsi olan 03 (üç) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilsin və ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 21 may 2024-cü il tarixdən hesablansın. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-78/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicənin təyin olunması nəzərə alınsın. İş üzrə mütəxəssis rəyinin dəyəri olan 30 (otuz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES******************** hesabına köçürülsün. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-107/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-107/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver