Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-108/2023 22.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə. xx xxx 1971-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, 26 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilib və hazırda həbsdə olan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən 08 ədəd bükümdə ümumi təmiz çəkisi 0,939 qram narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq əldə edib yaşadığı Masallı şəhəri ünvan 1 ünvanında və üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində əvvəllər tanıdığı, Masallı şəhər sakini Şahid2 satış məqsədilə əldə etdiyi narkotik vasitə olan heroinin 01 ədəd kağız bükümünü 10 manat pul müqabilində yaşadığı evin yerləşdiyi küçədə, həmin tarixdə saat 13 radələrində əvvəllər tanıdığı, Masallı şəhər sakini Şahid1 narkotik vasitə olan heroinin 01 ədəd kağız bükümünü 10 manat pul müqabilində yaşadığı evin yerləşdiyi küçədə, həmin tarixdə saat 14 radələrində əvvəllər tanıdığı, Masallı şəhər sakini Şahid3 narkotik vasitə olan heroinin 01 ədəd kağız bükümünü 5 manat pul müqabilində yaşadığı evin yerləşdiyi küçədə satmış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş bir neçə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid2, Şahid1 və Şahid3 saxlanılaraq Masallı RPŞ-nin inzibati binasına gətirilib orada üzərilərinə şəxsi axtarış keçirilərkən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil olan narkotik vasitə olan heroin üzərilərindən aşkar edilərək götürülmüş, onun narkotik vasitələri qəbul etməkdə, üzərində gəzdirməkdə və satışında məşğul olmaqla cinayət törətməsi barədə əsaslı məlumatlar əldə etmiş Masallı RPŞ-nin əməkdaşları tərəfindən 25 mart 2023-cü il tarixdə saat 23 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri Füzuli küçəsində saxlanılaraq RPŞyə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunun içərisindən 05 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,060 qr; -0,126 qr; -0,092 qr; -0,114 qr və 0,086 qram olmaqla, ümumi təmiz çəkisi: -0,478 qram təşkil edən, xx.xx.2023-cü il tarixdə Şahid3 üzərindən aşkar edilmiş təmiz çəkisi 0,062 qram, Şahid1 üzərindən aşkar edilmiş təmiz çəkisi 0,159 qram və Şahid2 üzərindən aşkar edilmiş təmiz çəkisi 0,240 qram narkotik vasitə heroinlə xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, vəfat etmiş oğlunun dostu Şahid1 ara-sıra onun saçını qırxmaq üçün onlara gəlmişdir. Sonuncu dəfə İlqara saçını qırxmaq üçün zəng edərək onu evlərinə çağırmış, o evlərinə gələrkən həmin vaxt böyük oğlunun dostu Seymurda onlarda olmuşdur. İlqar onun fərdi yaşayış evinin 1-ci mərtəbəsində saçını qırxmaq istəyərkən təxminən 20 nəfər polis əməkdaşları mülki geyimdə fərdi yaşayış evinə daxil olaraq onu, Seymuru və İlqarı tutub Polis şöbəsinə gətirmişlər. Qonşular da bu hadisənin şahidi olmuşlar. Polis Şöbəsinə gətirildikdən sonra onlar işgəncə və təzyiqə məruz qalmışdır. Təxmin 7 saat müddətində polis əməkdaşları onu döymüşlər. Həmin vaxt gözləri bağlanılmış və kitabla onun baş nahiyəsinə zərbələr vurmuşlar. Gözləri bağlı olduğundan onun hansı polis tərəfindən döyülməyini bilməmişdir. Hətta Polis şöbəsində ona bildirmişlər ki, əgər narkotik vasitənin satdığını bildirməsə ailə uşağını polis şöbəsinə gətiriləcək, yaxud evinə 1 kq narkotik vasitə yerləşdirəcəklər. Ona görə də o, məcburiyyət qarşısında qalaraq ibtidai istintaqda narkotik vasitəni İlqara satdığını bildirmişdir. O, İlqara və Seymura heç bir narkotik vasitə satmamışdır. İlqarın və Seymurun istintaqda vermiş olduqları etirafedici ifadələrinə səbəb onların işgəncəyə məruz qalmaları olmuşdur. Hətta İlqara özü bildirmişdir ki, narkotik vasitəni ondan aldığı barədə etirafedici ifadə versin. Buna səbəb kimi İlqar da işəncəyə məruz qalaraq ağır xəsarətlər almışdır. Bundan başqa əvvəllər tanıdığı Şahid3 heç bir narkotik vasitə satmamışdır. Şahid3 polislər tərəfindən öyrədilərək üzünə durur. Yusifin ibtidai istintaqda verdiyi ifadə ilə məhkəmədə vermiş olduğu ifadə arasında fərqlilik vardır. Şahid3 bildirir ki, nakotik vasitə almasına görə Nəsir Rəşidovla telefon əlaqəsi saxlayaraq ondan narkotik vasitə istəmişdir. Lakin o, ümumiyyətlə telefon işlətmir. Bundan başqa onun üzərində olan narkotik vasitə də ona məxsus deyil. Polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. Üzərinə şəxsi axtarış keçirilərkən videoçəkiliş vaxtı ona görə etirazını bildirməmişdir ki, ona təzyiqlər ola bilər. Göstərilənləri nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmədə istintaq zamanı Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan, ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələri ilə məhkəmə istintaqında olan ifadəsi arasında ziddiyət olduğu üçün, məhkəmə istintaqında elan edilmiş həmin ifadələrində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikasında və Rusiya Federasiyasında məhkum olunmuşdur. 2019-cu ildə Rusiya Federasiyasında həbsdən azad edildikdən sonra Azərbaycan Respublikasına gəlmiş və həmin vaxtdan da Masallı şəhərində yerləşən özünə məxsus evdə yaşamışdır. 3 ildir narkotik vasitə istifadəçisidir, əsasən də narkotik vasitə heroin qəbul edir. Təxminən 25 gün əvvəl, yəni 2023-cü ilin mart ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı gündə Bakı şəhəri Nəsimi rayonu ərazisində olduğu zaman narkotik vasitə heroini həm şəxsi istifadəsi, həmdə pula ehtiyacı olduğu vaxt satmaq məqsədilə almaq qərarına gəlmişdir. Bu məqsədlə Nəsimi rayonu ərazisində xatırlamadığı küçələrin birində əvvəllər görmədiyi və tanımadığı, lakin zahiri görkəmcə narkotik vasitə istifadəçi olduğu hiss olunan bir nəfər şəxsə yaxınlaşıb ona narkotik vasitə istifadəçisi olduğunu və narkotik vasitə heroin tapmağında kömək etməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs bir az ona diqqətlə baxıb fikirləşdikdən sonra özündə narkotik vasitə heroin olduğunu və həmin heroini ona sata biləcəyini demişdir. Həmin şəxsə ondan narkotik vasitə heroin ala biləcəyini bildirdikdən sonra həmin şəxs cibindən bir ədəd kibrit qutusunu çıxardıb içərisində 8 ədəd gümüşü rəngli kağıza bülükmüş bükümləri ona götərərək həmin bükümlərin içində narkotik vasitə heroin olduğunu və həmin 8 ədəd bükümdə olan heroinləri ümumilikdə 100 manata satmaq istədiyini bildirmişdir. O, həmin tanımadığı şəxsdən 8 ədəd bükümdə olan heroinləri 100 manat pulun müqabilindən almış və bir gün Bakı şəhərində qaldıqdan sonra onu özü ilə birlikdə Masallı şəhəri Füzuli küçəsində yerləşən yaşadığı evə gətirib başqa vaxtı satmaq üçün evin özünə məxsus yataq otağında gizlətmişdir. xx.xx.2023-cü il tarixdə pula ehtiyacı olduğu üçün Bakı şəhərində tanımadığı şəxsdən aldığı özünə məxsus 8 büküm narkotik vasitə heroinləri satıb pul əldə etmək qərarına gəlmişdir. Bunun üçün həmin günü saat 11 radələrində içərisində 8 büküm heroin olan kibrit qutusunu gizlətdiyi yerdən götürüb əynində olan göy rəngli cins şalvarının sol yan cibinə qoyaraq Masallı şəhəri Füzuli küçəsində yerləşən yaşadığı evin qarşısına çıxmışdır. Küçədə Masallı şəhər sakini əvvəllər tanıdığı Şahid2 ilə görüşüb söhbət edən zaman Seymur ona bədənində ağrılar olduğunu və narkotik vasitə heroin almaq istədiyini demişdir. O, Seymura üzərində narkotik vasitə heroin olduğunu və həmin heroini ona sata biləcəyini bildirmişdir. Seymur həmin vaxtı onunla razılaşmış və o, üzərində olan bir büküm narkotik vasitə heroini 10 manat pulun qarşılığında ona satmışdır. Həmin günü bundan 2 saat sonra təxminən saat 13 radələrində yenə yaşadığı Füzuli küçəsində olduğu vaxt əvvəllər tanıdığı Masallı şəhər sakini Şahid1 ona yaxınlaşdığını görmüşdür. İlqarla salamlaşıb görüşdükdən sonra İlqar ona şəxsi istifadəsi üçün narkotik vasitə heroin almaq istədiyini demiş və heroini varsa satmağını xahiş etmişdir. O, Şahid1 üzərində narkotik vasitə heroin olduğunu və ona sata biləcəyini bildirmişdir. Sonra üzərində olan kibrit qutusunun içərisindən bir büküm narkotik vasitə heroini götürüb 10 manat pulun qarşılığında İlqara satmış və İlqar ondan heroini alıb harasa çıxıb getmişdir. Bundan təxminən 1 saat sonra, təxminən saat 14 radələrində yenə yaşadığı Füzuli küçəsində dayandığı vaxt bu dəfə də əvvəllər tanıdığı Masallı şəhər sakini olan Şahid3 ona yaxınlaşdığını görmüşdür. Yusiflə salamlaşdıqdan sonra Yusif ona şəxsi istifadəsi üçün heroin lazım olduğunu və heroini varsa satmağını xahiş etmişdir. O, Yusifin xahişini nəzərə alıb ona da üzərində olan bir büküm heroini 5 manat pulun qarşılığında satmışdır. Tanışları Seymur, İlqar və Yusifə hərəsinə bir büküm olmaqla narkotik vasitə heroin satıb pulunu əldə etdikdən sonra yaxınlıqda olan “Köhnə Bazara” gedib orada şəxsi istifadəsi üçün xərcləmiş və daha sonra yaşadığı evə gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində üzərində olan kibrit qutusunun içərisində qalmış 5 bükümdə narkotik vasitə heroinləri də satmaq məqsədilə yenə Masallı şəhəri Füzuli küçəsində yerləşən yaşadığı evin qarşısına çıxmışdır. Yaşadığı evin qarşısında, yəni Füzuli küçəsində bir neçə metr piyada hərəkət edib üzərində olan narkotik vasitə heroini satmaq üçün alıcı axtardığı vaxt mülki geyimdə olan iki nəfər şəxsin yanına yaxınlaşdıqlarını görmüşdür. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin Rauf və Allahverdi adlı əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə, üzərində gəzdirməkdə və satışında şübhəli olduğu üçün yaxınlaşdıqlarını demişdir. Sonra polis əməkdaşları ondan şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşdur. Həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları cavab vermədiyini görüb ona üzərinə baxış keçirilməsindən ötrü birlikdə polis şöbəsinə getməli olduğunu demişdir. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Masallı polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra həmin iki nəfər polis əməkdaşı onu xidməti otağa aparmış və xidməti otaqda polis geyimində olan bir nəfər şəxs ona özünü Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Vasif Ağazadə kimi təqdim etmişdir. Sonra təhqiqatçı Vasif Ağazadə ona qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda və satışında şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini xahiş etmişdir. Bundan sonra istəyinə əsasən Masallı rayon Vəkil bürosunun vəkili X4 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra təhqiqatçısı V.Ağazadə üzərində şəxsi-axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını ona demişdir. Əvvəlcə təhqiqatçı Vasif Ağazadə ona üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyi barədə təklif etmişdir. Həmin vaxt o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən içərisində gümüşü rəngli kağıza bükülmüş 5 büküm narkotik vasitə heroin olan bir ədəd kibrit qutusunu və sağ yan cibimdən 1 ədəd on və 11 ədəd bir manat olmaqla ümumilikdə 21 manat pul əskinazlarını çıxardıb təqdim edərək təqdim etdiyi kibrit qutusunun içində 5 büküm narkotik vasitə heroin olduğunu və həmin heroinləri təxminən 25 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən 100 manat pulun müqabilində özü istifadə etmək və istiyən olduğu təqdirdə satmaq məqsədilə alıb üzərində gəzdirdiyini bildirmişdir. Təhqiqatçı V.Ağazadə təqdim etdiyi kibrit qutusunu açıb içinə baxdıqda orada 5 ədəd bükümdə narkotik vasitə heroinin oldğunu görmüşdür. Sonra həmin 5 büküm narkotik vasitə heroin təhqiqatçı tərəfindən ayrı-ayrılıqda kağızla birlikdə elektron tərəzidə çəkilmiş və çəkilərinin müvafiq olaraq 0,15; 0,21; 0,09; 0,13 və 0,19 qram olmaqla ümumi çəkisinin 0,77 qram oluğu müəyyən edilmişdir. Daha Sonra üzərindən aşkar edilmiş 5 büküm narkotik vasitə heroin və ümumilikdə 21 manat pul təhqiqatçı tərəfindən ayrı-ayrı kağız zərflərə qoyularaq qablaşdırılmış və üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Sonra təhqiqatçı üzərinə şəxsi axtarış keçirmiş və üzərində qanunla qadağan edilmiş əlavə hər hansı predmet və ya maddə aşkar etməmişdir. Bundan sonra təhqiqatçı Vasif Ağazadə üzərinə keçirilən şəxsi-axtarış barədə protokol tərtib etmiş, həmin protokol təhqiqatçı tərəfindən uca səslə oxunmuş və o da iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. Həmçinin şəxsi axtarış zamanı təhqiqatçı ona xx.xx.2023-cü il tarixdə Masallı şəhər sakinləri Şahid3, Şahid1 və Şahid2 narkotik vasitələrin qanunsuz istifadəsinə görə şübhəli şəxs qismində tutlduqlarını, həmin şəxslər üzərlərindən aşkar edilmiş narkotik vasitə heroinləri ondan aldıqlarını bildirdiklərini demiş və həmin şəxslərə narkotik vasitə heroin satıb-satmadığını soruşmuşdur. O, Yusif, İlqar və Seymura hər birinə bir büküm olmaqla narkotik vasitə heroin satdığını etiraf etmişdir. Yusif, İlqar və Seymuru əvvəllər tanımış, onlara qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Həmin şəxslərə narkotik vasitə heroin satan zaman orada başqa şəxs olmamış, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində saxlanılıb polis şöbəsinə gətirilərkən və orada üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir fiziki güc və ya psixi təsir göstərilməmiş. Şahid1 məhkəmə iclsında ifadəsində göstərdi ki, o, bərbər işləyir, əvvəllər narkotik maddələri qanunsuz saxlamağa görə məhkum edilmiş, məhkumluğu ödənilməmişdir. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Lakin üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin ona məxsus deyil. Belə ki, Təqsirləndirilən şəxs vəfat etmiş oğlu ilə uzun illər dost olmuşlar. Ona görə də Təqsirləndirilən şəxs ona başını qırxması üçün zəng edərək arada evinə çağırırdı. Sonuncu dəfə Rəşidin evinə saç qırxmaq üçün getmiş, onlara çatdıqdan təxminən 15 dəqiqədən sonra Polis əməkdaşları Rəşidin evinə basqın edərək onu, Rəşid və Seymuru tutub Masallı Rayon Polis şöbəsinə gətirmişlər. Həmin vaxt üzərində heç bir narkotik vasitə olmamış və Rəşiddən də heç bir narkotik vasitə almamışdır. Polis şöbəsinə gətirildikdən sonra o, təzyiq, təqib və işgəncəyə məruz qalmışdır. Polis şöbəsində döyüldükdən sonra qabırğaları sınmışdır. Hətta Bakı İstintaq təcridxanası bədənində olan xəsarətlərə görə onu qəbul etməmişdir. O, təxminən bir ay Masallı Rayon Polis Şöbəsində Müvəqqəti saxlama yerində saxlanılmışdır. Polis şöbəsində aparılan video çəkilişdə narkotik vasitəsinin ona məxsus olmasını və Rəşid adlı şəxsdən almasını deməsinə səbəb, Rəşid polis şöbəsində onun döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıması nəticəsində halsız vəziyyətdə olmasını görəndən sonra ona bildirmişdir ki, istintaqda narkotik vasitəni Rəşidən aldığını desin. Bundan başqa prokurorluqda bədənində olan xəsarətlə bağlı aparılan araşdırma zamanı, şikayətçi olmamaq üçün yıxılaraq xəsarət almasını bildirmişdir. Buna səbəb Polis şöbəsində ona veriləcək işəncə və təzyiqdən qorxması olmuşdur. Şahid1 cinayət işinin materiallarında olan, ibtidai istintaq zamanı şahid qismində vermiş olduğu ifadələri ilə məhkəmə istintaqında olan ifadəsi arasında ziddiyət olduğu üçün, məhkəmə istintaqında elan edilmiş həmin ifadələrində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə istifadəçisidir, son zamanlar əsasən narkotik vasitə heroin qəbul edir. Narkotik vasitələrdən qanunsuz istifadəyə görə əvvəllər məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində bədənində ağrılar başladığından şəxsi istifadəsi üçün narkotik vasitə heroin almaq qərarına gəlmiş və tanışı olan Masallı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə satdığını bildiyi üçün onun yaşadığı Füzuli küçəsinə getmişdir. Füzuli küçəsində Rəşidin yaşadığı evin yaxınlığında olduğunu görüb ona yaxınlaşıb salamlaşdıqdan sonra bədənində ağrılar olduğunu, şəxsi istifadəsi üçün narkotik vasitə heroin almaq üçün gəldiyini və əgər satış üçün heroini varsa satmasını xahiş etmişdir. Həmin vaxt Rəşid ona hazırda üzərində narkotik vasitə heroin olduğunu və həmin heroini 10 manat pulun müqabilində sata biləcəyini demişdir. O, Rəşidlə razılaşmış və Rəşid əynində olan şalvarının cibindən bir ədəd kibrit qutusunu çıxardıb içərisindən 01 büküm gümüşü rəngli kağıza bükülmüş heroini götürərək həmin bir büküm heroini 10 manat pulun qarşılığında ona satmışdır. Rəşiddən heroini alıb şalvarının cibinə qoyaraq oradan uzaqlaşıb getmişdir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrindən Rəşiddən aldığı bir büküm narkotik vasitə heroini istifadə etmək məqsədilə yaşadığı Masallı şəhəri Dadva küçəsində özünə uyğun yer axtaran zaman orada polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələri qanunsuz üzərində gəzdirməkdə şübhəli olduğunu demiş və üzərinə baxış keçirilməsindən ötrü onu Masallı polis şöbəsinə gətirmişdir. Polis şöbəsində təhqiqatçı Vasif Ağazadə onu şübhəli şəxs qismində tutub müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirmiş və o, həmin vaxt orada əynində olan qara rəngli şalvarının sağ cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş heroini çıxardıb təqdim edərək həmin heroini xx.xx.2023-cü il tarixdə günorta saatlarında Masallı şəhəri Füzuli küçəsində tanışı Masallı şəhər sakini Rəşiddən şəxsdən şəxsi istifadəsi üçün 10 manat pula satın aldığını demişdir. Sonra təhqiqatçı təqdim etdiyi bir büküm narkotik vasitə heroini kağızla birlikdə elektron tərəzidə çəkmiş və çəkisinin 0,28 qram olduğunu müəyyən etmişdir. Daha sonra şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib eilmiş və oda həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımış, ona qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxsla əvvəllər birgə işləmişlər. Həmin vaxt münasibətləri normal olduğundan Təqsirləndirilən şəxs narkotik vasitələrinin istifadəçisi olmasını bilmişdir. İşdə olan zaman istifadə etmək üçün narkotik vasitə almaq niyyəti ilə Təqsirləndirilən şəxs özünə məxsus xatırlamadığı mobil nömrə ilə həmin zaman istifadəsində olan lakin xatırlamadığı istifadəsində olan möbil nömrəsinə zəng edərək ondan narkotik vasitə olmasını soruşmuş, o, da narkotik vasitə heroinin olduğunu bildirərək gəlib evindən götürməsini bildirmişdir. Rəşidin Masallı şəhəri, Füzuli küçəsində yerləşən ünvanına getmişdir. Həmin vaxt Rəşiddən həyətinin darvazasının qarşısında 5 manat müqabilində narkotik vasitə heroin almış və oradan uzaqlaşmışdır. Həmin yerdən biraz uzaqlaşdıqdan sonra Masallı şəhəri, Füzuli küçəsində hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən tutularaq Masallı Rayon Polis şöbəsinə gətirilmişdir. Masallı rayon X5 üzləşmələri olmuş və o, Rəşidə ondan narkotik vasitə almasını, Rəşid də narkotik vasitə satmasını bildirmişdir. Bundan başqa əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması məqsədi ilə qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilmişdir. Masallı Rayonu Məhkəməsinin qərarına əsasən barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə istifadəçisidir, son zamanlar əsasən narkotik vasitə heroin qəbul edir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində bədənində ağrılar başladığından şəxsi istifadəsi üçün narkotik vasitə heroin almaq qərarına gəlmiş və Masallı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə satdığını əvvəllər eşitdiyi üçün onun yaşadığı Füzuli küçəsinə getmişdir. Füzuli küçəsində Rəşidin yaşadığı evə az qalmış onun küçədə dayandığını görmüşdür. Rəşidə yaxınlaşıb salamlaşdıqdan sonra ona bədənində ağrılar olduğunu və şəxsi istifadəsi üçün narkotik vasitə heroin almaq istədiyini bildirmişdir. Həmin vaxt Rəşid ona hazırda üzərində narkotik vasitə heroin olduğunu və həmin heroinin bir bükümünü 10 manat pulun müqabilində sata biləcəyini demişdir. O, Rəşidlə razılaşmış və Rəşid əynində olan şalvarının cibindən bir ədəd kibrit qutusunu çıxardıb içərisindən 01 büküm gümüşü rəngli kağıza bükülmüş heroini götürüb 10 manat pulun müqabilində ona satmışdır. Rəşiddən heroini alıb şalvarının cibinə qoyaraq oradan uzaqlaşmışdır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrindən Rəşiddən aldığı bir büküm narkotik vasitə heroini istifadə etmək məqsədilə Masallı şəhəri H.Əliyev prospektində özünə uyğun yer axtaran zaman orada polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələri qanunsuz üzərində gəzdirməkdə şübhəli olduğunu demiş və üzərinə baxış keçirilməsindən ötrü onu Masallı polis şöbəsinə gətirmişdilər. Polis şöbəsində təhqiqatçı Vasif Ağazadə onu şübhəli şəxs qismində tutub müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirmiş və o, həmin vaxt əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş heroini çıxardıb təqdim edərək həmin heroini xx.xx.2023-cü il tarixdə günün birinci yarısında Masallı şəhəri Füzuli küçəsində Masallı şəhər sakini Rəşid Cümşüd oğlu adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını demişdir. Sonra təhqiqatçı təqdim etdiyi bir büküm narkotik vasitə heroini kağızla birlikdə elektron tərəzidə çəkmiş və çəkisinin 0,30 qram olduğunu müəyyən etmişdir. Daha sonra şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş və oda həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımış, ona qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Masallı RPŞ-nin CAB-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Masallı şəhəri ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə edib üzərində gəzdirməkdə, istifadəsində, rayon ərazisində Şahid3 və digər şəxslərə satışını təşkil etməkdə şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuş və raport əsasında həmin günü tərəfindən qərar qəbul edilərək təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyattəhqiqat qrupunun yaradılması barədə şöbə rəisi tərəfindən əmr imzalanmış və o, həmin qrupun rəhbəri, üzvləri isə RPŞ-nin TB-nin təhqiqatçısı Vasif Ağazadə və NMQ-nun əməliyyat müvəkkili Şahid5 təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs yaşadığı Masallı şəhəri Füzuli küçəsində olması barədə məlumat əldə edib Şahid5lə birlikdə həmin yerə getmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs piyada hərəkətdə olmasını görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə, üzərində gəzdirməkdə və rayon ərazisində satışını təşkil etməkdə şübhəli olduğunu bildirmişdir. Sonra ondan şifahi formada üzərində narkotik vasitə olubolmamasını soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir cavab vermədiyini görüb ona birlikdə polis şöbəsinə getməli olduğunu demişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra onu təhqiqatçı Vasif Ağazadənin xidməti otağına aparmış bu barədə aidiyyəti üzrə raportla məruzə etmişdir. Bundan sonra təhqiqatçısı Vasif Ağazadə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməkdə və satışında şübhəli olduğu üçün saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək ona şübhəli şəxs kimi hüquq və vəzifələrini izah edib bu barədə bildiriş vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini xahiş etmişdir. Sonra müdafiəçi qismində X4 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra təhqiqatçısı V.Ağazadə Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını demiş və üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyi barədə təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunu və sağ yan cibimdən pulu çıxardıb təqdim edərək təqdim etdiyi kibrit qutusunun içində 5 büküm narkotik vasitə heroin olduğunu və həmin heroinləri təxminən 25 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən 100 manat pulun müqabilində bir qismini özü istifadə etmək, digər bir qismini isə istiyən olduğu təqdirdə satmaq məqsədilə alıb üzərində gəzdirdiyini bildirmişdir. Təhqiqatçı V.Ağazadə Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusunu açıb baxdıqda orada 5 ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində narkotik vasitə heroinə bənzər maddənin oldğunu görmüşdür. Sonra həmin 5 büküm narkotik vasitə heroinə bənzər kütlələr təhqiqatçı tərəfindən ayrı-ayrılıqda büküldüyü kağızla birlikdə elektron tərəzidə çəkilmiş və çəkilərinin müvafiq olaraq 0,15; 0,21; 0,09; 0,13 və 0,19 qram olmaqla ümumi çəkisinin 0,77 qram oluğu müəyyən edilmişdir. Təqdim edilmiş pul əskinazları isə sayıldıqda bir ədəd 10 manat, on bir ədəd 1 manatlıq olmaqla ümumilikdə 21 manat olduğu məlum olmuşdur. Daha Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 5 büküm narkotik vasitə heroinə bənzər kütlələr və ümumilikdə 21 manat pul əskinazı təhqiqatçı tərəfindən ayrı-ayrı kağız zərflərə qoyularaq qablaşdırılmış və üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Sonra təhqiqatçı V.Ağazadə tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin şəxsin üzərindən əlavə qanunla qadağan edilmiş hər hansı predmet və ya maddə aşkar edilməmişdir. Daha Sonra təhqiqatçı V.Ağazadə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Masallı şəhər sakinləri Şahid3, Şahid1 və Şahid2 narkotik vasitələrin qanunsuz istifadəsinə görə şübhəli şəxs qismində tərəfindən tutlduqlarını, həmin şəxslərin üzərlərinə şəxsi axtarış keçirən zaman üzərlərindən aşkar edilmiş narkotik vasitə heroinləri ondan aldıqlarını bildirdiklərini demiş və həmin şəxslərə narkotik vasitə heroin satıb-satmadığını soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, yəni tutulmazdan bir neçə saat əvvəll Masallı şəhər sakinləri olan Yusif, İlqar və Seymura hər birinə bir bükümdə olmaqla narkotik vasitə heroin satdığını etiraf etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən keçirilən şəxsi-axtarış barədə protokol tərtib edilmiş, həmin protokol uca səslə oxunduqdan sonra o da iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Masallı şəhəri ərazisində saxlanılıb polis şöbəsinə gətirilərkən və şöbədə üzərinə şəxsi axtarış aparılarkən ona qarşı heç bir fiziki güc və ya psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid5 ifadəsindən görünür ki, o, Şahid4 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskinə məhkəmə istintaqında “HP” markalı komputerdə baxış keçirilərək müəyyən olunmuşdur ki, Masallı rayonu Vəkil Bürosunun vəkili X4, Masallı RPŞ-nin CAB-nin NMQ-nın baş əməliyyat müvəkkili Şahid4, Şahid5 iştirakları ilə Masallı RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı Vasif Ağazadə tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçılara təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən içərisində gümüşü rəngli kağıza bükülmüş 5 büküm narkotik vasitə heroinə bənzər maddələr olan bir ədəd kibrit qutusunu və sağ yan cibindən 1 ədəd on və 11 ədəd bir manat olmaqla ümumilikdə 21 manat pul əskinazlarını çıxarıb təqdim edərək, təqdim etdiyi kibrit qutusunun içində 5 büküm narkotik vasitə heroin olduğunu və həmin heroinləri təxminən 25 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən 100 manat müqabilində özü istifadə etmək və istiyən olduğu təqdirdə satmaq məqsədilə alıb üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin şəxsi axtarış zamanı o, Yusif, İlqar və Seymura hər birinə bir büküm olmaqla narkotik vasitə heroin satdığını etiraf etmişdir. Məhkəmə-bioloji ekspertizasının 23 fevral 2023-cü il tarixli 19/226 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 05 büküm heroinə bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zəfdəki, 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,060 qr; -0,126 qr; -0,092 qr; -0,114 qr və 0,086 qram: ümumi təmiz çəkisi: -0,478 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə birbiriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərlərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 05 büküm heroinə bənzər kütlə...”, “Şahid3 üzərindən aşkar edilmiş 1 büküm heroin Rəy №19/340...”, “Şahid1 üzərindən aşkar edilmiş 1 büküm heroin Rəy №19/341...” və “Şahid2 üzərindən aşkar edilmiş 1 büküm heroin Rəy №19/342...” sözlər və imzalar olan 4 ədəd zərfdəki, ümumilikdə 8 büküm heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroinin ümumi təmiz çəkisi -0,478 qram, tədqiqata sərf olundu -0,15 qram, qalıq-0,328 qramdır. Məhkəmə-narkoloji ekspertizasının 27 mart 2023-cü il tarixli 315 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. 25 mart 2020-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 23:20-dən 23:50-ə qədər “Sony” markalı video kamera vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş və o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən içərisində gümüşü rəngli kağıza bükülmüş 5 büküm narkotik vasitə heroinə bənzər maddələr olan bir ədəd kibrit qutusunu və sağ yan cibindən 1 ədəd on və 11 ədəd bir manat olmaqla ümumilikdə 21 manat pul əskinazlarını çıxardıb təqdim edərək təqdim etdiyi kibrit qutusunun içində 5 büküm narkotik vasitə heroin olduğunu və həmin heroini təxminən 25 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən 100 manat pulun müqabilində özü istifadə etmək və istiyən olduğu təqdirdə satmaq məqsədilə alıb üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin şəxsi axtarış zamanı o, Yusif, İlqar və Seymura hər birinə bir büküm olmaqla narkotik vasitə heroin satdığını etiraf etmişdir. Protokol iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt o, heç bir etirazını bildirməmişdir. Cinayət işində olan Masallı Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 4(050)- 53/2023 saylı həbs qətimkan tədbiri seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılan zaman məhkəmə iclasında dinidirlərkən izahtında göstərmişdir ki, üzərindən aşkar olunan narkotik vasitəni Bakı şəhərində tanımadığı Astara rayon sakinindən almış, həmin narkotik vasitədən bir bükümünü Yusif adlı tanışına 5 manata, bir bükümünü İlqar adlı tanışına 10 manata satmış, Seymur adlı tanışına isə 10 manat borclu olduğundan borcun əvəzinə bir büküm narkotik vasitədən ona vermişdir. Ona qarşı heç bir təzyiq olmamışdır. Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını, istintaqın və məhkəmənin çağırışlarına vaxtında gələcəyini bildirib barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Masallı şəhər sakini Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının əvvəllərində Bakı şəhəri Nəsimi rayon ərazisində olarkən orada şəxsiyyəti hələ ki müəyyən edilməyən tanımadığı şəxsdən 8 ədəd bükümdə narkotik vasitə heroini satış məqsədilə ilə 100 manat pulun müqabilində əldə edərək həmin narkotik vasitə heroinin 3 bükümünü xx.xx.2023-cü il tarixdə ayrı-ayrı vaxtlarda Masallı şəhəri ərazisində rayon sakinləri olan Şahid2, Şahid1 və Şahid3 hər birinə bir büküm satmış və digər beş büküm narkotik vasitə heroini isə satmaq üçün üzərində saxlamışdır. Bundan başqa keçirilmiş tədbirlərlə Təqsirləndirilən şəxs əvvəllərdə analoji cinayət əməlləri törətməsi və buna görə də məhkum olunması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan maddi sübutun tanınması və təhvil verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasında tədqiqata sərf edildikdən sonra faktiki olaraq ümumi qalıq çəkisi 0,328 qram qalmış narkitik vasitə heroin xx.xx.2023-cü il tarixdə maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkar olunduğu görüntünü əks etdirən 01 ədəd video disk iş üçün əhəmiyyətli olduğundan sübut növü kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə protokolundan və üzləşmənin qeydə alınması barədə videogörüntü olan CD diskdən görünür ki, üzləşmə zamanı Şahid1 narkotik vasitəni Təqsirləndirilən şəxs 10 manata almasını, Təqsirləndirilən şəxs isə narkotik vasitəni 10 manata Şahid1 satmasını bildimişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı Şahid2 narkotik vasitəni Təqsirləndirilən şəxs 10 manata almasını, Təqsirləndirilən şəxs isə narkotik vasitəni 10 manata Şahid2 satmasını bildimişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə protokolundan və üzləşdirmə keçirilməsi barədə CD diskdən görünür ki, üzləşmə zamanı Şahid2 narkotik vasitəni Təqsirləndirilən şəxs 5 manata almasını, Təqsirləndirilən şəxs isə narkotik vasitəni 5 manata Şahid3 satmasını bildimişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 271 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilmiş, müayinə zamanı döyülməməsini, heç bir xəsarət almamasını bildirmişdir. Rəyə əsasən onda hər hansı bir xəsarət aşkar olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadələri, barəsində həbs qətimkan tədbiri seçilməsi məhkəmə iclasında vermiş olduğu ifadəsi, şahid ifadələri, video çəkiliç aparılmaqla keçirilmiş üzləşdirmədə dindirmə protokolları, maddi sübutlar, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və Şahid1 ibtidai istintaqda təzyiq və işgəncəyə məruz qalmaları nəticəsində etirafedici ifadə vermələri barədə məhkəmə istintaqında verdikləri ifadələrinə münasibətdə qeyd edir ki, onların həmin ifadəsi ibtidai istintaq zamanı video çəkilişlə keçirilmiş şəxsi axtarış və götürmə aparılması barədə protokol, video çəkilişlə keçirilmiş üzləşdirmədə dindirmə protokolları, Şahid3 ifadəsi ilə təkzib olunur. Belə ki, Şahid1 bədən xəsarəti ilə bağlı Masallı rayon prokurorluğunda müvafiq araşdırma aparılmış və o, izahatında yıxılması nəticəsində xəsarət almasını, kənar şəxslərin təsiri nəticəsində xəsarət almadığını bildirmiş, fakt üzrə cinayət hadisəsi müəyyən olunmadığına görə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmiş, Şahid1 həmin qərardan şikayət verməmişdir. Ona görə də məhkəmə onların ifadələrini qanuni və mötəbər sübut kimu qəbul etmir. Məhkəmə, tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də, həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.2-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 25 mart 2023-cü il tarixli protokoldan və 27 mart 2023-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs 25 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 mart 2023-cü il tarixdə Masallı Rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Nəsirov X3 şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən nəzərə alına bilən cəzanı yüngülləşdirən hallar yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək, törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna bilər. Bu səbəblə də azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ilə ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Həmçinin o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1, 158.2.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər qüvvəsində saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Porosessaul Məcəlləsinin 346.1.22-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 25 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X6 Yoxlamanın nəticələrinə dair rəyini tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs “Opioidlərin qəbulundan yaranan asılılıq sindromu” narkomaniya xəstələyindən məcburi müalicə olunması zərurəti vardır, məcburi müalicəyə qarşı əks göstərişi yoxdur. Ona görə də, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri-60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subut olan-Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış -0,328 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, videogörüntü olan disklər və telefon məlumatlarını əks etdirən 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 25 mart 2023-cü il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs “Opioidlərin qəbulundan yaranan asılılıq sindromu” narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Maddi sübutlar-Masallı rayon polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonrakı çəkisi 0,328 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, videogörüntü olan 3(üç) ədəd disklər və telefon məlumatlarını əks etdirən 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Maddi sübut 0,328 qram qalan narkotik vasitə heroinin məhv edilməsi hissədə hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. 60 (altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X2 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ**********00 00003944, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE**********000 ******* hesabına köçürülsün. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə verildiyi andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-108/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-108/2023
22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver