Məhkəmə qərarları › İş №1(050)-109/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-109/2024

12.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-109/2024 12.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Masallı rayonu Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, İİ dərəcəli əlil, evli, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrum etmə cəzası və 4500 manat cərimə cəzasına məhkum edilmiş, cərimə cəzasını icra etməmiş, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəbiyev X6 Rayon Polis Şöbəsinin İstintaq X1 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə 10 noyabr 2023cü il tarixdə hüquq və vəzifələri, həmçinin bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası CM-nin 297-ci maddəsində nəzərdə tutulan məsuliyyət elan olunmaqla şahid qismində dindirilərkən, Kamran Şəkərovu narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə əvvəllər məhkum olunmuş şəxs kimi Masallı rayon Ərkivan qəsəbəsində həmkəndli kimi tanındığı, 2023-cü ilin yay aylarında mobil telefonla danışıb narkotik vasitə olub-olmadığını dəqiqləşdirdikdən sonra Ərkivan qəsəbəsi ərazisində, yol kənarında Kamran Şəkərovdan 2 dəfə narkotik vasitə olan heroin alıb istifadə etdiyini və bunun müqabilində hər dəfə K.Şəkərova 10 manat pul verdiyini göstərmiş, lakin 29 yanvar 2024-cü il tarixdə Masallı şəhəri H.Əliyev prospektində yerləşən Masallı rayon məhkəməsinin inzibati binasında keçirilən məhkəmə iclası zamanı ona yenidən hüquq və vəzifələri izah olunmasına baxmayaraq o, təqsirləndirilən şəxs Kamran Şəkərovu törətmiş olduğu cinayətə görə məsuliyyətdən yayındırmaq məqsədi ilə iş üzrə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsini təkzib edərək Kamran Şəkərovdan heç vaxt narkotik vasitə almadığını və sonuncunun ona narkotik vasitə satmadığını bildirməklə məhkəmədə bilə-bilə yalan ifadə vermişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 297.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Kamran Şəkərovu həmkəndli kimi tanımış, onunla hər hansı problemi olmamışdır. O, əvvəllər feldşer işlədiyindən Kamrangilin ailəsinə tibbi yardımlar göstərmişdir. X12 RPŞ-nın əməkdaşları tərəfindən narkotik vasitələrin satışında təqsirli hesab edilərək həbs oldunduqdan sonra ifadəsinin alınması üçün onu Masallı Rayon Polis şöbəsinə dəvət etmişlər. O da çağrış üzrə polis şöbəsinə getmiş, işi aparan müstəntiq Şahid1 xidməti otağında sərbəst şəkildə ifadə vermişdir. Müstəntiqə verdiyi ifadəsində bildirmişdir ki, bədənində ağrılar olduğundan son iki ildir narkotik vasitə olan heroin qəbul edir. Kamran Şəkərov əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsinə görə məhkum olunduğundan onda narkotik maddə olacağını bildiyi üçün 2023-cü ilin yay aylarında dəqiq xatırlamadığı gündə istifadəsində olan mobil telefon nömrəsindən Kamranın istifadəsində olan mobil telefonuna zəng etmiş, Kamrana bədəni ağrıdığını, istifadəsi üçün heroin lazım olduğunu demiş və onda satılıq heroinin olub-olmadığını soruşmuşdur. Kamran ona satmağa heroinin olduğunu bildirmişdir. Bundan sonra o, həmin günü Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində yol kənarında Kamranla görüşüb ondan bir büküm narkotik vasitə heroini 10 manat pulun müqabilində şəxsi istifadəsi üçün almışdır. Bundan təxminən 8-10 gün sonra o, yenə şəxsi istifadəsi üçün Kamrandan 10 manata bir büküm heroin alıb istifadə etmişdir. Kamrandan ümumilikdə 2 dəfə şəxsi istifadəsi üçün heroin almışdır. Şəkərli diabet xəstəsi olduğundan son iki aydır narkotik maddələrin qəbulunu dayandırmışdır. Kamran Şəkərovun narkotik vasitələrin satışında şübhəli bilinib tutulmasını polis şöbəsinə çağırıldıqdan sonra bilmişdir. Dindirmə protokolunda əlyazma ilə qeyd olunanlar ona məxsusdur. Kamran Şəkərovun barəsində istintaq olunan cinayət işi ibtidai istintaq zamanı sonuncunun əleyhinə ifadə vermək üçün işi aparan müstəntiq və yaxud digər bir şəxs ona təziq etməmiş, hədə-qorxu gəlməmiş, döyməmiş və digər bir qanunazidd hərəkətlərə yol verməmişlər. Kamran Şəkərovun barəsində istintaq olunan cinayət işi üzrə şahid qismində dindirilməmişdən əvvəl işi aparan müstəntiq tərəfindən Azərbaycan Respublikası CM-nin 297-ci maddəsinin tələbləri ona izah olunaraq iş üzrə bilə-bilə yalan ifadə verəcəyi təqdirdə məsuliyyət daşıması ilə bağlı ona xəbərdarlıq edilmiş, o həmin müddəa ilə tanış olduqdan sonra iş üzrə sərbəst ifadə vermiş və verdiyi məzmunu ilə tanış olandan sonra onu imzalayıb təsdiq etmişdir. Ona heç bir təziq və təsir göstərilməmişdir. Lakin, 29 yanvar 2024-cü il tarixdə Masallı şəhəri H.Əliyev prospektində yerləşən Masallı Rayon Məhkəməsinin inzibati binasında keçirilən məhkəmə iclası zamanı ona yenidən hüquq və vəzifələri izah olunmasına baxmayaraq o, həmkəndlisi və qonşusu olan təqsirləndirilən şəxs Kamran Şəkərovu törətmiş olduğu cinayətə görə məsuliyyətdən yayındırmaq məqsədi ilə iş üzrə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsini təkzib edərək Kamran Şəkərovdan heç vaxt narkotik vasitə almadığını və sonuncunun ona narkotik vasitə satmadığını bildirməklə məhkəmədə bilə-bilə yalan ifadə vermişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, qonşusu Kamran Şəkərovun daha ağır məsuliyyətdən yaxa qurtarması üçün bilə-bilə yalan ifadə verdiyini, lakin verdiyi yalan ifadənin sonradan cinayət məsuliyyətinə səbəb ola biləcəyini düşünmədiyini, İİ qrup əlil olmasını nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Masallı Rayon Polis X4 müstəntiqi vəzifəsində işləyir, polis mayoru xüsusi rütbəsindədir. Masallı rayonu, Ərkivan qəsəbə sakinləri X5 və X2 Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə istintaqı aparılmış cinayət işi üzrə tanımışdır, adları çəkilmiş şəxslərlə əvvəllər tanışlığı olmamışdır. 04 oktyabr 2023-cü il tarixdə Masallı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ərkivan qəsəbə sakini X8 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün Masallı RPŞ-yə gətirilmiş, şöbədə keçirilmiş şəxsi axtarış zamanı Kamran Şəkərovun əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,239 qr, 0,069 qr, 0,037 qr, 0,022 qr, 0,039 qr, 0,055 qr, 0,025 qram olmaqla ümumi təmiz çəkisi 0,486 qram təşkil edən narkotik vasitə heroinin və 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.037 qr. 0,046 qr, 0,042 qram olmaqla ümumi təmiz çəkisi 0,125 qram təşkil edən psixotrop maddə metamfetaminin aşkar edilərək götürülmüş və tərəfindən 05 oktyabr 2023cü il tarixdə Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır. 06 oktyabr 2023-cü il tarixdə Kamran Şəkərov qeyd olunan maddə üzrə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmişdir. İstintaq zamanı bir çox istintaq hərəkətlər aparılmış, ekspertiza təyin edilərək rəy alınmış və təqsirləndirilən K. Şəkərovun mobil nörməsinə daxil olan və çıxan zənglərin götürülməsi ilə əlaqədar məhkəmə qərarı əsasında "xxxx" MMC-yə sorğu ünvanlanmışdır. Azərcell MMC-dən daxil olmuş CD-diksə baxış keçirərkən daxil olan zənglər arasında 2023-cü ilin yay aylarına təsadüf edən 050 *** ** ** saylı mobil nömrədən 2 dəfə Kamran Şəkərovun istifadəsində olan 050 *** ** ** nömrəyə zənglər daxil olduğunu, habelə xx.xx.2023-cü il tarixdə saat 19:27.03-də Elsəvərin istifadəsində olan 050 *** ** ** saylı mobil nömrədən Kamran Şəkərovun istifadəsində olan 050 *** ** ** nömrəyə “pul atmsam sene indi geldi indi 25 manat” sözlərinin yazılması onda şübhə yaratdığı üçün 050 *** ** ** nömrəsinə zəng edərək həmin şəxsin Masallı rayonu Ərkivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş X7 olduğunu müəyyən edib iş üzrə şahid qismində ifadəsinin alınması zərurəti ilə əlaqədar Masallı RPŞ-nın inzibati binasına dəvət etmişdir. 10 noyabr 2023-cü il tarixdə günorta radələrində Elsəvər Cəbiyev onun xidməti iş otağına gələrək çağırılma səbəbini soruşduqda o, Elsevərə Azərbaycan Respublikası CPM-da nəzərdə tutulmuş hüquq və azadlıqlarını və konstitutsion hüquqlarını, o cümlədən Azərbaycan Respublikası CM-nin 297-ci maddəsinin tələblərini izah edib iş üzrə bilə-bilə yalan ifadə verəcəyi təqdirdə məsuliyyət daşıması barədə xəbərdarlıq etdikdən sonra həmyerlisi Kamran Şəkərovun qanunsuz olaraq narkotik vasitələrin satışında təqsirləndirildiyini, barəsində cinayət işi başlanaraq istintaq aparıldığını və istintaq zamanı telefon danışıqları arasında Elsəvərin 2023-cü ilin yay aylarında 2 dəfə Kamrana zəng etdiyini, mesaj yazdığını və qeyd olunanlar ətrafında iş üzrə şahid qisimində ifadəsinin alınacağını bildirmişdir. Elsəvər Cəbiyev ifadəsinin alınmasına heç bir etiraz etmədən və yalan ifadə verməyə görə məsuliyyəti barədə xəbərdar edildikdən sonra sərbəst ifadə verərək Kamran Şəkərovu əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsinə görə məhkum olunduğundan onda narkotik maddə olacağını bildiyi üçün 2023cü ilin yay aylarında dəqiq xatırlamadığı günündə istifadəsində olan 050 *** ** ** saylı mobil telefon nömrəsindən Kamranın istifadəsində olan 050 *** ** ** saylı mobil telefonuna zəng etdiyini, telefonda Kamrana bədini ağrıdığını, istifadəsi üçün heroin lazım olduğunu dediyini və Kamranda satılıq heroinin olub-olmadığını soruşmuşdur. Kamran isə Elsevərə satmağa heroinin olduğunu bildirmişdir. Bundan sonra Elsəvər həmin günü Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində yol kənarında Kamranla görüşüb bir büküm narkotik vasitə heroini 10 manat pulun müqabilində şəxsi istifadəsi üçün almışdır. Bundan təxminən 8-10 gün sonra Elsevər yenə şəxsi istifadəsi üçün Kamrandan 10 manata bir büküm heroin alıb istifadə etmişdir. Kamrandan ümumilikdə 2 dəfə şəxsi istifadəsi üçün heroin aldığını, lakin hazırda şəkərli diabet xəstəsi olduğundan son iki aydır narkotik maddələrin qəbulunu dayandırdığını ifadəsində qeyd etmişdir. O, Elsevərə iş üzrə verdiyi ifadəsini Kamran Şəkərovun üzünə qarşı da deyə bilib-bilməməsi barədə sual verdikdə, Elsevər ona Kamranla həmkəndli olduğu üçün sonuncudan narkotik vasitə almasına dair istintaqda verdiyi ifadəsində göstərdiklərini Kamranın üzünə qarşı demək istəməyərək üzləşmə istintaq hərəkətinin aparılmasında iştirak etməkdən imtina etmişdir. Həmin məzmunda ifadəni verməsi üçün tərəfindən Elsəvər Cəbiyevə heç bir təzyiq olunmamış və hədə-qorxu gəlinməmişdir. Elsəvər Cəbiyev verdiyi ifadənin məzmunu ilə tanış olduqdan sonra əlavə və düzəlişlərinin olub-olmaması barədə verdiyi suala öz əlyazması ilə “İfadəmi oxudum, sözlərimlə düzgün yazılmışdır, əlavəm yoxdur, imzamla təsdiq edirəm” sözlərini yadıqdan sonra imzası ilə imzalayaraq təsdiq etmişdir. İbtidai istintaq başa çatdıqdan sonra Kamran Şəkərov Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Masallı rayon prokurorluğu vasitəsi ilə baxılması üçün Masallı rayon məhkəməsinə göndərilmişdir. Həmin işə məhkəmədə baxılmaqla Kamran Şəkərov barəsində ittiham hökmü çıxarılaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Elsəvər Cəbiyev həmyerlisi Kamran Şəkərovun cinayət məsuliyyətindən kənarda qalmasına kömək etmək məqsədi ilə məhkəmə iclasında yalan ifadə verməklə iş üzrə ibtidai istintaqa verdiyi ifadəsini təkzib etmişdir. Elsevərin ifadəsini istintaqı aparan şəxs kimi şəxsən özü almışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə dindirilərkən qeyd etdikləri tamamilə yalandır. Təqsirləndirilən şəxs ifadəsini sərbəst şəkildə vermiş, Kamrandan narkotik aldığını etiraf etmiş, ifadəsi şəxsən tərəfindən Masallı RPŞ-nm 3-cü mərtəbəsində sağdan 2-ci otaqda alınmış və Təqsirləndirilən şəxs ifadəsini oxuyaraq imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, o, Şahid1lə birlikdə Masallı RPŞ-nm inzibati binasının 3-cü mərtəbəsində sağdan 2-ci otaqda xidməti fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs Ərkivan qəsəbəsi sakini kimi tanımışdır və bildiyi qədəri ilə narkotik vasitələrin aludəçisidir. 10 noyabr 2023-cü il tarixdə günorta radələrində Təqsirləndirilən şəxs xidməti otağa gəlmiş və Şahid1 məzmununu bilmədiyi cinayət işi üzrə şəxsin ifadəsini almışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunan və 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş X8 onun qardaşıdır və tutulan anadək onunla, o cümlədən valideynləri ilə bilrikdə yaşayırmış. Qardaşı barəsində aparılan istintaq zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs isə həmkəndli kimi tanımışdır. Onunla hər hansı ədavəti və düşmənçiliyim yoxdur. Elsevər rayon ərazisində narkotik vasitələrin aludəçisi kimi tanınır. Təqsirləndirilən şəxs əvvəllər Masallı RMX-da işləmiş, daha sonra narkotik vasitələrdən istifadə etdiyi üçün səhətində yaranmış xəstəlik səbəbindən işdən çıxmışdır. Təqsirləndirilən şəxs onların ailə həkimi olmamış, onu müalicə etməmiş və Kamrana cücə satmamışdır. X13 cücə satsaydı o bunu bilərdi, çünki Kamran tutulan anadək onunla birlikdə bir evdə yaşamışdır. Elsevər yalan danışmaqla məsuliyyətdən yayınmaq istəyir. İş materiallarında olan: Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon Məhkəməsinin hakimi Ceyhun Quliyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X3 barəsində məhkəmədə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs yalan ifadə verməsi aşkar edildiyindən barəsində cinayət işinin başlanması məsələsinə baxılması üçün qərar Masallı Rayon Prokurorluğuna göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 42-C-24 saylı material üzrə Masallı Rayon Porkurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli iltizamın surətindən görünür ki, Təqsirləndirilən şəxs bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası CM-nin 297-ci maddəsində nəzərdə tutulan məsuliyyət daşıması barədə xəbərdar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 1(050)-5/2024 nömrəli hökmün surətindən görünür ki, X8 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 30 mart 2024-cü il tarixli, 299 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Lənkəran Şəhər Narkoloji Xəstəxanasının 02 aprel 2024-cü il tarixli 280 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon Mərkəzi X9 Şəxsin 30 mart 2024- cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs "Başqa rubrikalarda təsnif olunan xəstəliklər nəticəsində psixoloji və davranış faktorları” diaqnozu ilə nevroloji xəstə kimi qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, CMnin 66.5-ci maddəsinə əsasən qəti olaraq 05 il müddətə azadlqıdan məhrum etmə cəzası və 4500 manat cərimə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən üzərində 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 4500 manat cərimə cəzası saxlanılmış, Bakı Şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi hökmdən xaric edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 06 ay 27 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli 2-1759/24-62-16 saylı sorğuya cavab məktubundan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən 4500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə cəzasından 50 manat məbləğində pul vəsaiti ödəmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon İcra Hakimiyyəti Başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Cəbiyev X6 rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, üç nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri, təqsirləndirilən şəxsin özünün səmimi etirafı eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsi məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etməyə görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsinə əsasən məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə -min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində nəzərdə yüngülləşdirici hallar yoxdur. Məhkəmə həmçinin həmin Məcəllənin 59.2-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını, İİ qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə qəsdən az ağır cinayət törətdiyinə görə (Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 maddələri) ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına və cərimə cəzasına məhkum olunduğunu, hazırda cərimə cəzasını tam ödəmədiyindən hazırda məhkumluğu vardır. Lakin şəxsin hazırki törətdiyi əməl böyük ictimai təhlükəli törətməyən cinayətə aid olduğundan, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbinə görə (böyük ictimai təhlükəli cinayətlərin törədilməsi zamanı residiv nəzərə alınmır) bu hal residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bu səbəbdən də onun cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasının ödənilməmiş hissəsi hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə birləşdirilməli, ona hökmlərin məcmusu üzrə cəza təyin edilməli və bu cəzalar müstəqil icra olunmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, sağlamlıq vəziyyətini, hazırda İİ qrup əlliliyinin olmasını,o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdiran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1.-52-1.2.4.-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin Cinayət Məcəlləsinin 52-1.3.1.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuni və məqsədə müvafiq hesab edir. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (alt) ay müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin olunmuş 4500 (dörd min beş yüz) manat cərimə cəzasından ödənilməmiş 4450 (dörd min dörd yüz əlli) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 06 alt) ay müddətə azadlığın məhdudlaşdırlması cəzasına tam birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 06 (alt) ay müddətə azadlığın məhdudlaşdırlması cəzası və 4450 (dörd min dörd yüz əlli) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 4450 (dörd min dörd yüz əlli) manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar