Məhkəmə qərarları › İş №1(050)-11/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-11/2023

16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-11/2023 16.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X6 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Masallı rayonu Təzə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Masallı rayonu Təzə Alvadı kəndində qeydiyyatda olmaqla Masallı şəhəri Qarabağ küçəsi, bina 13, mənzil 5-də müvəqqəti yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakım gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə 27 avqust 2022-ci il tarixdə saat 08 radələrində kirayə yaşadığı Masallı şəhəri Qarabağ küçəsi, bina 13, mənzil 5-də yerləşən evinə dəvət etdiyi həmkəndlisi Zərərçəkmiş şəxs qızma məxsus qara rəngli əl çantasını sonuncunun yatdığı yataqda yastığın altında saxladığı yerdən götürüb həmin çantanın içərisində olan pul qabından 1600 manat nağd pul və 2 ədəd hər bir 5 manat nominalında olan "xxxx" MMCyə məxsus istifadə edilməmiş danışıq kartını gizli yolla talayaraq Zərərçəkmiş şəxs 1610 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, Nuranə onun sinif yoldaşıdır. Nuranə ilə əvvəllər aralarında düşmənçilik və ədavətləri olmamışdır. Nuranə üçün evinin qapısını açdığına və onu evində saxladığına görə peşmandır. Lakin Nuranəyə məxsus pulları o, oğurlamamışdır. Belə ki, Nuranə üçün kimsə maşın almış və həmin şəxs hansısa səbəbdən həmin maşını zədələmək istəmişdir. Bu səbəbdən də Nuranə qaçıb gizlənirmiş. Ona görə də, hadisədən təxminən bir gün öncə Nuranə qızı Nurayla birlikdə onun yaşadığı evə gəlmiş və evində qalmışdır. Maşınıda onların həyətində saxlamışdır. Lakin həmin şəxs hardansa Nuranənin onun evində qaldığını öyrəndiyindən Nuranə Lənkəran şəhərinə getmişdir. Lakin Lənkəran şəhərində qalmağa yer tapa bilməmiş və yenidən onun yaşadığı evə gəlmişdir. Nuranənin dediyi həmin qara rəngli çantada həmin maşında ayaqaltında toz içində olmuşdur. Nuranə Lənkəran şəhərinə gedib qayıtdığı gün onu axtaran şəxs gəlib yaşadığı mənzildə onun üçündə müəyyən problemlər yaradacağını guman etmiş və bu səbəbdən də Nuranəyə yaşadığı mənzildə qalmasını təklif etməmiş və bir ev sahibi olaraq ona heç bir qulluq etməmiş ki, Nuranə onun yaşadığı evdə qalmasın, çıxıb getsin. Lakin onlar çıxıb getməmişlər. Gec olduğuna görə yatmaq üçün yataq otağına getmişdir. Nuranə isə həmin vaxt qızı Nurayla birlikdə mətbəxtdə oturmuş və yatmamışlar. Bir qədər yonra yataq otağında olduğu zaman birdən qışqırıq səsi eşitmişdir. Elə zənn etmiş ki, yəqin oğlu öz üstünə qəfədanı aşırıb. Bu səbəbdən dərhal mətbəxtə getmişdir. Lakin uşağa heç bir şey olmadığını oyun oynadığını görmüşdür. Bu zaman Nuranədən nə baş verdiyini soruşmuş, Nuranə isə cavabında sumkasında 1400 manat pul olduğunu, hazırda isə həmin pul məbləğinin sumkasında olmadığını, oğurlandığını demişdir. O, isə gülərək ona demişdir ki, “dünən Mübariz səndən pul istədiyi zaman ona 200 manat pulunun olduğunu dedin, bəs 1400 manat haradan çıxdı”. Nuranə isə oğurluğun onun evində olduğunu demişdir. Səhəri gün Nuranə ilə birlikdə polis şöbəsinə getmiş və Nuranə pulun oğurlanması ilə bağlı ərizə ilə polis şöbəsinə müraciət etmişdir. Sonradan kim isə Nuranəni başasalımışdır ki, pulunun tanımadığı şəxs və ya şəxslər tərəfindən oğurlanmasını demiş olsa ondan pul qopara bilməyəcək, bu səbəbdən həmin gündən 3-4 gün sonra Nuranə gəlib ona demişdir ki, “pulu sən oğurlamısan, qızımda sənin oğurladığının şahidi olub”. O, isə Nuranəyə ilk gün demişdir ki, “əgər deyirsən ki, pul sənin evindən oğurlanıb o zaman mən həmin pulu hər ay 100 manat olmaq şərti ilə hissə-hissə sənə verəcəyəm”. Səbəb isə o olmuşdur ki, o, həmeşə evin padyezə açılmış qapısını açıq qoyur, bəlkədə kiminsə girib götürdüyünü guman edərək ona bu sözü demişdir. Həmdə o, Nuranə ilə bir sinifdə oxumuş, söz-söhbət olması deyə demişdir. Bütün bunlar təxminən axşam saat 10-dan sonra baş vermişdir. Məhkəmədən zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini və himayəsində iki nəfər azyaşlı uşağının olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Masallı rayonu Təzə Alvadı kənd sakini Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır, onunla sinif yoldaşı olmuşdur və normal tanışlıq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs ilə əvvəllər heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 26 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Masallı şəhəri ərazisində təsadüfən görmüş və azyaşlı qızı Şahid ilə birlikdə Natəvanın Masallı şəhəri Qarabağ küçəsində yerləşən bina evində yerləşən yaşadığı mənzilinə getmişlər. Özü saç və qaş ustası kimi fərdi qaydada evlərdə fəaliyyət göstərir. Natəvanın mənzilində onun saç və qaşında olan salon işlərini görmüş, işlərini görüb qurtardıqdan sonra Təqsirləndirilən şəxs üzərində pulu olmadığını və qısa müddət ərzində gördüyü işə görə xidmət haqqını verəcəyini demişdir. Həmçinin, Natəvan ondan əl borcu kimi 20 manat pul borca istəmiş, o da Natəvanı uzun illər tanıdığını nəzərə alıb əl çantasında olan pul qabını açıb 20 manat pulu Natəvana borc vermişdir. Natəvan isə gördüyü işə görə xidmət haqqını və 20 manat borc pulu tezliklə qaytaracağını demişdir. Həmçinin səhər tezdən qızı Nurayı məktəb bazarlığı üçün Bakı şəhərində yerləşən “Sədərək” ticarət mərkəzinə aparmalı olmuşdur. Natəvanda ona sabah birlikdə “Sədərək” ticarət mərkəzinə getməyi və bu səbəbdən də qızı Nurayla birlikdə gecəni onun evində keçirməyi təklif etmişdir. Oda Natəvanın təklifi ilə razılaşaraq onun evində qalmışdır. Həmin vaxtı yay fəsli təxminən avqust ayının sonları olmuşdur. İsti olduğundan susadığı üçün tez-tez stolun üstündə olan “Coca-Cola” şirəsindən stəkana süzüb içmişdir. Şirədən içdikdən sonra nədənsə onun yuxu tutmuşdur. Bu səbəbdən də həmin günü axşam saat 22 radələrində Natəvanın kirayə yaşadığı mənzildə otaqların birində Natəvanın onun üçün müəyyən etdiyi yataqda yatmışdır. Təqsirləndirilən şəxs və qızı Şahid isə oyaq olmuşlar. Evdə başqa kimsə olmamışdır. Yatmazdan öncə yatacağı otaqda əl çantasında olan pul qabının içərisinə baxmış, pulu saydığı zaman 1600 manat nağd pul və 2 ədəd 5 manatlıq "xxxx" MMC-yə məxsus istifadə edilməmiş ödəniş kartının olduğuna əmin olmuşdur. Pul qabını əl çantasına, əl çantasını isə yatdığı taxtda yastığın altına qoymuşdur. 27 avqust 2022-ci il tarixdə səhər saat 09 radələrində qızı Şahid onu yuxudan oyatmış, həmin vaxtı Nuray Natəvana əl çantasından pul götürməyə icazə veribvermədiyini soruşmuşdur. Nuraya Natəvana heç bir söz demədiyini, onun nə ixtiyarla pul qabından pul götürdüyünü demişdir. X7 əl çantasının içərisində olan pul qabından topa halda pul götürdüyünü, buna şahidlik etdiyini demişdir. Həmin vaxt əl çantası yatağındakı yastığın altında olmamış, qonaq otağında keçdikdə özünə məxsus pul qabı və əl çantasının açıq vəziyyətdə stolun üzərində olduğunu görmüşdür. Əsəbdən özünü saxlaya bilməmiş və ağlamışdır. Natəvan isə həmin vaxt evdə olmamışdır. Natəvan təqribən 20 dəqiqə sonra evə gəlmiş və mənzilə daxil olan kimi Natəvandan nə səbəbə pulu oğurladığını soruşmuşdur. Natəvan pulu oğurlamadığını demişdir. Sonra Natəvan ehtiyacı olduğu üçün pulu oğurladığını, hissə-hissə qaytaracağını demişdir. Natəvanın artıq pulu oğurladığını və qaytarmayacağını görüb, Natəvanıda götürərək birlikdə Masallı RPŞ-yə gətmiş və şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Lakin təqsirləndirilən şəxslə barışmamışdır. Şikayətçidir. Təqsirləndirilən şəxsə qanunauyğun cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun anasıdır, Təqsirləndirilən şəxs isə anasının tanışıdır. Təqsirləndirilən şəxs ilə əvvəllər hər hansı bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 26 avqust 2022-ci il tarixdə təqribən saat 19 radələrində anasına məxsus avtomobil ilə yaşadığı kənddən Təqsirləndirilən şəxs Masallı şəhəri Qarabağ küçəsində yerləşən bina evində kirayə qaldığı mənzilə getmişlər. Anası Zərərçəkmiş şəxs qadın salonu gözəllik işlərini gördüyündən Natəvanın xahişi ilə sonuncunun vizajist işlərini görməkdən ötrü getmişlər. Təqsirləndirilən şəxs yaşadığı mənzildə anası vizajist işlərini görmüş, orada başqa kimsə olmamışdır. İşlərini bitirdikdən sonra anası Natəvana kəndə getmək istədiyim demiş, Natəvan isə anasına artıq gec olduğunu və gecəni orada qalmağı demişdir. Anası səhər onu Bakı şəhərində yerləşən Sədərək Ticarət mərkəzinə məktəb üçün paltar və ləvazimatlar almaqdan ötrü aparacağını dedidkə Natəvan anasına səhər oradan birbaşa Bakı şəhərinə getməyin rahat olacağını demişdir. Anası Natəvan ilə razılaşmış, gecəni Natəvanın yaşadığı mənzildə qalmışlar, həmin vaxtı Natəvan anasından 20 manat əl borcu istəmiş, Natəvan aldığı borc pulu və anasının gördüyü işə görə zəhmət haqqını tezliklə qaytaracağını demişdir. Anası əl çantasında saxladığı pul qabından 20 manat pul çıxardıb Natəvana borca vermiş, həmin axşam saat 22 radələrində anası Natəvanın kirayə yaşadığı mənzildə yataq otağındakı taxtda tək yatmışdır. O mətbəxdə divanda yatmış, səhər tez yuxudan oyanmış, Bakı şəhərinə getməkdən ötrü anasını yuxudan oyatmağı planlaşdırmışdır. Evin mətbəxindən anasının yatdığı otağa keçməkdən ötrü mənzilin qonaq otağından keçmək lazım olmuş, qonaq otağının qarşısına gəldikdə Natəvanın həmin otaqda masanın üzərində anasına məxsus əl çantasını axtardığını və çantanın içərisində tapdığı pul qabından anasının topa halda 100 manatlıq pul əskinaslarını və danışıq kartını oğurlamasını görmüşdür. Natəvan həmin vaxtı həvacanlı olmuş, ətrafa baxmamış, bu səbəbdən oyaq olmasını və hərəkətlərinə şahidlik etməsini görməmişdir. Daha sonra Natəvan mənzildən çıxıb getmiş, ilk əvvəl Natəvana anasının əl çantasındakı pul qabından pul götürməsinə anasının icazə verdiyini düşünmüş, lakin daha sonra anasını yuxudan oyatmış və Natəvana əl çantasından pul götürməsinə icazə verib-verməməsi barədə soruşmuşdur. Anası isə Natəvana belə icazə vermədiyini demiş, yatmazdan öncə yatdığı taxtda yastığın altına qoyduğu əl çantasını axtarmış, anası əl çantasını yastığın altında olmadığını görmüş, dərhal anası qonaq otağına keçmiş, masanın üzərində əl çantası və pul qabısının açıq vəziyyətdə olduğunu görmüşdür. Anası Natəvanın adını çəkərək qışqırmış, lakin anasına Natəvanın evdən getdiyini demiş, Natəvanın gəlməsini gözləmişlər. Natəvan mənzilə gəldikdən sonra anası oğurladığı pulu qaytarmasını demiş, Natəvan ilk əvvəl pul oğurlamadığını demiş, Natəvana anasının əl çantasmdakı pul qabından pul oğurlamasına şahidlik etdiyini demiş, bundan sonra Natəvan etdiyi əməli boynuna almış və anasından polisə şikayət etməməsini yalvararaq pulu hissə-hissə qaytaracağını demişdir. Anası Nuranə isə razılaşmamış, polisə şikayət edəcəyini bildirmiş və daha sonra anası hadisə barədə Masallı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ona qarşı ittiham elan edilmiş cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin, şahidin ifadələri və iş üzrə tədqiq edilən mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin ifadəsini səmimi qəbul etməməklə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə və müvafiq hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Cəlilabad Rayon Məhkəməsinin 1(073)-71/2016 saylı, 04 iyul 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat mənləğində cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı ildə cərimə cəzası tam ödənilmişdir. Cinayət işində olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı rayon Təzə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış, xasiyyətnamədən və şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla anası X2, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 ibarət ailə tərkibində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşaqlarının olmasını, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirinin yetərli olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuni hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə müsadirə edilməli əmlak, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-3206, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmənin əvvəli cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduqdan sonra 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar