Məhkəmə qərarları › İş №1(050)-11/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-11/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-11/2024 17.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1975-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Kəlbəhüseynli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumilikdə təmiz çəkisi 20,212 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayıb daşıyaraq yaşadığı Masallı rayonu, Kəlbəhüseynli kəndində yerləşən fərdi yaşayış evinin həyətinə gətirib satış məqsədilə hazırlayıb hissələrə ayıraraq yaşadığı evin həyətində və üzərində saxlayaraq gizlətmiş, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində yaşadığı Masallı rayonu, Kəlbəhüseynli kəndində həmin narkotik vasitənin iki bükümünü tanışı Şahid4 5 manat pul müqablində satmış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla cinayət törətməsi barədə məlumat almış Masallı RPŞ-nin əməkdaşları tərəfindən 16 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı Masallı rayonu, Kəlbəhüseynli kəndində yerləşən fərdi yaşayış evinin həyətinə baxış keçirərkən evin həyətindəki torpağa basdırılmış halda, qara rəngli sellofan içərisində ümumilikdə 37 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,404 qr, 0,550 qr, 0,436 qr, 0,458 qr, 0,564 qr, 0,456 qr, 0,409 qr, 0,545 qr, 0,464 qr, 0,543 qr, 0,475 qr, 0,468 qr, 0,473 qr, 0,512 qr, 0,488 qr, 0,594 qr, 0,466 qr, 0,455 qr, 0,468 qr, 0,528 qr, 0,460 qr, 0,532 qr, 0,483 qr, 0,472 qr, 0,425 qr, 0,375 qr, 0,489 qr, 0,398 qr, 0,536 qr, 0,466 qr, 0,488 qr, 0,473 qr, 0, 447 qr, 0,483 qr, 0,438 qr, 0,563 qr, 0,518 qram, ümumi təmiz çəkisi 17,802 qram təşkil edən çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, daha sonra həmin tarixdə saat 20 radələrində əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Masallı RPŞ-yə gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qısa qol gödəkçənin sol yan cibindən 3 ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,473 qram, 0,550 qram və 0,460 qram, ümumi təmiz çəkisi 1,483 qram olan yaşadığı evin həyətindən və Şahid4 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,927 qram olan narkotik vasitə qurudulmuş marixuana ilə botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eynilik təşkil edən çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddətdir narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. Təxminən 2023-cü ilin iyun ayında yaşadığı kəndin qonşuluğunda yerləşən Sarıcəfərli kəndi ərazisindən keçən “Taxtaçay” deyilən yerin yaxınlığından piyada hərəkət edib keçdiyi zaman orada bir ədəd çətənə bitkisinin yenicə çiçək açdığını görmüş və həmin bitkiyə toxunmayıb oradan uzaqlaşıb getmişdir. 15-20 gün aralığı ilə həmin yerə gedib çətənə bitkisinin inkişaf edib-etmədiyinə nəzər yetirsə də, ona qulluq göstərməmiş, lakin həmin çətənə bitkisinin dibinin suvarıldığını görmüşdür. Təxminən 2023-cü ilin avqust ayının ortalarında təkrar həmin yerə getdiyi zaman aşkar etdiyi bir ədəd çətənə bitkisinin yarpaqlarının saraldığını və quruduğunu görmüşdür. Buna görə də orada həmin yarpaqları toplayıb üzərində olan sellofana yığaraq bitkinin kökünü və ağacını kənara atmış, sonra oradan uzaqlaşıb yaşadığı evə geri qayıtmışdır. Daha sonra həmin çətənə bitkisinin yarpaqlarından öz şəxsi istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana hazır edə biləcəyini düşünmüş və bu məqsədlə həmin bitkinin yarpaqlarını bir-bir evində olan qayçı vasitəsilə kəsərək 55 ədəd ağ və qəhvəyi rəgli kağızlara büküb gələcəkdə istifadə etmək məqsədilə bir ədəd qara rəngli sellofana yerləşdirib həyətində torpağa basdırmışdır. Lakin, bundan ailə üzvlərinin məlumatı olmamışdır. Bundan sonra həmin bükümlərdən ara-bir istifadə etmiş və xx.xx.2023-cü il tarixədək həyətində şəxsi istifadəsindən sonra 42 büküm narkotik vasitə qurudulmuş marixuana qalmışdır. xx.xx.2023-cü il tarixdə yaşadığı evin yerləşdiyi küçədə olarkən əvvəllər tanıdığı həmkəndlisi Şahid4 ona yaxınlaşıb bədənində ağrılar olduğunu və ona narkotik vasitə qurudulmuş marixuana verməsini xahiş etmiş, lakin aralarında pulla bağlı və onun istədiyi bükümləri ona satmağı ilə bağlı heç bir razılaşma olmamışdır. Canpolad ilə əvvəllər də bir yerdə narkotik vasitə qurudulmuş marixuana istifadə etdiklərindən o, ona dostu kimi inanıb acınacaqlı vəziyyətdə olduğunu bilib özündə olan qurudulmuş marixuana bükümlərindən iki bükümünü ayırıb hədiyyə etmişdir. Bundan sonra Canpolad onun yanından uzaqlaşıb getmişdir. Həmin gün saat 19 radələrində yaşadığı evin həyətində olarkən həyətinin giriş qapısının döyüldüyünü eşidib qapıya doğru yaxınlaşmış və həyətin giriş qapısını açdıqda bir nəfər polis geyimində olan şəxs ona özünü Masallı rayon X8 Bölməsinin baş təhqiqatçısı X2 təqdim etmiş və həmin polis əməkdaşının yanında üç nəfər mülki geyimdə olan şəxslər də özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Bundan sonra baş təhqiqatçı Ariz Səfərov ona həmkəndlisi Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə şübhəli şəxs qismində saxlanılmasını və üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar edildiyini, Şahid4 həmin narkotik vasitəni ondan aldığını bildirməsini və qeyd olunanların həqiqətə uyğun olub-olmadığını ondan soruşduqda, o, baş təhqiqatçı Ariz Səfərova həmkəndlisi Şahid4 həmin gün iki bükümdə narkotik vasitə qurudulmuş marixuana verdiyini bildirmişdir. Bundan sonra baş təhqiqatçı Ariz Səfərov yaşadığı evə və evinin yerləşdiyi həyətə baxış keçiriləcəyini, baxışın keçirilməsinə hər hansı bir etirazının olubolmadığını ondan soruşduqda, o, ərizə yazaraq yaşadığı evə və evinin yerləşdiyi həyətə baxış keçirilməsinə heç bir etirazının olmadığını qeyd etmişdir. Sonra baş təhqiqatçı Ariz Səfərov ondan yaşadığı evdə və evinin yerləşdiyi həyətdə narkotik vasitə qurudulmuş marixuana olub-olmadığını soruşduqda, o, evinin həyətində şəxsi istifadəsi üçün bükümlər halında basdırdığı narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirərək, yaşadığı evin həyətində basdırdığı içərisində qurudulmuş matixuana olan qara rəngli sellofanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi qara rəngli sellofan baş təhqiqatçı Ariz Səfərov tərəfindən açıldıqda içərisində 20 ədəd ağ rəngli kağıza və 17 ədəd qəhvəyi rəngli kağıza bükülmüş, ümumilikdə 37 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana bükümlərinin olduğu aşkar olunmuş, 37 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana qara rəngli sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 28,56 qram olduğu müəyyən olunmuş və zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra baş təhqiqatçı Ariz Səfərov tərəfindən aşkar olunmuş 37 ədəd narkotik vasitə qurudulmuş marixuana bükümlərindən əlavə yaşadığı evin həyətində və fərdi yaşayış evində istifadəsi və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və maddə olub-olmadığı soruşulduqda, o, yaşadığı evin həyətində və fərdi yaşayış evində istifadəsi və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və maddə olmadığını bildirmişdir. Buna görə də əvvəlcə yaşadığı evin həyətinə sonra isə fərdi yaşayış evinə baxış keçirilmiş, lakin baxış zamanı yaşadığı evin həyətindən və fərdi yaşayış evindən istifadəsi və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və maddə aşkar edilməmişdir. Bundan sonra Masallı RPŞ-yə aparılmış, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələrini ona elan edilərək dövlət hesabına Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ilə təmin edilmişdir. Sonra baş təhqiqatçı Ariz Səfərov onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video-çəkilişdən istifadə olunacağını bildirərək, üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etdikdə, o, əynində olan boz rəngli qısa qol gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan içərisində olan 3 ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Bundan sonra baş təhqiqatçı Ariz Səfərov tərəfindən üzərindən aşkar olunan 03 bükümdə narkotik vasitə qurudulmuş marixuana ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, ayrı-ayrılıqda çəkiləri 0,70 qram, 0,59 və 0,64 qram, ümumi çəkisi -1,93 qram olduğu müəyyən olunmuş və zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra onun üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən istifadəsi və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və maddə aşkar olunmamışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, ailə olmaqla ailəsinin yeganə təminatçısı olmasını və oğlu olmadığına görə şəhid olan qardaşı oğlunun hərbi xidmətə gedənədək onun himayəsində olduğunu nəzərə alaraq, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Masallı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Kəlbəhüseynli kənd sakini Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyinə görə tərəfindən qəbul edilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərara əsasən saxlanılaraq Masallı RPŞ-yə gətirilmişdir. Sonra Şahid4 Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Ariz Səfərov tərəfindən şübhəli şəxs qismində tutulmuş, orada üzərinə şəxsi axtarış keçirilərkən o, üzərindən aşkar edilərək götürülmüş bir bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı həmkəndlisi Təqsirləndirilən şəxs əvvəlcədən 5 manat pul müqabilində iki büküm alaraq bir bükümünü istifadə etdiyini və bir bükümünü isə üzərində saxladığını etiraf etmişdir. Həmçinin, Masallı rayonu, Kəlbəhüseynli kənd sakini Təqsirləndirilən şəxs həmkəndlisi Şahid4 narkotik vasitə satması ilə yanaşı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla Masallı RPŞ-nin rəisinə məruzə edilmiş, raport əsasında tərəfindən qərar qəbul olunmuş və qərar rəisə məruzə edildikdən sonra həmin gün təsdiq olunmuşdur. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat-təhqiqat qrupu yaradılmışdır. Həmin gün saat 19 radələrində əməliyyat-təhqiqat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə və evin yerləşdiyi həyətyanı sahəyə baxış keçirilməsindən ötrü Masallı rayonu, Kəlbəhüseynli kəndinə getmişlər. Orada baş təhqiqatçı X14 İbrahimovun yaşadığı evin həyətinin giriş qapısını döydükdə bir nəfər şəxs qapını açmış, baş təhqiqatçı Ariz Səfərov və onlar özlərini həmin şəxsə təqdim etmişlər. Daha sonra Ariz Səfərov həmin şəxsə özünü təqdim etməsini bildirdikdə, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra baş təhqiqatçı X14 İbrahimova narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması və həmkəndlisi Şahid4 həmin tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyinə görə şübhəli şəxs qismində tutulub üzərinə Masallı RPŞ-də şəxsi axtarış keçirilərkən sonuncunun üzərindən aşkar edilərək götürülmüş bir bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı ondan aldığını etiraf etdiyini, buna görə yaşadığı evin həyətinə və evinə baxış keçiriləcəyini, baxış keçirilməsinə etirazının olub-olmadığını soruşduqda, sonuncu həmkəndlisi Şahid4 həmin gün iki bükümdə narkotik vasitə qurudulmuş marixuana verdiyini bildirərək, yaşadığı evə və evinin yerləşdiyi həyətə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Buna görə də baş təhqiqatçı Ariz Səfərov ondan yaşadığı evdə və evinin yerləşdiyi həyətdə narkotik vasitə qurudulmuş marixuana olub-olmadığını soruşduqda, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində şəxsi istifadəsi üçün bükümlər halında basdırdığı narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra baş təhqiqatçı X14 İbrahimova həmin yeri və gizli olaraq basdırdığı qurudulmuş marixuana bükümlərini təqdim etməyini təklif etdikdə, sonuncu piyada hərəkət edərək yaşadığı evin giriş qapısından sağ hissədə yerləşən torpağı əliylə qazıb ora basdırdığı qara rəngli sellofanı çıxarıb ona və digər polis əməkdaşlarına təqdim etmişdir. Sonra həmin qara rəngli sellofan baş təhqiqatçı Ariz Səfərov tərəfindən açıldıqda içərisində 20 ədəd ağ rəngli kağıza və 17 ədəd qəhvəyi rəngli kağıza bükülmüş, ümumilikdə 37 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana bükümlərinin olduğu aşkar olunmuşdur. Daha sonra baş təhqiqatçı Ariz Səfərov tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş ümumilikdə 37 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana qara rəngli sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 28,56 qram olduğu müəyyən olunmuş, zərfə qoyularaq qablaşdırılmış, üzəri DİN-in 90 saylı möhürlə möhürlənmiş və zərfin üzəri imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə sonra isə fərdi yaşayış evinə baxış keçirilmiş, lakin yaşadığı evin həyətindən və fərdi yaşayış evindən istifadəsi və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və maddə aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs Masallı RPŞ-yə aparılmış və orada baş təhqiqatçı Ariz Səfərov ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə şübhəli şəxs qismində tutulduğunu deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermiş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət olunmuşdur. Daha sonra baş təhqiqatçı X14 İbrahimova üzərində şəxsi axtarış aparılacağını və bu zaman video-çəkilişdən istifadə olunacağını bildirərək üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etdikdə, sonuncu əynində olan boz rəngli qısa qol gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan içərisində olan 3 ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Sonra edilən sorğu-sual zamanı Təqsirləndirilən şəxs təxminən 3 ay bundan əvvəl yaşadığı kəndin qonşuluğunda yerləşən Sarıcəfərli kəndi ərazisindən keçən “Taxtaçay” deyilən yerin yaxınlığında aşkar etdiyi əkilmiş halda olan bir ədəd çətənə bitkisinin qurumuş yarpaqlarını toplayıb marixuana halına gətirdiyini, həmin marixuananı kağız bükümlərə ayırıb şəxsi istifadəsi üçün 55 büküm hazırladığını, həmin bükümləri qara rəngli sellofana yığıb istifadə etmək məqsədilə yaşadığı evin həyətində torpağa basdırıb gizlətdiyini bildirmişdir. Bundan sonra baş təhqiqatçı Ariz Səfərov tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 03 bükümdə narkotik vasitə qurudulmuş marixuana ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, ayrı-ayrılıqda çəkiləri 0,70 qram, 0,59 və 0,64 qram, ümumi çəkisi -1,93 qram olduğu müəyyən olunmuş, zərfə qoyularaq qablaşdırılmış, DİN-in 90 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən istifadəsi və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və maddə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ondan Şahid4 tanıyıb-tanımadığını və həmin şəxsə narkotik vasitə satıb-satmadığını soruşduqda, Təqsirləndirilən şəxs Şahid4 onun həmkəndlisi olduğunu, onunla birlikdə məsciddə namaz qıldığını, əvvəllər birlikdə narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə Canpolada istifadə etməsi üçün hədiyyə qismində 2 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana verdiyini, lakin Canpoladla aralarında alqı-satqı olmadığını bildirmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 Şahid2 Mehmen oğlu ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır və onun həmkəndlisidir. Təqsirləndirilən şəxs ilə əvvəllər bir neçə dəfə birlikdə narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində bədənində güclü ağrılar yarandığından və pulu olmadığı üçün Ağanın evinin yanına getmişdir. Həmin vaxt Ağanı səsləyib çölə çağırdıqdan sonra ona bədənində ağrılar olduğunu, ona narkotik vasitə qurudulmuş marixuana verməsini xahiş etmişdir. Ağanın narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. O, sadəcə Ağadan dost kimi narkotik vasitə almağa getmişdir. Orada olarkən Ağa cibindən iki ədəd qəhvəyi rəngli kağıza bükülmüş narkotik vasitə qurudulmuş marixuananı çıxarıb ona vermiş, o da bunun əvəzini ona ödəyəcəyini və 5 manat pul verəcəyini desə də, Ağa ona pula ehtiyacın olmadığını və həmin bükümləri ona dost kimi verdiyini bildirmişdir. Bundan sonra o, Ağanın yanından uzaqlaşıb heç bir şəxsin onu görmədiyi yerdə, kəndin “Qala” kimi tanınan futbol meydançasının yaxınlığına gedib orada Ağadan aldığı iki büküm narkotik vasitə qurudulmuş marixuanın bir bükmünü istifadə etmiş, digər bir bükümü isə əynində olan gödəkçənin sağ yan cibinə qoymuş və yaşadığı kəndə geri qayıtmışdır. Həmin gün axşam saat 18 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmışdır. Polis şöbəsində baş təhqiqatçısı Ariz Səfərov tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına Masallı rayon Vəkil Bürosunun vəkil X4 dəvət olunmuşdur. Sonra baş təhqiqatçı tərəfindən video çəkliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı qanunla saxlanılması və gəzdirilməsi qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsi təklif olunduqda, o, əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qəhvəyi rəngli kağıza bükülmüş narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etmiş və həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında həmkəndlisi Təqsirləndirilən şəxs 5 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 1,25 qram olduğu müəyyən olunmuş və zərfə qoyulub qablaşdırılmışdır. Bundan sonra baş təhqiqatçı Ariz Səfərov tərəfindən üzərində şəxsi axtarış davam etdirilmiş, lakin, üzərindən istifadəsi və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə, predmet və əşya aşkar olunmamışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan video disklərə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Masallı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və Masallı RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti X5 iştirakları ilə Masallı RPŞ-nin baş təhqiqatçısı X7 tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə və evinin yerləşdiyi həyətdə narkotik vasitə qurudulmuş marixuana olub-olmadığını soruşduqda, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində şəxsi istifadəsi üçün bükümlər halında basdırdığı narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və yaşadığı evin giriş qapısından sağ hissədə yerləşən torpağı əliylə qazıb ora basdırdığı qara rəngli sellofanı çıxarıb təqdim etmişdir. Sonra həmin qara rəngli sellofan baş təhqiqatçı Ariz Səfərov tərəfindən açıldıqda içərisində 20 ədəd ağ rəngli kağıza və 17 ədəd qəhvəyi rəngli kağıza bükülmüş, ümumilikdə 37 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana bükümlərinin olduğu aşkar olunmuşdur. Daha sonra baş təhqiqatçı Ariz Səfərov tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş ümumilikdə 37 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana qara rəngli sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 28,56 qram olduğu müəyyən olunmuş, zərfə qoyularaq qablaşdırılmış, üzəri DİNin 90 saylı möhürlə möhürlənmiş və zərfin üzəri imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə sonra isə fərdi yaşayış evinə baxış keçirilmiş, lakin yaşadığı evin həyətindən və fərdi yaşayış evindən istifadəsi və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və maddə aşkar edilməmişdir. Bundan sonra Masallı RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçılara təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli qısa qol gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan içərisində olan 3 ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim edərək, təxminən 3 ay bundan əvvəl yaşadığı kəndin qonşuluğunda yerləşən Sarıcəfərli kəndi ərazisindən keçən “Taxtaçay” deyilən yerin yaxınlığında aşkar etdiyi əkilmiş halda olan bir ədəd çətənə bitkisinin qurumuş yarpaqlarını toplayıb marixuana halına gətirdiyini, həmin marixuananı kağız bükümlərə ayırıb şəxsi istifadəsi üçün 55 büküm hazırladığını, həmin bükümləri qara rəngli sellofana yığıb istifadə etmək məqsədilə yaşadığı evin həyətində torpağa basdırıb gizlətdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 03 bükümdə narkotik vasitə qurudulmuş marixuana ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, ayrı-ayrılıqda çəkiləri 0,70 qram, 0,59 və 0,64 qram, ümumi çəkisi -1,93 qram olduğu müəyyən olunmuş, zərfə qoyularaq qablaşdırılmış, DİN-in 90 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar olunmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 108 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs şəhid X6 əmisidir. Təqsirləndirilən şəxs oğul övladı olmadığı üçün şəhid X9 2008-ci ildən onun himayəsinə verilmişdir. X9 hərbi xidmətə də əmisi Təqsirləndirilən şəxs evindən getmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin 17 sentyabr 2023-cü il tarixli 19/873 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Masallı rayon Kəlbəhüseynli kəndində yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri: -0,473 qr: -0,550 qr: -0,460 qram, ümumi təmiz çəkisi:-1,483 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Masallı rayon Kəlbəhüseynli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunmuş narkotik vasitə olan 37 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 37 ədəd bükümdə ümumi təmiz çəkisi: -17,802 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış və qurudulmuş marixuanadırlar, botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. 37 ədəd bükümdəki kütlələrin ayrı-ayrılıqda və təmiz çəkisi yuxarıda 1№-li cədvəldə göstərilmişdir. Tədqiqata təqdim edilmiş üzərlərində “Masallı rayon Kəlbəhüseynli kəndində yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə.....”, “Masallı rayon Kəlbəhüseynli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunmuş narkotik vasitə olan 37 bükümdə qurudulmuş marixuanaya bənzər kütlə.....” və “Şahid4 üzərindən aşkar edilmiş 1 büküm marixuana Rəy №19/872.....” sözlər və imzalar olan 3 ədəd zərfdəki, ümumilikdə 41 büküm marixuanalar botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. (Marixuananın ümumi təmiz çəkisi- 19,285 qram, tədqiqata sərf edildi-1,2 (hər ob.-0,03qr) qram, qalıq-18,085 qram). İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər narkoloji xəstəxanasının ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 18 sentyabr 2023-cü il tarixli, 896 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını, təqsirini qismən də olsa etiraf etməsini və himayəsində olmuş qardaşı oğlu X6 şəhid olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə narkotik vasitələrin aludəçisi olduğunu, narkomaniya xəstəliyindən əzab çəkdiyini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Eyni zamanda Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 18,085 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 sentyabr 2023-cü il tarixdən 18 sentyabr 2023-cü il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesabı ilə hesablanmaqla, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 18,085 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar