Məhkəmə qərarları › İş №1(050)-110/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-110/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-110/2024 29.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədirliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxx 1959-cu il tarixdə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, işləməyən, İİ qrup əlil, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-215/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 6 ay 4 gün hissəsi çəkilməmiş qalmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Masallı rayonu, Tatyanoba kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında videoçəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 2500 manat pulun müqabilində pensiya düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb özünə inandırdıqdan sonra xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Masallı şəhəri “Köhnə bazar” deyilən ərazidə yerləşən çayxanada Zərərçəkmiş şəxs1 2400 manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 2400 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 2000 manat pulun müqabilində pensiya düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb özünə inandırdıqdan sonra xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Masallı şəhəri Xətai parkında Zərərçəkmiş şəxs2 2000 manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 2000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs3 tanışı X4 8300 manat pulun müqabilində xəstəliyi ilə əlaqədar həqiqi hərbi xidmətə getməyə qoymayacağına dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla Zərərçəkmiş şəxs3 aldadıb özünə inandırdıqdan sonra xx.xx.2023-cü il tarixdə Masallı şəhəri Xətai parkında tanışı Şahid5 vasitəsilə 2000 manat pulunu və xx.xx.2023-cü il tarixdə yenə Masallı şəhəri Xətai parkında Şahid5 vasitəsilə 6300 manat pulunu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda, yəni ümumilikdə 8300 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 əvvəllər tanımamış, həmin şəxslərlə arasında heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Heç bir yerdə işləmədiyi üçün çox vaxt Masallı şəhəri, Xətai parkına gedib çayxanada oturub gününü keçirir və parka gəlmiş tanımadığı insanlara müəyyən miqdarda pulun müqabilində pensiya və sosial yardım alması üçün zəruri sənədlərin toplanmasında köməklik edir. xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Masallı şəhəri, Xətai parkında tək olduğu zaman əvvəllər tanıdığı Masallı şəhər sakini Şahid3 mobil telefonuna zəng edərək Masallı şəhəri “Köhnə bazar” adlanan ərazidə yerləşən işlətdiyi çayxanada Ərkivan qəsəbə sakini əvvəllər tanıdığı Şahid1 adlı şəxsin arvadı və qızı ilə birlikdə oturub çay içdiklərini, Yusifin qızı Zərərçəkmiş şəxs1 xəstəliyi ilə əlaqədar pensiya almaq istədiyini deyərək ona bu işdə köməklik edə bilib-bilmədiyini soruşduqda, o, Məmmədə pensiya və sosial yardım düzəltmə işinə baxdığını və Mətanətə pensiya düzəldə biləcəyini bildirmişdir. Məmməd həmin şəxslə özünün danışıb söhbət etməsini deyərək onu işlətdiyi çayxanaya dəvət etmişdir. O, piyada yaxınlıqda olan Məmmədin çayxanasına gedərək, çayxananın həyətində Şahid1, qızı Zərərçəkmiş şəxs1 və arvadı Familə ilə görüşüb söhbət etməyə başlamışdır. Söhbət zamanı Zərərçəkmiş şəxs1 ona təziq və şəkər xəstəliyindən uzun müddətdir ki, əziyyət çəkdiyini, bununla əlaqədar müəyyən tibbi sənədlərinin də olduğunu, lakin həmin sənədlərlə pensiya ala bilmədiyini və pensiya almağında ona köməklik etməsini xahiş etmişdir. Bu zaman o, Mətanətdən tibbi sənədləri alıb baxmış və pensiya alması üçün həmin sənədlərin kifayət etmədiyini, pensiya almaq üçün çatışmayan tibbi sənədləri toplamaqdan ötrü 1500 manat pulun lazım olduğunu və həmin pulu əvvəlcədən ona verməsini demişdir. Zərərçəkmiş şəxs1 heç bir etiraz etmədən onunla razılaşmış, lakin üzərində 1000 manat pulun olduğunu, həmin pulu indi ona verəcəyini, qalan 500 manat pulu da pensiya işini düzəltdikdən sonra verəcəyini dedikdə, o, Mətanətlə razılaşmış və ondan valideynlərinin yanında 1000 manat pulu almışdır. Pulu aldıqdan sonra Mətanətə 6 ay müddətində zəruri olan tibbi sənədləri toplayıb aidiyyatı üzrə təqdim edəcəyini və yekunda əlilliklə bağlı pensiya alacağını bildirmişdir. Həmin vaxtdan başlayaraq Zərərçəkmiş şəxs1 pensiya düzəltməyə çalışmış, bir dəfə də Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparıb müayinələrdən keçirmiş, lakin özündən asılı olmayan səbəblərə görə vəd etdiyi 6 ay müddətində ona pensiya düzəldə bilməmişdir. Həmin vaxtlarda Mətanətdən aldığı 1000 manat pulun bir hissəsini sənədlərin toplanmasına və yol puluna, digər hissəsini isə şəxsi məsrəfləri üçün xərcləmişdir. 2024-cü ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs1 pensiyasının düzəlmədiyini görüb ondan pulunu qaytarmağını tələb etməyə başlamış, lakin pulu olmadığına görə qaytara bilməmiş və o da barəsində polisə şikayət etmişdir. Bundan başqa o, yenə xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Masallı şəhəri, Xətai parkında tək olduğu zaman əvvəllər tanıdığı Masallı şəhər sakini Şahid4 bir nəfər orta yaşlı qadınla yanına gəlmişdir. Şahid4 həmin qadını təqdim edərək onun Masallı rayonu, Ərkivan qəsəbə sakini Zərərçəkmiş şəxs2 olduğunu və xəstəliyi ilə əlaqədar pensiya almaq istədiyini demişdir. Zərərçəkmiş şəxs2 ilə danışan zaman ona xəstəliyi ilə əlaqədar əvvəllər aldığı pensiyasının təxminən 3 ildir dayandırıldığını, yenidən pensiya almaq istədiyini bildirmiş və bu işdə ona köməklik etməsini xahiş etmişdir. Həmin vaxtı o, Rəbiyyətə pensiya və sosial yardım düzəltmə işlərinə baxdığını, buna görə də ona pensiya düzəldə biləcəyini, lakin bunun üçün müəyyən işləri görmək və sənədləri toplamaqdan ötrü 2000 manat pulun lazım olduğunu və həmin pulu əvvəlcədən ona verməsini demişdir. Zərərçəkmiş şəxs2 heç bir etiraz etmədən onunla razılaşmış və həmin vaxtı oradan qısa müddətə harasa gedib 2000 manat pul gətirərək Səadətin yanında ona vermişdir. Rəbiyyətdən pulu aldıqdan sonra ona narahat olmamağını, bir il müddətində pensiyasını düzəldəcəyini deyərək əlavə olaraq ondan ilkin tibbi sənədlərinin surətini də almışdır. Həmin vaxtdan başlayaraq Rəbiyyətə pensiya düzəltməyə çalışmış, lakin özündən asılı olmayan səbəblərə görə ona pensiya düzəldə bilməmişdir. Bu müddət ərzində Rəbiyyətdən aldığı 2000 manat pulun bir hissəsini sənədlərin toplanmasını və yol puluna, digər hissəsini isə öz tələbatları üçün xərcləmişdir. 2024-cü ilin fevral ayından başlayaq Zərərçəkmiş şəxs2 pensiyasının düzəlmədiyini görərək tez-tez əlaqə saxlayıb ondan bunun səbəblərini soruşduqda, hər dəfə Rəbiyyətə pensiyanı özündən asılı olmayan səbəblərdən hələ də düzəldə bilmədiyini, bir az da səbrli olmasını, qısa müddətdə verdiyi vədə əməl edib pensiyasını düzəldəcəyini deməyinə baxmayaraq, o barəsində gedib polisə şikayət etmişdir. Bundan sonra o, 2000 manat pul düzəldib xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 geri qaytarmışdır. Bundan başqa o, 2023-cü ilin avqust ayının sonlarında yenə Masallı şəhəri, Xətai parkında tək olduğu zaman iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Masallı rayonu, Viləş kənd sakini Şahid5 və Qasımlı kənd sakini X6 olduğunu demişlər. Həmin şəxslərdən nə istədiklərini soruşduqda, Şahid5 ona Sədrəddin Curiyevi göstərərək qohumu olduğunu, Rusiya Federasiyasında yaşayan valideynləri onu gözü zəif gördüyü üçün hərbi xidmətə getməkdən saxlatdırmaq istədiklərini, bu işi görə biləcək şəxsi maraqlanan zaman Şıxlar kənd sakini tanışı olan Şahid6 ona müraciət etməsini bildirmişlər. Həmin vaxtı o, Svetlanaya belə işləri gördüyünü, lakin bir az vaxt aparacağını, bununla əlaqədar çoxlu sayda sənədlər toplayacağını, bir neçə dəfə Sədrəddini Bakı şəhərindəki xəstəxanalara aparıb-gətirəmək zərurətinin yaranacağını, buna görə də Sədrəddinin xəstəliyi ilə əlaqədar hərbi xidmətə yarasız haqqında hərbi bilet almaq üçün həkimlərə 8000 manat, özü üçün yol pulu isə 300 manat olmaqla ümumilikdə 8300 manat pulun lazım olduğunu və həmin pulu əvvəlcədən tam verdikdən 3 ay müddətində işi yekunlaşdıracağını demişdir. Həmin vaxt Şahid5 ona bu barədə Sədrəddinin valideynləri ilə danışıb onlara dedikdən sonra təkrar əlaqə saxlayacağını deyərək, mobil telefon nömrəsini alıb yanından uzaqlaşıb getmişdir. xx.xx.2023-cü il tarixdə tanışı Şahid6 ilə təsadüfən Masallı şəhəri, Xətai parkında oturub çay içən zaman Şahid5 parka tək gələrək onunla görüşmüşdür. Həmin vaxtı Svetlana ona Sədrəddinin valideynləri ilə danışıb razılıqlarını aldığını, həmin şəslərin xahişi ilə Qasımlı kənd sakini Zərərçəkmiş şəxs3 adlı şəxsin Sədərəddinin hərbi xidmətdən saxladılması üçün ona ilkin olaraq 1400 manat pul verdiyini və həmin pulu vermək üçün gətirdiyini bildirmişdir. O, 1400 manat pulu Svetlanadan almış və qalan 6900 manat pulu da tez müddətdə gətirib verməsini demişdir. Svetlana pulu ona verən zaman Nadirdən əgər işi alınmasa, zamin durmasını xahiş etdikdə, sonuncu ona “əgər Heybətəli söz veribsə yerinə yetirəcəyini” bildirmişdir. O, Svetlananın çox narahat olduğunu gördüyü üçün ona Zərərçəkmiş şəxs3 adlı şəxsə Sədrəddini 3 ay müddətində hərbi xidmətdən saxlayacağını və hərbi biletini alıb verəcəyini söz verdiyini çatdırmasını xahiş etmişdir. Bundan sonra o, Sədrəddin Curiyevi bir neçə dəfə Masallı və Bakı şəhərində yerləşən göz xəstəxanasına apararaq sənədlər toplamağa çalışmış, lakin 3 ay müddətində zəruri sənədləri əldə edə bilməmişdir. Zərərçəkmiş şəxs3 verdiyi vədi vaxtında yerinə yetirə bilmədiyini görüb Svetlana vasitəsilə ondan nə üçün işin gecikməsini öyrənməyə çalışmışdır. Buna görə də o, 2023-cü ilin dekabr ayında Masallı RMX-da Zərərçəkmiş şəxs3la özü görüşərək ona Sədrəddini hərbi xidmətə yararsız olması ilə əlaqədar müəyyən sənədləri toplasa da, lakin bu kifayət etmədiyini, əlavə sənədlər və vaxtın lazım olduğunu, əgər işi alındıra bilməsə pulunu qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs3 bir neçə gün gözləsə də, verdiyi sözə əməl etmədiyini görüb onunla yenidən görüşüb danışmaq istəmiş və o, 2024-cü ilin yanvar ayının əvvəllərində dəqiq xatırlamadığı gündə Masallı şəhəri, Xətai parkında Zərərçəkmiş şəxs3, Sədrəddin Curiyev və Şahid5 ilə görüşmüşdür. Orada Faiqə bir az da səbrli olub gözləməsini, Sədrəddini hərbi xidmətdən saxlama işini tezlikdə həll edəcəyini vəd etsə də, bunu yerinə yetirə bilməmiş və bir-iki gün sonra Sədrəddin özü könüllü olaraq hərbi xidmətə getmişdir. Zərərçəkmiş şəxs3 Sədərddin hərbi xidmətə getdiyi üçün Svetlana vasitəsilə ona verdiyi 8300 manat pulunu geri qaytarmasını tələb etməyə başlamışdır. O, hamin vaxt Zərərçəkmiş şəxs3 8300 manat deyil, 1400 manat aldığını, həmin pulu da işlə əlaqədar Bakı şəhərinə gedib-gələn zaman xərclədiyini bildirmişdir. Buna görə də Zərərçəkmiş şəxs3 aldadıldığı barədə polisə şikayət etmiş və o da bundan sonra 300 manat pul düzəldib Svetlana vasitəsilə Faiqə geri qaytarmış, qalan məbləği isə qaytara bilməmişdir. Hazırda əməldən peşmandır. Məhkəmədən Zərərçəkmiş şəxs2 vurduğu ziyanı tam ödəməsini, sonuncunun onunla barışaraq şikayət, tələb və iddiasının olmamasını, digər zərərçəkmiş şəxslərə vurduğu ziyanı maddi imkanı olmadığı üçün ödəyə bilmədiyini, yaşlı olmasını və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilməsi barədə vermiş olduğu ifadəsini inandırıcı hesab etmir, vurduğu ziyanın müəyyən hissəsindən yaxa qurtarmağa yönəlmiş ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, uzun müddətdir təziq və şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün pensiya almaq istəmiş və bu işdə ona köməklik edəcək şəxs axtarmışdır. xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində atası Şahid1 və anası Şahid2 ilə birlikdə Masallı şəhəri “Köhnə bazar” deyilən ərazidə yerləşən Şahid3 adlı şəxsin çayxanasında oturub çay içdikləri zaman öz aralarında valideynlərilə xəstəliyi ilə əlaqədar pensiya alması barədə söhbətlər etmişdir. Həmin vaxtı çayxananı işlədən atasının tanışı Şahid3 onlara çay verən zaman söhbtlərini eşitmiş və pensiya düzəldən bir nəfər Təqsirləndirilən şəxs adlı şəxsi tanıdığını demişdir. O, Məmməddən həmin şəxsi çayxanaya çaxırmasını xahiş etdikdə, o, Heybətəliyə zəng edərək onu çayxanaya çağırmışdır. Çayxanada söhbət edərkən Təqsirləndirilən şəxs xəstəliyilə əlaqədar pensiya almaq istədiyini bildirdikdə, sonuncu valideynlərinin yanında üzərində olan xəstəliyilə əlaqədar ilkin tibbi sənədlərinə baxaraq pensiya almağı üçün müəyyən sənədlərin çatmadığını və həmin sənədləri də topladıqdan sonra ona pensiya düzəldə biləcəyini bildirmişdir. Sonra həmin vaxtı ondan pensiya düzəltmək üçün çatışmayan tibbi sənədləri toplamaqdan ötrü 2500 manat pul istəmiş və 3 ay müddətində pensiyanı düzəldəcəyini vəd etmişdir. O, Heybətəliyə hazırda üzərində 2400 manat pulunun olduğunu və həmin pulu indi ona verə biləcəyini bildirmişdir. Heybətəli 2400 manat pulun müqabilində də ona pensiya düzəldə biləcəyini deyərək, ata və anasının yanında ondan 2400 manat pul almışdır. Bundan bir neçə gün sonra Heybvətəli onu Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparaq orada tibbi müayinələrdən keçirmiş və ona 3 aya pensiyasını düzəldəcəyini demişdir. Heybətəlinin dediyi 3 ay müddət başa çatdıqdan sonra pensiya ala bilmədiyini görüb dəfələrlə onunla əlaqə saxlayıb pensiya işinin nə yerdə olduğunu və nə üçün düzəlmədiyini öyrənməyə başlamışdır. Hər dəfə Heybətəli müəyyən bəhanələr gətirərək pensiyanın ondan asılı olmayan səbəblərdən hələ də düzəldə bilmədiyini, bir az da səbrli olmağını, qısa müddətdə verdiyi vədə əməl edib pensiyanı düzəldəcəyini demişdir. O, bir müddət də gözləmiş, lakin Təqsirləndirilən şəxs pensiyanı düzəltmədiyini görərək onun məqsədinin pensiya düzəltmək olmadığını, onu aldadaraq pulunu ələ keçmək olduğunu başa düşmüşdür. Bundan sonra Heybətəlidən dəfələrlə pulunu geri qaytarmasını tələb etsə də, hər dəfə ona aldığı 2400 manat pulun bir qismini sənədlərin toplanmasına və öz ehtiyaclarına xərclədiyini deyərək pulunu qaytarmayacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs pulunu ala bilməyəcəyini başa düşdüyü üçün xx.xx.2024-cü il tarixdə əvvəlcə DİN-nin 102 zəng mərkəzinə zəng edib aldadıldığı barədə məlumat vermiş, sonra Masallı Rayon Polis Şöbəsinə gedərək şikayət ərizəsi yazmışdır. Hal-hazıradək ona vurulmuş ziyan ödənilmədiyi üçün təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Ona görə də təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, əvvəllər uzun müddət xəstəliyi ilə əlaqədar İİ qrup əlil kimi pensiya almış və həmin pensiya təxminən 3 il əvvəl ona aydın olmayan səbəblərdən dayandırılmışdır. Buna görə də həmin vaxtdan başlayaraq özünə yenidən pensiya düzəltməyə çalışmış və bu işdə ona kömək edəcək şəxs axtarmışdır. 2023-cü ilin avqust ayının ortalarında qohumu olan Masallı şəhər sakini Şahid4 ilə təsadüfən Masallı rayonu, Ərkivan qəsəbəsində görüşüb söhbət edən zaman ona bu barədə danışmış və pensiya düzəltmə işini bacaran tanışının olub-olmadığını soruşmuşdur. Həmin vaxt Səadət ona pensiya və sosial yardım düzəldən bir nəfər Masallı rayonu, Tatyanoba kənd sakini Təqsirləndirilən şəxs adlı şəxsi tanıdığını bildirdikdə, o, Səadətdən həmin şəxslə onu tanış etməsini xahiş etmiş və o buna etiraz etməyərək Heybətəli adlı şəxsin çox vaxt Masallı şəhəri Xətai parkının ərazisində olduğunu demişdir. Bundan bir müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 16 radələrində o, Şahid4 ilə birlikdə Masallı şəhəri Xətai parkına gedərək orada Təqsirləndirilən şəxs tapıb görüşmüşdür. Söhbət zamanı Təqsirləndirilən şəxs xəstəliyilə əlaqədar əvvəllər aldığı pensiyanın dayandırıldığını və yenidən pensiya almaq istədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qohumu Səadətin yanında ona pensiya və sosial yardım düzəltmə işlərinə baxdığını, buna görə də ona pensiya düzəldə biləcəyini, bunun üçün müəyyən işləri görmək və sənədləri toplamaqdan ötrü 2000 manat pulun lazım olduğunu və həmin miqdarda pulu əvvəlcədən ona verməsini demişdir. O, Təqsirləndirilən şəxs inanıb etibar etdiyi üçün onunla razılaşmış və həmin vaxtı gedib qısa müddətə 2000 manat pul düzəldib gətirərək Sədaət Yusifovanın yanında parkda Heybətəliyə vermişdir. Heybətəli pulu ondan aldıqdan sonra narahat olmamasını, 6 ay müddətində pensiyanı düzəldəcəyini deyərək əlavə olaraq müəyyən ilkin tibbi sənədlərinin surətini də almışdır. Heybətəlinin dediyi 6 ay müddət başa çatdıqdan sonra dəfələrlə onunla əlaqə saxlayıb pensiya işinin nə yerdə olduğunu və nə üçün düzəlmədiyini öyrənməyə başlamışdır. Hər dəfə Heybətəli müəyyən bəhanələr gətirərək pensiyanı ondan asılı olmayan səbəblərdən hələ də düzəldə bilmədiyini, bir az da səbrli olmasını, qısa müddətdə verdiyi vədə əməl edib pensiyanı düzəldəcəyini demişdir. O, bir müddət də gözləmiş, lakin Təqsirləndirilən şəxs pensiyanı düzəltmədiyini görərək onun məqsədinin pensiya düzəltmək olmadığını, onu aldadaraq pulunu ələ keçmək olduğunu başa düşmüşdür. Bundan sonra Heybətəlidən dəfələrlə pulunu geri qaytarmasını tələb etsə də, hər dəfə ona aldığı 2000 manat pulun hamsını sənədlərin toplanmasına və yola xərclədiyini deyərək pulunu qaytarmayacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs pulunu ala bilməyəcəyini başa düşdüyü üçün xx.xx.2024-cü il tarixdə Masallı Rayon Polis Şöbəsinə gedərək aldadıldığı barədə şikayət etmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs onun 2000 manat pulunu qaytarmışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə verərək ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı iddia, tələb və şikayəti olmadığını qeyd edərək, nəzərə alinmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Masallı rayonu Qasımlı kənd sakini X7 onun həmkəndlisi, eyni zamanda dostudur və o, təxminən 20 ildir aravadı Tənzilə və övladları ilə birlikdə Rusiya Federasiyasının Narinski şəhərində yaşayır. 2023-cü ilin avqust ayının sonlarında dostu Dövlət ona zəng edərək hazırda Qasımlı kəndində yaşayan oğlu X2 gözü zəif gördüyü üçün onu xəstəliyi ilə əlaqədar həqiqi hərbi xidmətə getməkdən saxlmaq istədiyini, arvadı Tənzilənin Masallı rayonu, Viləş kəndində yaşayan Şahid5 adlı qohumunun olduğunu, həmin şəxsin tanışı olan Təqsirləndirilən şəxs vasitəsilə Sədrəddini hərbi xidmətdən saxlatdıracağını və buna görə də Svetlana vasitəsilə Təqsirləndirilən şəxs 8300 manat pul verməsini, həmin pulu Azərbaycan Respublikasına gəldikdən sonra ona geri qaytaracağını bildirmişdir. O, Dövlətin xahişini nəzərə alaraq oğlu Sədrəddini xəstəliyi ilə əlaqədar hərbi xidmətdən saxlatdırmaq üçün Şahid5 vasitəsilə Heybətəliyə 8300 manat pul verməyinə etiraz etməmiş, lakin Dövlətə hazırda o qədər pulunun olmadığını, həmin pulu iki dəfəyə düzəldib Təqsirləndirilən şəxs çatdıracağını demişdir. Bundan bir neçə gün sonra o, Masallı şəhərində yerləşən Bank Respublikadan öz adına 2000 manat pul götürüb həmin pulu xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Masallı rayonu, Viləş kəndində yerləşən sahə xəstəxananın qarşısında Svetlana ilə görüşüb Sədrəddin Curiyevin yanında Təqsirləndirilən şəxs çatdırmaq üçün ona vermişdir. Pulu Svetlanaya verməmişdən bir neçə gün əvvəl Təqsirləndirilən şəxs Svetlana və Sədrəddinlə Masallı şəhəri Xətai parkında görüşüb danışmış və həmin vaxt Heybətəli onu 8300 manat pulun müqabilində hərbi xidmətdən saxladacağını vəd etmişdir. Buna görə də o, bir daha Svetlanadan Təqsirləndirilən şəxs Sədrəddinin xəstəliyi ilə əlaqədar hərbi xidmətə getməməsi işinin nə vaxt həll edəcəyini soruşduqda, Svetlana ona 8300 manat pulu tam Heybətəliyə verildikdən sonra həmin şəxs 3 ay müddətinə işi həll edəcəyini vəd etdiyini bildirmişdir. Bundan bir neçə gün sonra o, qalan 6300 manat pulu da düzəldib xx.xx.2023-cü il tarixdə saat 11 radələrində yenə Viləş kəndində yerləşən sahə xəstəxanasının qarşısında Sədrəddinlə birlikdə Svetlana ilə görüşüb Təqsirləndirilən şəxs vermək üçün ona vermiş və Svetlana da həmin pulu bir gün sonra aparıb Xətai parkında Heybətəliyə vermişdir. Bundan bir müddət sonra o, Sədrəddinlə birlikdə Masallı Rayon Mərkəzi Xəstəxanasının həyətində Təqsirləndirilən şəxsla görüşüb söhbə edərkən Heybətəli ona 8300 manat pulu Svetlanadan aldığını, Sədrəddini xəstəliyi ilə əlaqədar hərbi xidmətdən saxlamaq üçün işə başladığını və müəyyən tibbi sənədləri topladığını demişdir. O, həmin vaxtı Heybətəliyə Svetlananın ona verdiyi 8300 manat pulun özünə məxsus olduğunu və verdiyi vədi vaxtında yerinə yetirməsə geri alacağını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona narahat olmamasını, belə işləri görmək onun üçün “su içmək” kimi bir şey olduğunu deyərək gözləməsini xahiş etmişdir. 2024-cü ilin yanvar ayının əvvəllərində dəqiq xatırlamadığı gündə Sədrəddin ona zəng edərək bir gün sonra əsgər gedəcəyini, lakin Heybətəli adlı şəxsin onu hərbi xidmətdən saxlatdırması ilə bağlı verdiyi vədini yerinə yetirmədiyini, buna görə də Masallı şəhəri Xətai parkında Heybətəli və Svetlana ilə görüşüb söhbət edəcəyini və ora gəlməsini xahiş etmişdir. Bundan sonra, o, Xətai parkına getmiş və orada Sədrəddin, Svetlana və Heybətəlini görmüşdür. Həmin vaxtı Sədrəddin Heybətəliyə onu hərbi xidmətə çağırdıqlarını və buna görə də iki günə əsgər gedəcəyini demişdir. Bu zaman Heybətəli ona və Sədrəddinə onun hərbi xidmətdən saxlatdırma işini hələki özündən asılı olmayan səbəbdən həll edə bilmədiyini və bir azda gözləməsini bildirdikdə, o, həmin vaxtı Heybətəlinin verdiyi vədə əməl etmədiyini və Sədrəddin Curiyevin əsgər gedəcəyini bildiyi üçün ondan 8300 manat pulunu geri qaytarmasını tələb etmişdir. Heybətəli ona aldığı pulların hamsını həkimlərə və yola xərclədiyi üçün qaytara bilməyəcəyini demiş və 10 gündə gözləməsini deyərək yanlarından çıxıb getmişdir. Bundan 2-3 gün sonra Sədrəddin həqiqi hərbi xidmətə getmişdir. Bundan sonra o, iki ay gözləsə də, Təqsirləndirilən şəxs Svetlana vasitəsilə ondan aldığı 8300 manat pulunu geri qaytarmamışdır. Buna görə də o, məcbur olub xx.xx.2024-cü il tarixdə Masallı Rayon Polis Şöbəsinə gedib aldadıldığı barədə şikayət ərizəsi yazmışdır. Hal-hazıradək ona vurulmuş ziyan ödənilmədiyi üçün təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Ona görə də təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qızıdır, o, uzun müddətdir təziq və şəkər xəstəliyindən əziyyət çəkir və buna görə də xəstəliyi ilə əlaqədar pensiya almaq istəmişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində o, qızı Mətanət və arvadı Şahid2 ilə birlikdə Masallı şəhəri “Köhnə bazar” deyilən ərazidə yerləşən tanışı Şahid3 çayxanasında oturub çay içərkən öz aralarında qızı ilə xəstəliyi barədə pensiya çıxmağı haqqında söhbətlər etmişdir. Həmin vaxtı çayxananı işlədən tanışı Məmməd çay verən zaman pensiya söhbtini eşitmiş və pensiya düzəldən bir nəfər Təqsirləndirilən şəxs adlı şəxsi tanıdığını demişdir. Həmin vaxtı qızı X5 çayxanaya çaxırmasını xahiş etdikdə, Məmməd Heybətəliyə zəng edərək onu çayxanaya çağırmışdır. Heybətəli çayxanaya gəlib onlarla görüşmüş və oturduqları masada oturmuşdur. Söhbət zamanı qızı Mətanət Təqsirləndirilən şəxs xəstəliyilə əlaqədar pensiya almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onların yanında Mətanətdə olan ilkin tibbi sənədlərə baxaraq ona pensiya alması üçün müəyyən sənədlərin çatmadığını və həmin sənədləri də topladıqdan sonra pensiya düzəldə biləcəyini demiş və həmin sənədləri toplamaq üçün Mətanətdən 2500 manat pul istəyərək 3 ay müddətində pensiya düzəldəcəyini vəd etmişdir. Mətanət Heybətəliyə üzərində hazırda 2400 manat pulun olduğunu və həmin pulu indi verə biləcəyini bildirdikdə, Heybətəli 2400 manat pulun müqabilində pensiya düzəldəcəyinə razılaşaraq ondan həmin məbləği almışdır. Heybətəli pulu aldıqdan sonra çayxanadan uzaqlaşıb getmişdir. Bundan sonra onlarda çayxanadan durub gedən zaman Məmməd yaxınlaşıb Heybətəli ilə nə danışdıqlarını soruşduqda, o, Məmmədə qızı Mətanətə pensiya düzəltmək üçün Heybətəlinin ondan 2400 manat pul aldığını demişdir. Bu zaman Məmməd ona Heybətəliyə əvvəlcədən pul verməyin səhv olduğunu demişdir. Həmin vaxtı o və arvadı Familə ona Heybətəlini qonşu kənd sakini kimi uzaqdan tanıdıqlarını və verdiyi vədi yerinə yetirəcəyini bildirdmişdir. Lakin Heybətəlinin dediyi 3 ay müddət başa çatmış, lakin Heybətəli qızının pensiya işini düzəltməyib onu aldatmışdır. Mətanət Heybətəlinin onu aldadıb 2400 manat pulunu ələ keçirdiyini və pulunu ala bilmədiyini görüb barəsində şikayət etmişdir. Şahid2 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Masallı rayon Mənzil Komunal Təsərrufatı Birliyində süpürgəçi-fəhlə işləyir. 2023-cü ilin avqust ayının ortalarında Masallı rayonu, Qasımlı kəndində qeydiyyatda olmaqla hazırda uzun zamandır Rusiya Federasiyasında yaşayan qohumu Tənzilə Curiyeva və əri Dövlət Curiyev onunla telefon əlaqəsi yaradaraq Qasımlı kəndində yaşayan oğlu Sədrəddin Curiyevin gözü zəif gördüyü üçün onu hərbi xidmətə getməkdən saxlatdırmaq istədiklərini deyərək, bu işi bacaran bir nəfər şəxs tapmasını xahiş etmişlər. Bundan bir neçə gün sonra, yəni avqust ayının sonlarında Masallı şəhəri köhnə bazar deyilən yerdə olan zaman orada Şıxlar kənd sakini əvvəllər tanıdığı Şahid6 görmüş və ona qohumu olan Sədrəddin Curiyevi xəstəliyi ilə əlaqədar hərbi xidmətdən saxlatdırmasının lazım olduğunu deyərək, bu işləri görə biləcək tanışın olub-olmadığını soruşmuşdur. Həmin vaxtı Nadir ona Masallı rayonu, Tatyanoba kənd sakini Təqsirləndirilən şəxs adlı bir nəfər şəxsi tanıdığını, həmin şəxsin pensiya düzəltmə işənə baxdığını və həmin şəxslə görüşüb ona deməsini bildirmişdir. Nadirdən Heybətəli adlı şəxsi harada görə biləcəyini soruşduqda, ona həmin şəxsin çox vaxt Masallı şəhəri Xətai parkında olduğunu demişdir. Bundan bir gün sonra, o, Sədrəddinlə Xətai parkına gedərək orada Təqsirləndirilən şəxs adlı şəxsi tapıb görüşmüşdür. Söhbət zamanı Heybətəliyə qohumu olan Sədrəddin Curiyevin gözünün zəif gördüyünü və xəstəliyi ilə əlaqədar Rusiya Federasiyasında yaşayan valideynləri onu hərbi xidmətdən saxlatdırmaq istədiklərini demişdir. Həmin vaxtı Heybətəli ona belə işləri gördüyünü, lakin bir az vaxt aparacağını, bununla əlaqədar çoxlu sayda sənədlər toplayacağını, bir neçə dəfə Sədrəddini Bakı şəhərindəki xəstəxanalara aparıbgətirəcəyini, xəstəliyi ilə əlaqədar hərbi xidmətə yarasız haqqında hərbi bilet almaq üçün həkimlərə 8000 manat, özü üçün yol pulu isə 300 manat olmaqla ümumilikdə 8300 manat pulun lazım olduğunu və həmin pulu əvvəlcədən tam verdikdən 3 ay müddətində işi yekunlaşdıracağını bildirmişdir. Heybətəliyə Sədrəddinin valideynləri ilə danışdıqdan sonra onunla əlaqə saxlayacağını deyərək ondan mobil telefon nömrəsini alıb yaşadığı evə getmişdir. Həmin günü Tənzilə və əri Dövlətlə telefonda danışıb Sədrəddini xəstəliyi ilə əlaqədar hərbi xidmətdən saxlamaq üçün Heybətəli adlı şəxsi tapdığını və həmin şəxsin ümumilikdə 8300 manat pul istədiyini demişdir. Tənzilə və Dövlət heç bir etiraz etməyib razı olduqlarını və pulu qısa müddətdə Heybətəliyə vermək üçün ona göndərəcəklərini demişlər. xx.xx.2023-cü il tarixdə Tənzilə onunla əlaqə saxlayaraq həmin pulu əri Dövlətin dostu olan Qasımlı kənd sakini Zərərçəkmiş şəxs3 adlı şəxsin ona verəcəyini bildirmişdir. Həmin günü təxminən saat 16 radələrində o, Masallı rayonu, Viləş kəndində yerləşən sahə xəstəxananın qarşısında Faiq və Sədrəddinlə görüşmüşdür. Faiq ona bankdan hələki 2000 manat pul götürdüyünü və həmin pulu Təqsirləndirilən şəxs çatdırmaq üçün indi verəcəyini, qalan 6300 manat pulu da bir həftəyə düzəldib özünün verəcəyini demişdir. Həmçinin ondan Sədrəddinin xəstəliyi ilə əlaqədar hərbi xidmətə getməməsi Heybətəlinin işi nə vaxt həll edəcəyini soruşmuşdur. O, Faiqə 8300 manat pul tam verildikdən sonra həmin pulu Heybətəliyə çatdırdıqdan 3 ay müddətinə işin həll olunacağını söz verdiyini bildirmişdir. Bundan sonra Faiqdən 2000 manat pulu Sədrəddinin yanında almış və həmin pulu özündə saxlamayıb xx.xx.2023-cü il tarixdə aparıb Masallı şəhəri Xətai parkında Heybətəliyə vermişdir. 2000 manat pulu Heybətəliyə verən zaman orada təsadüfən Nadir də olmuş və o, Nadirə işin düzəlməyəcəyi təqdirdə zamin qalmasını dedikdə, sonuncu ona Heybətəli söz veribsə yerinə yetirəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Faiq onunla yenidən əlaqə saxlayaraq 6300 manat pulu düzəltdiyini demişdir. O yenə Viləş kəndində yerləşən sahə xəstəxanasının qarşısında Faiqlə görüşüb Sədrəddinin yanında Faiqdən 6300 manat pulu almış və xx.xx.2023-cü il tarixdə həmin pulun hamısını aparıb yenə Təqsirləndirilən şəxs Xətai parkında vermişdir. Heybətəliyə parkda pulu verən zaman yanında başqa şəxs olmamış, lakin ehtiyat etdiyi üçün sonra bu barədə Nadirə zəng edib xəbər vermişdir. Təqsirləndirilən şəxs qohumu Sədrəddin Curiyevi xəstəliyi ilə əlaqədar hərbi xidmətdən saxlamaq üçün onun vasitəsilə Zərərçəkmiş şəxs3 iki dəfəyə ümumilikdə 8300 manat pul almışdır. Heybətəli 3 ay müddətində Sədrəddini Masallı və Bakıda yerləşən xəstəxanalara aparıb-gətirsə də, lakin verdiyi sözə əməl etməyərək ona xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız olması ilə bağlı hərbi bilet ala bilməmişdir. Sədrəddinin valideynləri və Zərərçəkmiş şəxs3 ondan dəfələrlə bu barədə soruşduqda, o da, Heybətəlidən işin nə yerdə qaldığını və nə zaman həll olunacağını öyrənməyə çalışmış, lakin Heybətəli hər dəfə ona işin özündən asılı olmayan səbəblərə görə həll olunmadığını demişdir. Bu müddət ərzində Zərərçəkmiş şəxs3 Masallı şəhərində Heybətəli ilə özü görüşüb danışmış və Heybətəli ona da narahat olmamasını, verdiyi vədini yerinə yetirəcəyini və bir az səbrli olmasını bildirmişdir. Heybətəlinin verdiyi vədi yerinə yetirmədiyini görüb 2024-cü ilin yanvar ayının əvvəllərində dəqiq xatırlamadığı gündə o, Masallı şəhəri Xətai parkında Sədrəddin və Faiqlə birlikdə Heybətəli ilə görüşmüşdür. X10 və Sədrəddinə səbrli olub gözləmələrini, hərbi xidmətdən saxlama işini tezlikdə həll edəcəyini yenə vəd etmişdir. Lakin Heybətəli yenə verdiyi sözə əməl etməmiş və bundan bir neçə gün sonra Sədrəddin hərbi xidmətə getmişdir. Sədərddin hərbi xidmətə getdiyi üçün Zərərçəkmiş şəxs3 ondan 8300 manat pulu Heybətəlidən almasını tələb etməyə başlamışdır. Faiq hər dəfə ona 8300 manat pulu öz cibindən verdiyini deyərək pulunu qaytarmayacağı təqdirdə polisə şikayət edəcəyini bildirmişdir. O, Heybətəlidən pulu alıb Faiqə qaytara bilmədiyi üçün sonuncu polisə şikayət etmişdir. Bundan sonra öz əmək haqqından 300 manat Faiqə vermiş, qalan məbləği isə Heybətəli ödəməmişdir. Təqsirləndirilən şəxs onu və Zərərçəkmiş şəxs3 aldadaraq sonuncunun ümumilikdə 8300 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs aldığı 8300 manat puldan ona verməmiş və o da buna görə heç bir məbləğdə ondan pul istəməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Masallı rayonu, Tatyanoba kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımışdır. 2023-cü ilin avqust ayının sonlarında Masallı şəhəri, Xətai parkının yaxınlığında olan zaman Şıxlar kənd sakini əvvəllər tanıdığı Şahid5 ilə təsadüfən qarşılaşmışdır. Həmin vaxtı Svetlana ilə bir qədər söhbət etdikdən sonra sonuncu ona qohumu olan Masallı rayonu, Qasımlı kənd sakini X2 Rusiya Federasiyasında yaşayan valideynləri onu göz xəstəliyi ilə əlaqədar hərbi xidmətə getməkdən saxlatdırmasını xahiş etdiyini deyərək, bu işləri görə biləcək tanışının olub-olmadığını soruşmuşdur. Əvvəllər Masallı şəhəri Xətai parkında çay içərkən tanış olduğu Tatyanoba kənd sakini Təqsirləndirilən şəxs ona pensiya, sosial yardım, hərbi xidmətdən saxlatdırması və digər xidmətlərin görülməsi işi ilə məşğul olduğunu dediyi üçün Svetlanaya həmin adamı özünün tapıb onunla danışmasını tövsiyə etmişdir. Svetlana heç bir etiraz etmədən ondan Heybətəli adlı şəxsin mobil telefonunu istəmiş, lakin o, Heybətəlinin telefon nömrəsini bilmədiyini deyərək həmin şəxsin çox vaxtı Xətai parkında oturduğunu və həmin parka gedib orada tapa biləcəyini bildirmişdir. xx.xx.2023cü il tarixdə Masallı şəhəri Xətai parkında olduğu zaman təsadüfən Təqsirləndirilən şəxsla rastlaşmış və parkda oturub çay içməyə başlamışdır. Həmin vaxtı Heybətəli ona 2-3 gün əvvəl Viləş kənd sakini Şahid5 qohumu olan Sədrəddin adlı şəxsi yanına gətirərək gözü zəif gördüyü üçün onu hərbi xidmətdən saxlamasına köməklik göstərməsini xahiş etdiyini və razılaşdığını, buna görə də ondan 8000 manat həkimlər üçün, 300 manat isə özü üçün yol pulu olmaqla ümumilikdə 8300 manat pul istədiyini demişdir. O, Heybətəliyə həmin qadının tanışı olduğunu və bu barədə ona dediyini bildirərək, hərbi xidmətdən saxlama məsələsini həll edə bilməyəcəksə qadından pul almamasını tövsiyyə etmişdir. Heybətəli ona heç bir problemin olmadığını, belə işləri görmək onun üçün “su içmək” kimi bir şey olduğunu demişdir. Bu zaman parka Şahid5 tək gəldiyini görmüşdür. Svetlana onunla və Heybətli ilə görüşərək onlara nə yaxşı ki, bir yerdə olduqlarını dedikdən sonra üzünü Heybətəliyə tutub Sədrədinin valideynləri ilə danışıb razılıqlarını aldığını, həmin şəslərin xahişi ilə Qasımlı kənd sakini Zərərçəkmiş şəxs3 adlı şəxsin Sədərəddinin hərbi xidmətdən saxlatdırması üçün ona ilkin olaraq 2000 manat pul verdiyini və həmin pulu vermək üçün gətirdiyini bildirmişdir. Heybətəli 2000 manat pulu onun yanında Svetlanadan almış və ona qalan 6300 manat pulu da tez müddətdə gətirib verməsini demişdir. Svetlana pulu Heybətəliyə verən zaman ona əgər iş alınmasa zamin durmasını xahiş etmiş, o da Heybətəliyə çox inandığı üçün həmin vaxtı Svetlanaya “əgər Heybətəli söz veribsə yerinə yetirəcəyini” bildirmişdir. Heybətəli Svetlananın çox narahat olduğunu gördüyü üçün ona Zərərçəkmiş şəxs3 adlı şəxsə Sədrəddini 3 ay müddətində hərbi xidmətdən saxlayacağını və hərbi biletini alıb verəcəyini söz verdiyini çatdırmasını xahiş etmişdir. Bundan sonra o və Svetlana Heybətəli ilə sağollaşıb parkdan getmişlər. Sentyabr ayının ortalarında Şahid5 ona zəng edərək qalan 6300 manat pulu da xx.xx.2023-cü il tarixdə Masallı şəhəri Xətai parkında Təqsirləndirilən şəxs verdiyini bildirmiş və Heybətəlidən hərbi xidmətdən saxlatdırması işini tez zamanda həll etməsini xahiş etməyini bir daha tapşırmasını istəmişdir. Bundan sonra o, Heybətəli ilə əlaqə saxlayıb ondan bu barədə soruşduqda, Heybətəli ona Svetlanadan 6300 manat pulu da aldığını, verdiyi sözü yerinə yetirərək 3 ay ərzində Sədrəddini xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız olması ilə bağlı hərbi biletini alıb verəcəyini demişdir. Bundan sonra baş verənlərdən onun heç bir xəbəri olmamış, lakin 2024-cü ilin yanvar ayında Svetlana ona Heybətəlinin yalan danışdığını, verdiyi vədi yerinə yetirmədiyini və buna görə də Sədrəddin Curiyevin hərbi xidmətə getdiyini deyərək, ondan pulu geri almasına köməklik etməsini xahiş etmişdir. O, bu barədə Heybətəliyə dəfələrlə bildirsə də, Heybətəli ona hərbi xidmətdən saxlama işinin ondan asılı olmayan səbəblərdən alındıra bilmədiyini və bu müddətdə aldığı pulları xərclədiyini demişdir. Şahid5 Təqsirləndirilən şəxsla tanış etsə də, Heybətəlinin həmin şəxsi aldadacağını əvvəlcədən bilməmiş, Heybətəli aldığı puldan ona verməmiş və o da bu işə görə heç vaxt ondan pul istəməmişdir. Şahid3 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, Masallı şəhəri “Köhnə bazar” deyilən yerdə çayxana işlədir. Masallı rayonu, Tatyanoba kənd sakini Təqsirləndirilən şəxs əvvəllər çayxanada müştəri olduğu üçün tanımışdır. Heybətəli çayxanaya gəlib-getdiyi vaxtlarda ona pensiya və sosial yardım düzəltmə işinə baxdığını demişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində əvvəllər müştəri kimi tanıdığı Masallı rayonu, Ərkivan qəsəbə sakini Şahid1 arvadı Familə və qızı Mətanətlə çayxanaya gəlib çayxananın həyətində oturmuş və ondan çay istəmişlər. O, tanışı Yusifə və ailə üzvlərinə çay verən zaman onların öz aralarında Mətanətin xəstəliyi ilə əlaqədar pensiya çıxmağı barədə söhbətlər etdiklərini eşitmişdir. Həmin vaxtı o, Zərərçəkmiş şəxs1 pensiya düzəldən bir nəfər Tatyanoba kənd sakini Təqsirləndirilən şəxs adlı şəxsi tanıdığını demişdir. Bu zaman Mətanət ona Heybətəlini çayxanaya çağırmasını xahiş etdikdə, o, Heybətəliyə zəng edərək çayxanaya çağırmışdır. Qısa müddətdən sonra Heybətəli çayxanaya gəlib Mətanət, Yusif və Familənin oturduğu masada əyləşib onlarla söhbət etməyə başlamışdır. O, digər müştərilərə xidmət etdiyi üçün onların yanında qalmamış və nə danışdıqlarını bilməmişdir. Təxminən 15-20 dəqiqədən sonra Təqsirləndirilən şəxs həmin şəxslərlə sağollaşıb getdiyini görmüşdür. Bundan sonra o, Yusifə yaxınlaşıb Heybətəli ilə nə danışdıqlarını və necə razılaşdıqlarını soruşduqda, Yusif ona Heybətəlinin qızı Mətanətə pensiya düzəltmək üçün sonuncudan 2400 manat pul aldığını demişdir. O, Yusifə qızı Mətanətin əvvəlcədən Heybətəliyə pul verməsinin səhv olduğunu desə də, Yusif ona Heybətəlini qonşu kənd sakini kimi tanıdıqlarını və verdiyi vədi yerinə yetirəcəyini bildirmişdir. Bundan sonra onun heç nədən xəbəri olmamışdır. Lakin sonradan Təqsirləndirilən şəxs Mətanəti aldadaraq ona pensiya düzəltmədiyini və pulunu ələ keçirdiyini eşitmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən verilmiş 34344/2-768/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. İş materiallarında olan VMAS-da yoxlamanın nəticəsindən görünür ki, Orucov X3 xəstəliyi, Miopatiya diaqnozu ilə İİ qrup əlildir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Güllütəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xəsiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan, qərardan və hökmdən görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(050)-18/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə (cinayət işi üzrə icraata) həmin Məcəllənin 73- 1.1-ci maddəsinə əsasən xitam vermiş və o, cinayət məsuliyyətindən azad edilmiş, Masallı Rayon Məhkəməsinin 1(050)-215/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 6 ay 4 gün hissəsi çəkilməmiş qalmış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə barışmasını Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində Zərərçəkmiş şəxs2 dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə və İİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, habelə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 vurduğu ziyanı ödəməməsini, sonuncuların ondan şikayətçi olmalarını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, əvvəllər də eyni xarakterli cinayət əməli törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını və cəzasını çəkib qurtarmadan yenidən hazırki cinayət əməlini törətməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Masallı Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 1(050)-215/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla, hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplanmalı və ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş üzrə məhkəmə xərclərinin və maddi sübutun olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Masallı Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 1(050)-215/2023 saylı hökmü ilə təyin edilmiş 1 (bir) il azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla, hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplansın və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 29 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar