Məhkəmə qərarları › İş №1(050)-112/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-112/2025

02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-112/2025 02.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında 18 avqust 2000-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İİ qrup əlil, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, M.Talışxanov küçəsi ev 58/22-də qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində Masallı şəhəri, H.Əliyev prospektində yerləşən bir mərtəbəli, bir otaqlı “Hüquq diaqnostikası” ofisinin plastik qapısını açma üsulu ilə qanunsuz daxil olub oradakı masanın üzərində olan əvvəllər tanımadığı Masallı rayonu, Yeyənkənd kənd sakini Zərərçəkmiş şəxs1 məxsus bir ədəd, 300 manat dəyərində, C.Koreya istehsallı, “HP” markalı, ekran dioqnalı 15.6 dyüm, boz rəngli notebooku və bir ədəd, 240 manat dəyərində, C.Koreya istehsallı, “HP” markalı, ekran dioqnalı 15.6 dyüm, qara rəngli notebooku gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 540 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 01:30 radələrində Masallı şəhəri, “Bakı” prospektində yerləşən əvvəllər tanıdığı Masallı rayonu, Hüseynhacılı kənd sakini Zərərçəkmiş şəxs2 icarəsində olan bir mərtəbəli avtomobil təmiri sexinə dam və tavan örtüyünün sökülüb çıxarılması üsulu ilə qanunsuz daxil olub oradakı masanın üzərindən Zərərçəkmiş şəxs2 məxsus bir ədəd, 210 manat dəyərində, Çin istehsalı, “Ajhua” markalı videomüşahidə kamerasının yaddaş blokunu, bir ədəd, 200 manat dəyərində, C.Koreya istehsalı, ekran dioqnalı 18 dyüm, “Samsung” markalı manitoru və həmin sexin iç hissəsinin divarına quraşdırılmış bir ədəd və çöl hissəsinin ön divarına quraşdırılmış iki ədəd olmaqla ümumilikdə 3 ədəd, hər biri 30 manat dəyərində, Çin istehsalı, “Ajhua” markalı videomüşahidə kameralarını gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 500 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2025-ci il tarixdə, saat 01 radələrində Masallı şəhəri, M.Füzuli küçəsində yerləşən bir mərtəbəli, beş otaqlı çox funksiyalı obyektin plastik pəncərəsinin dəmir barmaqlığını sökülüb çıxarılaraq açılması üsulu ilə qanunsuz daxil olub həmin obyektin əvvəllər tanımadığı Masallı rayonu, Ərkivan qəsəbə sakini Zərərçəkmiş şəxs3 icarəsində olan “Cənub Game” playstation oyun salonundan sonuncuya məxsus bir ədəd, 720 manat dəyərində, C.Koreya istehsalı, “HP” markalı, “İntel core i7” prosessorlu kompüter sistem blokunu, bir ədəd, 25 manat dəyərində, “Genius Vıbratıon” markalı qulaqlığı, bir ədəd, 7 manat dəyərində, “HP” markalı mause və işçi masanın gözlüyündən 48 manat nağd pulu gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 800 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2025-ci il tarixdə, saat 02 radələrində Masallı şəhəri, B.Məmmədov küçəsi 12-də yerləşən “İmam Əli” məscidinə pəncərənin şüşəsinin sındırılması üsulu ilə qanunsuz daxil olub həmin məscidin axundu əvvəllər tanımadığı Masallı şəhər sakini Zərərçəkmiş şəxs4 məxsus məscidin divarına quraşdırılmış bir ədəd, 200 manat dəyərində, Çin istehsalı, “Hıkvısıon” markalı videomüşahidə kamerasını, bir ədəd, 300 manat dəyərində, Çin istehsall, “Hıkvısıon” markalı videomüşahidə kamerasının yaddaş blokunu və bir ədəd, 100 manat dəyərində, Çin istehsalı, “Shturman” markalı yaddaş blokunun elektrik qidalandırıcısını gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, onun kompüter, videomüşahidə kameralarına və digər texnikalara həvəsi olduğu üçün maddi imkanı olmadığından həmin əşyaları oğurluq yolu ilə əldə etmək qərarına gəlmişdir. Bu məqsədilə o, 2023-cü ilin payız aylarından başlayaq 2025-ci ilin mart ayının ortalarına kimi Masallı şəhəri ərazisində dörd yerdən oğurluq etmiş və oğurluğa gedərkən özü ilə vintaçan, dəmir ling, barmaq izləri qalmasın deyə bir cüt fəhlə əlcəyi və rəngli paket götürmüşdür. Belə ki, xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “Hüquq diaqnostikası” ofisinin qarşısına gələrək bir müddət dayanıb içərisində və ətrafında heç kimin olmadığına əmin olduqdan sonra özü ilə gətirdiyi dəmir lingi ofisin palstik qapısının kilid olan yeri tərəfindən salıb sağa-sola sıxıb buraraq açıb içəri daxil olmuşdur. Sonra masanın üzərində olan bir ədəd qara və bir ədəd boz rəngli olmaqla iki ədəd “HP” markalı notebookları götürüb rəngli paketin içinə qoymuş, ofisin qapısını çəkib bağlayaraq oradan çıxıb velosipedi ilə yaşadığı evə gələrək əşyaları evdə özünə aid otaqda gizlətmişdir. Bir müddət həmin notebookları evdə heç kimin görmədiyi şəraitdə açıb istifadə etsə də, tutula biləcəyindən qorxduğu üçün heç kimə satmayıb özündə saxlamışdır. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə, saat 01:30 radələrində yenə oğurluq etmək məqsədilə Masallı şəhəri, “Bakı” prospektində yerləşən əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 məxsus bir mərtəbəli avtomobil təmiri sexinin qarşısına gəlmiş, orada bir qədər dayanıb heç kimin olmadığını dəqiqləşdirdikdən sonra sexin arxa tərəfindən üstünə çıxmışdır. Sexin üstünə çıxdıqdan sonra özü ilə götürdüyü dəmir linglə azbes materialından olan örtüyün birini çıxardıb kənara qoyaraq açdığı yerdən sexə daxil olmuşdur. Sexin içindəki işçi masanın üzərində quraşdırılmış bir ədəd “Ajhua” markalı videomüşahidə kamerasının yaddaş blokunun (DVR) və bir ədəd “Samsung” markalı manitorun naqillərini kəsib ayırmış, həmçinin divara bərkidilmiş bir ədəd videomüşahidə kameranın da naqilini kəsib vintaçanla açıb çıxartmışdır. Daha sonra həmin əşyaları götürüb bacadan sexin çölünə çıxmış və sexin ön tərəfində olan iki ədəd “Ajhua” markalı videomüşahidə kameranı da eyni üsulla söküb çıxartmışdır. Bundan sonra oğurladığı videomüşahidə dəstini velosipedlə yaşadığı evə gətirib gizlətmişdir. Bundan başqa o, xx.xx.2025-ci il tarixdə, saat 01 radələrində Masallı şəhəri, M.Füzuli küçəsində yerləşən “Cənub Game” playstation oyun salonunun qarşısına gəlmiş, orada bir qədər gözləyib küçədə və ətrafda, həmçinin salonun içində heç kimin olmadığına əmin olduqdan sonra salonun sol tərəfinə keçib əvvəlcə plastik pəncərənin dəmir barmaqlığını linglə söküb yerə qoymuş, sonra isə vintaçanla plastik pəncərəni açıb içəri daxil olmuşdur. Daxil olduğu otağın playstation oyun salonu olmadığını bilib həmin otaqdan dəhlizə keçmiş və dəhlizlə üzbəüz olan oyun salonunun şüşəli taxta qapısını tapmışdır. Qapı bağlı olduğundan vintaçanla qapının orta şüşəsini çıxardıb oradan salona girmişdir. Sonra salonu axtarmağa başlamış və oradan bir ədəd “HP” markalı kompüter sistem blokunu, bir ədəd, “Genius Vıbratıon” markalı qulaqlığı, bir ədəd, “HP” markalı mause (siçanı) və işçi masanın gözlüyündən 48 manat pulu tapıb götürmüşdür. Həmçinin oyun salonunda olan videomüşahidə kameralarının yaddaş kartlarını çıxardıb yerə atmışdır ki, görüntülər pozulsun. Bundan sonra oğurladığı playstation kompüter avadanlıqlarını oyun salonuna və obyektə girdiyi yerdən çölə çıxardıb velosipedinin yük yerinə qoyaraq yaşadığı evə gətirmişdir. Evdə ailə üzvlərinin görməməsi üçün həmin əşyaları gizlətmişdir. Oğurladığı 48 manat pulu isə özü üçün xərcləmişdir. Bundan başqa o, xx.xx.2025-ci il tarixdə, saat 02 radələrində velosipedi ilə Masallı şəhərində yerləşən “İmam Əli” məscidinin yanına gəlmiş, məsciddə heç kimin olmadığına əmin olduqdan sonra arxa tərəfi ilə məscidin sol tərəfinə keçmiş, qab-qacaqlar olan yerdəki pəncərənin şüşəsini vintaçanla çıxardıb məscidə daxil olmaq istəyərkən bilmədən pəncərəni sındırmış və oradan məscidə daxil olmuşdur. Məscidə daxil olduqdan sonra üzərində olan bıçaqla məscidin divarında quraşdırılmış bir ədəd “Hıkvısıon” markalı videomüşahidə kamerasının, bir ədəd “Hıkvısıon” markalı videomüşahidə kamerasının yaddaş blokunun (DVR) və bir ədəd “Shturman” markalı yaddaş blokunun elektrik qidalandırıcısının (UPS) naqillərini əvvəlcə kəsmiş, daha sonra vintaçanla divardan söküb götürmüşdür. Bundan sonra oğurladığı videomüşahidə avadanlıqlarını özü ilə götürüb məscidə daxil olduğu pəcərədən çıxıb velosipedinin yük yerinə qoyub yaşadığı evə gətirmişdir. Evdə onları da, əvvəllər oğurladığı yerlərdən götürdüyü videomüşahidə, kompüter və playstation avadanlıqlarının yanına qoyub gizlətmişdir. O, oğurladığı əşyaları satmağa əlverişli vaxt tapmasa da, marağında olduğundan həmin avadanlqılardan bir neçəsini sökərək detallarına baxıb yenidən əvvəlki vəziyyətinə gətirmiş, həmçinin internet üzərindən işləmə psinsiplərini öyrənmişdir. xx.xx.2025-ci il tarixdə, saat 16 radələrində “İmam Əli” məscidindən oğurladığı bir ədəd videomüşahidə kamerasını götürüb velosipedinin yük yerinə qoyaraq satmaq üçün Masallı şəhəri “Köhnə bazar” adlanan yerə gedərkən, Masallı şəhəri, M.Talışxanov küçəsində sonradan adının bildiyi polis əməkdaşı Şahid3 onu görüb dayandıraraq “İmam Əli” məscidindən bir ədəd videomüşahidə kamerasının, sistem blokunun və elektrik qidalandırıcısının oğurlandığını, həmin əşyaların məsciddən oğurlanmış əşyalar olmasından şübhələndiyini bildirmişdir. O, Şahid3 kameranın məsciddən oğurladığını bildiyini başa düşdüyü üçün həmin əşyaları məsciddən onun oğurladığını etiraf etmişdir. Bundan sonra Şahid3 onu Masallı RPŞ-nə dəvət etmiş, orada sorğu zamanı digər oğurluqlarını da səmimi etiraf etmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən ilk dəfə cinayət əməli törətməsini və psixi xəstəlikdən əziyyət çəkməsini nəzərə alıb ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Şahid1 onun əridir və onunla birlikdə Masallı rayonu, Yeyənkənd kəndində yerləşən evdə yaşayır. Şahid1 Masallı şəhəri, H.Əliyev prospektində yerləşən bir mərtəbəli, bir otaqlı “Hüquq diaqnostikası” ofisi vardır və həmin ofisdə Şahid1 vətəndaşlara elektron və digər sənədlərin hazırlanması, çap edilməsi, göndərilməsi, həmçinin surətlərinin çıxarılması xidmətlərinin göstərilməsi işi ilə məşğul olur. Şahid1 pulu olmadığından 2023-cü ilin payız aylarında o, şəxsi vəsaiti hesabına bir ədəd, C.Koreya istehsallı, “HP” markalı, 300 manat dəyərində, boz rəngli, ekran dioqnalı 15.6 dyüm olan notebook və bir ədəd, C.Koreya istehsallı, “HP” markalı, 240 manat dəyərində, qara rəngli, ekran dioqnalı 15.6 dyüm olan notebook olmaqla ümumilikdə iki ədəd 540 manat dəyərində notebooku alıb ona vermişdir. Bundan sonra əri Nasir həmin “HP” markalı notebookları aparıb “Hüquq diaqnostikası” ofisinə qoyub istifadə etməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində əri Nasir Masallı şəhəri, H.Əliyev prospektində yerləşən ofisinə getmiş, təxminən 35-40 dəqiqə sonra onunla telefon əlaqəsi saxlayıb gecə saatlarında naməlum şəxs və ya şəxslərin ofisin plastik qapısını metal alətlə sıxıb açmaq yolu ilə ofisə daxil olduğunu və masanın üzərində olan onun aldığı həmin iki ədəd “HP” markalı notebooku oradan oğurladığını bildirmişdir. Bundan sonra o da ofisə gedib oradan ona məxsus olan iki ədəd “HP” markalı notebookun oğurlandığını aşkar etmişdir. Həmin vaxt əri Nasir oğurluq hadisəsi barədə polisə şikayət etməsə də, bir müddət sonra şikayət etmək qərarına gəlmiş və xx.xx.2025-ci il tarixdə Masallı Rayon Polis Şöbəsinə gedib ofisdən ona məxsus ümumi dəyəri 540 manat təşkil edən iki ədəd “HP” markalı notebooku naməlum şəxs və ya şəxslərin oğurladığı bildirmişdir. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı oğurluq etmiş şəxsin Masallı şəhər sakini Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Daha sonra isa ona məxsus iki ədəd “HP” markalı notebooklar ona qaytarılmışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanı ödəməsini, ona qarşı şikayəti, tələbi və iddiası olmadığını qeyd edərək, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etdi. Məhkəmə iclas zamanı şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verdi. Zərərçəkmiş şəxs4 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, 23 may 2013-cü il tarixdə Qafqaz Müsəlmanları İdarəsinin sədri tərəfindən Masallı şəhəri, B.Məmmədov küçəsi 12-də yerləşən “İmam Əli” məscidinin axundu vəzifəsinə təyin edilmiş və hazırki vaxtadək həmin məcsiddə eyni vəzifəni icra edir. 2015-ci ildə şəxsi vəsaiti ilə üç ədəd, hər biri 200 manat olan Çin istehsalı, “Hıkvısıon” markalı videomüşahidə kameralarını, bir ədəd 300 manat dəyərində Çin istehsalı, “Hıkvısıon” markalı videomüşahidə kameralarının yaddaş blokunu (DVR) və bir ədəd 100 manat dəyərində Çin istehsalı, “Shturman” markalı yaddaş blokunun elektrik qidalandırıcısını (UPS) alıb məscidin içinin divarına quraşdırmışdır. Məscidin içini videomüşahidə kameraları ilə təchiz etməkdə məqsədi baş verə biləcək oğurluq hallarının qarşısını almaq və caamatın təhlükəsiz formada məscidə gəlib ibadət etmələrinə şərait yaratmaq olmuşdur. xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində məsciddə 8-9 nəfər digər şəxslərlə birlikdə axşam namazını qılıb ibadət etdikdən sonra yaxınlıqda olan yaşadığı evə getmişdir. Yaşadığı evə gedərkən məscidin digər qapı-pəncərələrini bağlasa da, əsas giriş taxta qapının klidi xarab olduğundan həmin qapını bağlaya bilməmiş, amma örtülü saxlamışdır. xx.xx.2025-ci il tarixdə, saat 05 radələrində azan səsini eşidib yuxudan durub sübh namazını qılmaq üçün məscidə getməyə hazırlaşmışdır. Bu zaman məscidin nəzarətçisi (xuddamı) Şahid2 mobil telefonuna zənd edib ona məscidin pəncərəsinin şüşəsinin sındırıldığını, içəridə olan bir ədəd videomüşahidə kamerasının, yaddaş blokunun (DVR) və elektrik qidalandırıcısının (UPS) oğurlandığını aşkar etdiyini bildirmişdir. Bundan sonra o, dərhal yaxınlıqda yerləşən məscidə gəlmiş, kimlərinsə məscidin sol tərəfində olan pəncərəsinin şüşəsini sındırıb oradan məscidin içinə daxil olaraq məscidin divarında quraşdırılmış bir ədəd “Hıkvısıon” markalı videomüşahidə kamerasını, bir ədəd “Hıkvısıon” markalı videomüşahidə kamerasının yaddaş blokunu və bir ədəd “Shturman” markalı yaddaş blokunun elektrik qidalandırıcısını oğurladığını görmüşdür. Bundan sonra o, baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Qısa müddət sonra polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirdərək müvafiq sənədləşmə işlərini aparmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 600 manat maddi ziyan dəymişdir. Məhkəmə iclas zamanı şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs4 ilə eyni məzmunlu ifadə verdi. Zərərçəkmiş şəxs3 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, 2024-cü ilin may ayında Masallı şəhəri, M.Füzuli küçəsində yerləşən bir mərtəbəli, beş otaqlı, çox funksiyalı obyektin “Cənub Game” playstation oyun salonunu sahibi ilə arasında olan şifahi razılaşma əsasında icarəyə götürüb işlətməyə başlamışdır. Oyun salonunu icarəyə götürdükdən sonra playstation oynamaq üçün ora şəxsi vəsaiti hesabına birsıra əlavə texniki avadanlıq almış və həmin aldığı texniki avadanlığa bir ədəd, 720 manat dəyərində, C.Koreya istehsallı, “HP” markalı, “İntel core i7” prosessorlu kompüter sistem bloku, bir ədəd, 25 manat dəyərində, “Genius Vıbratıon” markalı qulaqlıq və bir ədəd, 7 manat dəyərində, “HP” markalı mause (siçan) daxil olmuşdur. O, hər gün saat 09 radələrində Ərkivan qəsəbəsində yerləşən evindən çıxıb Masallı şəhərinə gedərək “Cənub Game” playstation oyun salonunun dəmir qapısını açıb müştəriləri qəbul etmiş və gecə saat 22 radələrinədək fəaliyyət göstərib sonra evinə qıyıtmışdır. xx.xx.2025-ci il tarixdə, saat 22 radələrində növbəti dəfə “Cənub Game” playstation oyun salonunun dəmir qapısını açarla bağlayıb yaşadığı evə getmiş, evə gedərkən həmin günü müştərilərdən əldə etdiyi 48 manat qazancını həmin otaqda olan işçi masanın gözlüyündə saxlamışdır. xx.xx.2025-ci il tarixdə, saat 09 radələrində istifadəsində olan “Cənub Game” playstation oyun salonunun qarşısına gəlib giriş dəmir qapısının klidini açıb içəri daxil olmaq istədikdə, aça bilməmiş, qapının arxadan bağlandığını hiss etmişdir. Buna görə də, o, obyektin sağ kənarındakı qapısının klidini açıb obyektə daxil olmuş və obyektin dəhlizindən playstation oyun salonuna giriş taxta qapısının orta şüşəsinin çıxarıldığını görmüşdür. Oyun salonun taxta qapısını açarla açıb içəri daxil olduqda gecə saatlarında naməlum şəxs və ya şəxslərin salona girib videomüşahidə kameraların yaddaş kartlarını çıxardıb yerə atdığını, həmçinin salonda olan bir ədəd, C.Koreya istehsallı, “HP” markalı, “İntel core i7” prosessorlu kompüter sistem blokunu, bir ədəd, “Genius Vıbratıon” markalı qulaqlığı, bir ədəd, “HP” markalı mause (siçanı) və həmin salonda olan işçi masadakı gözlükdən 48 manat pulunu oğurladığını aşkar etmişdir. Bundan sonra o, yaddaş kartlarını yerdən götürüb videomüşahidə kameraların üzərinə yerləşdirsə də, oyun salonuna kimlərin daxil olub oğurluq etdiyini görə bilməmiş, çünki həmin yaddaş kartları kameraların üzərindən çıxdığı anda qeydiyyatı dayanır və yaddaşında olan videogörüntülər silinir. Daha sonra oyun salonundan çölə çıxıb naməlum şəxslərin obyektə haradan daxil olmalarını müəyyən etdikdə, məlum olmuşdur ki, həmin şəxs və ya şəxslər çox funksiyalı obyektin sol tərəfindəki istifadə olunmayan otağın plastik pəncərəsinin dəmir barmaqlığını söküb həmin pəncərini açmaq yolu ilə obyektə, daha sonra isə ordan onun icarəsində olan “Cənub Game” playstation oyun salonun taxta qapısının orta şüşəsini çıxardıb içəri keçmişdir. O, əvvəlcə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar şikayət etməyib həmin şəxsi və ya şəxsləri özü müəyyən etməyə çalışmış, lakin təxminən üç ay müddətində tapa bilmədiyi üçün şikayət etmək qərarına gəlmiş və xx.xx.2025-ci il tarixdə oğurluq barədə Masallı RPŞ-nə şikayət edərək ümumilikdə 800 manat maddi ziyan dəydiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı oğurluq etmiş şəxsin Masallı şəhər sakini Təqsirləndirilən şəxs olduğunu bilmiş, həmin şəxsi əvvəllər tanımamış, aralarında heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs2 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, təxminən üç ildir Masallı şəhəri “Bakı” prospektinin kənarında yerləşən bir mərtəbəli avtomobil təmiri sexini icarəyə götürüb orada avtomobillərin elektrik nasazlıqlarının aradan qaldırılması ustası kimi fəaliyyət göstərir. Həmin avtomobil təmiri sexində usta kimi fəaliyyətə başlayanda sexdə baş verə biləcək oğurluq və digər xoşagəlməz halların qarşısını almaq məqsədilə şəxsi vəsaiti hesabına 3 ədəd, hər biri 30 manat dəyərində, Çin istehsalı, “Ajhua” markalı videomüşahidə kameralarını, bir ədəd 210 manat dəyərində, Çin istehsalı, “Ajhua” markalı videomüşahidə kamerasının yaddaş blokunu və bir ədəd 200 manat dəyərində, C.Koreya istehsalı, ekran dioqnalı 18 dyüm, “Samsung” markalı manitoru alıb təmir sexinə quraşdırmışdır. O, iki ədəd videomüşahidə kamerasını təmir sexinin ön hissəsinin divarına quraşdırsa da, bir ədəd kameranı sexin iç hissəsinin divarına quraşdırmış, bir ədəd manitoru və bir ədəd yaddaş blokunu isə işçi masanın üzərinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində avtomobil təmiri sexində işlərini yekunlaşdırıb sexin dəmir qapısını bağlayıb yaşadığı evə getmişdir. xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində təmir sexinin dəmir qapısını açıb içəri daxil olduqda, tavanın lambir örtüyün və daha sonra üst hissəsinin azbes materialından olan dam hissəsinin şifirinin söküldüyünü görmüşdür. Təmir sexinə naməlum şəxs və ya şəxlərin daxil olub oğurluq etdiklərini başa düşdüyündən sexdə nələrin oğurlandığını yoxlamağa başlamış və bu zaman sexdən 3 ədəd, Çin istehsalı, “Ajhua” markalı videomüşahidə kameranın, bir ədəd, Çin istehsalı, “Ajhua” markalı videomüşahidə kamerasının yaddaş blokununun və bir ədəd, C.Koreya istehsalı, ekran dioqnalı 18 dyüm olan, “Samsung” markalı manitorun oğurladığını aşkar etmişdir. İşlərinin çoxluğunu nəzərə alıb əvvəlcə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar şikayət etmək istəməmiş, lakin sonradan, yəni xx.xx.2025-ci il tarixdə Masallı Rayon Polis Şöbəsinə gedib avtomobil təmiri sexindən ümumi dəyəri 500 manat olan videomüşahidə kameralarının, yaddaş blokunun və manitorun oğurlandığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı oğurluq etmiş şəxsin Masallı şəhər sakini Təqsirləndirilən şəxs olduğunu öyrənmiş, həmin şəxsi əvvəllər tanımış, arasında heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məhkəmə hazırlıq iclası zamanı məhkəməyə ərizə verərək onlara dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxslə barışdıqlarını, ona qarşı tələb və şikayətlərinin olmadığını qeyd edərək, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini və məhkəmə baxış iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etdilər. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydən (arayış) görünür ki, təqdim olunmuş bir ədəd, boz rəngli C.Koreya istehsallı, HP markalı, ekran dioqnalı 15.6 dyüm notebookun qiyməti 300 manat, bir ədəd, qara rəngli, C.Koreya istehsallı, HP markalı ekran dioqnalı 15.6 dyüm notebookun qiyməti 240 manat, bir ədəd Çin istehsallı “Ajhua” markalı videomuşahidə kamerasının yaddaş blokunun (DVR) qiyməti 210 manat, bir ədəd C.Koreya istehsalı, ekran dioqnalı 18 dyüm, “Samsung” markalı manitorun qiyməti 200 manat, üç ədəd, hər biri Çin istehsalı olan “Ajhuan” markalı videomüşahidə kameralarının birinin qiyməti 30 manat olmaqla ümumi qiyməti 90 manat, bir ədəd C.Koreya istehsalı HP markalı “İntel core i7” prosessorlu kompüter sistem blokunun qiyməti 720 manat, bir ədəd, “Genius Vıbratıon” markalı qulağlığın qiyməti 25 manat, bir ədəd HP markalı mausenin (siçan) qiyməti 7 manat, bir ədəd Çin istehsalı, “Hıkvısıon” markalı videomüşahidə kamerasının qiyməti 200 manat, bir ədəd Çin istehsalı, “Hıkvısıon” markalı videomüşahidə kamerasının yaddaş blokunun (DVR) qiyməti 300 manat və bir ədəd, Çin istehsalı “Shturman” markalı yaddaş blokunun elektirik qidalandırıcısının (UPS) qiyməti 100 manat təşkil edir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnamələrə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X2 X3 17 aprel 2025-ci il tarixli 1183 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs yüngül kəmağılılıq (debillik dərəcəsində oliqofreniya) aşkar olunur. Təqsirləndirilən şəxs qeyd olunan kəmağıllılıq yüngül ifadə olunduğundan onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməyib. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb biçmək və onlara rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan xroniki psixi xəstəlik onu ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Republikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də, o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti anlaqlılığı istisna etməyən psixi pozuntu halında törətməsi CM-nin 59.1.9-cu maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini CM-in 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərin ondan tələb və şikayətinin olmamasını, əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Həmçinin iş materiallarından görünür ki, iş üzrə maddi sübut olan bir ədəd, C.Koreya istehsallı, “HP” markalı, ekran dioqnalı 15.6 dyüm, boz rəngli notebook və bir ədəd, C.Koreya istehsallı, “HP” markalı, ekran dioqnalı 15.6 dyüm, qara rəngli notebook saxlanılması üçün Zərərçəkmiş şəxs1, bir ədəd, Çin istehsalı, “Ajhua” markalı videomüşahidə kamerasının yaddaş bloku, bir ədəd, C.Koreya istehsalı, ekran dioqnalı 18 dyüm, “Samsung” markalı manitor və üç ədəd, Çin istehsalı, “Ajhua” markalı videomüşahidə kameraları saxlanılması üçün Zərərçəkmiş şəxs2, bir ədəd, C.Koreya istehsalı, “HP” markalı, “İntel core i7” prosessorlu kompüter sistem bloku, bir ədəd, “Genius Vıbratıon” markalı qulaqlıq və bir ədəd, “HP” markalı mause saxlanılması üçün Zərərçəkmiş şəxs3, bir ədəd, Çin istehsalı, “Hıkvısıon” markalı videomüşahidə kamerası, bir ədəd, Çin istehsall, “Hıkvısıon” markalı videomüşahidə kamerasının yaddaş bloku və bir ədəd, Çin istehsalı, “Shturman” markalı yaddaş blokunun elektrik qidalandırıcısı saxlanılması üçün Zərərçəkmiş şəxs4 qaytarılmışdır. Bundan əlavə iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Cənub Qiymətləndirici MMC-nin hesabına köçürülməli, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 aprel 2025-ci il tarixdən 02 iyul 2025-ci il tarixədək həbsdə və ev dustağlığında saxlandığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 2 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Cənub Qiymətləndirici MMC-nin hesabına köçürülsün. Hökmdən, elan olunduğu 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar