Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-113/2023 15.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1968-ci ildə Masallı rayonu Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində əvvəllər tanıdığı X2 Masallı rayonu Ərkivan qəsəbəsində satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 2 bükümdə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, 22 fevral 2023-cü il tarixdə saat 20 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu Ərkivan qəsəbəsində saxlanılaraq Masallı rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçənin sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,361 qram və 0,221 qram olmaqla ümumi təmiz çəkisi 0,582 qram olan ağ rəngli kristal formada olan psixotrop maddə metamfetaminlər aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrin aludəçisi deyildir. 5-6 ay olarki narkotik vasitələrdən istifadə edir. Üzərindən aşkar edilmiş narkotik vasitəni “Quşu” ləqəbi ilə tanıdığı həmkəndlisi X2 almışdır. Belə ki, təxminən 3 ay əvvəl çayxanada olduğu zaman Rafillə tanış olmuş və orada söhbət zamanı onun narkotik vasitə satdığını öyrənmişdir. Bu səbəbdən də xx.xx.2023-cü il tarixdə günorta təxminən saat 2-3 arası “Quşu” ləqəbli Rafil Məmmədovla yaşadığı qəsəbədə köhnə poçt idarəsinin yanında görüşərək birinin dəyəri 15 manat olmaqla 2 bükümdə narkotik vasitə olan metamfetamin (şüşə) almışdır. İki bükümdə narkotik vasitə almasına səbəb isə həmkəndlisi Şahin kimi tanıdığı Şahid3 da ona 15 manat pul verərək bir bükümdə onun üçün almasını xahiş etməsi olmuşdur. Çünki “Quşi” Şahinə narkotik vasitə satmamışdır. Bu səbəbdən də Şahin ondan onun üçün də, narkotik vasitə almasını xahiş etmişdir. Narkotik vasitəni alıb qayıtdıqdan sonra qəsəbə ərazisində piyada hərəkətdə olduğu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq onu polis şöbəsinə dəvət etmişlər. O, da etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Təhqiqatçının otağında müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə videoşəkilişlə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçəsinin sağ yan cibindən 02 ədəd bükümdə psixotrop maddə metamfetaminləri (şüşəni) çıxarıb təqdim etmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, kartof sahələrində güəmuzd işləyərək ailədə yeganə qazanc gətirən şəxs olmasını və yaşayış yerindən müsbət xarakterizə edilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadə verərək bildirdi ki, Masallı rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkilidir. xx.xx.2023-cü il tarixdə Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz üzərində narkotik vasitələri daşıması ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə qrup rəhbəri kimi ondan, qrup üzvləri kimi təhqiqatçı Vasif Ağazadədən və PPXB-nin polis nəfəri Şahid2 ibarət əməliyyattəhqiqat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs Masallı rayonu Ərkivan qəsəbəsində piyada hərəkətdə olan zaman görüb ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Şifahi şəkildə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmamasını soruşduqları zaman o, üzərində iki büküm psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs Masallı rayon polis şöbəsinə dəvət edilmiş və o, onların qanuni tələblərinə tabeçilik göstərərək onlarla birlikdə Masallı rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı Vasif Ağazadənin xidməti otağına dəvət etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması ilə bağlı hüquqlarına dair bildiriş elan edərək üzərinə videoəkilişlə şəxsi axtarış keçirləcəyini izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ərizəsi əsasında onun hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi kimi dəvət olunmuş və təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirməyə başlayıb şübhəli şəxsə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol yan cibindən Nokia markalı mobil telefonu və gödəkçənin sağ yan cibindən 02 (iki) ədəd bükülünü çıxararaq təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bükülülərin içərisində psixotrop maddə metamfetaminlər olmasını və həmin metamfetaminləri Masallı rayou Ərkivan qəsəbə sakini “Quşu” ləqəbi ilə tanıdığı həmkəndlisi Rafil Məmmədovdan 30 manata satın aldığını, bir bükümünü özünün istifadə edəcəyini, digər bükümünü isə Şahin adlı şəxsin ona verdiyi 15 manat pulun müqabilində Şahinə vermək üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan digər paltarlarına təhqiqatçı şəxsi axtarış keçirsə də, qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet aşkar etməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə olan metamfetaminlər təhqiqatçı tərəfindən elektron tərəzidə müdafiəçi və digər proses iştirakçılarının iştirakı ilə ayrı-ayrılıqda çəkilmiş və həmin psixotrop maddələrin birinin çəkisi 0,35 qram, digərinin çəkisi isə 0,53 qram müəyyən olunmuşdur. Aşkar edilmiş bükümlərdə olan psixotrop maddə metamfetaminlər zərfin içərisnə qoyularaq möhürlənmiş və zərfin üzəri tərəflərindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Hər hansı bir işlə məşğul olmur. Yaşadığı qəsəbədə, həmçinin dost tanışlar arasında ona Şahin deyə müraciət edirlər. Lakin şəxsiyyətini təsdiq edən sənəddə əsil adı Mehtidir. Bədənində ağrılar olduğu üçün aradabir, əsasən nakrotik vasitələrdən istifadə edir. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Xətai rayon məhkəməsinin hökmü ilə 1 il, 2 ay müddətində azadlıqdan məhrum etmə cəzasına da məhkum olunmuşdur. Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır. Belə ki, Təqsirləndirilən şəxs Ərkivan qəsəbəsində onlarla qonşu məhəllədə yaşayır. Aradabir Ehtiyatla görüşüb söhbət edirlər. Həmişəki kimi xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində Ehtiyatla Masallı rayonu Ərkivan qəsəbəsində görüşüb söhbət edən zaman Ehtiyat ona narkotik vasitə və ya psixotrop maddə istifadə etmək istədiyini demişdir. O, Ehtiyatdan narkotik vasitə və ya psixotrop maddəni haradan əldə edəcəyini soruşmuşdur. Ehtiyat isə ona narkotik vasitə və ya psixotrop maddə almaq üçün konkret nəzərdə tutduğu hər hansı bir şəxsin olmadığını, ola bilər ki, bu məqsədlə Lənkəran rayonu Qumbaşı kədinə gedəcəyini demişdir. Bundan sonra Ehtiyata 15 manat pul verib özünə narkotik vasitə və ya psixotrop maddə alacağı halda ona da almasını xahiş etmişdir. Daha sonra Ehtiyat onunla sağollaşıb getmişdir. O isə yaşadığı evə getmişdir. Sonradan isə Ehtiyatın əvvəllər tanışlığı və münasibəti olmayan Rafil adlı şəxsdən psixotrop maddə almasını və həmin tarixdə polis əməkdaşları tərəfindən tutulmasını öyrənmişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən iki ədəd bükümdə psixotrop maddə metamfetaminləri çıxararaq könüllü təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin materialların məhkəmə ekspertizası məhkəmə fiziki-kimyəvi eskpertizasının 23 fevral 2023-cü il tarixli, 19/225 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2 (iki) ədəd ağ rəngli kağıza bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,361qr; -0,221 qram: ümumi təmiz çəkisi: -0,582 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər, (metamfetaminin ümumi təmiz çəkisi - 0,582 qr., cəmi tədqiqata sərf edildi-0.1qr., (hər ob.-0,5qr) qalıq 0.482qr (1-1№-li ob). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X6 Yoxlamanın nəticələrinə dair 24 fevral 2023-cü il tarixli, 226 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-in təqdim etdiyi tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinərək 800 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəza icra edilmişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD disk, həmçinin işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-in 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunacağı təqdirdə də, təmin edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 22 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 24 fevral 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 65 (altımış beş) manat məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subut kimi tanınaraq Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,482 qram çəkidə ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video çəkilişin aparılmasına dair 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu 22 fevral 2023-cü il tarixdən 24 fevral 2023-cü il tarixədək olan 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində toksikomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,482 qram çəkidə ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 (bir) ədəd “CD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-113/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-113/2023
15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver