Məhkəmə qərarları › İş №1(050)-114/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-114/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-114/2025 06.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1993-cü ildə Masallı rayonu, Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evil, himayəsində iki nəfər azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etməklə üzərində və sərnişin qismində əyləşdiyi taksi fəaliyyəti ilə məşğul olan Masallı rayonu, Qızılağac kənd sakini Şahid4 idarə etdiyi “Kia Rio” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayıb daşımış, narkotik vasitələri qəbul etməkdə, üzərində gəzdirməkdə və daşımaqda şübhəli olduğundan 07 aprel 2025-ci il tarixdə, saat 14:58 dəqiqədə Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sərnişin qismində əyləşdiyi həmkəndlisi taksi fəaliyyəti ilə məşğul olan Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayan Şahid4 idarə etdiyi “Kia Rio” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Masallı-Qızılağac yolunun Masallı rayonu, Yeddioymaq kəndi ərazisindən keçən hissəsində saxlanılmış, orada üzərinə və sərnişin qismində əyləşdiyi avtomobilə yoxlama aparılan zaman əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,627 qram və avtomobilin ön sağ sərnişin oturacağının ayaqaltı hissəsindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,111 qram olmaqla ümumi təmiz çəkiləri 12,738 qram təşkil edən orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddət Rusiya Federasiyasında yaşamışdır. 2025-ci ilin mart ayının əvvəllərində Azərbaycan Respublikasına qayıtmışdır. Ölkəyə gəldikdən sonra ara-sıra narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. O, narkotik vasitələrdən asılı olmamış, lakin əvvəllər də bir neçə dəfə istifadə etdiyi üçün bəzən yenidən istifadə etmək niyyətində olmuşdur. Bu səbəbdən 07 aprel 2025-ci il tarixdə günorta saatlarında o, taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Şahid4 zəng edərək onu Lənkəran rayonu, Sarı kəndinə aparmasını və geri gətirməsini xahiş etmişdir. Onun Sarı kəndində əmisi, bacanağı və digər qohumları yaşayır. O, Elnura qohumlarından biri ilə görüşüb pul verəcəyini və daha sonra geri qayıdacağını demişdir. Əsl niyyəti isə öz istifadəsi üçün narkotik vasitə olan qurudulmuş marixuana almaq olmuşdur. Elnur təxminən 10-15 dəqiqə sonra özünə məxsus olan “Kia Rio” markalı, **- GC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlmiş və o da həmin avtomobilin ön sərnişin oturacağına əyləşərək birlikdə yola düşmüşlər. O, Sarı kəndinə yola düşməzdən əvvəl həmin kənddə adını bilmədiyi şəxsə whatsapp tətbiqi vasitəsilə zəng etmiş və onunla telefon əlaqəsi saxlayıb narkotik vasitə qurudulmuş marixuana istədiyini demişdir. O, həmin şəxsin mobil nömrəsini əzbər bilməmişdir. O, həmin şəxsin nömrəsini Rusiyada birlikdə tikintidə işləyən tanışından almışdır. O, Elnura Sarı kəndinə narkotik vasitə almaq niyyəti ilə getdiyini deməmişdir. Onlar Lənkəran rayonu, Sarı kəndində yerləşən Məscidin yanına çatdıqdan sonra Elnura avtomobildə gözləməsini və qohumu ilə görüşüb geri qayıdacağını demişdir. O, avtomobildən düşüb arxa istiqamətdə təxminən 100-150 məsafə getdikdən sonra həmin şəxslə görüşüb söhbət etdikdən sonra ona 160 manat pul verib 2 ədəd kibrit qutularında olan narkotik vasitə qurudulmuş marixuananı alıb əynindəki idman şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra o, geri qayıdıb Elnurun idarə etdiyi avtomobildə ön sərnişin oturacağında əyləşib Masallı rayonuna qayıtmışlar. Geri qayıdarkən mobil telefonunda olan zənglər siyahısını və həmin şəxsin nömrəsini silmişdir. Onlar Masallı rayonu, Yeddioymaq kəndi ərazisində hərəkətdə olduqları zaman DYP-nin əməkdaşları onlara saxla işarəsi vermiş və Elnur idarə etdiyi avtomobili yolun sağ kənarına çəkərək dayandırmışdır. Bundan sonra polis əməkdaşları onlara avtomobildən düşməyi bildirmiş, həmin vaxt qorxduğu üçün üzərində olan 02 ədəd kibrit qutularından birini əyləşdiyi oturacağın ayaqaltı hissəsinə atmışdır. Onlar avtomobildən düşdükdən sonra mülki geyimdə olan şəxslərin də polis əməkdaşları olduqlarını bilmişlər. Həmin şəxslərdən biri özünü Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 kimi təqdim etmiş və ona qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə və daşımaqda şübhəli olduğunu bildirib bununla bağlı üzərinə yoxlama aparılacağnı demişdir. O, həmin vaxt vəkilə ehtiyacı olmadığını deyib yoxlama aparılmasına etiraz etməmişdir. Şahid1 ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa təqdim etməyini təklif etmişdir. O, əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxardıb onlara təqdim etmişdir. Həmin kibrit qutusunun içərisinə baxıldığı zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuana olması aşkar edilmişdir. O, bundan başqa özünə məxsus olan 2 ədəd 10 manatlıq, 2 ədəd 1 manatlıq olmaqla ümumilikdə 22 manat məbləğində pul əskinazlarını və bir ədəd “Samsung” markalı mobil telefonu da polis əməkdaşlarına təqdim etmişdir. Onun təqdim etdiyi qurudulmuş marixuana bir ədəd kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 9,77 qram olması müəyyən edilmişdir. Həmin qurudulmuş marixuana bir ədəd kibrit qutusu ilə birlikdə ağ rəngli kağız zərfə qoyulmuş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və 90 saylı möhürlə möhürlənərək qablaşdırılmışdır. Həmçinin ona məxsus olan bir ədəd “Samsung” markalı mobil telefon da başqa bir zərfə qoyularaq eyni qaydada üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq möhürlənib qablaşdırılmışdır. Ona məxsus olan 22 manat məbləğdə olan pul özünə geri qaytarılmışdır. Əməliyyat müvəkkili Şahid1 tərəfindən onun üzərinə yoxlama keçirilmiş və hər hansı başqa bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. O, həmin vaxt əməliyyat müvəkkilinin suallarına cavab olaraq üzərindən aşkar edilmiş qurudulmuş marixuananı Lənkəran rayonu ərazisində tanımadığı şəxsdən aldığını və üzərində şəxsi istifadəsi üçün daşıyaraq saxladığını demişdir. Bundan sonra avtomobilin sürücüsü Şahid4 üzərinə yoxlama aparılmış və “Redmi” markalı mobil telefondan başqa onun üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Şahid1 onun sərnişin qismində əyləşdiyi “Kia Rio” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yoxlama aparmağa başlamışdır. Həmin vaxt avtomobilin ön sərnişin oturacağının ayaq altısından bir ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutusunun da içərisində narkotik vasitə qurudulmuş marixuana olması aşkar edilmişdir. O, həmin kibrit qutusunun da ona məxsus olmasını və avtomobildən düşməmişdən əvvəl qorxduğu üçün həmin yerə gizlincə atdığını demişdir. Həmin kibrit qutusu da içərisindəki kütlələrlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 8,99 qram olması məlum olmuşdur. Avtomobildən aşkar edilmiş ona məxsus qurudulmuş marixuana bir ədəd kibrit qutusu ilə birlikdə başqa bir ağ rəngli kağız zərfə qoyulmuş, üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənərək qablaşdırılmışdır. Bundan sonra onlar birlikdə Masallı RPŞ-yə gəlmişlər. Orada xidməti otaqlardan birində özünü Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı kimi təqdim edən Sənan Şahmarlı ona qanunsuz olaraq üzərində narkotik vasitələri saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi tutub hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, ailəsinin yeganə qazanc gətirən şəxs olmaqla himayəsində iki nəfər azyaşlı uşağının nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Masallı RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 aprel 2025-ci il tarixdə Masallı rayonu, Qızılağac kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və üzərində gəzdirməsi barədə onun icraatına əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat aidiyyatı üzrə rəhbərliyə məruzə edilmişdir. Bundan sonra müvafiq əmr əsasında əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna o, rəhbər təyin edilmişdir. Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2, Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3, Masallı RPŞ-nin KTQ-nin baş inspektoru X15, DYPB-nin YPX-nin inspektorları X4 və X9 isə qrupun üzvləri təyin edilmişlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 07 aprel 2025-ci il tarixdə, saat 14:58 dəqiqədə Masallı-Qızılağac kənd yolunun Yeddioymaq kəndi ərazisindən keçən hissəsində “Kia Rio” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olduğu zaman YPX-nin inspektoru olan Fərid Həmidov tərəfindən saxla əmri verilərək saxlanılmışdır. DYP əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs və avtomobilin sürücüsü Şahid4 avtomobildən düşmələri təklif edilmişdir. Hər iki şəxs avtomobildən düşdükdən sonra onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. O, ilk öncə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını, bununla bağlı yoxlama aparılacağını və müdafiəçinin yardımından istifadə edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin yardımına ehtiyacı olmadığını demişdir. O, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsin təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusu, sol yan cibindən isə bir ədəd “Samsung” markalı mobil telefon və 22 manat məbləğdə pul çıxardıb təqdim etmişdir. O, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunun içərisinə baxmış və içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs cavab olaraq həmin bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana olmasını və həmin narkotik maddəni Lənkəran rayonunda tanımadığı şəxsdən 50 manat pul qarşılığında öz şəxsi istifadəsi üçün aldığını demişdir. O, Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuananı bir ədəd kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkmiş və çəkisinin 9,77 qram olmasını müəyyən etmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuananı bir ədəd kibrit qutusu ilə birlikdə ağ rəngli kağız zərfə qoymuş, həmin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənərək qablaşdırılmışdır. Həmçinin o, gələcəkdə əhəmiyyət kəsb edəcəyi üçün Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “Samsung” markalı mobil telefonu da başqa bir ağ rəngli kağız zərfə qoyaraq eyni qaydada qablaşdırmışdır. O, bundan sonra Təqsirləndirilən şəxs üzərinə yoxlama aparmış və üzərindən başqa heç bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. O, daha sonra “Kia Rio” markalı avtomobilin sürücüsü Şahid4 üzərində yoxlama aparılmış, sonuncunun əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefon aşkar edilərək iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. O, həmin mobil telefonu da başqa bir ağ rəngli kağız zərfə qoymuş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənərək qablaşdırılmışdır. O, bundan sonra Şahid4 razılığı əsasında ona məxsus olan “Kia Rio” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobildə yoxlama aparmağa başlamışdır. Yoxlama zamanı avtomobilin sağ ön oturacağının altında bir ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutusunun içərisinə baxış keçirildiyi zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin ikinci kibrit qutusunda olan qurudulmuş marixuananın onun özünə aid olmasını, Lənkəran rayon ərazisində eyni şəxsdən aldığını, qorxduğu üçün ikinci kibrit qutusunu oturduğu oturacağın alt hissəsinə ataraq gizlətdiyini və sürücü Şahid4 bundan xəbəri olmadığını demişdir. Həmçinin sürücü Şahid4 də Təqsirləndirilən şəxs ikinci kibrit qutusunu avtomobilin salonuna ataraq gizlətməsindən heç bir xəbəri olmadığını demişdir. O, ikinci kibrit qutusunu da elektron tərəzidə çəkmiş və çəkisinin 8,99 qram olmasını müəyyən etmişdir. O, aşkar edilmiş həmin bir ədəd kibrit qutusunu da içərisindəki kütlələrlə birlikdə ağ rəngli kağız zərfə qoymuş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənərək qablaşdırılmışdır. Onlar daha sonra birlikdə Masallı RPŞ-nin inzibati binasına gəlmişlər. Masallı RPŞ-nin inzibati binasında olduqları zaman yoxlama və götürmə aparılması ilə bağlı protokol tərtib edilmiş və protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. O, Təqsirləndirilən şəxs və Şahid4 Masallı RPŞ-nin növbətçi hissəsinə təhvil verdikdən sonra yoxlama və götürmə aparılması ilə bağlı tərtib edilmiş sənədləri, 01 ədəd DVD diski və 04 ədəd kağız zərfi Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Sənan Şahmarlıya təqdim etmişdir. Sənan Şahmarlı təqdim edilmiş 01 ədəd DVD diskə və digər zərflərə baxış keçirdikdən sonra götürmüşdür. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, özünə məxsus olan və etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olduğu üçün 07 aprel 2025-ci il tarixdə günorta saatlarında həmkəndlisi Təqsirləndirilən şəxs ona zəng edərək Lənkəran rayonu, Sarı kəndinə aparmağını, orada qohumları ilə görüşüb pul verəcəyini və geri gətirməyini xahiş etmişdir. Bundan sonra o, Qızılağac kəndinə gedib Sərxanı götürmüşdür. Onlar Lənkəran rayonu, Sarı kəndində yerləşən Məscidin yanına çatdıqdan sonra Sərxan avtomobildən düşüb qohumu ilə görüşüb geri qayıdacağını deyərək avtomobildən geriyə doğru təxminən 50-100 metr məsafə gedib Məscidin yaxınlığında kimləsə görüşüb söhbət etməyə başlamışdır. O da avtomobildən düşməyib Sərxanı gözləmişdir. Sərxanın həmin şəxslə nə barədə danışdıqlarını eşitməmiş və bilməmişdir. Bir neçə dəqiqə sonra Sərxan geri qayıdıb avtomobilin ön sağ oturacağında əyləşmiş və onlar geri qayıtmışlar. Onlar Masallı rayonu, Yeddioymaq kəndi ərazisində hərəkətdə olduqları zaman DYP əməkdaşları saxla işarəsi vermiş və o, idarə etdiyi avtomobili yolun sağ kənarına çəkərək dayandırmışdır. Onlara yaxınlaşan YPX əməkdaşı avtomobildən düşmələrini bildirmiş və onlar avtomobildən düşmüşlər. Həmin vaxt mülki geyimdə olan şəxslərin də polis əməkdaşları olduqlarını bilmişlər. Onlardan biri özünü Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 kimi təqdim etmiş və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə və daşımada şübhəli olduğunu bildirib bununla bağlı üzərinə yoxlama aparılacağnı demişdir. Şahid1 Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa təqdim etməyini təklif etmişdir. Sərxan əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin kibrit qutusunun içərisinə baxıldığı zaman içərisində narkotik maddə olan qurudulmuş marixuana olması aşkar edilmişdir. Sərxan bundan başqa özünə məxsus olan 22 manat məbləğdə pulu və bir ədəd “Samsung” markalı mobil telefonu da təqdim etmişdir. Təqdim edilmiş qurudulmuş marixuana bir ədəd kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 9,77 qram olmasını görmüşlər. Həmin qurudulmuş marixuana bir ədəd kibrit qutusu ilə birlikdə ağ rəngli kağız zərfə qoyulmuş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və 90 saylı möhürlə möhürlənərək qablaşdırılmışdır. Həmçinin Sərxana məxsus olan bir ədəd “Samsung” markalı mobil telefon da başqa bir ağ rəngli kağız zərfə qoyularaq eyni qaydada üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq möhürlənib qablaşdırılmışdır. Əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilmiş və hər hansı başqa bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin vaxt əməliyyat müvəkkilinin suallarına cavab olaraq üzərindən aşkar edilmiş qurudulmuş marixuananı Lənkəran rayonu ərazisində tanımadığı şəxsdən aldığını və üzərində şəxsi istifadəsi üçün daşıyaraq saxladığını demişdir. Bundan sonra avtomobilin sürücüsü kimi onun da üzərinə yoxlama aparılmış və həmin vaxt ona məxsus olan bir ədəd “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan başqa onun üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Şahid1 onun idarə etdiyi “Kia Rio” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yoxlama aparmağa başlamışdır. Həmin vaxt avtomobilin ön sağ sərnişin oturacağının ayaq altısından bir ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutusunun da içərisində narkotik vasitə qurudulmuş marixuana olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kibrit qutusunun da ona məxsus olmasını və avtomobildən düşməmişdən əvvəl qorxduğu üçün həmin yerə gizlincə atdığını demişdir. Həmin kibrit qutusu da elektron tərəzidə çəkilmiş və çəkisinin 8,99 qram olması məlum olmuşdur. Avtomobildən aşkar edilmiş Təqsirləndirilən şəxs məxsus qurudulmuş marixuana bir ədəd kibrit qutusu ilə birlikdə başqa bir ağ rəngli kağız zərfə qoyulmuş, üzəri bütün iştirakçılar tərəfindən imzalanmış və möhürlənərək qablaşdırılmışdır. Bundan sonra onlar birlikdə Masallı RPŞ-yə gəlmişlər. Orada xidməti otaqlardan birində özünü Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı kimi təqdim edən Sənan Şahmarlı ona qanunsuz olaraq üzərində narkotik vasitələri saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi tutulub hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində X13 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra o, Masallı RPŞ-nin MSY-yə təhvil verilmiş və iki gün sonra sərbəst buraxılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi və üzərində daşıması barədə onun məlumatı olmamışdır. Sərxanın avtomobildən düşdükləri zaman avtomobilin salonuna ikinci kibrit qutusunu atmasını da görməmişdir. İş materiallarında olan şübhəli şəxsin saxlanılaraq yerində üzərinə baxış keçirilməsinin video görüntülərini özündə əks etdirən diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3, Masallı RPŞ-nin KTQ-nin baş inspektoru kriminalisti X15, DYPB-nin YPX-nin inispektorları X5 və X10 tərəfindən RPŞ-nə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 07 aprel 2025-ci il tarixdə, saat 14:58-də Masallı-Qızlağac kənd yolunun Yeddioymaq kəndi ərazisindən keçən hissəsində saxlanılaraq üzəri yoxlanılan zaman əynində olan boz rəngli idman şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 9,77 qram və avtomobilin ön sağ sərnişin oturacağının ayaqaltı hissəsində bir ədəd kibrit qutusunda təmiz çəkisi 8,99 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi Əli Şiriyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən video diskə baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq xx.xx.2025-ci il tarixdə şəxsi istifadəsi üçün narkotik vasitə olan qurudulmuş marixuana almaq məqsədilə həkəndlisi Şahid4 avtomobili ilə Lənkaran rayonu, Sarı kəndinə getməsini və orada tanımadığı şəxsdən 160 manat pul müqabilində iki ədəd kibrit qutularında narkotik vasitə qurudulmuş marixuana alaraq əynində olan idman şalvarının sağ yan cibinə qoymasını, həmin avtomobillə geri qayıdarkən Masallı rayonu, Yeddioymaq kənd ərazisində saat 14:58 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığını səmimi etiraf etmişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 241 saylı arayışdan görünür ki Təqsirləndirilən şəxs X14 ilə birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X11 və xx.xx.2022-ci il təvəllüdlü X19 adlı iki nəfər uşaqları vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 Bölməsinin 08 aprel 2025-ci il tarixli 19/144 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd kibrit qutusunda təmiz çəkisi: -6,627 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi avtomobilin ön oturacağının ayaqaltı hissədən aşkar edilmiş narkotik vasitə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd kibrit qutusunda təmiz çəkisi: -6,111 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə...” və “Vət. Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi avtomobilin ön oturacağının ayaqaltı hissədən aşkar edilmiş narkotik vasitə...” sözlər və imzalar olan iki ədəd zərfdəki, ümumilikdə təmiz çəkisi:- 12,738 qram marixuanalar, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. (Mariuxananın təmiz çəkisi-12,738 qram, tədqiqata sərf olundu-0,1 qram, qalıq-12,638 qram) İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X2 dair 10 aprel 2025-ci il tarixli, 198 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və ailəsinin yeganə təminatçısı olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 14:58-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən buraxılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 12,638 qram qurudulmuş mariuxana məhv edilməli, 04 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 aprel 2025-ci il tarixdən 09 aprel 2025-ci il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 12,638 qram narkotik vasitə qurudulmuş mariuxuana məhv edilsin. İş üzrə maddi sübut 04 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar