Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-115/2023 30.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Heydərov Rəşad Allahyar oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər-Masallı rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə. xx xxxx 1984-cü il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, 22 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Masallı Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli qərarına əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Masallı Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli qərarına əsasən barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd bükümdə 0,904 qram psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən yaşadığı evə gətirərək orada satış məqsədilə hissələrə bölüb həmin psixotrop maddəni üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində əvvəllər tanıdığı, Masallı rayonu Ərkivan qəsəbə sakini Şahid3 satış məqsədilə üzərində saxladığı psixotrop maddə olan metamfetaminin 02 ədəd bükümünü 30 manat pul müqabilində Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində satmış, qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə, üzərində gəzdirməkdə və satışında şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində saxlanılaraq RPŞ-yə gətirilib orada üzərinə keçirilən şəxsi-axtarış keçirilən zaman əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi-0,322 qram təşkil edən, xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid3 üzərindən RPŞ-də aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ümumi təmiz çəkisi-0,582 qram təşkil edən psixotrop maddə metamfetaminlə xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, heç vaxt narkotik vasitlərin satışı ilə məşğul olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini bildirmişdir. Lakin ona son söz verilərkən etdiyi əməli səmimi olaraq etiraf etdiyini, məsuliyyətdən yaxa qurtarmaq üçün qəsdən narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirdiyini, hazırda isə məsuliyyətini dərk etdiyini, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam olaraq təqsirli bilməsini, ona təqsirləndirildiyi maddənin sanksiyasında yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə istintaq zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istinta zamanı bildirmişdir ki, 20 fevral 2023-cü il tarixdə səhər saatlarında yaşadığı qəsəbədə yerləşən evindən çıxmış, özünə məxsus avtomobil ilə Lənkəran rayonu Qumbaşı kəndinə psixotrop maddə almaqdan ötrü getmiş, Lənkəran rayonu Qumbaşı kəndinə çatdıqda təsadüfən rastlaşdığı, əvvəllər tanımadığı orta yaşlarında olan bir nəfər şəxsdən narkotik vasitə istifadəçiləri arasında patı adı ilə məşhurlaşan, psixotrop maddə olan metamfetamin təşkil etməsini demişdir. Həmin tanımadığı şəxs üzərində təxminən 1 qram çəkidə 1 büküm psixotrop maddə olan metamfetamin qaldığını və sata biləcəyini demiş, tanımadığı şəxslə razılaşmış və cibindən 35 manat pul çıxardıb həmin şəxsə verib 1 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamini almışdır. Daha sonra həmin 1 ədəd kağız bükümü əynində olan gödəkçəsinin sağ yan cibinə qoyub yaşadığı Masallı rayonu Ərkivan qəsəbəsinə idarə etdiyi avtomobil ilə geri qayıtmış, həmin günü axşam radələrində evdə tək olarkən üzərindəki 1 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamini 4 hissəyə bölüb ayrı-ayrı 4 ədəd kağız bükümlərdə saxlamış, 1 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamini istifadə etmiş, digər 3 ədəd bükümü isə əynində olan cins şalvarın yan cibində saxlamışdır. Psixotrop maddənin 1 bükümünü növbəti günlərdə özü istifadə etmək üçün, digər 2 bükümünü isə satıb əldə etdiyi pul ilə yenidən psixotrop maddə olan metamfetamin almaqdan ötrü üzərində saxlamış, 22 fevral 2023-cü il tarixdə təxminən saat 17 radələrində Masallı rayonu Ərkivan dairəsi adlanan yerdə tək piyada gəzişərkən təsadüfən tanışı və həmkəndlisi Şahid3 ilə rastlaşmış, Şahid3 narkotik vasitə istifadəçisi olduğundan məlumatı olmuş, Şahid3 ilə hal-əhvallaşdıqdan sonra sonuncu bədənində ağrı olduğunu və psixotrop maddəyə ehtiyacı olduğunu demişdir. Həmin vaxtı Şahid3 üzərində 2 ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu və 30 manata sata biləcəyini demişdir. Şahid3 əynində olan şalvarın cibindən 30 manat pul çıxartmış, 2 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamini almış, psixotrop maddənin satışından əldə etdiyi 30 manat pulu cibinə qoymuş və Şahid3 ilə sağollaşıb getmişdir. Əldə etdiyi pula ehtiyacı olduğundan qəsəbə ərazisində 1 saat ərzində şəxsi məqsədləri üçün xərcləmiş, həmin günü saat 22 radələrində yaşadığı qəsəbədə yerləşən Göllü məhəlləsində piyada tək gəzişərkən tanımadığı 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, həmin şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində qanunsuz olaraq narkotik vasitələr gəzdirməkdə və satışında şübhəli olduğundan onu Masallı RPŞ-yə dəvət etmişlər, razılaşmış, Masallı RPŞdə təhqiqatçı Vasif Ağazadənin xidməti otağına aparılmış, orada şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, öz istəyi əsasında Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət hesabına müdafiəçisi qismində təyin edilmişdir. Bundan sonra müdafiəçisinin iştirakı ilə videogörüntü aparılmaqla üzərinə baxış keçirilməzdən öncə qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşyanın üzərində olub-olmaması barədə təhqiqatçı Vasif müəllim sual vermiş, üzərinə şəxsi axtarış keçirələcəyini görüb ilk əvvəl əynində olan cins şalvarın sol yan cibindən özünə məxsus 1 ədəd “Samsung” markalı mobil telefon, şalvarın sağ yan cibində saxladığı 1 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamini çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarına həmin psixotrop maddəni şəxsi istifadəsi üçün Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsdən 2 ədəd bükümdə aldığını, daha sonra həmin bükümlərə bölüb bir hissəsini istifadə etdiyini, 2 bükümün tanışı Şahid3 satdığını, digər 1 bükümü isə üzərində şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Üzərinə və əynində olan paltarlara şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qısaqol gödəkçəsinin sağ yan cibindən “Kent” markalı 1 ədəd siqaret qutusu, əynində olan şalvarın sağ arxa cibindən isə 1 ədəd şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Təqdim etdiyi 1 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisi 0,42 qram olması müəyyən edilmişdir. Daha sonra üzərindən aşkar olunmuş 01 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamin, 1 ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmış, zərflərin üzəriləri möhürlənmiş, üzərindən aşkar edilmiş “Kent” markalı 1 ədəd siqaret qutusu isə iş üçün əhəmiyyət kəsb etmədiyindən geri qaytarılmış, şəxsi axtarış və götürmə haqqında protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-yə gətirildikdə, üzərində şəxsi axtarış aparıldıqda ona qarşı hər hansı bir fiziki təsir və ya psixi təzyiq olunmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, uzun müddətdir narkotik vasitə qəbul edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində narkotik vasitə və ya psixotrop maddə almaq məqsədi ilə Ərkivan qəsəbəsində yerləşən dairəvi yola tərəf getmiş, məqsədi oradan taksi avtomobili ilə Lənkəran rayonu Qumbaşı kəndinə getmək və tanımadığı şəxslərdən narkotik vasitə və ya psixotrop maddə əldə etmək olmuşdur. Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən dairəvi yola çatan zaman yolda əvvəllər “Quşu” ləqəbi ilə tanıdığı Təqsirləndirilən şəxs ilə rastlaşmışdır. Rafilin də narkotik vasitə istifadəçisi olmasından qabaqcadan məlumatı olmuş, odur ki, Rafillə bir qədər söhbət etdikdən sonra üzərində sata biləcəyi psixotrop maddə və ya narkotik vasitə olub-olmamasını soruşmuşdur. Rafil üzərində sata biləcəyi psixotrop maddə olan metamfetamin olmasını demişdir. Rafilə iki dəfəlik istifadə üçün psixotrop maddə lazım olmasını demiş, Rafil satmaq üçün üzərində hər biri birdəfəlik istifadə üçün nəzərdə tutulmuş iki büküm psixotrop maddə metafetamin olmasını bildirmişdir. Rafilə üzərində olan 30 manat pulu verib 2 ədəd büküm psixotrop maddə metamfetamini almışdır. Bundan sonra həmin bükümləri əynində olan gödəkçəsinin sağ yan cibinə qoymuş və həmin psixotrop maddəni istifadə etmək üçün havanın qaralmasını gözləmişdir. Həmin günü təxminən saat 20 radələrində Ərkivan qəsəbəsi ilə piyada fərdi yaşayış evinə doğru hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşmış, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirdikdən sonra ona qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərimdə daşımaqda şübhəli olduğunu bildirmişlər və Masallı RPŞ-yə gətirmişlər. Masallı RPŞ-də şübhəli şəxs qismində tutulmuş, müdafiəçisinin iştirakı ilə videogörüntü aparılmaqla üzərində olan 2 ədəd bükümdə psixotorp maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etmiş və polis əməkdaşlarına psixotrop maddə olan metamfetamini “Quşu” ləqəbli Rafil adlı şəxsdən 30 manat pul qarşılığında aldığını bildirmişdir. Həmin cinayət əməlinə görə o, azadlığın məhdudlaşdırılması cəzası almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Masalı rayon polis şöbəsində əməliyyat müvəkkili işləyir. 22 fevral 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında narkotik vasitələrin qanunsuz qəbulunda və üzərində gəzdirməsində şübhəli bilinən Masallı rayonu Ərkivan qəsəbə sakini Şahid3 RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və üzərində RPŞ-də aparılmış şəxsi axtarış zamanı üzərindən 02 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Şahid3 ilkin sorğu-sual zamanı üzərindən aşkar edilmiş 2 ədəd bükümdə psixotrop maddə olan metamfetamini Masallı rayonu Ərkivan qəsəbə sakini “Quşu” ləqəbli şəxsdən aldığını bildirmişdir. Dərhal “Quşu” ləqəli şəxsin Masallı rayonu Ərkivan qəsəbə sakini Təqsirləndirilən şəxs olması müəyyənləşdirilmiş, Təqsirləndirilən şəxs psixotrop maddənin qanunsuz qəbulunda, üzərində gəzdirməsində və satışında şübhəli olması ilə əlaqədar olaraq şübhəli şəxs qismində saxlanılıb Masallı RPŞ-yə gətirilməsi ilə bağlı 22 fevral 2023-cü il tarixdə tərəfindən “təxirə salınmaz əməliyyataxtarış tədbirinin keçirilməsi” haqqında qərar qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 22 radələrində Masallı rayonu Ərkivan qəsəbəsi Göllü məhəlləsində Təqsirləndirilən şəxs saxlanılmış, həmin vaxtı orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığına görə Masallı RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşmış, Masallı RPŞ-nin inzibati binasında təhqiqatçı Vasif Ağazadənin xidməti otağına gətirilmiş, orada şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına öz istəyi əsasında Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 müdafiəçisi qismində təyin edilmişdir. Daha sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, könüllü olaraq təqdim etməsi təhqiqatçı tərəfindən təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini görüb əynində olan cins şalvarın sol yan cibindən 1 ədəd mobil telefon, sağ yan cibindən isə 1 ədəd kağız büküm çıxardıb iştirakçılara təqdim etmiş, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsdən aldığını, daha sonra psixotrop maddəni hissələrə bölüb bir hissəsini istifadə etdiyini, 2 bükümün tanışı Şahid3 satdığını, digər 1 bükümü isə üzərində şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarına təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qısaqol gödəkçəsinin sağ yan cibindən “Kent” markalı 1 ədəd siqaret qutusu, şalvarın sağ arxa cibindən isə 1 ədəd şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşya və ya maddə aşkar olunmamış, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilərək 0,42 qram olması müəyyən edilmiş, aşkar olunmuş 1 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamin, 1 ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmış, zərflərin üzəriləri möhürlənmişdir. Aşkar edilmiş “Kent” markalı 1 ədəd siqaret qutusu isə iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmış, şəxsi axtarış və götürmə barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin polis nəfəri Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskinə məhkəmə istintaqında “HP” markalı komputerdə baxış keçirilərək, Təqsirləndirilən şəxs sağ yan cibindən isə 1 ədəd kağız büküm çıxardıb təqdim etməsi, həmin vaxt müdafiəçinin iştrakının təmin olunması müəyyən edildi. Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi və satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Məhkəmə-bioloji ekspertizasının 23 fevral 2023-cü il tarixli 19/226 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 bükümdə metamfetaminə bənzər kütlə....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,322 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərilərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 bükümdə metamfetaminə bənzər kütlə....” və “Şahid3 məxsus 2 büküm metamfetamin Rəy №19\225....” sözlər və imzalar olan iki ədəd zərflərdəki metamfetaminlər xarici görünüşlərinə və kimyəvi komponentinə görə bir-biriləri ilə eynidirlər. Metamfetaminin əmiz çəkisi -0,332 qram, tədqiqata sərf olundu -0,05 qram, qalıq-0,272 qramdır. Məhkəmə-narkoloji ekspertizasının 24 fevral 2023-cü il tarixli 225 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2.-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, maddi sübutlar, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.2-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 22 fevral 2023cü il tarixli protokoldan və 24 fevral 2023-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 fevral 2023-cü il tarixdə Masallı Rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan 02 mart 2023-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmşdir. Cinayət işinin materiallarında olan 24 may 2023-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmşdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Masallı rayon İcra Hakimiyyəti Başçısının Ərkivan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla arvadı X5 və xx.xx.2014cü il təvəllüdlü övladı X2 ibarət ailə tərkibində yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1.-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir nəfər azyaşlı uşağının olması cəzanı yüngülləşdirən haldır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək, törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallarə, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna bilər. Bu səbəblə də azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ilə ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Həmçinin o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1. və 93.1.2.-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2., 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Porosessaul Məcəlləsinin 346.1.22-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 22 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X6 Yoxlamanın nəticələrinə dair rəyini tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə olunması zərurəti vardır, məcburi müalicəyə qarşı əks göstərişi yoxdur, ona görə də Cinayət Məcəlləsinin 93.1.2.-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri-65 manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subut olan-Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış -0,272 qram qalan narkotik vasitə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və Azərbaycan Respublikasının CM-nin 99-1.-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2023-cü il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Masallı rayon polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonrakı çəkisi - 0,272 qram qalan narkotik vasitə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, videogörüntü olan 01 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılsın. Maddi sübut -0,272 qram qalan narkotik vasitə metamfetaminin məhv edilməsi hissədə hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X3 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ**********00 00003944, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE**********000 ******* hesabına köçürülsün. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə verildiyi andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-115/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-115/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver