Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-115/2025 28.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fəri əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, Seybətin küçəsi ev 9-da yaşayış yeri üzrə qeydiyyatda olan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində etibarnamə olmadan sürücülük hüququnu təsdiq edən sənəd əsasında idarə etdiyi “VAZ 21070” markalı **-CB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Masallı-Cəlilabad avtomobil yolunun Masallı şəhəri Bakı prospektindən keçən hissəsində üzü Lənkəran rayonu istiqamətində saatda təqribən 60 kilometr sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla təhlükənin yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olsa da, əməl etməmiş, həmin vaxt yolun üzü Lənkəran rayon istiqamətində sol kənarından sağ kənarına doğru piyada hərəkət edən Masallı rayonu Ərkivan qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olan Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq sonuncunun sağ bazu başının travamatik çıxığı, çıxığa bağlı bazu kələfinin zədələnməsi, sağ qamış sümüyünün proksimal hissəsinin açıq yerdəyişmiş sınığı, sınığa bağlı incik sinirinin zədələnməsi, sağ budun ön-aşağı 1/3-nin kəsilmiş-tikilmiş yarası, sağ dizin çoxsaylı deşilmiş yaraları, sağ baldırın ön səhtinin yumşaq toxumalarının əzilməsi və sıyrığı, sağ dirsək və dabanın əzilmiş yaraları, ağ ciyərlərin kontuziyası, orta dərəcəli beyin sirkələnməsi, sağ İX qabırğanın yerdəyişmiş sınığı, Th2 və Th3 fəqərə cisimlərinin kompression sınıqları, L3 fəqərənin sol yan cıxıntısının yer dəyişməmiş sınığı xəsarətləri ilə müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AĞİR dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2015-ci il tarixdə “B,C” kateqoriyalı sürücülük vəsiqəsi almışdır. Masallı rayonu Həsənli kənd sakini X1 məxsus “Vaz 21070” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində idarə etdiyi “VAZ 21070” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Masallı şəhəri Seybətin küçəsində olan fərdi yaşayış evindən “Masallı-Cəlilabad” avtomobil yolu ilə Masallı şəhəri “Bakı” prospektində üzü Lənkəran rayon istiqamətdə öz hərəkət zolağında saatda aşağı sürətlə hərəkətdə olmuşdur. Həmin vaxt hava qaranlıq və şiddətli yağış yağdığından asfalt örtüyü yaş vəziyyətdə olmuşdur. Həmin vaxt “Masallı-Cəlilabad” avtomobil yolunun Masallı şəhər “Bakı” prospekti ərazisindən keçən hissəsində təxminən 20 metr yaxınlığında bir nəfər təxminən 40 yaşlı tanımadığı şəxsin asfalt yolda maşınların hərəkət hissəsində yolun sol kənarında dayandığını və Masallı şəhəri istiqamətində baxdığını görmüşdür. Həmin şəxsə çatmağına az qalmış məsafə qalmış adını sonradan bildiyi Zərərçəkmiş şəxs anidən ona tərəf baxmadan iti addımlarla yolun hərəkət hissəsinə çıxmış, Zərərçəkmiş şəxs görən kimi dərhal əyləci sıxmış və sürüşə-sürüşə gedib dayanmağına az qalmış yolun öz hərəkət hissəsinin ortasında avtomobilin ön tərəfi ilə həmin şəxsi vurub onu bir az kənara atdıb yerində dayanmışdır. Sonra tez avtomobildən düşüb Ziyanın yanına qaçıb onu yerdən götürmək istədikdə onun özündə olmadığını, hərəkət etməyə çalışdığını görmüş, lakin Ziya Məmədli hərəkət edə bilməyib asfaltın üzərinə uzanmışdır. Bu zaman o, ora qısa müddətdə gəlmiş tanımadığı şəxslərin köməkliyi ilə Ziyanı digər avtomobillər vurmasın deyə yerdən götürüb yolun kənarına aparmışdır. O, isə hadisə yerində qalmışdır. Bundan sonra polis əməkdaşları onun iştirakı ilə hadisə yerinə baxış keçirməklə protokol yazmışlar. Sonradan ona məlum olmuşdur ki, idarə etdiyi avtomobilin qarşısına çıxıb ehtiyatsızlıqdan vuraraq xəsarət yetirdiyi şəxs Zərərçəkmiş şəxs sağ ayaq sümüyü sınmışdır. O, dərhal Zərərçəkmiş şəxs ilə maraqlanmaq üçün Masallı rayonu Mərkəzi xəstəxanasına getmişdir. Zərərçəkmiş şəxs müalicə xərclərinə köməklik göstərmişdir. Sonda təqsirləndirilən şəxs X4 əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə ədavət və düşmənçliyinin olmadığını bildirərək barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs həmçinin məhkəmə iclasında mülki iddianı qəbul etməyərək göstərmişdir ki, iddia tam əsassızdır. Ona görə ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin mülaicə olunub sağalması üçün 12800 manat məbləğində pul xərcləmişdir. Hansı ki, həmin pul məbləğini müxtəlif yerdən kredit götürməklə zərərçəkmiş şəxsin yaxın qohumuna, xüsusən də qardaşına vermişdir ki, əməliyyat və müalicə xərclərini ödəsinlər. Belə ki, Zərərçəkmiş şəxs təkcə Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunması, müalicə xərclərinə görə 5734 manat pul xərclənmişdir ki, həmin məbləğ onun tərəfindən zərərçəkmiş şəxsin yaxın qohumlarına ödənilmişdir. Bundan başqa Zərərçəkmiş şəxs əməliyyatdan sonra uzun müddətli müalicələrdə olmuş, hansı ki, onun müalicə, həkim, dərman xərclərinə, əlavə müayinələrdən keçməsinə, sərbəst hərəkət edib yeriyə bilmədiyindən onun üçün əlil arabasının və bel üçün karset alınmasına, dəfələrlə dəvət edilmiş təcili tibbi yardıma verilən, həkimlərə verilən xərclər onun tərəfindən qarşılanmaqla, indiyədək ümumilikdə 12800 manat pul xərcləmişdir. Ona indiyədək zərərçəkmiş şəxsin qohumları tərəfindən hansı xərclər deyilmişdirsə, həmin xərcləri özü kredit borcuna girməklə ödəmişdir. Hazırda bir neçə kredit borcu banklarda ödənməmiş qalmışdır. Lakin, buna baxmayaraq zərərçəkmiş şəxs yenidən ona qarşı məhkəmədə mülki iddia verməklə maddi ziyana görə 15000 (on beş min) manat pulun, mənəvi ziyana görə 10000 (on min) manat pulun, hüquqi xidmətə görə ödədiyim 400 (dörd yüz) manat, notariat xərcinə ödənilmiş 17 manat və dövlət rüsumu kimi ödənilmiş 165 manat pulun alınmasını tələb edir. Zərərçəkmiş şəxs üzərində yenidən cərrahi əməliyyatların edilməsinin zəruri olduğunu, həmin əməliyyatların özəl klinikalarda mümkün olmasını, ayaq siniri ilə bağlı müalicə və əməliyyatın isə ölkə xaricində olmasını göstərərək ondan əsassız olaraq maddi ziyan tələb edir. Hazırda onun tələb etdiyi maddi ziyanı ödəmək iqtidarında deyildir. Odur ki, mülki iddianın rədd edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs Masallı şəhəri “Bakı” prospektində yerləşən maşın təmir sexində istifadəsində olan nəqliyyat vasitəsini təmir etdirmək üçün vermişdir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Masallı şəhəri “Bakı” prospektində həmin təmir sexində istifadəsində olan nəqliyyat vasitəsini təmir etdirdiyindən ona lazım olan ehtiyyat hissələrini alıb həmin ünvana aparmışdır. Oradan qayıdan zaman Masallı şəhəri “Bakı” prospektindən keçən “Masallı-Cəlilabad” avtomobil yolunun kənarına gəlmiş və yolu qarşı tərəfə tək keçmək üçün yolun kənarında bir qədər dayanmış, yolu qarşı tərəfə keçməzdən əvvəl avtomillərin gəlibgəlməməsini görmək üçün yolun hər iki tərəfinə baxmışdır. Bundan sonra yolun qarşı tərəfinə iti addımlarla keçmək istəyən zaman “Seybətin dairəsi” tərəfdən gələn VAZ 2107 markalı avtomobil yüksək sürətlə gələrək Zərərçəkmiş şəxs az qalmış tormoz verərərək sürüşə-sürüşə gələrək yolun hərəkət hissəsinin ortasında avtomobilinin ön tərəfi ilə onun sol ayağından vurmuş, sonuncu az kənara atıb yerində dayanmışdır. Hadisədən sonra Zərərçəkmiş şəxs huşunu itirmiş, hadisə yerinə gəlmiş şəxslərin köməkliyi ilə çağırılmış X9 avtomobili ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Xəstəxanada həkimlər Ziya Məmədlini rentgen aparatına salıb müayinə etmişdirlər. Həmin vaxt məlum olmuşdur ki, yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs sağ ayağı sınmış və digər bədən xəsarətləri almışdır. Hazırda Zərərçəkmiş şəxs fəaliyyət qabiliyyətini itirmiş, yataq xəstəsidir. Sonda nümayəndə və vəkil Nümayəndə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilmədiyini, tərəflər arasında barışıq olmadığını nəzərə alıb təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qaydada hökm çıxarılmasını xahiş etmişdir. Nümayəndə həmçinin Zərərçəkmiş şəxs adından məhkəməyə təqdim etdiyi mülki iddianı müdafiə edərək göstərmişdir ki, yol nəqliyyat hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxınlarına sonuncunun sağlamlığının tam bərpa olunanadək maddi dəstək göstərəcəyinə vəd versə də, lakin bu vədini yerinə yetirməmişdir. 12 noyabr 2024-cü il tarixdə zərərçəkmiş şəxs təcili tibbi yardımla Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmiş, orada cərrahi əməliyyat olunmuş, qəzada sınan qamış sümüyünə cərrah tərəfindən materialı titan olan metal taxılmışdır. Əməliyyatdan sonra heç bir irəliləyiş olmamasını görən zərərçəkmiş şəxs öz hesabına MRT, USM və sair çəkdirmişdir. Nəticədə sol dizində bağların qopduğu, menskin cırıldığı, sağ çiyində liflərin qopduğu, sağ ayağın EMG-də sinirlərin öldüyü (n.peroneks və n.tibialisin situmulyasiyasmda cavab alınmır), onurğada və qabırğalarda narahatçılıqlar aşkarlanmışdır. Hazırda zərərçəkmiş şəxs yataq şəraitində olmaqla bu problemləri davam edir. Bundan sonrakı cərrahi əməliyyatlar bədən xəsarətlərinə görə özəl xəstəxanalarda olmalıdır. Buna görə isə 20000-30000 manat pul lazımdır. Ən yaxın zamanda həyata keçiriləcək sol ayaq və sağ çiyinin cərrahi əməliyyatına görə 10000 manatdan artıq pul lazımdır. Daha sonra isə sağ ayaqda sinir əməliyyatı olunmalıdır ki, onun da xərci bundan 2-3 dəfə artıq olacaqdır. Bu da hadisə nəticəsində ona mülki cavabdehin qarşıladığından başqa 15000 manatdan artıq məbləğində maddi ziyan vurulmasını göstərir. Cavabdehin cinayət əməli nəticəsində zərərçəkmiş şəxs ayaqlarının fəaliyyət qabiliyyətini itirməsi, sərbəst hərəkət edə bilməməsi, daim kiminsə qulluğuna möhtac olması, həmin hadisəyə görə nəinki işləyə bilməməsi, özünün qulluğa ehtiyacının yaranması, hadisə nəticəsində səhhətində ağırlaşmalar, əlavə fəsadların yaranması, bunların müalicəsi üçün böyük məbləğdə vəsait tələb olunduğunu, zərərçəkmiş şəxsin isə buna imkanın olmadığını, buna görə tez-tez narahatçılıq hissi keçirməsi, əsəbləşməsi, səhhətinin pisləşməsi ilə nəticələnməsi mənəvi iztirablar, sarsıntılar keçirməsini göstərir ki, bu da qanunvericiliyin tələbinə əsasən cavabdehin hərəkətləri nəticəsində zərərçəkmiş şəxsə mənəvi zərər vurulmuşdur. O, həmçinin cinayət işi üzrə alınmış tibb ekspertizanın rəyində zərərçəkmiş şəxsin qəza zamanı aldığı xəsarətlər tam əksini tapmamışdır. Buna görə də əlavə ekspertiza təyin edilməli və zərərçəkmiş şəxsin xəsarətləri tam şəkildə müəyyən edilməlidir. Həmin əlavə xəsarətlər müəyyən ediləcəyi halda, iddia tələbinin faktiki əsasları da yaranacaqdır. Odur ki, məhkəməyə təqdim edilmiş mülki iddianın təmin edilməklə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 15000 (on beş min) manat pulun, mənəvi ziyana görə 10000 (on min) manat pulun, hüquqi xidmətə görə ödədiyi 400 (dörd yüz) manat, notariat xərcinə ödənilmiş 17 manat və dövlət rüsumu kimi ödənilmiş 165 (yüz altmış beş) manat pulun ondan alınaraq Zərərçəkmiş şəxs verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə tanışı Şahid1 ilə birlikdə Masallı şəhəri, Seybətin dairəsində görüşüb çay içmək üçün Masallı şəhəri Bakı propektində yerləşən “Seyidlər” restoranına getmək qərarına gəlmiş, üzü Lənkəran rayonu istiqamətində piyada hərəkətdə etməyə başlamışlar. Təxminən 19 radələrində piyada Masallı şəhəri Bakı prospektində üzü Lənkəran rayon istiqamətində hərəkətdə olduqları vaxt yolun hərəkət hissəsinə bir neçə adamın toplaşdığını görmüşdür. Həmin vaxt nə olduğu öyrənmək üçün ora yaxınlaşmışlar. Bu zaman yol-nəqliyyat hadisəsinin baş verdiyini görmüşdür. Həmin vaxt polis əməkdaşı onu və Şahid1 hadisə yerinə çağırıb hadisə yerinə baxış keçirdikləri üçün orada hal şahidi olmaqlarını təklif etmişdir. O və Şahid1 heç bir tərəddüd etmədən polis əməkdaşlarının hadisə yerini müayinə edərək keçirdikləri baxışa hal şahidi təyin olunmuşdur. Həmin vaxtı hadisə yerini sonradan adını Təqsirləndirilən şəxs olasını bildiyi şəxsin avtomobillə Masallı rayonu Ərkivan qəsəbə sakini Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan vuraraq xəsarət yetirdiyi məlum olmuşdur. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, o, oxşar məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Masallı şəhəri Bakı prospektində yerləşən avtomobil təmir sexində usta işləyib ailəsinin maddi xərclərini ödəyir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində qeyd etdiyi təmir sexinin yaxınlığında yolun qarşı tərəfində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ondan özünə məxsus nasaz vəziyyətdə olan avtomobilini təmir etməsini xahiş etmişdir. Həmin vaxt hava qaranlıq və yağışlı olmuşdur. İşlədiyi sexdən yolun qarşı tərəfinə keçib Ziya Məmədlinin avtomobilini təmir etməyə başlamış, başı avtomobilin mühərrik hissəsində təmirə qarışmışdır. Zərərçəkmiş şəxs isə avtomobilin arxa hissəsində yolun hərəkət hissəsinə yaxın məsafədə olmuşdur. Anidən yoldan keçən avtomobilin nəyəsə tappıltı səsi ilə dəydiyini eşitmiş, başını qaldırdıqda bir nəfər şəxsin yolun kənarında yerə yıxılmış vəziyyətdə olduğunu görmüş, yaxınlaşdıqda Zərərçəkmiş şəxs avtomobillə vurulduğunu görmüşdür. Dərhal təcili tibbi yardıma zəng etmək istəyən zaman həyacanlı olduğu üçün DİN-nin 102 zəng mərkəzinə zəng edərək Masallı şəhəri Seybəttin dairəsinə 100 metr qalmış yol-nəqliyyat hadisəsi zamanı bir nəfər şəxsin xəsarət almasını bildirmişdir. Məlumat verdiyi vaxtdan bir neçə dəqiqə keçmişdir ki, hadisə yerinə təcili tibbi yardım avtomobili gəlib yerdə uzanıqlı vəziyyətdə olan xəsarət almış Ziya Məmədlini götürüb Masallı rayon mərkəzi xəstəxanası istiqamətinə aparmışdır. Hadisənin hansı şəraitdə baş verməsini birbaşa görməsə də, yol nəqliyyat hadisəsinin həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21070 markalı **- CB-*** nömrə nişanlı avtomobillə Zərərçəkmiş şəxs vurması nəticəsində baş verdiyini öyrənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Cəmaləddin oğlu ifadəsində göstərmişdir ki, Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat təxminən 19 radələrində Masallı rayonu ərazisində xidmətdə olduğu vaxt RPŞ-nin növbətçi hissəsindən Masallı-Cəlilabad avtomobil yolunun Masallı şəhəri Bakı prospektindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yolnəqliyyat hadisəsinin baş verməsi barədə məlumat aldıqdan sonra dərhal hadisə yerinə getmişdir. Həmin vaxt hadisənin adının sonradan məlum olduğu Masallı şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21070 markalı **-CB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Masallı rayon Ərkivan qəsəbə sakini Zərərçəkmiş şəxs yolu piyada keçmək istəyən zaman vurması nəticəsində baş verdiyini bilmişdir. O, hadisə yeriə gələn zaman xəsarət alan şəxsi təcili tibbi yardım mərkəzinin əməkdaşları xəstəxanaya aparmışdırlar. Daha sonra hadisə yerinə gəlmiş müstəntiq tərəfindən hadisə yerinin müayinəsi aparılmış və hadisə yerinin protokolu tərtib edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 11 iyul 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verdiyi yer “Masallı- Cəlilabad” avtomobil yolu ilə Masallı şəhəri “Bakı” prospektindən üzü Lənkəran rayon istiqamətində hərəkətdə olduğu asfalt yolun sağ hərəkət zolağı üzərində yerləşir. Yolun asfalt hissəsinin ümumi eni 12 metrdir, yolun hər iki istiqamətdə hərəkət zolaqlarının sayı bir olmaqla hər bir zolağın eni 6 metrdir. Zolaqları bir-birindən ayıran düz xət yoxdur. Yolun “Lənkəran rayon” istiqamətində götürdükdə sağ və sol ehtiyat hissəsinin eni 2 metrdir. Yol asfaltbeton örtüklü, düz, hamar olub, yaşdır. Piyadanın vurulduğu yerdən yolun sağ hərəkət hissəsinin kənarına qədər məsafə 5.3 sol hərəkət hissəsinin kənarına qədər məsafə 6.7 metrdir. hadisə yerində asfaltbeton örtüyün üzərində hər hansı bir qanabənzər ləkələr aşkar edilməmişdir. Hadisə gecə vaxtı, tutqun havada, qəsəbə ərazisində baş vermişdir. Hadisə yerində “VAZ 2107” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus 6.7 metr tormoz yolunun olduğu müəyyən edilmişdir. Hadisə yerinə çatmamış yolun sağ tərəfində “maksimum sürətin həddinin 50km/saat həddində məhdudlaşdıran yol hərəkət nişanı vardır. Cinayət işinə əlavə edilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 29 dekabr 2024-cü il tarixli, 8/185/2025 nömrəli rəyindən görünür ki, “VAZ 21070” markalı **-CB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün münkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” X8 Şəxsin Masallı Rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 1156 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs sağ bazu başının travamatik çıxığı, çıxığa bağlı bazu kələfinin zədələnməsi, sağ qmış sümüyünün proksimal hissəsinin açıq yerdəyişmiş sınığı, sınığa bağlı incik sinirinin zədələnməsi, sağ budun ön-aşağı 1/3-nin kəsilmiş-tikilmiş yarası, sağ dizin çoxsaylı deşilmiş yaraları, sağ baldırın ön sahtinin yumşaq toxmalarının əzilməsi, sıyrığı, sağ dirsək və dabanın əzilmiş yaraları, ağ ciyərlərin kontuziyası, orta dərəcəli beyin sirkələnməsi, sağ İX qabırğanın yerdəyişmiş sınığı, Th2 və Th3 fəqərə cisimlərinin komptession sınıqları, L3 fəqərənin sol yançıxıntısının yer dəyişməmiş sınığı müəyyən olundu, müəyyən olunan xəsarət ağır bərk küt əşyanın güclü təsirindən törənmişdir, avtomobil qəzası zamanı hərəkətdə olan avtomobilin qabarıq hissəsinin təsirindən törənə bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. xx.xx.2024-cü il tarixli 93004309 saylı alkoltestr müayinəsinin nəticələrindən görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoltestr müayinəsindən keçirilmiş, sürücüdə sərxoşluq halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfndən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Təqsirləndirilən şəxs adına xx.xx.2015-ci il tarixdə BC kateqriyalı AE 419534 saylı sürücülük vəsiqəsinin verildiyi aşkar olunmuş, etibarlılıq müddəti xx.xx.2025-ci il tarixədək olmuşdur. xx.xx.2017-ci il tarixli, AD060614 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ban nömrəsi XTA210700W1181210 olan “VAZ 21070” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2r. Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, “VAZ 21070” markalı **-CB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs geri qaytarılması nəzərə alınmışdır. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı rayon İHB-nın Masallı şəhər İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, Seybətin küçəsi ev 9-da qeydiyyatda olmaqla, yaşayır, üç nəfərdən ibarət ailə üzvü vardır, yaşdğı yer üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs tərəfindən verilmiş iddia ərizəsində Təqsirləndirilən şəxs törətdiyi əməl nəticəsində ona maddi və mənəvi ziyan vurulduğu göstərilmiş və buna görə də 25.000 manat məbləğində pulun alınaraq onun xeyrinə tutulması xahiş olunur, tələbin əsası kimi isə müxtəlif klinikalara müayinə və müalicə xərcləri kimi müxtəlif məbləğlərdə pul vəsaitinin ödənilməsini əks etdirən qəbzlər, bədənin bəzi nahiyələrində aşkar edilən xəsarətlərlə bağlı arayışlar təqdim edilir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ibtdai istintaq zamanı və nümayəndəsinin məhkəmə istintaqında verdiyi ifadəsi, şahidlərin ifadələri və təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə tibb, məhkəmə yol-nəqliyyat ekspertizasının rəyləri, hadisə yerinə baxış keçirilməsi barədə protokol, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilməsi barədə ifadəsi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında göstərilir ki, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir (3-cü bənd); Cinayət Məcəlləsinin 263-cü, 263-1-ci və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir (11-ci bənd); bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir (12-ci bənd); avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun (13-cü bənd); yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir (19-cu bənd); törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır (21-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına görə, 263.1-1-ci maddəsi isə eyni əməllərin ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına görə məsuliyyət müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində etibarnamə olmadan sürücülük hüququnu təsdiq edən sənəd əsasında idarə etdiyi “VAZ 21070” markalı **-CB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla təhlükənin yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olsa da, əməl etməmiş, həmin vaxt yolun üzü Lənkəran rayon istiqamətində sol kənarından sağ kənarına doğru piyada hərəkət edən Masallı rayonu Ərkivan qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olan Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq sonuncunun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan AĞİR dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. Bununla da onun hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi yaranmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən haları və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə uyğun olaraq məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli isə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə görə onun həmin müəssisədə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi maddi sübut-“ VAZ 21070” markalı **-CB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Təqsirləndirilən şəxs geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Zərər çəkmiş şəxs X6 mülki iddia ərizəsində səhhətinə vurulmuş zərərin əvəzi olaraq ümumilikdə 15000 manat məbləğində pulun və mənəvi zərər görə 10000 manat məbləğində pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş edir, tələbin əsası kimi də Medican Hopitalda sağ çiyinin MR müayinə cavabı, xəstəlik tarixçəsindən çıxarış, Avrasiya Hospitalda əməliyyat xərcinə görə 3000 manat, Bakı sağlamlıq Mərkəzi tərəfindən verilmiş ödəniş qəbzinə əsasən 3500 manat və sair kilinkalarda müalicə ilə bağlı ödəniş qəbzləri müayinə və müalicə xərcləri ilə bağlı sənədlər təqdim etmişdir. Zərərçəkmiş şəxsin vəkili məhkəməyə şifahi vəsatət verərək göstərmişdir ki, cinayə işi üzrə alınmış tibbi ekpsertizanın rəyində zərərçəkmiş şəxsin aldığı xəsarətlərin hamısının əks olunmadığını, buna görə də əlavə ekspertizanın təyin edilərək qəza zamanı alınmış xəsarətlərin tam müəyyən edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin vəkilinin təqdim etdiyi, gələcəkdə xərclənməsi nəzərdə tutulan pul vəsaitlərini əks etdirən müvafiq arayışlar da məhz istintaqla müəyyən edilməmiş xəsarətlərlə bağlı olmuşdur. Göründüyü kimi bütün bu hallar məhkəməyə qeyri-müəyyən qalmaqla onların dəqiqləşdirilməsi üçün əlavə araşdırma tələb edir ki, bu da yekunda cinayət işi üzrə məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bilər. Həm də ki, əlavə ekspertizanın təyin edilməsi yolu ilə xəsarətlərin müəyyən edilməsi təqsirləndirilən şəxsə elan edilmiş hazırki ittihamın dəyişməsinə səbəb ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddia baxılmamış saxlanılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarının qeyd olunur ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər (72-ci bənd). Odur ki, məhkəmə iş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılmalı və Zərərçəkmiş şəxs mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 110 manat pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Ekspertiza tədqiqatının dəyəri olan 85 (səksn beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılsın və Zərərçəkmiş şəxs mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İş üzrə -“VAZ 21070” minik markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs geri qaytarılması nəzərə alınsın. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş müvafiq olaraq Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 110 (bir yüz on) manat pul dövlət büdcəsinin vəsaiti hesabından tutulub Masallı rayon «Kapital Bank»dakı hesabına köçürülsün. (kod-990003611, VÖEN **********1, hesablaşma hesabı ********************). Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №1(050)-115/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-115/2025
28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver